525.Az

Yaşamağı öyrəndikcə yazmaq...


 

Yaşamağı öyrəndikcə yazmaq...<b style="color:red"></b>

Bu yaxınlarda saytların birində onun yeni bir şeirini oxuyandan sonra bu yazını yazmağı qərara aldım.

“Saçlarını daraqdan,
Hisslərini varaqdan asıb
Gedişinin arxasınca
bir ovuc tullayan qadın”ı
deyirəm – şairə Günay Ümidi. 

Bu şeiri oxuyandan sonra “Günay Ümiddən çox istedadlı Elxan Yurdoğluya ən dəyərli kitabı olması diləyiylə” avtoqrafıyla mənə bağışladığı “Yaşamağı öyrənəndə” kitabını yenidən oxumaq istədim. Kitabxanamda hansı kitabı hara qoyduğumu əlimin içi kimi bilirəm.

Gənc yazarları ayrıca ayırdığım rəfin laaap arxasına əlimi uzadıb qara cildli kitabı götürdüm və səssizliyə çəkildim. Hə, “niyə rəfin laaap arxasına?” sualı keçdi ağlınızdan, düzdü. İzah edim.

Çox yaxın bir dostum var – rejissordur. Evində müxtəlif içkilərdən kolleksiyası var. Deyir, ən bahalı və ən dəyərli (!) içkiləri kolleksiyada arxa sıralarda gizlədirəm. Niyəsini soruşanda belə izah elədi ki, bu öndəkiləri şəhərdəki marketlərdən də, lap uzağı Türkiyədən, Rusiyadan alıb gətirtmək olar. Amma məsələn, Mehdi Hüseyzadənin bir vaxtlar partlatdığı kinoteatrın yerində tikilmiş evin həyətindəki meyvələrdən çəkilmiş viskini mən bir də hardan əldə edəcəm?

Elə bu məntiqlə mən də kitabxanamdakı ən dəyərli kitabları laaap arxalarda gizlədirəm. Gizlədirəm ki, hərdən qonaq-qara gəlib oxumaq üçün kitab götürəndə o kitabları görə bilməsin. Məhz buna görə də mən Günay Ümidin “Yaşamağı öyrənəndə” kitabının beləcə kitabxanamda həmişə olmasını istəmişəm.

Kitaba  poeziyamızın “şeir anası” Fərqanə Mehdiyeva “Günayın dəftəri” başlıqlı bir ön söz yazıb və “əsl poeziya həyatın özü qədər şirindir” cümləsiylə başlayıb sözünə. Hətta deyərdim ki, Fərqanə xanım ön söz yazmayıb, Günay haqqında şeir yazıb orada. Bax, həmin şeirində Fərqanə xanım deyir ki, “Onsuz da hansı yaşda olursa olsun, uşaqdı şair. Elə şairin gözəlliyi də yaşa dolduqca uşaq qəlbdə qalmasıdır. Əslində əsl şeir də elə uşaqlığa söykənməkdən yaranır. Günayın şeirləri səslidir. Oxuyanda oxucunun qulağına musiqi səsi gəlir”.

Bu yerdə əllərini yana açıb türklər demiş, “Eyvallah” demək istəyirsən. Axı mən də Günayın şeirlərini oxuyanda qulağıma musiqi səsi gəlir. Bəlkə də  Günayın şeirlərini oxuyan hər kəs eşidir o musiqini. Ya da şeiri, poeziyanı duyanlar eşidir o musiqini. Həm də o musiqilər Günay Ümidin baxışları kimi kədərlidir, hüznlüdür. Başdan-ayağa şairdi, dedikləri də bu olsa gərək. Günay gözlərinin ifadəsiylə, baxışlarının dərinliyiylə, sözlərinin ağrısıyla, səsinin həzinliyi ilə şairdi. Onu ilk dəfə tanıdığım yaxın 3-4 il əvvəli xatırlayıram. Youtube-dan onun şeirlərini həzin musiqilərin müşayiəti ilə öz səsindən dinləmiş, axtarmış, facebook-da dostluq göndərmiş və beləcə dostlaşmışdıq.

