525.Az

Həmsədrlər həmişəki ampluada: ikili standartlar və sonu görünməyən fəaliyyətsizlik


 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Həmsədrlər həmişəki ampluada: <b style="color:red">ikili standartlar və sonu görünməyən fəaliyyətsizlik</b>

Ermənistanın Azərbaycana qarşı kəşfiyyat-təxribat hücumları törətməsi ilə regionda vəziyyətin daha da gərginləşməsi, Dağlıq Qarabağ istiqamətində danışıqların heç bir nəticə verməməsi, eləcə də rəsmi Bakının hərbi hazırlığın yüksək olmasına rəğmən sülh prosesinə üzərində dayanması fonunda İrəvanın dəfələrlə müharibə siqnalları ötürməsi ATƏT-in Minsk qrupunun fəaliyyətsiz və "dondurulmuş" vəziyyətdə qaldığını bir daha vurğulamağa əsas verir. 

Eləcə də həmsədr ölkələrdən Rusiya və ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin yaradılmasında, Ermənistanın işğalçılıq siyasətini həyata keçirməsində iştirakının sənədlərlə sübuta yetirildiyi bir vaxtda bu problemin həllini sürətləndirmələri kimi ehtimalları böyük ölçüdə alt-üst edir. Keçən ilin sentyabrında Uelsdə baş tutan NATO-nun sammitində avqust hadisələrini əsas götürərək Azərbaycan və Ermənistan prezidentlərini bir araya gətirən ABŞ-ın dövlət katibi Con Kerri tərəfləri hərbi yoldan çəkinməyə və "Böyük sülh sazişi" istiqamətində danışıqları sürətləndirməyə çağırıb.
 
Bu həmin Con Kerridir ki, daha 3 senatorla bərabər 1990-cı ildə - 20 Yanvar hadisələrindən 2 gün qabaq, SSRİ-nin sonuncu rəhbəri olan bədnam Mixail Qorbaçova məktub göndərərək ondan Cənubi Qafqazda erməni azlıqlarının statusunu gücləndirilməsini və hətta Dağlıq Qarabağla Ermənistan arasında sıx əlaqələrin yaradılmasını xahiş edib. Fransanın isə bu hadisələrdə yaxından iştirakı haqqında maddi sübutlar aşkar olunmasa da, rəsmi Parisin daha çox ermənipərəst siyasət aparması, saxta "erməni soyqırımı" iddialarını tanıması, türk və müsəlman toplumuna qarşı ayrıseçkilik ənənələrinə sahib olması nəticə etibarı ilə bizi sonsuz boşluğa aparır.

Artıq əksəriyyət qəbul edir ki, ATƏT-in Minsk qrupunun hazırkı həmsədr ölkələrinin iştirakıyla münaiqişənin tənzimlənməsi istiqamətində danışıqlara rəhbərlik etməsi bizi nəticəsiz bir fəaliyyətlə üz-üzə qoyub. Lakin Azərbaycan Prezidenti cənab İlham Əliyevin Davos İqtisadi Forumu öncəsi Almaniyaya səfəri zamanı keçirilən birgə brifinqdə kansler Angela Merkelin danışıqlarda vasitəçilik etmək istəyi ilə çıxış etməsi ölkə ictimaiyyətinin ümidlərini bir az da olsa artırıb və müsbət mənada müzakirələrin başlamasına səbəb olub.

Daha sonra Milli Məclisin yaz sessiyasında millət vəkili Azay Quliyev ATƏT-in Minsk qrupunun formatının dəyişdirilərək qurumun 5 həmsədr üzvdən ibarət Sədrlər Şurası tərəfindən idarə olunmasıyla bağlı təklif irəli sürüb. Beləliklə, quruma Almaniya ilə yanaşı Türkiyənin də qoşulması prosesin ədalətli mexanizmlər üzərində işlənilərək effektiv nəticə verməsini təmin edə bilər. Çünki Almaniya Qərbdə türklərin daha çox yaşadığı, güclü diaspora fəaliyyətinin göstərildiyi, hüquq və azadlıqların real olaraq təmin olunduğu dövlətlərdən biridir. O cümlədən, keçən əsrdə iki dünya müharibəsi aparan almanlar hər dəfə türklərlə müttəfiq olub. Eləcə də Azərbaycanın ən yaxın strateji tərəfdaşı olan, dostluq və qardaşlıq əlaqələrinə sahib olduğumuz Türkiyə dünyanın ən isti münaqişələrində körpü, açar rolunu oynayan dövlətlərdən biridir.

