525.Az

Məkrli siyasətin "girovu" - "Washington Post"


 

Məkrli siyasətin "girovu" - <b style="color:red">"Washington Post"</b>

138 illik tarixə malik "Washington Post" (Post) qəzetinin rəhbərliyi 2009-cu ildə xəbərləri çatdırarkən dəqiqliyi və qərəzsizliyi qorumaq və beləliklə də nüfuzunu, obyektivliyini saxlamaq məqsədi ilə öz müxbirləri və redaktorlarının sosial mediada (Facebook, Twitter və s.) fəaliyyəti ilə bağlı yeni davranış kodeksi  müəyyən etdi. Qəbul olunmuş qaydalara görə qəzetin əməkdaşları şəxsi səhifələrində nə siyasi fikirlər səsləndirə, nə də ki, ictimai müzakirələrdə tərəf tuta bilərdilər. Qəzetin bütün jurnalistlərinə sosial mediada siyasi, irqi, seksist, dini, digər qərəzli və ya tərəf saxlayan yazılar, tvitlər, foto və videolar paylaşmaq qadağan olundu. 2011-ci ildə mövcud təlimat yenilənərək, əməkdaşları sosial mediada daha məsuliyyətli davranmağa çağırırdı.

Bu qəzetin maraqlı xüsusiyyətlərindən biri də orada 1970-ci ildən ombudsman vəzifəsinin olması idi. Bu vəzifəyə kənardan, müqavilə əsasında çalışan, eyni zamanda heç kimə tabe olmayan təcrübəli jurnalist seçilirdi. Onun vəzifəsi qəzetdəki jurnalistik fəaliyyətə nəzarət etmək, orada dərc olunan səhv, qərəzli və sair məlumatlar, o cümlədən, oxuculardan daxil olan şikayətlərdən doğan problemləri hər bazar günü işıqlandırmaq idi. Görünür, "Post"da olan-qalan obyektivliyi elə 2013-cü ilin mart ayında arxivə vermək qərarı alınıb. Qəzet rəhbərliyi 43 illik ənənəni pozaraq ombudsman vəzifəsini ləğv edərək, onun yerinə qəzetin əməkdaşlarından birini "oxucuların nümayəndəsi" adı ilə təhkim etdi. O, qəzetə daxil olan sual və şikayətləri cavablandırmalı, bloq (məqalə) yazmalı və ombudsmandan fərqli olaraq, qəzetin redaksiya heyətinə aid səhifənin redaktoruna tabe olmalıdır.

Dünyanın ən məşhur xəbər agentliklərindən olan "Assosiated Press"in 2013-cü ildəki monitorinqinə əsasən ABŞ-da gündəlik dövriyyəsinin həcmi və ya populyarlığı ilə seçilən (eləcə də "online" oxucularının sayına görə) qəzetlərin içində "Washington Post" yeddinci yerdə qərarlaşmışdı. "Pew" Tədqiqat Mərkəzinin 2014-cü ildə ABŞ-dakı ideoloji qruplar arasında apardığı sorğu və hazırladığı hesabata  görə isə ölkədəki beş ideoloji qrupdan (liberallar, nisbətən liberallar, konservatorlar, nisbətən konservatorlar və orta mövqelilər) ikisi "Post"u etibarlı mənbə kimi qəbul etmirlər.  Qeyd etmək istərdik ki, dünyanın demək olar ki, bütün media orqanları sadə insanlar üçün öz nəşrlərində məqalə dərc elətdirmək imkanı yaradırlar. Lakin nüfuzlu Qərb mətbu orqanlarının qapıları yazıldığı kimi hər kəsə açıq deyildir. Bunun obyektiv və subyektiv səbəbləri vardır. Bundan əlavə mövcud olan yazılmamış qanun isə budur ki, məqalə qəzetin redaksiyasına daxil olduğu vaxtdan 5 gün ərzində dərc olunmursa, demək o, bir daha həmin nəşrdə dərc olunmayacaq.

Bəs "Post"da belə bir məqaləni dərc etdirmək ehtimalı nə qədərdir? Bu suala cavab verməmişdən öncə "Washington Post"la bağlı maraqlı fakt və statistikanı qeyd etmək istərdik. Belə ki, qəzetin redaksiyasına hər gün 500-dən çox jurnalist, redaktor və müxbirdən 2 milyondan çox sözdən ibarət yazılar (bu A4 formatında təqribən 4 min səhifədir)  daxil olur ki, bunun da yalnız 180 minini çap edirlər. Bundan əlavə ictimai və biznes liderlərindən, dövlət qulluqçularından, valideynlərdən, tələbələrdən, hətta taksi sürücülərindən belə gün ərzində yüzlərlə xəbər alırlar. "Post" öz əməkdaş və tərəfdaşı olmayan şəxslər üçün məqalələrlə bağlı bir sıra şərtlər də irəli sürür. Bunlar, çoxlu ad və faktların təqdim olunan məqalədə yer alması, məqalənin bir tərəfli olmaması və orada digər tərəf(lər)in mövqeyinin əks olunması şərtidir. Bu olmadığı təqdirdə, qəzet özü ədalət naminə hər iki tərəfin mövqeyini dərc edəcəyini bildirir.