Həmin şeirlərindəki əsl poeziya, həyatın özü qədər şirin olan uşaqlıq hissləri bu yeni imzanı, bəlkə də mənim üçün yeni imzanı ruhuma yaxın hiss etmişdim.

İçindəki qaranlığın
Kölgəsi düşəcək ətrafa,
Yaşamağı öyrənəndə
Qorxu öləcək gözündə,

– deyən bu qadının qorxusuzluğu qorxutmuşdu məni. Bir insana, üstəlik, qadına yaşamağı öyrədə-öyrədə onun qorxusunu gözlərində öldürəcək qədər qəddar zamanın üzünə dirənmək istəmişdim. Və elə onun öz şeirləriylə:

Hər kəsin içində ölüm yaşayır,
Bu qorxu qorxunun başına gəlmir.
Vərəq sinəsində fikir daşıyır,
Bu şeirin rəngi də xoşuma gəlmir.

Bax belə, Günay xanım. İçində ölüm və qorxu olan şeirin rəngi xoşuna gəlmirsə, “sətri tapılmayan şeir kimisən” demək. Elə həmin an “son gücünü toplayıb yumruğunu çırpasan qərarının nida yerinə” və deyəsən: “Ömrümüz də yetmədi, bu ömrü yaşamağa”.

Günayın şeirlərində zərif bir qadın varsa da, həm də güclü bir ana var. Hər dəfə bu kitabı götürüb “yaşamağı öyrənəndə” hiss edirəm ki, hardasa işıqları söndürülmüş bir otaqda oğlunun, qızının yuxusuna sığal çəkən bir ananın kədərli baxışlarını pəncərədən süzülən küçə işıqlarınınmı, ay işığınınmı sozalmış qırmızıya çalan sarı közərtisi belə aydınlada bilmir. Onun baxışlarında sadəcə şeir diridi, şeir apaydındı. Və elə buna görə əminəm ki, onun gözləri qaranlıq gecələrdə nur üzlü şeirlər dünyaya gətirəndə gülür. Hər gecənin bir səhəri olduğu kimi, hər acının bir şirinliyi, hən sancının da bir rahatlığı olur. Günay Ümid şeir sancılarından sonra rahatlığına gülür. Eyhamla gülür. Hər gecə beləcə “şeir dolub gözlərimə, ağlasam sətirlər yanar” deyib şeirlər yazır. Bax, belə şeirlər. Adamın canını içindən söküb alan, canına oxuyan şeirlər:

Bəlkə bir gün
Kitabım olsa, açmayın!
Səhifələrin arasından tökülməsin
Dərdlərim...

Bəxtsiz şeirlərimi
Sıxışdırıb boğun öz nəfəsinizdə
Onlar mənim
Qaranlığa açılan gözlərim idi.

Ya da elə beləcə pıçıldayır Günay Ümid. Amma baxın ha, o pıçıltının özündə də bir haray var:

“Sən heç səssizliyin
necə qulaq batırdığını
Bilirsənmi?”

Bu kitab bəzəksiz-düzəksiz, pafossuz, tərifsiz, başdan-ayağa poeziyadı. Cildindən, şairin fotosundan, ön sözündən tutmuş, içindəki ilk misradan son misraya qədər.

Özünə boylanmaq üçün özünü ayağı altına qoyan Günay Ümid ilk kitabından darıxdırdı bizi özündən ötrü.

Gözümüz onun yeni şeirlərini axtarır. Elə olmasaydı, başda söylədiyim yeni şeirindən sonra bu kitaba bir də qayıtmaz, hətta youtube-da onun öz səsindən şeirlərini təkrar-təkrar dinləməzdim.

Oxucuları çox intizarda qoyma, Günay! Çıx və elə-beləcə bir ümid ver. Qələminin ucundan şeirə dönən ölən duyğuları biz də oxuyaq. 


Hə, bir də ki, elə düşünmə ki, arxa bildiklərinin hamısı arxada qalıblar. Axı, bizim kimilərin bir inamı var – heç kəsə inanmamaq. Sən də özünə inandığın kim, əsl oxucularına da inan və yaz.

 





02.03.2015    çap et  çap et