525.Az

Ürəyə yol çəkən şair...


 

Ürəyə yol çəkən şair...<b style="color:red"></b>

Dünən axşamüstü Mağar təpəsini (Mağar dağını!) bir daha ziyarətə getdim...  Qayıdanda hiss etdim ki, işığım artıb, enerjim bərpa olub.

Əlim Qələmimə uzandı. Xeyli vaxtdı oxuduğum, haqqında söz demək istədiyim bir şeir kitabını da bu dəfə əməlli-başlı aldı gözlərim - gördü gözlərim! Mən həmişə elə sanmışdım ki, evdə-eşikdə, işdə deyiləm, o Mağar təpəsinə uzanan yoldayam. Gedirəm... gedirəm... O təpəyə çatıram... Çatıram və çata bilmirəm.

Çatdıqca çatmıram...
 
Bu hissləri ürəyinə yol başlayıb, hələ də ona çata bilməyən, (və nə yaxşı ki, çata-çata çatmayan) çatmaya - çatmaya çatan bir şairənin şeirlər kitabını oxuya-oxuya gedirdim.

Mən Mağar təpəsinə nə yaxşı ki, yenə getdim. Mən yenidən yaşamağa başladım, yenidən yazıb pozmaq istədim. O şairəyə qoşulub onun ürəyini də ziyarət etmək istədim.
                                                
O təpədə bir ürək gördüm.
Məndən qabaq çatmışdı ora!
O ürəkdə bir təpə gördüm.
Təpə ürək olub döyünürdü sanki!..

...Deyirlər ki,  Səfa və Mərva təpəsi adi bir təpə deyildir, Allahın nəzərgahlarından biridir.
Məncə, bu Mağar təpəsi də adi təpə deyil, ordan etdiyim dualar Allaha yəqin ki, daha tez çatır. O qızın da ürəyi bəlkə də o təpələrdən biridir, illah da Allah nəzərgahlarından biri!
 
Nə yaxşı ki, mən o təpəyə doğru qaçıram qaçanda! Nə yaxşı ki, o ürəyə doğru qanadlanır o qız  da hər dəfə...

...Şeir yazmaq, şair olmaq bir bəhanədir.
Ürəyinə, ürəklərə çatmaq istəyir o qız.
Çata -çata çatmır.
Çatmaya-çatmaya çatır...

Əslində bizi də bir-birimizə tanıtdıran (və tanıyan) o təpə və o ürək olub.

Təpəyə yüyürən kimdi?  - Bir oğlan uşağı.
Ürəyə yüyürən kim olar?-  Bir qızcığaz!

Bu təpə bir azca  Çayqoşana (bizim köhnə yaylaq yerinə) yaxındı, o Ürək Suqovuşana! (Arazla Kürün qovuşduğu - o qızın yaşadığı məkana).
Aman Allah, bu nədir? Təpə ürək deməkmiş, ürək təpə yoxsa?!.
                                                           
lll

Dediyim kimi, neçə vaxtdı ki, (azı üç il yarım) Şahnazın şeirlər kitabı ("Bu şəkil mənə bənzəmir") məndədi. Oxumuşam, yazmaq istəmişəm, nəsə alınmayıb. Xüsusən bu misraları gördükcə utanmışam. Elə bilmişəm ki, elə mənə yazıb.

Sən məni hər gün görüb,
görməzliyə vurursan.

Yox, vallah! Gözlərimi yummamışam, vəziyyət yuxarıda dediyim kimi olub. Oxucusuna "ürəyinə yol çəkirəm" deyir Şahnaz. Deyir, bilirsizmi bu ürəkdə nələr var:

Tapmayacaq uzaq, yaxın
İtib yanına gəlirəm...

...Burdan ürəyimə Yerlə Göy qədər,
yol getdim, nə fayda, gedib çatmadım.
  
Yerdə yer qalmayıb, nə cür yaşayasan, yaradasan?!
Nə cür, hara, nəyə şeir yazasan?!

...Həsrət son varağa da
Rəsmini  çəkib gedir...

Yox! Yerdə yer çoxdu! Təki sən könül otağında olasan. Onda sənin tək olduğunu görən olacaq. Əgər özün kimsəsiz deyil,  bir kimsə olsan! Onda səni nəinki görən olacaq, hələ üstəlik sən oturub şeir də yazacaqsan. Elə könül dəftərinin varaqlarına...

Yazacaqsan ki:

Ətrin burnuma doldu,
Səsin də qulağıma.
İcazəsiz gəlirsən,
Sən könül otağıma.

Bir udumluq havatək,
Sənə möhtacam indi.
Mənim qərib çiçəyim,
Yerin nə tez bilindi?..

Şahnazın dilində klassik ədəbiyyatdan gələn bir yığcamlıq, aydınlıq, şirinlik var.  Dastanlarımızdan süzülüb gələn bir abu-hava var.

Səhər çağı bir qız keçdi qarşımdan,
Yel almışdı örpəyini başından.
Üç tel kəsib verdi mənə saçından,
Ay ana, o qızı al mənim üçün!

