525.Az

Musa YAQUBdan şeirlər


 

Musa YAQUBdan<b style="color:red"> şeirlər</b>

                

Ömür şeiri

I

Bir yorğun torpağam dincə qoyulmuş,

Daha əkilməyim,  biçilməyim yox.

Köhnə qarağacam içi oyulmuş

Bir körpülənib keçilməyim yox.

Bütün körpüləri keçmişəm daha

Səbr kasamı da içmişəm daha

Quzey ağacıyam

                         yanım duman, çən

Bircə yarpağıma gün düşənəcən

Nələr çəkdiyimi özüm bilmişəm,

O gülən yarpağı üzüm bilmişəm.

Hanı o yamacda gün dəyən tərəf?..

Yolda taleyimin yaşıl işığı,

Kolda sarmaşığım dolaşan kələf

Mən o kələfləri aça bilmədim

Bir namərd əlindən qaça bilmədim.

 

II

Hanı bu dünyanın dağ tərəfləri

Qızıldöş qayanın tağ tərəfləri

Ayağım dəyməmiş bir daş qalmadı,

Heyf, gücdən düşən o ayaqlara!

Çayına çiyindaş, daşına yoldaş

Heyf, ömrümdəki o ortaqlara,

Özüm ola-ola mənim olmayan,

Heyf yaylaqlara, ulu dağlara.

Havaxan doğrudan havada xandı,

Heyf o xanlara, o sələflərə,

Daha üz çevirməz biz tərəflərə...

III

Pətək saxlamır işsiz arını...

Bu külək payızdan gələn havadı.

Quşlar da uçurdu balalarını

Mənim ürəyim yetim yuvadı

Uçub məndən gedən söz qanadlarım

Görən harda qalır o övladlarım?

Hansı budaqlarda böyüyür görən,

Hansı ürəklərdə döyünür görən?

Görsəm çoxlarını tanımaram heç.

Daha o uyğular, şirin duyğular,

Sevgidən sorğular mənimki deyil.

Hanı bu dünyanın sevgi tərəfi?

İnsanın insana ərki tərəfi?

IV

Dayan, oturduğum yeri dəyişim

, bu daş yaxşıdı, mamırlı, yumşaq

Dünyanın işiylə daha işim,

O fincan çayımı gətir balacan!

Daha mən xatirə çözələmirəm,

Köhnə dərdlərimi təzələmirəm.

Bir izim qalmaz çaylaq daşında

Sel coşar üstündən, daş atar məni.

O köhnə dərdlərim bağrım başında

Sızlaya-sızlaya yaşadar məni.

Əlim ki, o ələ yetişməyəcək,

O sınıq güzgü ki, bitişməyəcək

Olmuşda daha təsəlli gəzim?

Xatirə yazmağa, yuxu yozmağa

Heç qulaq asmağa yoxdu həvəsim.

Hanı cəmiyyətin cəm tərəfləri,

Yaşayış tapmağa çəm tərəfləri?

V

Günahım gözündə oxunur, tubu,

Yenə o gözlərdə baxışlanıram.

Mən payız durnası, axşam qürubu

Pənbə buludlarda naxışlanıram.

Uçuram gecənin durna səfində

Üzü görünməyən ay tərəfində

Hanı dan üzünün tərəfləri,

Dövrünün qızılı cağ tərəfləri?

VI

Bir az saymazyana, bir az biganə

Hələ ki, canımda can saxlayıram

Ruhum uçmaq üçün dəli-divanə

bir əlləşirəm, can çəkirəm,

Gümüş türbə, qızıl cam üçün

Mən cığır çəkirəm, ağac əkirəm,

Mən çiçək dərirəm o dünyam üçün

Buraxdım ömrümü üstdən aşağı

Tanrıdan gələcək sərəncam üçün

Hanı bu dünyanın ruh tərəfləri?

Gəmi tərəfləri, Nuh tərəfləri?

yay, 2012

Buynuz

27 sentyabr

     

Sənin ad günün üçün

Bilmisən, sən bizdən qabaq gəlmisən,

Doğma ocağına qonaq gəlmisən

Tale bir möcüzə baxt verib sənə,

O qədər yalvarıb-yaxarmısan ki,

Dünyada heç kəsə verilməyəcək

O dünya sahibi vaxt verib sənə

Vallah ruhun deyil, özün olmusan,

Məni ev-eşikdən xəbər almısan

Sənsiz əhvalımı pərişan bilib

Bir tapşırmısan məni tanrıma,

Dəftər-kitabımın tozunu silib,

Nəzər yetirmisən pal-paltarıma.

Güzgüdə sənindi vallah bu nəfəs,

Bu ocaq başında sən durmusan, sən

Yəqin vaxt sahibi icazə verməz,

Bizi gözləyəsən, bizi görəsən...

Birdən tələsmisən, vaxtın daralıb,

Qapı dəstəyini sıxıb çıxmısan.

Qapı bir balaca aralı qalıb

Ətrafa həsrətlə baxıb çıxmısan.

Vallah, o gülü özün dərmisən,

Bir nəzərin qalıb tut ağacında.

O güldən bir ləçək düşüb dəhlizə,

Bir gilas yarpağı gedib saçında.

