525.Az

Mil düzündən Sevil keçdi...


 

Məşhur əmək qəhrəmanı Sevil Qazıyevanın 75 illiyinə həsr olunur

Mil düzündən Sevil keçdi...<b style="color:red"></b>

Sevil Qazıyeva adı Azərbaycanda məşhurdur. 1971-ci ilin iyul ayında, pambıq yığımı ərəfəsində o zaman Azərbaycan KP Mərkəzi Komitənin birinci katibi olan Ümummilli lider Heydər Əliyev ölkənin bir qrup qabaqcıl sürücü-mexanikini qəbul edərkən demişdi: "Sevil Qazıyevanın şəxsi nümunəsi gənclərin əmək və vətənpərvərlik tərbiyəsinə ciddi təsir göstərmişdir".

Bakının A.Bakıxanov prospektində, Rusiyanın Bakıdakı səfirliyinin yaxınlığında Azərbaycanda "qızlar, sükan arxasına" hərəkatının təşəbbüsçüsü, qadınlar arasında pambıqyığan maşınının ilk sürücü-mexaniki, Sosialist Əməyi Qəhrəmanı, respublikanın Əməkdar mexanizatoru Sevil Qazıyevanın abidəsi ucaldılmışdır.

Abidənin ətrafındakı, əvvəlkinə nisbətən qat-qat kiçildilmiş bağça Sevil Qazıyevanın adını daşıyır.

Sevil Qazıyevanın 75 illiyi ərəfəsində, vaxtıilə uzun illər komsomol işçisi olmuş, respublikada "Qızlar, sükan arxasına" hərəkatının geniş yayılması üçün böyük təşkilatçılıq işi aparmış, 1300 nəfərdən çox sürücü-mexanik qızların hazırlanmasında gərgin əmək sərf etmiş dəyərli ziyalı Çingiz Fərəcovun onunla bağlı xatirələrini dərc edirik.

Sevili bir əmək qəhrəmanı kimi sosializm cəmiyyəti yetişdirdiyi üçün yazıda o dövrün rəhbər siyasi təşkilatlarının adları olduğu kimi saxlanılıb.

Xalqımızın öz şanlı işlərilə Azərbaycanın tarixinə yeni səhifələr açan övladları çox olub. Mən sadəcə olaraq çoxdan unudulmuş, ancaq vaxtilə bütün ölkənin fəxr etdiyi bir gənc qızı bugunkü nəslin yadına salmaq istəyirəm. O, keçən əsrin 60-cı illərində gənclər təşkilatı olan komsomolun tərbiyə edib yetişdirdiyi, onu sağlığında Azərbaycanın milli iftixarı adlandırdığı Sevil Qazıyevadır. Sevil mənim ən çox sevdiyim qəhrəmanlardan biri idi.

1960-cı ilin əvvəllərində Azərbaycan komsomolu kənddə texnikanı geniş tətbiq etmək, kənd təsərrüfatı işlərini kompleks mexanikləşdirmək uğrunda geniş yürüşə başladı. Bu nəcib iş sosialist kənd təsərrüfatını daha da inkişaf etdirmək, ölkəmizdə məhsul bolluğu yaratmaq məqsədi daşıyırdı. Özbəkistanın məşhur mexanizatoru, Lenin mükafatı laureatı, iki dəfə Sosialist Əməyi Qəhrəmanı Tursunoy Axunovanın nəcib işini davam etdirən Azərbaycan qızları yeni texnikanı səylə öyrənməyə başladılar.

O zaman "qızlar sükan arxasına!" hərəkatı dəbdə idi. Texniki peşə məktəblərində sürücü-mexanik diplomu alıb, kəndlərə axışan qızların sayı gündən-günə çoxalırdı. Belə qızlar xüsusən Mil-Muğan düzlərinə can atırdılar, çünki bu yerlərdə pambıq əsasən maşınlarla yığılırdı və hər bir qız pambıqyığan maşının mexanizatoru olmaq, mövsüm ərzində bacardıqca çox pambıq toplamaq istəyirdi. Sürücü-mexanik qızların söz-söhbəti, şəkilləri qəzet səhifələrindən, radio dalğalarından, televiziya ekranlarından düşmürdü. 5 nömrəli Mil pambıqçılıq sovxozunda Sevil Qazıyeva adlı bir qız peyda oldu. Od parçası idi, şəhərdən təzəcə ayrılsa da burada heç kimdən geri qalmırdı.

Azərbaycan xalqının igid qızı Sevil Qazıyeva maşınla pambıqyığan qızların pioneri oldu. O, öz ağır, lakin şərəfli və gərəkli işilə yüzləri, minləri ruhlandırdı. 1300 nəfərdən çox qız Sevilin təşəbbüsünə qoşulub, sürücü-mexanik peşəsinə yiyələndi. Sevil bu ordunun komandiri oldu. O vaxtdan düz 55 il keçir.

Hər dəfə bahar gələndə kövrək hisslərlə Sevili xatırlayıram. Bəlkə də bu onun baharda doğulması ilə əlaqədardır. Elə baharda doğulduğuna görə həyatı təpədən dırnağa qədər romantika ilə dolu idi. Kim bilir, bəlkə də bu qəribə taleyə görə həyatdan belə tez getdi, 23 yaşında. Baharda doğuldu, elə ömrün bahar çağında da öz dünyasını dəyişdi.