Hansı ana biganə qalar bu şairanə çağırışa, sevgiyə?!Hansı ana bu qızı almaq istəməz oğluna?!
lll

 O qız ( o şair) ürəyini tapa bilmirsə, (hələ ürəyə yol çəkə bilməyibsə!) onu qınamayın!
...Min ildi bizi ürəyimizdən itələyib başımızın üstünə yıxıblar. Şahnazın günahı ürəyini gəzib tapa bilməməyində deyil. Şahnaz günahının nə olduğunu hamıdan yaxşı bilir, odur ki, belə yazır:

Günahı, savabı yazana deyin,
Mənim savabım da, suçum da sevgi...

Maraqlı şeirdi bu, Nəsimidən gələn nəsə var burda. "Mən keçmişdən gəlmişəm" misrası da şahiddi buna.
Ən qəribəsi budur ki, sən demə insan sevə-sevə sevdiyinin kim olduğunu bilmirmiş axırda,  eynilə Leyli Məcnunu səhrada gedib tapanda, "evlənəkmi?" deyəndə, Məcnun "sən kimsən ki?!" dediyi kimi...

Ah kimsən, nəçisən, bilə bilmirəm,
Tapıb ünvanını gələ bilmirəm,
Dərdimdən öləni sevə bilmirəm,
Mən hər gün təzədən sevirəm səni!

Demək, insan həqiqi sevdiyini hər gün, hər saat, hər dəqiqə, hər saniyə təzədən sevirmiş. Belə bir aşiqin (şairin) "Mən keçmişdən gəlirəm" deməyə haqqı var. Ona üz tutub demək istəyirsən: Yaxşı ki, keçmişdən gəlirsən. Sən demək hələ könül saflığını itirməmisən. Sevgidən xəbərdarsan. Sən demək gələcəyə üz tuta bilərsən.

Elə  keçmişin olmalıdır ki, sıxıla-sıxıla deməyəsən:
              
Üzünə, gözünə sığal çəkdiyin
Ayna sahibini tanıyacaqmı?

Şahnaz, özün demişdin ki, oyatmayın məni. Adicə, gözünün çimirini almaq üçün də yatmaq deyildi fikrin. Mən bunu "Bu şəkil mənə bənzəmir" şeirlər kitabını oxuyandan sonra  duyduğum  (bildiyim) üçün sənə (sənin şeirlərin haqda) heçnə yazmırdım. Bilirdim ki, yatmaq istəyirsən və yatırsan".  Səni oyatmaq günaha batmaq kimi bir şeydi.

Ah, niyə oyatdın məni,
Alıb başqa bir aləmdən
Bu dünyaya atdın məni...
Yuxuda yarı görürdüm.

İndi neyləyək? Qalmışıq odla su arasında. Səni oyadım, deyimmi ki, kitabın haqda yazı yazmışam?! 
 Yoxsa... Çıxıb gedirsən yenə yatmağa?!..

lll

Bir daha qeyd etmək istəyirəm: Şahnazın elə şeirləri var, oxuyanda sanırsan ki, xalq yaradıcılığı nümunələridir, folklora oxşayır.
...Allah, məndən nə dedilər,
Yenə yarım küsüb getdi?..

...Bu həsrəti ovutmağa,
Qollarında uyutmağa,
Söz vermişdi qayıtmağa,
Gəlmədi, yarım, gəlmədi...

...Səni ürəyin deyil,
Ayaqların aparır...
Məni sevəcəksən!

lll

...Molyusklar aprel yağışları yağanda dənizin üzünə çıxır, o yağışdan bir damla udub dənizin dibinə çəkilir. Deyirlər, o damla bir müddətdən sonra onun bətnində inciyə, sədəfə çevrilir. Ədəbiyyatda da belə deyilmi?! Qələm əhlinin hər damla mürəkkəblə yazdığı yaşatmır ha onu. O damlaların içində bircəsi "inci" olur, sədəf olur. Müəyyən zamandan sonra Şahnaz Nəsirova da bu yolla gedib. Onun da "aprel yağışları" zamanı udduğu bir "damla" göstərir ki, o, Dənizin dibinə, ("keçmişə") elə - belə çəkilməyibmiş. Bircə inci, bircə sədəf üçün bütün ömrünü verməyə hazır bilir özünü!

lll

...Hər nazını mən çəkirəm,
Allah bilir nə çəkirəm,
Ürəyinə yol çəkirəm,
Elə mənim olacaqsan!

Sən şeir yazmırsan! Sən doğrudan da ürəyə yol çəkirsən, Şahnaz! Çox düz edirsən, çünki ən böyük qələbələrə ürəkdən çəkilən, ürəyə çəkilən yollarla çatırlar.
                 
Səni sevənlərin, 
Sevdiklərinin ürəyinə yol çəkirsən,
Ürəyindən yol çəkirsən,
Ürəyinlə yol çəkirsən!

...Şairlik ürəyə yol çəkməkdir!

P.S. Bütün bunların hamısını dediyim Mağar təpəsinin başından daha aydın görmək olur...

 





28.02.2015    çap et  çap et