Yuxarıda qeyd olunan faktlardan da göründüyü kimi, "Post"da məqalənin dərc olunması çox çətin bir prosesdir. Bu məsələnin obyektiv tərəfi. Bəs subyektiv tərəfi hansıdır?

Subyektiv tərəfini əminliklə demək mümkün olmasa da, konkret olaraq Azərbaycanla bağlı dərc olunan məqalələri analiz etsək, görərik ki, qəzet əksər hallarda bir tərəfli qaydada ölkəmizə qarşı olan, yalan və qərəz dolu məqalələri rahatlıqla dərc edir. Məsələn, ABŞ-da fəaliyyət göstərən erməni təşkilatlarının və ya Azərbaycandan bir neçə "seçilmiş"in məqalə və ya məktubları "Washington Post"da heç bir maneəsiz, dərhal dərc olunur.

Necə olur ki, obyektivlik və qərəzsizliyi özünə deviz seçən "Post" erməni girovluğunda insanlığa sığmayan işgəncələrlə üz-üzə qalan, Dilqəm Əsgərov və Şahbaz Quliyev kimi yüzlərlə azərbaycanlının nəinki məktubları, heç onlar barədə hərhansı bir məlumat belə bu qəzetdə dərc olunmur?! Halbuki, İsmayılovaların şikayət, Yunusovaların "sevgi" məktubları nəinki orada dərc olunur, hətta qəzetin əməkdaşları, sosial media ilə bağlı "Washington Post"un qəbul etdiyi siyasətinə zidd olaraq, orada paylaşırlar.

İsmayılovanın Qərb auditoriyası üçün "yazdığı" məktub özlüyündə diqqətə layiq olmasa da, orada bir sıra mühüm texniki detalları xüsusi qeyd etmək istərdik. Bəlkə o zaman yuxarıdakı necələrə cavab tapa bilərik.

Məsələn, adətən 5 gün ərzində dərc olunmalı halda, Xədicə İsmayılovanın 6 fevral tarixli məktubu aradan 12 gün keçdikdən sonra "Post"da dərc olunur. Qəzetin aparıcı fiqurlarından biri olan Fred Hiatt bu məktubu öz facebook səhifəsində paylaşmaqla bərabər belə bir cümlə də qeyd edir: "Azərbaycan rejimi mətbuat və vətəndaş cəmiyyətini əzdiyi bir vaxtda, cəsarətli bir qadın həbsxanadakı kamerasından ruhlandırıcı bir yazı göndərib".

Dünyanın istənilən yerində baş verən hadisədən ani olaraq xəbər tutan qəzet, redaksiya heyətinə aid səhifənin redaktoru olan Fred Hiattın bu qərəzli, tərəf saxlayan və yalan şərhinə və məktubu sosial mediada yaymağına heç bir reaksiya vermir. Nəyə görə "Washington Post"un işçiləri ilə bağlı nəzərdə tutduğu davranış kodeksi və redaksiya siyasəti kobud şəkildə pozulur və buna göz yumulur? Məsələnin təəccüb doğuran tərəfi isə qəzetin şikayətlərə baxan "oxucuların nümayəndəsi" olan şəxsinin məhz Fred Hiatta tabe olması və ona məruzə etməsidir.

X.İsmayılova şikayət məktubunda özü də qeyd edir ki, məhbəsdə onun hər şeyi əlindən alınıb, hətta yazıları da. Amma Leyla Yunusovanın "sevgi" məktubundan (adı sevgi məktubu qoyulsa da, eqoizmlə dolu, nifrət saçan, hətta Qrossmanın dili ilə yəhudi millətini sadəlövh adlandırdığı məktub) fərqli olaraq, İsmayılovanın məktubunda 5 müxtəlif internet səhifəsinə yönləndirmə var. Kompüterdən xəbəri olan istənilən şəxs bilir ki, əlyazmada bu cür keçidlərin qoyulması (özü də məhbəsdə) heç cür mümkün deyil. Bunu etmək üçün internetə çıxış olmalı və ən azı 50 işarədən ibarət səhifənin ünvanını bilmək lazımdır. Misal üçün, əlindən hər şeyinin alındığını məktubun birinci paraqrafında bildirən İsmayılova, artıq ikinci paraqrafda iranlı yazar Səhər Dəlicaninin "Cakaranda Ağacının Övladları" kitabını tərcümə etdiyini bildirir və həmin kitabın alış-veriş portalı olan "Amazon"da satış ünvanı verilir:   http://www.amazon.com/gp/product/1476709092?ie=UTF8&camp=1789&creativeASIN=1476709092&linkCode=xm2&tag=thewaspos09-20.