Allah ona hər şey vermişdi: yaraşıqlı boy-buxun, uzun hörüklər, bir də qeyri-adi gözəllik. Köçdü dünyamızdan Sevil, birdəfəlik getdi. Ondan təkcə şirin xatirələr qaldı.

Bu gün Sevil yaşasaydı, onun 75 yaşı olacaqdı. Tay-tuşları kimi o da yəqin nənə olacaq, nəvələrinin əlindən tutacaq, Mil düzündə, Zaqatalada, bəlkə də elə Bakının özündə parkları, xiyabanları gəzəcək, öz şanlı ömrünün saralmış səhifələrindən nəvələrinə maraqlı hekayət danışacaqdı, rəfiqələri Tərlan kimi, Solmaz kimi, Cavahir kimi.

Fəqət Sevil çox yaşamadı, tale, qismət onun ömrünü yarımçıq qoydu.

...Zaqatalada doğulub boya-başa çatan Sevil həkim olmaq istəyirdi. 1957-ci ildə qəbul imtahanlarını verib müsabiqədən keçə bilmədi. Lakin bu heç də onu ruhdan salmadı. Çox düşündü, daşındı və bir də Zaqatalaya qayıtmadı. Poliqrafçı olmaq üçün Bakının Montin qəsəbəsindəki 5 nömrəli sənət məktəbinə qəbul olundu. O, burada Xanlardan gəlmiş Diləfruz Ocaqquliyeva, şamxorlu Nəcibə Qurbanova, astaralı Solmaz Qənbərova ilə tanış olur. Məktəbin direktoru S.Yaqubova o günləri xatırlayaraq deyir ki, Sevilgilin qrupunda çox istedadlı qızlar vardı. Elə bil Azərbaycanın ən bacarıqlı qızları bu qrupa toplaşmışdılar. Kimi idmanla, kimi bədii özfəaliyyətlə məşğul olur, kimi işə şeir yazırdı. Sevil ehtiyat əmək qüvvələrinin mədəniyyət evinə gedirdi.

Həyat öz axarı ilə gedirdi. Birdən ... gözlənilməz hadisə baş verdi. Sov.İKP Mərkəzi Komitəsinin dekabr (1959-cu il) plenumunda xəbər yayıldı ki, Tursunoy Axunova adlı 23 yaşlı bir özbək qızı pambıqyığan maşınla təkbaşına bir gündə yüz adama qədər "ağ qızıl" yığır. Sevil bu xəbəri eşidən kimi, narahatçılıq keçirməyə başlayır. Öz rəfiqələrini ətrafına yığıb deyir:

- Qızlar, mən zaqatalalıyam. Pambığın necə əkilib-becərildiyini görməmişəm. Ancaq Nəcibə deyir ki, Şamxorda məktəbdə oxuyarkən pambıq yığıb, pambıq yığmaq çox ağır işdir. Gərək 1 kq pambığı yığmaq üçün 300-350 dəfə kola əl uzadasan. Gəlsənizə, qızlar, biz də Tursunoyun təşəbbüsünə qoşulaq.
Aradan bir neçə gün sonra "Azərbaycan gəncləri" və "Molodyoj Azerbaydjana" qəzetləri "Qızlar, sükan arxasına!" hərəkatının ilk təşəbbüsçüləri: Sevil Qazıyeva, Diləfruz Ocaqquliyeva, Solmaz Qənbərova və Nəcibə Qurbanovanın respublikanın bütün qızlarına müraciət məktubunu dərc etdilər.

Sevilin təşəbbüsünun necə əks-səda doğurduğunu keçən əsrin 60-cı illərinin gəncləri çox yaxşı xatırlayırlar. Axı, o bizim təzə qəhrəmanımız idi. Düzünü deyim ki, sonralar onun əldə etdiyi parlaq göstəriciləri eşidəndə Sevil haqqında qəzetlərə və televiziyaya birinci məlumat verməyə tələsirdim və bunun üçün xüsusi iftixar hissi duyurdum. Bu mənim, necə deyərlər, komsomol işimdən doğan iftixar hissim idi. İlk dəfə olaraq 58 qız Sevilin təşəbbüsünə qoşulub Binədəki 1 nömrəli kənd texniki peşə məktəbində pambıqyığan maşınları öyrənməyə başladılar. Onların hamısı pambıq yığan maşının sürücü-mexaniki olmağı qərara almışdır. Bununla da Sevilin ikinci həyatı başlandı. O gündən onun adı qəzet səhifələrindən düşmürdü. Bir komsomol işçisi və Diləfruzun uşaqlıq dostu kimi mən bu qızları həmişə izləyir, ruhdan düşməmələri üçün əlimdən gələni əsirgəmirdim. Sevilin hər bir irəliləyişinə sevinir və buna sonsuz fərəh hissi keçirirdim. Xeyirxah təşəbbüs tezliklə özünə çoxlu tərəfdarlar tapdı. Azərbaycan LKGİ Mərkəzi Komitəsinin müraciətinə cavab verən könüllülərin ərizə və məktubları axışıb gəlirdi. Məktubların müəllifləri məsləhət istəyir, onların adlarını mexanizator kurslarına yazmağı xahiş edirdilər.