Hər iki ölkənin Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik etməsi real olaraq problemin sürətlə tənzimlənməsinə öz töhfələrini verə bilər. ATƏT-in Minsk qrupunun hazırkı həmsədrləri isə təmas xəttində gərginliyin artması ilə əlaqədar bu yaxınlarda regiona səfər edəcəklərini açıqlayıb. Amerikalı həmsədr Ceyms Uorlik bildirib ki, onlar prezidentlərlə danışıqlar aparmağı da planlaşdırıblar. Qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində baş vermiş zorakılıq hallarından ciddi narahatlıq keçirdiklərini deyən siyasətçinin sözlərinə görə, son insidentlər və zorakılıq hallarının artması regionun bütün ölkələri üçün fəsad törədir.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri, politoloq Rufiz Qonaqov hesab edir ki, ATƏT-in Minsk qrupunun Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində uzun illər ərzində göstərdiyi fəaliyyət heç bir nəticə verməyib. Onun sözlərinə görə, bu Azərbaycan torpaqlarının 20 ildən artıqdır ki, işğalda qalmasına səbəb olub: " Ona görə də, ATƏT-in Minsk qrupu bu formatda heç bir irəliləyişə nail ola bilməyəcək. Buna nə Azərbaycan tərəfinin, nə də həmsədrlərin inamı qalıb. Onlar sadəcə diplomatik missiya yerinə yetirirlər. Tutduqları vəzifəyə bir iş yeri kimi baxırlar".

ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsinə böyük ehtiyac olduğunu düşünən "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev qeyd edib ki, formatın dəyişdirilməsi müəyyən hərəkətliliyə gətirib çıxara bilər: "Azərbaycan işğala məruz qalıb və torpaqlarımız neçə illərdir ki, düşmən tapdağı altında saxlanılır. İşğalçıya sadəcə "dur" demək lazımdır. Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə qarşı çıxır. Əgər beynəlxalq birlik tərəfindən konkret addımlar atılsa, ermənilər işğal etdikləri torpaqları dərhal tərk edəcəklər. Onlar sadəcə hökm quludurlar. Ukrayna hadisələrinə görə, beynəlxalq təşkilatların tutduğu kəskin mövqe Dağlıq Qarabağ məsələsində də müşahidə olunsaydı, münaqişə tez bir zamanda öz həllini tapa bilərdi. Lakin qeyd etdiyim ki, xarici qüvvələrin regional və geosiyasi maraqları Azərbaycanın haqq işinin təmin olunmasına mane olur. Bu da yalnız ikili standartların təzahürüdür. Daha yaxşı olardı ki, münaqişənin həlli məsələsi ilə birbaşa BMT Təhlükəsizlik Şurası məşğul olsun. Göründüyü kimi ATƏT-in Minsk qrupunun fəaliyyəti tamamilə münaqişənin həllinə ziyan vurur. 

Ermənistan beynəlxalq təşkilatları, hüquq və qaydaları tanımadığını hər dəfə göstərir. Müdafiə Nazirliyindən bildirilir ki, monitorinqlər zamanı erməni tərəfi təxribata cəhd edir. Beynəlxalq hüququn normalarına və prinsiplərinə məhəl qoymayan erməni tərəfinin təxribat xarakterli əməlləri artıq sistematik hal alıb. Düşmən tərəfi hər dəfə təmas xəttində vəziyyəti gərginləşdirməklə beynəlxalq təşkilatların normal fəaliyyətinə şərait yaratmır və onların müəyyən olunmuş vəzifələrinin icrasına məqsədyönlü şəkildə mane olur. Ermənistan tərəfi vaxtaşırı insan həyatı üçün real təhlükə yaradan əməllərə əl atmasına baxmayaraq dünya birliyi hələdə öz münasibətini bildirmir. Xüsusilə, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində yaxından iştirak edən ATƏT-in fəaliyyətinə mane olmaqla işğalçılar problemin həll olunmasının əleyhinə olduqlarını açıq-aşkar sübut edirlər. Lakin əksər beynəlxalq təşkilatlar Ermənistanın xeyrinə ikili standartlarla işləyir. Çünki Azərbaycana qarşı yersiz ittihamlar, təzyiqlər etməyi bacaran bu qurumlar nədənsə ədalətsiz prinsiplərlə fəaliyyət göstərməyi öz vəzifə borcları hesab edirlər. Bu da Ermənistanın beynəlxalq təşkilatlara, tətbiq olunan norma və prinsiplərə münasibəti, onların isə dünyəvi qaydalara riayət edən Azərbaycana ədalətsiz yanaşmasının təzahürüdür".

