525.Az

"Azərbaycanda Qafqaz almanları muzeyi" müzakirə edilib


 

"Azərbaycanda Qafqaz almanları muzeyi" müzakirə edilib<b style="color:red"></b>

Mədəniyyət və Turizm Nazirliyində "Azərbaycanda Qafqaz almanları muzeyi" konsepsiyası layihəsinin müzakirəsi keçirilib.

Müzakirədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayey, nazir müavini Sevda Məmmədəliyeva, nazirliyin məsul işçiləri, Almaniyanın ölkəmizdəki səfiri Haydrun Tempel və layihəyə aidiyyəti olan qurumların nümayəndələri iştirak ediblər.

"Cənubi Qafqazda yerli özünüidarəetmə" proqramının Azərbaycan üzrə rəhbəri Katarina Lampe layihənin əhəmiyyəti barədə danışıb: "Bu, Azərbaycanda Qafqaz almanlarının mədəniyyətini və yaşam tərzini nümayiş etdirən ilk muzey olacaq. Layihə Azərbaycanla Almaniya arasında mədəni-humanitar əməkdaşlığa töhfə verəcək".

"EuroKaukAsia" elmi-mədəni cəmiyyətinin sədri, professor Eva-Maria Aux (Auch) "Azərbaycanda Qafqaz almanları muzeyi" layihəsini təqdim edib. Bildirib ki, layihə çərçivəsində Göygöl şəhərində (keçmiş Helenendorf qəsəbəsi) yaşamış sonuncu alman kolonisti Viktor Klaynın evi muzeyə çevriləcək. Muzeyi yaratmaqda əsas məqsəd XIX əsrin əvvəllərindən etibarən Azərbaycanda məskunlaşmış və çoxmillətli mühitdə yaşamış almanların tarixini və mədəniyyətini nümayiş etdirmək, alman irsini qorumaq və ölkələrimiz arasındakı münasibətlərini daha da inkişaf etdirməkdir.

Müzakirə qarşılıqlı diskussiya şəraitində davam etdirilib.

S.ABDULLAYEVA

 





05.03.2015    çap et  çap et