1961-ci ildə Sevil məktəbi bitirib öz təyinatını Mil düzünə - Beyləqandakı (keçmiş Jdanov rayonundakı) 5 nömrəli pambıqçılıq sovxozuna aldı. Rayon Partiya Komitəsinin ikinci katibi Qubad Süleymanov, rayon komsomol komitəsinin katibi Şövkət Əliyeva, sovxozun direktoru Qafur Kərimov sovxozda işləməyə gəlmiş Sevil və onun rəfiqələri Diləfruz Ocaqquliyevanı (Nəsibovanı) və Solmaz Qənbərovanı çox qayğıkeşliklə qarşıladılar. Necə böyük ürəkli insanlar vardı. Qafur Kərimov kimi ağsaqqal bir kişi Sevilin sovxoza işləməyə gəlməsindən sevincini heç cürə gizlədə bilmirdi. Elə birinci gündən dedi:

- Bu qızlar, mənim balalarımdır. Onlar öz atalarının yanına gəliblər.

Nə qədər ki, Qafur kişi sovxozun direktoru idi, qızlar hər addımbaşı qayğı hiss edir, can-başla işləyir, yorulmaq nə olduğunu bilmirdilər.

Sevil 1961-ci ildə maşınla 97 ton pambıq yığdı. Təcrübəsi olmayan bir qız üçün bu pis göstərici deyildi. Bu qələbə təkcə maşınla yığımın müvəffəqiyyəti deyildi. Həm də "maşın qız işi deyil" - deyənlərin üzərində qələbə idi. Sevilin qələbəsinə iki adam - sovxozun direktoru Qafur Kərimov və rayon komsomol komitəsinin katibi Şövkət Əliyeva hamıdan artıq sevinirdi.

Elə həmin il Sevil Özbəkistanda pambıqçı mexanizatorların ümumittifaq toplanışında yenicə Sosialist Əməyi Qəhrəmanı adını almış Tursunoy Axunova ilə yaxından tanış oldu. Sonralar Tursunoy həmin görüşü xatırlayaraq yazmışdı: "Mən Sevil Qazıyevada böyük daxili bir qüvvə sezirdim. Hələ o zaman başa düşürdüm ki, zahirən çox gənc görünən şəhərli qız özünü itirməyəcək, onun üçün nə qədər ağır olsa da, heç bir çətinlik qarşısında geri durmayacaqdır. Bütün bu illər ərzində onun əldə etdiyi müvəffəqiyyətləri diqqətlə izləyirdim, o, müntəzəm surətdə mənimlə, xüsusən kiçik bacım İnabadla məktublaşırdı. Biz onun əsl pambıqçı, əsl mexanizator olacağına şübhələnmirdik".

1961-ci ilin oktyabr ayının 17-də Moskvada Sov.İKP-nin XXII qurultayı açılan günü Sevili Sov.İKP-nin üzvlüyünə namizəd qəbul etmişdilər. Bu, Sevilin həyatında ən xoşbəxt günlərdən biri idi. O partiyamızın ideyalarına necə də inanırdı. Axı, bizim hər birimizdə də belə inam, romantika vardı. Hər bir adamın ən böyük arzusu Kommunist Partiyasının üzvü olmaq idi. Sevilin necə sevindiyini, sanki qol-qanad açıb uçmaq istədiyini indi də xatırlayıram.

Hər il olduğu kimi, 1962-ci ildə də Daşkənddə Orta Asiya və Zaqafqaziya pambıqçılarının müşavirəsi keçirilirdi. Burada Sov.İKP Mərkəzi Komitənin birinci katibi N.S.Xruşşov da iştirak edirdi. Azərbaycandan Sevil Qazıyevaya söz verildi. İlahi, o, necə də gözəl danışırdı. Salon elə bil sehrlənmişdi. O, dedi:

- Azərbaycanda Tursunoy Axunovanı çox yaxşı tanıyırlar. Respublikamızın gəncləri onun işini diqqətlə izləyir. Mən onu yarışa çağırıram. 150 ton pambıq yığmağa söz verirəm. Mən öz çıxışımı yaxın rəfiqəm Tursunoya həsr etdiyim şeirlə bitirmək istəyirəm:

Mən azərbaycanlıyam, sən özbək qızı,
Gəl birlikdə bölək, sevincimizi.
Birlikdə güldürək vətənimizi,
Tursunoy, bacı can, mən səninləyəm.

Sevinclə, arzuyla doludur sinəm,
Bizə ölkəmizdi, qol-qanad verən.
Gəldim sorağına, görüşünə mən,
Tursunoy, bacı can, mən səninləyəm.

Salonda kəsilmək bilməyən sürəkli alqışlar qopdu.

Sevil Özbəkistandan qayıdandan sonra kompleksli mexanikləşdirmə briqadası yaratmaq fikrinə düşür və buna nail olur. O, sonralar deyirdi:

- Biz nəinki təkcə yüksək məhsul almağı qərara almışıq, tarlalardan əl əməyini sıxışdırıb çıxarmağı qət etmişik. Siz hamınız yaxşı bilirsiniz ki, məhsulun maya dəyəri, əsasən pambıq əl ilə yığıldığına görə baha olur. Pambıqçılar can-başla işləyirlər, bol məhsul yetişdirirlər, ancaq onu yığmağa qüvvə çatışmır. Hər dəfə şəhərdən köməyə adam çağırmaq lazım gəlir. Onların yol kirayəsini ödəmək, yeməklərini vermək sovxoz üçün əlverişli deyildir. Yeganə bir yol vardır, məhsulu mexaniki surətdə yığmağa keçmək lazımdır.