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Aydın Hüseynov da Azərbaycanın milli və dövlətçilik maraqlarına zidd olan və eyni zamanda Azərbaycan dövlətinin qüdrətli, güclü olmaq istəyini gözü götürməyən təşkilatlarla əməkdaşlıq etməyin düzgün olmadığını deyib. O SİA-ya bildirib ki, "Freedom House", "Human Rights Watch" kimi təşkilatlarla əməkdaşlıq edilməsinin əleyhinədir: "Çox təəssüf ki, Azərbaycanın daxili məsələlərini sözügedən təşkilatlarla bölüşənlər az deyil. Əlbəttə bu, yolverilməzdir. Hər bir Azərbaycan vətəndaşının ümdə borcu müstəqilliyimizi, dövlətçiliyimizi daha da möhkəmlətmək və ölkəmizin inkişafına, tərəqqisinə öz töhfəsini verməsidir. Bir sözlə, xəyanətkarlıq yolverilməzdir. Ümumilikdə ictimai qınaq hər bir Azərbaycan vətəndaşının etirazı ilə qarşılanmalıdır. Bütün bunların qarşısı qanun çərçivəsində alınmalıdır".

Avropa Şurası Parlament Assambleyasında "Avropada xüsusilə xristianlarla münasibətdə tolerantsızlıq və ayrı-seçkilik halları ilə mübarizə " adlı məruzəçinin hazırladığı məruzə ətrafında geniş müzakirələr həyata keçirilərkən Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva mövzu ilə bağlı fikirlərini bildirməklə bərabər, Assambleyada yalan, yanlış, böhtan xarakterli çıxışlar edən Ermənistan nümayəndə heyətinə də tutarlı cavab verərək, onlara  "dövlətiniz etnik təmizlə, soyqırım, terrorla məşğuldur" deyib. O,  Assambleyanı  bu addımlara qarşı  sərt reaksiya göstərməyə və mübarizə aparmağa, sərt addımlar atmağa çağırıb və  bildirib ki, Avropa məkanında rasizmin, nifrətin, tolerantsızlığın artması bizi ciddi narahat etməlidir və təşkilata üzv ölkələr onun qarşısını almaq üçün harada baş verməsindən asılı olmayaraq ciddi və birgə addımlar atılmalıdır:

"Biz xristianlara, müsəlmanlara, yəhudilərə dini inancından və etnik kimliyindən asılı olmayaraq bütün dinc insanlara qarşı hücumları pisləməli və belə halların artmaması üçün dini inancımızdan və etnik kimliyimizdən asılı olmayaraq harada baş verməsindən, kimlər tərəfindən kimlərə qarşı törədilməsindən asılı olmayaraq birlikdə mübarizəmizi daha da gücləndirməliyik. Avropa bizim ümumi evimizdir  və biz gələcək nəsillərin bizim yaşadığımız acıları, bizim atalarımızın yaşadığı acıları yaşamaması üçün birlikdə dini inancımızdan, etnik kimliyimizdən asılı olmayaraq ümumi evimizin gələcəyi üçün rasizmə, tolerantsızlığa, dozümsüzlüyə qarşı birgə mübarizəmizi daha da gücləndirməliyik.

Amma təəssüf ki, bəzi üzv  ölkələrdə bir sıra siyasətçilərin çıxışları, KİV-də yayılan məlumatlar tam əksinə dözümsüzlüyün, nifrət və rasizmin artmasına xidmət edir. Mən bu kimi hallardan əziyyət çəkmiş bir ölkənin nümayəndəsiyəm və dözümsüzlüyün, nifrətin, rasizmin nələrə gətirə çıxara biləcəyini görmək üçün ölkəmin yaxın tarixinə aid bəzi məlumatları sizinlə bölüşmək istəyirəm. Ermənistanda tolerantsızlığın, nifrətin və rasizmin siyasətçilərin çıxışlarında, təhsil sistemində və KİV-də geniş yayılmasının nəticəsində Ermənistan  etnik təmizləmə siyasəti apararaq bütün azərbaycanlıları zorla öz evlərindən, tarixi ata-baba yurdlarından çıxararaq qovdular.

Ermənistanda rasizmin, dözümsüzlüyün, etnik təmizləmə siyasətinin bölgədə nə qədər böyük faciələrə yol açdığını deyən millət vəkili  Assambleyanı və üzv ölkələri bu cür addımlar atan ölkələrə qarşı sərt addımlar atmağa çağırıb və bildirib ki, bu cür mənfi tendensiyalara qarşı ciddi mübarizə aparılmazsa, o daha da genişlənə bilər.

Cavid ŞÜKÜROV,
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur

 





05.03.2015    çap et  çap et