Göründüyü kimi, İsmayılovanın 100-dən çox hərf, rəqəm və işarədən ibarət keçidi əlyazmada qeyd etməsi mümkün deyil. Bunun üçün ən azı internetə çıxış olmalı və fenomenal yaddaşa malik olmaq lazımdır. O isə məhbəsdə ona heç bir şəraitin yaradılmadığını bildirir.

İkincisi, tutaq ki, İsmayılova bu sözləri telefonla deyib və dostları mətni kompüterdə yığıb, qeyd olunan keçidləri əlavə ediblər. O zaman daha "maraqlı" bir məqam ortaya çıxır. Məktubun "indi olduğum Kürdəxanı həbsxanası" olan hissəsində yenə də başqa səhifəyə keçid verilir. Bu keçidin ermənilərə məxsus, 7 gün 24 saat Azərbaycanın əleyhinə işləyən, Asbares erməni xəbərləri portalının olması şübhələri daha da artırır. Bunu onun azərbaycanlı dostları ediblərsə, onların dostluğunu gərək İsmayılova yenidən nəzərdən keçirsin, ya da ki, bu məktubu erməni dostları vasitəsi ilə ötürüb ki, onlarda onun həqiqətən həbsdə olduğunu "Asbares"dəki məlumata istinad etməklə təsdiq edirlər.

Üçüncü və daha inandırıcı versiya isə, bu məqalənin məhz qəzetin özü tərəfindən yazıldığı və Azərbaycana qarşı məkrli siyasətin bir hissəsi olaraq dərc olunmasıdır. Mətni yazan şəxs(lər) yuxarıda qeyd olunan həssas məqamları nəzərə almadan, yazını necə gəldi yerləşdiriblər. Bunu təsdiq edən daha bir fakt isə məktubda azərbaycanlı yox, "azərilər" ifadəsinin bir neçə dəfə işlədilməsidir. Hər bir sadə azərbaycanlı bilir ki, azərilər İranda yaşayan, soy kökü baxımından azərbaycanlılarla bağlılığı olmayan bir xalqdır. Bunu İsmayılovanın özü də bilməmiş deyildir. Belə ifadəni adətən əcnəbilər istifadə edirlər. Qəzetin hazırkı rəhbərinin "Amazon" şirkətinin sahibi olması və İsmayılovanın tərcümə etdiyi kitabın keçidinin həmin portala yönlənməsi də diqqət çəkən məqamdır. Bundan başqa, qəzetin ombudsmanı Endryu Aleksandr hələ 2009-cu ildə  təsdiq edirdi ki, oxucuları "Post"da gedən mövzulardan daha çox oradakı qərəz narahat edir. Nəhayət, martın 1-də "Washington Post"un redaksiya heyətinin Azərbaycan Prezidentini hədəfə alan yalan dolu, qərəzli məqaləni dərc etməsi, bütün nöqtələri öz yerinə qoydu.

Məlumdur ki, paytaxt Vaşinqtonda yerləşən icraedici və qanunverici orqanlarda olduğu kimi, bir çox mərkəz, qəzet və onların əməkdaşları müəyyən lobbi və maraqların təsiri altında fəaliyyət göstərirlər. Dağlıq Qarabağ münaqişəsi və regionda gedən proseslərlə bağlı Prezidentin həyata keçirdiyi müstəqil siyasət və sarsılmaz iradəsi heç də hamının xoşuna gəlmir. Onlar qəzetlərinin nüfuzundan istifadə etməklə, Azərbaycanla bağlı bu cür qərəzli yazılar verir və düşünürlər ki, belə çirkin kampaniyalarla bizi haqq yolundan döndərə bilərlər. Ancaq unutmasınlar ki, İlham Əliyev kimi güclü lideri olan Azərbaycan xalqı hər zaman pisi yaxşıdan ayırd etməyi bacaran bir xalqdır.

Bu heç kimə sirr deyil və biz bir daha əmin olduq ki, özü haqqında hansı fikirdə olur-olsun, "Post" bu gün dünyada gedən siyasi və iqtisadi proseslərin məkrli oyunçusudur.

Newtimes.az

 





03.03.2015    çap et  çap et