1962-ci ildə Sevil Qazıyeva, həmin rayonun 3 nömrəli sovxozunun məşhur pambıqçı mexanizatoru, kompleks mexanikləşdirilmiş briqadanın başçısı Sosialist Əməyi Qəhrəmanı, SSRİ Ali Sovetinin deputatı Sərdar İmrəliyevlə birlikdə respublikanın bütün pambıqçılıq briqadalarına müraciət qəbul edərək, hamını kompleks briqadalar yaratmağa çağırırdı. Müraciət qəzetlərdə dərc olunan kimi özünə çoxlu tərəfdarlar tapdı. Gərgin zəhməti nəticəsində Sevil maşınla 1962-ci ildə 160 ton pambıq yığdı. Sevilin çəlimsiz, zərif bədəninə baxanda, inanmaq olmurdu ki, o təkbaşına 250 min yaşıdına don tikmək üçün lazım olan qədər pambıq yığmışdır. İndi onu respublikada hamı tanıyırdı. Ona hədiyyə olaraq "Moskviç" markalı maşın verilmişdi. O vaxtlar Sevildən başqa maşın sürən qadın xeylağı yox idi. Ona görə də öz maşını ilə Bakıya gələndə küçələrdə çoxlu adam ayaq saxlayıb, Sevilin maşın sürməsinə tamaşa edərdi. Gənc qız öz təhsilinin də qeydinə qalırdı. Qiyabi yolla Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun mexanikləşdirmə və elektrikləşdirmə şöbəsinə daxil olmuşdu.

Artıq Sevilin iş-gücündən bütün respublika danışırdı. O vaxtlar, 1961-1963-cü illərdə 447 nəfər qız Sevilin şəxsi nümunəsindən ruhlanıb sürücü-mexanik peşəsinə yiyələnmişdilər.

Daşkənd kənd təsərrüfatı maşınqayırma zavodunun mütəxəssisləri bir dəfə Mil düzünə Sevilin yanına gəlir və "XBS-1,2" markalı pambıqyığan maşının təkmilləşdirilməsi barədə ondan məsləhətlər alırdılar. Sevil deyərdi:

- Konstruktor hesablamasına görə bunker 500 kiloqram pambıq tutmalıdır. Həqiqətdə isə bunkerə bundan ikiqat az pambıq yerləşir. Bəs bunun səbəbi nədir? Səbəbi odur ki, pambıq bunkerdə döyülüb bərkidilmir, üst-üstə yığılıb tezliklə bunkeri doldurur. Ona görə də iki yüz metrdən bir maşını saxlamaq, bunkerə girib, pambığı tapdalamaq lazım gəlir. Hər dəfə maşını saxlayanda 10-15 dəqiqə vaxt itir. Bir gün ərzində ən azı 20 dəfə maşını saxlamalı olursan. Əgər saxlamasan, onda gərək pambığı bunkerdən tez-tez boşaldasan, maşını hədər yerə qovasan. Əgər bunkerə pnevmatik sıxıcı qoyularsa, elə oradaca pambığı sıxar və vaxt itkisi aradan qalxar. Sürücü-mexanikin pambığı tapdalayarkən hələ nə qədər toz udduğunu demirəm.
Konstruktorlar Sevilin təklifindən razı qaldığını bildirdilər.

1962-ci ildə Azərbaycan LKGİ-nın XXIII qurultayında Sevilin zəhmətinə yüksək qiymət verildi. Azərbaycan LKGİ Mərkəzi Komitəsinin birinci katibi Maqsud Əlizadə öz çıxışında dedi ki, Sevilin briqadasında 8 nəfər işləyir. Suçu Əli, köməkçi-mexanizator Qənimət, pambıqçılardan Olya, Məleykə və başqaları pambıq tarlalarında əsl hünər göstərirlər. Onlar Sevilin rəhbərliyi altında Mil düzündə bol məhsul yetişdirirlər. Onlar keçən il hektardan 25 sentner pambıq yığmışlar. Sevilin özü isə maşınla 160 ton "ağ qızıl" toplamışdır.

Sevil qurultayda Azərbaycan LKGİ Mərkəzi Komitəsinə üzv və ÜİLKGİ-nin XIV qurultayına nümayəndə seçildi.

Moskvada olduğu günlərdə Sevilin sevinci yerə-göyə sığmırdı. Qurultayda Sevilə xoşbəxtlik nəsib oldu. O, ÜİLKGİ-nin XIV qurultayının nümayəndələri şərəfinə Kremldə düzəldiləcək hökumət qəbulunda ölkənin kəndli gəncləri adından çıxış etdi. Onun necə həyəcan keçirdiyini, qızaran yanaqlarının alışıb yandığını çox yaxşı xatırlayıram. Əyninə qara kostyum geymiş zərif, mütənasib bədənli qız əlində badə ayağa qalxdı, bulaq suyu kimi çağlayan cingiltili səslə rus dilində sağlıq söylədi: - Bizimlə İran Azərbaycanı arasında məsafə çox yaxındır. Lakin taleyimiz arasında fərq nə qədər böyükdür. Orada mənim yaşıdlarım indi də qara çadra örtərək, günəşdən gizlənirlər. Onlar yalnız qəlblərinin dərinliyində azadlıq və təhsil barədə arzular bəsləyirlər. Bizim üçün Azərbaycan qızları üçün isə geniş və işıqlı yollar açılmışdı. Bütün bunlara görə biz dövlətmizə və xalqmıza minnətdarıq.

