525.Az

"Avropa oyunlarından gələn dividend gəlir gətirə bilər"


 

"Avropa oyunlarından gələn dividend gəlir gətirə bilər"<b style="color:red"></b>

"Bakıda keçiriləcək Avropa Oyunlarında bütün nümayəndə heyətlərinin xərcini Azərbaycanın çəkəcəyi ilə bağlı xəbər məndə də ilkin olaraq neqativ reaksiya yaratsa da, dərindən düşündükdən sonra etiraf etmək lazım gəlir ki, bu çəkiləcək ümumi xərclərin çox az faizini təşkil edir və bu, məqsədəuyğundur".

Belə bir açıqlama ilə millət vəkili, politoloq Rasim Musabəyov sözügedən məsələ barədə danışarkən deyib. Millət vəkili qeyd edib ki, iştirakçıların sayı və yarışların növlərinə görə Bakıda keçiriləcək oyunlar Soçidə keçirilmiş Qış Olimpiadasına bərabər olsa da, Avropa Oyunlarına çəkiləcək xərclər Soçidə çəkilən xərclərdən 10 dəfə azdır: "Məlum məsələdir ki, Avropa oyunlarının keçirilməsi üçün müraciət neftə olan yüksək qiymət zamanı, gəlirlərin çox olduğu bir vaxtda edilmişdi. Əgər xərclərin çoxu artıq çəkilibsə, işi son mərhələdə yarımçıq qoymaq və ya xərclər smetasının ən az olan hissəsində qənaət etmək lazım deyil. Ən əsası, Avropa Oyunlarının bütün aspektlərdə uğurunu təmin etməkdir".

Millət vəkili vurğulayıb ki, olimpiadalar, dünya və Avropa çempionatları, bu tip digər yarışlar təkcə böyük miqyaslı turnir deyil, bu həm də kommersiya və imic layihələridir: "Təşkilatçı ölkə belə yarışların keçirilməsindən dividendlər əldə etməyə çalışır. İdman qurğuları, infrastruktur, otellər yarışlardan sonra hələ uzun müddət şəhərin və ölkənin xeyrinə işləyəcəklər. Maliyyə uğuru isə televiziya yayım hüququndan əldə edilən gəlirlərin və turistlərin cəlb edilməsindən asılı olur. Bu həmçinin də məsələnin imic tərəfi olur". Onun fikrincə, əcnəbi nümayəndə heyətlərinin nəqliyyat və yaşayış xərclərini öz üzərinə götürməklə Bakı həm bütün ölkələrin iştirakını, həm də ən tanınmış idmançıların gəlişini təmin etmək istəyir: "Axı məhz ən güclü atletlərin iştirakı televiziya auditoriyasını cəlb edə bilər. Bu halda dünyanın nüfuzlu teleşirkətləri yarışın açılış və bağlanış mərasimindən, o cümlədən, yarışlardan yayım üçün daha çox pul ödəyərlər. Bizim paytaxtı isə 100 milyonlarla insan görə bilər. Belə olan halda Avropa oyunlarından gələn dividend çəkilən xərcləri kompensasiya etməklə, həm də əlavə gəlir gətirə bilər".

R. Musabəyov "Amnesty İnternational" hüquq müdafiə təşkilatının 2013 və 2014-cü ilin yekunlarına dair hazırladığı növbəti hesabata da  münasibət bildirib: "Ümumiyyətlə "Amnesty İnternational" hüquq müdafiə təşkilatı öz hesabatlarında daha çox məhbuslarla bağlı məsələlərə yer verir.  "Amnesty İnternational" kifayət qədər tanınmış və nüfuzli bir hüquq müdafiə təşkilatıdır. Bu təşkilat ümumi insan haqlarının pozulması ilə bağlı deyil, daha çox məhbuslarla məşğul olur. Bu təşkilatın daha çox ABŞ-ın maraqlarına xidmət etdiyi söylənsə də amma kifayət qədər sərt, o cümlədən, Amerikaya, İngiltərəyə qarşı hesabatlar dərc edirdi. Adətən hər kəs "Amnesty İnternational" təşkilatının hesabatlarına böyük diqqət yetirir".

R.Musabəyov həmçinin Rusiya-ABŞ arasındakı narazılığın bəşəriyyətə təsir imkanlarından da danışıb: "Ümumiyyətlə Rusiya daha supergüc deyil. Bu dövlət sadəcə olaraq öz ətrafına hansısa bir müdaxilə etməklə məşğuldur və bununla da öz nüfuzunu genişləndirmək istəyir. Ancaq bu gün Rusiyanın ABŞ-la ayaq uzatmağa gücü yoxdur".

Xatırladaq ki, "Amnesty İnternational" hüquq müdafiə təşkilatının 2013 və 2014-cü ilin yekunlarına dair hazırladığı növbəti hesabatında Ermənistanda insan hüquqlarının pozulması barədə kifayət qədər fikirlər yer alıb. Hesabatda bildirilir ki, il ərzində polis bir neçə dəfə dinc etirazçılara qarşı zor gücü tətbiq edib: "Martın 7-də yüzlərlə insan Maliyyə Nazirliyinin qarşısına onların maraqlarına cavab verməyən pensiya islahatlarına qarşı etiraz səslərini ucaltmaq üçün toplaşmışdı. Polis isə dinc etirazçıları qovmuş, üç nəfəri həbs etmiş, digərlərini isə cərimələmişdi. Sübut olunub ki, onlardan iki nəfəri polisin xüsusi amansızlığı ilə üzləşib".

PƏRVANƏ

 





03.03.2015    çap et  çap et