Xiffətin cığırı payızlandırıb

Ahın bir topacıq otu yandırıb

Yanır barmaqlarım,

                            əlimdə şam var,

Dolub şamdan olan ovcumdu, qalır

Gəl bu göynərtini dilimdən apar

Bu sənə şirinlik borcumdu qalır.

Bir gözə dəymədən gözdən itənim,

Bir gizli baxt ilə əhdə yetənim!

Durub iki dünya üz-üzə, gəlmə

Bir daha göstərib möcüzə gəlmə.

Bir yol qovşağında bəlkə görüşdük

Mən sizə gəlirəm, sən bizə gəlmə.

payız, 2012

Buynuz

                   

Zəriflik

A səkkiz ləçəyim, zərif çiçəyim!

Bəlkə göydən enib sarı mələyim.

Günəşdən bir parça yanğıdı, vallah,

İlahi sarıyan sarğıdı, vallah

Sinəmə doluşan duyğudu, vallah.

Kobud işlərimi zəifləndirib

Zəriflər könlümü zərifləndirib

Bu tavus quşunun lələkləridi

Tanrı bizdən ötrü qanad endirib.

A baxışı kobud o tərəfə bax,

Qoparma könlümdən ləçəklərimi,

Uçurma çiynimdən mələklərimi.

Getdi ağrılarım, keçdi göynəyim

Qoy bu gül bədənlər olmasın həşəm.

Aşıq Ələsgərdə sarı köynəyim,

Aşıq Qurbanidə zərif bənövşəm.

Zərifdə hiylənin tutumu yoxdu,

Zərifdə çəyirtkə udumu yoxdu.

Sən allah, çox sıxma nazik əllərin

Sıxılar barmağı, tökülər zəri.

Zərifin əlləri tətiyə getməz,

Zərif budaqların tikanı bitməz.

Dünyamız olsaydı zərif əlində

Dilimiz oynardı tərif əlində.

İlahi, mehrində saxla zərifi,

Bir həzin mehində saxla zərifi,

O büllur şehində saxla zərifi..!

Mənim ürəyim açılsın belə,

İşığı könlümə saçılsın belə.

yay, 2012, Buynuz

Uzun gecələr gəlir

Uzun gecələr gəlir

Tənhalar üçün ağır.

Yaxınlar necə uzaq,

Doğmalar necə fağır.

Uzun gecələr gəlir

Gözdən yuxu qaçıb dostlar kimi

Dindirməyə bir könül,

Taylar içrə tayın yox.

Bütün oyunlar bitib,

Baş qatmağa oyun yox.

Dünyanın zəhri varsa,

İçmişik qurtarmışıq.

Bütün aldanışları

Keçmişik, qurtarmışıq.

Uzun gecələr gəlir

Atlas olsun, ya ipək,

Daş kimi yorğan-döşək

Söykən daş balışlara...

Yazığım gəldi birdən

Qazıq oyma daşlara...

Fikirlər oyur könlümü

oyum-oyum

Daha bənövşəm yox

Dərib sinəmə qoyum.

Uzun gecələr gəlir...

Yuxudur çəkilir ərşi-əlayə,

Bu mahnıdı belə

Yayılıb səmayə?

qaytar məni, qaytar məni!

Mən pəriyəm; mən mələyəm,

Göylər üzü dartar məni!

                                    dartar məni!

Qaytar məni, qaytar məni

Gördüyüm qırmızı yuxudu bəlkə,

Fələyin fırlanan çarxıdı bəlkə...

Uzun gecələr gəlir,

Ağacların əli çılpaq,

Tutmağa həvəsim yox.

Ovcumu isitməyə

Əvvəlki nəfəsim yox.

Uzun gecələr gəlir,

Xatirələr işarır orda, burda

İşıldaquş kimi

Somsoyuq bir şey

Yarı həsrət, yarı giley.

Xoş bir xatirə tutmaq

Qaranlıqda qara pişik

Tutmaq qədər çətin...

Hardasa işıq düşür

Süzülür bu qara sətin;

Kiminsə yanır çırağı,

Uzaq işığın istisi yox,

Yaxın qaranlığın dayağı...

Uzun gecələr gəlir,

Ölməmişik əcəb?!

Zəmanəylə sözüm çəp,

Dövrana qarşı asi.

Bezdim bu asilikdən

Gözümün yaşı asi,

Gündüz qısa, səbirsiz

Ömrümün yaşı Asi,

Bezdim bu asilikdən

Ölçüsü, biçisi yox,

çıxar bu namərd

dövranə qazilikdən?!

Uzun gecələr gəlir,

Ümidimi uçururam sabaha

alatoran havada.

Ümidin həvəsi yox uçmağa

Bir yarasa qanadında

                                  qayıdıb

Mürgüləyir yuvada.

Suyu çəkilmiş ağaclar beləcə

                                  mürgüləyir.

Daha keçə bilmədiyim cığırı

Hörümçək hörgüləyir.

Uzun gecələr gəlir,

Odu ha göründü, göründü!

Necə xoşdu, Allahım,

buludlar kimi

Uzun gecələrdən süzülüb

Dan yerini ağartdı ahım!

Tutdu əlimdən, sabahım,

Qalxım bu uzun gecələrdən?!

 

 





01.12.2012    çap et  çap et