Əziz dostlar, gəlin bu badəni bizim Sovet qızlarının, zərbəçi kənd cəbhəsində işləyən mənim doğma bacılarımın, onların şanlı işlərinin, onların xoşbəxtliyinin sağlığına qaldıraq! O, öz sağlığını özünün yazdığı şeirlə bitirdi:
  
Qoy pambıq dağları ucalsın göyə,
Vətən başdan-başa bir bahar olsun.
Maşınlar tarlaya, ketmən muzeyə!
Bu söz dilimizdə bir şüar olsun!

Məclisdə iştirak edənlərin hamısı Sevilin sağlığını, oxuduğu şeiri ürəkdən bəyəndi. ÜİLKGİ-nin XIV qurultayında Sevil Qazıyeva Lenin Komsomolu Mərkəzi Komitəsinə üzvlüyə namizəd seçildi.

1963-cü il. Kaş bu il gəlməyəydi. Sevilin ömrünün son ili idi bu il. Sevil qızlardan ibarət briqada düzəltmək istəyirdi. Gecə-gündüz işləyir, gələcək məhsulun bünövrəsini qoyurdu. Mart ayında qəzetlər xoş bir xəbər yaydı: əla əmək göstəricilərinə görə Sevil Qazıyeva Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir. Bu ilk mükafatdan onun nə qədər sevindiyini heç cürə unuda bilmirəm. Qurultaydan qayıdanda artıq onun namizədliyi Azərbaycan SSR Ali Sovetinə deputat irəli sürülmüşdü. Həmin ilin aprel ayında keçirilən birinci sessiyanın açılışını Sevil Qazıyevaya etibar etmişlər.

Mən çox təəssüf edirəm ki, bizim gənclər Sevili bir şair kimi az tanıyırlar. Çox təəssüf ki, onun oxuculara vəd edilmiş şeirlər məcmuəsi hələ də nəşr olunmayıb. Halbuki onun şeirləri, dərin fikirləri, maraqlı poetik obrazları və təbii dili ilə həmişə bizə zövq verib. Sevilin kiçik bacısı Sonaya yazdığı şeiri necə də nikbinlik oyadır:

Bu gün ayın biridir,
Bu təntənə sənindir.
Çalıb, oyna, gül bacım,
Bizi qəlbən sevindir....

Bəzəmişəm yolkanı,
Sənə kukla almışam.
Bütün oyuncaqları,
Özün oynat, bu axşam.

Kim ki, yaxşı oynasa,
Noğul-nabat ver ona.
Onlar sənə baladır,
Sən onlara bir ana.

Əziz övladlarını,
İncitməsən sən əgər,
Şaxta babayla, Qar qız,
Sənə əhsən deyərlər.

 Və yaxud başqa bir şeirində yazırdı:

Gəlin cərgə-cərgə toplaşaq, dostlar,
Zəhmətdə birləşsin, mərd əllərimiz.
Hər polad maşında əsrin gücü var,
Gülsün yurdumuzda əməllərimiz.

Bu xoşbəxt ölkənin övladıyıq biz,
Böyük bir məqsədlə vurur qəlbimiz.
Bar yemək olarmı, deyin zəhmətsiz,
Zəhmətdə bərkisin qolumuz, dostlar!

Əlbəttə, həyatda bərkdən-boşdan çıxmamış gənc qız o vaxt bundan yaxşı, yüksək səviyyədə şeir yaza bilməzdi. Əgər o, sağ qalsaydı, əlbəttə, bəlkə də dövrümüzün ən məşhur şairi olardı.

Sevili insanların gözlərində yüksəldən məhəbbət idi. Onun əməyə, xalqa, Vətənə bəslədiyi böyük məhəbbət! Geniş ürəkli, qaynar təbiətli bu qızı şeir yazmağa təhrik edən də məhz bu məhəbbət idi. Sevil deyirdi ki, məhəbbət olmasa nə məhsul yetişdirmək olar, nə də ələ qələm götürüb şeir yazmaq. 23 yaşlı qızın həyata, əməyə baxışını aydın, sadə bir tərzdə ifadə edən şeirləri Sevil çox tez-tez oxuyardı. İş vaxtında da tarladan evə qayıdanda da.
Sevilin Tursunoya həsr etdiyi başqa bir şeri də var. Ömrünün son günlərinə Mil düzünə də şeir həsr etmişdir.
1963-cü ilin qızıl payızını heç vaxt unutmayacağam. O vaxt Abşeron Rayon Komsomol Komitəsinin katibi işləyirdim. Azərbaycan LKGİ Mərkəzi Komitəsi tərəfindən Beyləqan (o vaxtkı Jdanov) və Füzuli rayonlarına ezamiyyətə göndərilmişdim. 1963-cü ilin sentyabr ayının 2-ci on günlüyündə sürücü mexaniklər arasında maşınla ən çox pambıq yığdığına görə Sevil Kənd Təsərrüfatı Texnikası Birliyinin keçici qırmızı bayrağı və Azərbaycan LKGİ Mərkəzi Komitənin keçici vımpeli ilə təltif olunmuşdu.

Sentyabrın 27-də gündüz saat 2-də Sevilin sahəsində oldum. Respublika Kənd Təsərrüfatı Texnikası Birliyinin sədri M.Xəlilov Sevil Qazıyevaya keçici qırmızı bayraq təqdim etdi. Mən də Azərbaycan LKGİ Mərkəzi Komitənin keçici vımpelini Sevilə verdim. Sonra isə o hamımızı tarla düşərgəsində çaya qonaq etdi. Sevilin anası Anaxanım xala da burada idi. Axşam saat 8 olardı. Hamı dağılışıb getdi. Tarla düşərgəsində mən və fotomüxbir Yaşar Bağırovla qaldıq. Həmin gün Yaşar Sevilin müxtəlif formalarda şəkillərini çəkdi. Həmin şəkillərin bəzilərini burada dərc edirik. Nədənsə Sevil çox narahat idi, elə bil iynə üstündə oturmuşdu. Deyirdi ki, bu gün çox vaxt itirdiyimdən az pambıq yığmışam, yəqin ki, bu gün Sərdar İmrəliyev və Diləfruz Ocaqquliyeva maşınla çoxlu pambıq yığıb məni ötüb keçəcəklər. Alatoranlıq olmasına baxmayaraq, Sevil bir-iki bunker pambıq yığmağı qərara aldı. Maşını sahəyə saldı.

Adətən Sevil pambığı 2 maşınla yığırdı. Gecələr də işləyirdi ki, yarış dostu Sərdar İmrəliyevə çatsın. Vaxt itkisinə yol verməmək üçün bir maşından düşüb, o biri maşına əyləşirdi. Köməkçisi Qənimət maşının bunkerini boşaldır, növbəti yığıma hazırlayırdı. Sevil isə "mavi gəmisi"ni cərgələrin arası ilə sürərək aqreqatın ağzını kollarda qalan, yerə tökülən pambığa yönəldirdi. O, tələsirdi, artıq qaranlıq düşmüşdü, cərgələri aydın seçmək olmurdu. Maşınların fənərlərini yandırdı, bir qədər də sürəti artırdı. "Nəm düşənədək iki - üç gediş edərəm" deyə düşündü. Gecənin sərinliyində pambıq şehləndiyindən maşının "xortumuna" gəlmirdi. Cərgənin ortasına çatanda hiss etdi ki, maşının sorucu aqreqatı "boşluğa işləyir", yəni pambığı sorub bunkerə çatdıra bilmir. "Zəhrimar şpindellərin arası dolub",- deyə hirslə əylənci basdı, ağır maşın ləngər vurub dayandı. Başqa vaxt olsaydı, mühərriki söndürər, arxayın işini görərdi. İndi isə buna vaxt yox idi. Cəld yerə atıldı. Aqreqatın üstünü örtən "sipəri" kənara itələdi. Şpindellər - şaquli vəziyyətdə yan-yana düzülmüş vallar elə sürətlə fırlanırdı ki, isti yeli üzünü qarsdı. O, diqqətlə baxıb, valların ikisinin dayandığını gördü. Bir əlçim pambıq valların arasına "pərçimlənərək", onları hərəkətdən salmışdır. Sevil bir qədər irəli əyildi, əlini hərlənən şpindellərin "bıçağından" qoruyaraq, pambıq tıxacına doğru uzatdı, onu dartıb çıxartmaq istədi. Elə bu vaxt başının arxasından şiddətli zərbə aldı. Şpindellər "sözləşmiş" kimi, eyni vaxtda onun qalın hörüyünü "qamarladılar".

Anaxanım xala mənə dedi ki, Sevilin maşını xeyli müddətdir ki, sahənin ortasında dayanıb. Görəsən nə olub? O, köməkçi Qəniməti çağırıb onu Sevilin yanına göndərdi. Qənimətin getməsi ilə qayıtması bir oldu. O, qışqıra-qışqıra, həyəcanlı vəziyyətdə Sevilin qəzaya uğraması barəda bizə bəd xəbər verdi. Nə vəziyyətə düşdüyümüzü təsəvvür edə bilmirəm.

Axşam saat 10 olardı. Qəsəbədə böyük fəryad qopdu. Səsə birinci Diləfruz gəlib çıxdı. O, qaça-qaça gedib rayon komsomol komitəsində yardımçı qərargaha xəbər verdi ki, Sevil qəzaya uğrayıb. Təcili Azərbaycan LKGİ Mərkəzi Komitəsinə məlumat verdim.

Hamı Sevilin sahəsinə axışırdı. İş-işdən keçmişdi. Artıq Sevil ölmüşdü. Şpindellər onun sol gözünü çıxarmış, qulağını və başının dərisinin bir hissəsini soymuşdur. Diləfruz Sevilin kombinizonunu əynindən çıxarıb, torpağın üstünə uzatdı. Həkimlər qəti qərara gəldilər ki, Sevil qəzadan deyil, ürək partlamasından ölmüşdür. Belə ki, motorun səsi adamların qışqırtısına və harayına qarışıb Sevili möhkəm qorxutmuşdur.

Hadisədən heç üç saat keçməmiş, o vaxtlar Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində idarə rəisi işləyən Heydər Əliyev vertolyotla hadisə yerinə gəlib çıxdı. Geniş araşdırma apardıqdan sonra qəti qərara gəlindi ki, Sevil təhlükəsizlik qaydalarına əməl etmədiyinə görə qəzaya uğramışdır.  

Vaxtsız ölməsi elə bil Sevilin ürəyinə dammışdı. O, şeirlərinin birində Zaqatalanı həddən ziyada çox sevdiyini yazır və gələcəkdə orada dəfn olunmasını yazırdı. Sevilin "arzusu" yerinə yetirildi.

Ertəsi günü Sevilin cənazəsi Zaqatalaya yola salındı. Maşın axını Ağcabədidən, Bərdədən və Yevlaxdan keçərkən, minlərlə adamın yol kənarına yığışıb ağlamaları, maşına yaxınlaşıb Sevilin tabutu yanına çiçək dəstələri qoymaları Sevilə olan el məhəbbətinin təzahürü idi.

Sevillə "birlikdə" axırıncı dəfə Zaqatalaya yol gedərkən onun romantika ilə dolu coşqun həyatını xatırlayır və hər yerdə o gözüm önünə gəlir:

Görsəniz, ucalır tənha bir söyüd
              Deyin ki, mənəm
Əyilib Arazdan su içir söyüd,
              Deyin ki, mənəm.
Nə qədər bahar var, Azər elində
              Deyin ki, mənəm.
Nə qədər çinar var, Azər elində
              Deyin ki, mənəm.
Həyat nəğməsini çaldıqca Millim
              Deyin ki, mənəm.
Əsrdən əsrə qaldıqca Milim 
              Deyin ki, mənəm.

Zaqatalada onun tabutu rayon mədəniyyət evində qoyulmuşdur. Bütün günü bura adamla dolub-boşalırdı. Qonşu rayonlardan da Sevilin vida mərasiminə çoxlu adam gəlmişdi. Məktəbli də, kolxozçu da, ziyalı da, gənc fəhlə də Sevilə ehtiram əlaməti olaraq onun tabutu yanından gəlib-keçir, mərhumla vidalaşırdılar. Sanki Zaqatala dağları dil açıb şair Nəbi Xəzrinin qəhrəman çöllər qızına həsr etdiyi şeiri söyləyirdi:

Siz yasa batmayın, ey çöl, ey çəmən!
Çalınır qızımın toyu deyirəm.
Ey mənim qoynumda dünyaya gələn,
Gəl mənim qoynumda uyu deyirəm!

Şəhər qəbiristanlığında böyük mitinq keçirildi. Sevil burada, doğulub, boya-başa çatdığı torpaqda dəfn edildi. Onun qəbri bir qəhrəmanlıq rəmzi kimi oğlan və qızların ziyarət yerinə çevrildi.

Sevilin qaynar həyatının bir hissəsi mənim gözümün qabağında keçdiyi üçün bütün səy və bacarığımı onun adının əbədiləşdirilməsinə yönəltdim. Moskvada, Bakıda bütün təşkilatlara saysız-hesabsız müraciətlər təşkil edirdim. Çoxsaylı gənclər və təşkilatlar Sevil Qazıyevaya Sosialist Əməyi Qəhrəmanı Fəxri adının verilməsini tələb edirdilər. Axırı ki, istəyimizə nail olduq.

Ölümündən 3 il sonra 1966-cı ildə Sevil Qazıyevaya Sosialist Əməyi Qəhrəmanı adı verildi. Heykəltəraş Münəvvər Rzayevanı işə cəlb etdim. Onun Zaqatalada, Beyləqanda və Bakıda büstləri qoyuldu. Beyləqanda işləyib fəaliyyət göstərdiyi 5 nömrəli sovxoza Sevil Qazıyevanın adı verildi. Azərbaycan LKGİ Mərkəzi Komitəsi qabaqcıl sürücü mexaniklərə vermək üçün Sevil Qazıyeva adına priz təsis etdi. Cahangir Məmmədovun qəhrəmanın həyatından yazdığı "Dan ulduzu" pyesi səhnələrimizin bəzəyinə çevrildi.

Azərbaycanın Xalq şairi Nəbi Xəzri özünün "Günəşin bacısı" poemasında Sevil Qazıyevanın rəşadətli əməyini, parlaq obrazını yaratdı. "Günəşin bacısı" poeması Ümumittifaq Lenin Komsomolunun mükafatına layiq görüldü. Beylaqan rayonunda, Sevilin işlədiyi təsərrüfatda onun ev muzeyi yaradıldı.

Keçən əsrin 60-80-ci illərində Sevil Qazıyevanın işini yaşadan onlarca sürücü-mexanik qızın adını böyük hörmətlə yad edirik. Bu qızların arasında Diləfruz Ocaqquliyevanın, Cavahir Abdullayevanın, Elmira Əsgərovanın, Atlas Məmmədovanın, Sona Ağayevanın, Ofelya Səfərovanın, Bəyim Rəsulovanın, Səfurə Vəliyevanın, Nazilə Mehdiyevanın, Rəhilə Məmmədovanın, Şahbaz Muradovanın, Suğra Eminovanın, Kövsər Mehdiyevanın, Şövkət Şirinovanın, Sitarə Qasımovanın, Qonça Şirinovanın, Lidiya Svistunovanın, Rübabə Vəliyevanın və onlarla başqalarının adlarını xüsusilə çəkmək lazımdır.

Sevildən danışarkən onun yaxın rəfiqəsi, sürücü-mexanik peşəsinə yiyələnmiş ilk mexanizator qızlardan biri olan Diləfruz Ocaqquliyevanı yada salmamaq, onun işindən danışmamaq ən böyük insafsızlıq olardı.

Diləfruz çox istedadlı, işgüzar bir qız idi. O, uzun illər Sevil Qazıyevanın işlədiyi 5 nömrəli sovxozda çalışdı, onun briqadasına başçılıq etdi. Bu yaraşıqlı və gözəl qız sürücü-mexanik qızların aparıcı qüvvəsinə çevrildi. Gənc pambıqçıların 1966-cı ildə Daşkənddə keçirilən Ümumittifaq müşavirəsində Diləfruzun SSRİ-nin ilk təyyarəci-kosmonavtı Yuri Qaqarinlə necə məharətlə "vals" oynadığını indi də xatırlayıram. O sonralar öz rayonlarına, Göygölə köçtü. Burada rayonun ən fəal qadınlarından biri oldu və rəhbər vəzifələrdə işlədi. Üç qız anası olan Diləfruz bir neçə il bundan əvvəl dünyasını dəyişdi. Allah ona rəhmət etsin!

Naxçıvanda yaşayıb, işləyən Cavahir Abdullayeva ali təhsil aldıqdan sonra sovxoz direktoru və başqa vəzifələrdə çalışdı. Uzun illər Azərbaycanda Ali Sovetin deputatı oldu.

Atlas Məmmədovadan ayrıca danışmaq istəyirəm. Təpədən-dırnağa qədər zəhmətlə yoğrulmuş bu qız sürücü-mexanik qızlar arasında ən çox pambıq yığaraq, dəfələrlə Sevil Qazıyeva adına mükafata layiq görülmüşdü. O, Azərbaycandan ÜİLKGİ Mərkəzi Komitənin "Şərəf nişanı"nı alan birinci adamdır. Atlas Məmmədovanın adı respublikada yaxşı məlumdur. Lakin ona acı tale qismət oldu. Xəstələndi, gözdən-könüldən uzaq düşdü.

Sevilin işini yaşadan Sona... Sevilin kiçik bacısı. Mexanizator peşəsinə yiyələndikdən sonra Mil düzünə gəldi. Bacısı işləyən maşında əyləşib onun sahəsinin pambığını yığmağa başladı. Bu fədakar qız uzun illər ÜİLKGİ Mərkəzi Komitəsinə üzv seçildi. Hazırda Zaqatalada Məşğulluq Mərkəzinin müdiridir. Onun haqqında yazılmış gözəl mahnı indi də radiolarda səslənir.

Çöllər büründü ağ dona,
Gəl ay Sona, gəl ay Sona.
Ellər Sevilsiz qalmasın,
Çöllər Sevilsiz qalmasın.

Sükan tutan o əllərin,
Sənin var olsun ay Sona.
Sevil kimi əməllərin,
Elə car olsun, ay Sona.

Elmira Əsgərova Sevilin yarış dostu idi. Goranboy (sabiq Qasım İsmayılov) rayonundakı Borsunlu kəndində məşhur sürücü-mexanik idi. İndi kənd məktəbinin müəllimidir.

Şamxorlu Səfurə Vəliyeva öz peşəsinə ürəkdən vurulmuşdu. Tale onu Qazax rayonuna atdı. Hazırda orada yaşayır.

Bu siyahını uzatmaq da olardı. Bu yazıda adını çəkdiyimiz və çəkmədiyimiz, öz şanlı işləri ilə Azərbaycan komsomolunun tarixinə yeni səhifələr yazmış qəhrəman qızlarımızı həmişə böyük hörmətlə yad edəcəyik.

... Bakıda və Daşkənddə iki abidənin yanına ən çox oğlan və qızlar toplaşır. Onların ikisi də pambıqyığan maşının sürücü-mexaniki olmuşlar. İkisi də şeir yazırdı. Onlar bir-birilə yarışır, bir-biri ilə mehriban dost idilər. Hər ikisi Kənd Təsərrüfatı İnstitutunu bitirmişdilər. Hər ikisi Sosialist Əməyi Qəhrəmanı, hər ikisi deputat idi. Bakıda Sevil Qazıyeva, Daşkənddə Tursunoy Axunova. Hər ikisinə heykəl qoyuldu. Bakıda, Zaqatalada və Beyləqanda Sevil Qazıyevaya, Daşkənddə və Yangüyüldə Tursunoy Axunovaya. Sevil 23 yaşında, Tursunoy isə 46 yaşında dünyasını dəyişdi. Qəbirləri nurla dolsun!..

 





28.02.2015    çap et  çap et