525.Az

Rəşid Faxralının şeirləri


 

Rəşid Faxralının şeirləri<b style="color:red"></b>

İşıq istəyirəm...
(fraqmentlər)

Qızlarıma, nəvələrimə

-1-

Ürəyimdən düşən işıq
Gözlərimə bəs eləmir.
Çəkingəndi...
Görən niyə
Yerə-göyə bəs eləyən
İşıq ilə bəhs eləmir?..

-2-

Mən ayrı Rəşid olmuşam,
Ya dünya ayrı dünyadı?!
Sayrı cana düşməz işıq,
Sağ canı sayrı dünyadı?!

İşıq istəyirəm, işıq,
İşıq verin mənə bir az.
Arzuladığım işığı
Dünyamızın dərdinə yaz.

İşıq verin mənə, işıq,
Əl saxlayın bir anlığa.
İşıqdan doğulan gözüm
Alışammır qaranlığa...

-3-

İşıq,
      işıq istəyirəm!
Bir zamanlar Faxralıda
Çilik-çilik dolaşdığım
  yal-yamaca,
Hər bulağa,
  hər çeşməyə,
   hər ağaca,
Hər dikdirə,
  hər yoxuşa,
Hər kahaya,
  hər koğuşa
   düşən işıq!..

Böyük yola əl uzadan
Hər cığıra, hər izə də,
Ətirindən
yerlər, göylər bihuş olan

bənövşəyə, nərgizə də
   düşən işıq!..

Mən Rəşiddən incik düşən
O Rəşidin
Şirin-şəkər xəyalına,
Kola-kosa ilişəndə
Əllərimin qan xalına gülənlərin
Sorğusuna-sualına düşən işıq!..

Faxralıdan Bakıyacan
yola-izə səpələnən
Hər ilinə, hər ayına,
Bir insafsız,
 bir qəlbidaş qələmqaşın
ömür adlı sarayına
Bir atanın,
  bir ananın
   başdaşında
donub qalan harayına düşən işıq!..

-4-

Rüzgar əsdi,
  gözlərimin
işıq barı töküldü.
Bir zərrəsi anamın,
Bir zərrəsi atamın
Kəfəninə büküldü.
Yun köynəyiydi sanki;
ilməsi qaçan kimi
söküldükcə söküldü...

-5-

Belə gəldi qəza-qədər,
Gözlərimdən zərrə gedib
Şəhidlərin sayı qədər...

...Belə idi məmləkətin
Can göynədən,
     ruh sarsıdan mənzərəsi...
Gözlərimin işığının
Bir zərrəsi -
Şuşada Ramizin,
Tərtərdə Vəzirin,
Ağdərədə Yusifin,
Kəlbəcərdə Yaşarın,
Zəngilanda Baloğlanın,

Tərtərdə Mübarizin,..
Son nəfəsi...

Bir zərrəsi
Bağanıs - Ayrımda
  yananlarla yandı,
Bir zərrəsi
Xocalıda
  donanlarla dondu...

-6-

...Göz əməliyyatı...
Gecə rəngli işığın
urvatdan düşməsi,
Əl boyda
Xəcalət sarğısına bükülməsi...
Gecənin gözündən düşən
dan yerinin sökülməsi...
Ümid dünyasının
cərrahın əlləriylə
işığa bükülməsi...

Göz əməliyyatı...
Qarışıq şeytan yuxusu...
Bir də sizi bir daha
görməmək qorxusu...

-7-

Ürəyimin odundan
yanar tonqal qalayın.
İşıqlı sözlərimin
işığını gözümün
işığına calayın!..

-8-

Göy kişnəyir
Yer - daracaq,
Acım - böyük, dünya - dayaz.
İşıq, işıq istəyirəm,
İşıq verin mənə bir az!..

18.02.2015

Başına daş ələyirlər

Faxralıda XV-XVI əsrlərə aid tikiliyə
A bəxti kam, nədir suçun,
Gözündən yaş ələyirlər.
Hərdən çək-çevir eləyir,
Hərdən də çaş ələyirlər.

Gözləyirsən ki, yel kəsə,
Hayqırasan bir nəfəsə...
Rüzgar görüb təntiməsə
Yavaş-yavaş ələyirlər.

Gücsüzsən qolun bükülür,
Çalın-çəpərin sökülür...
Sinənin daşı tökülür
Başına daş ələyirlər...

Kaş ki, gerçək olaydı...

Ramazan Səməroğluna

Uzaqdan səni gördüm
Kaş ki, gerçək olaydı...
Yolu gözümə hördüm,
Kaş ki, gerçək olaydı...

Yel əsirdi...
Könlümü
yelləndirirdi yellər.
Məxməri tellərini
gülləndirirdi yellər
Kaş ki, gerçək olaydı...
Yarpaq düşdü budaqdan,
Közə döndü sözüm də.
Bir ayrı rəngə çaldı
Dünya mənim gözümdə;
Kaş ki, gerçək olaydı...

...Gedirdik...
Salxım söyüd
Budağını əyirdi.
Bizi güləriz görüb
hərdən gülümsəyirdi;
Kaş ki, gerçək olaydı...

Göylər nur kimi axdı
gözümün qarasına...
Sığınmışdın, gözəlim
Qolumun arasına-
Kaş ki, gerçək olaydı...

Söz ömürə üzəngidi

Düz olanların qaldığı
Düz ömürə üzəngidi.
Bir düzün dürüst ömürü
Yüz ömürə üzəngidi.

Gözlərimi çıraq elə,
Əllərini daraq elə,
Ürəyini ocaq elə,
Yaz ömürə üzəngidi.

Dünya sözə baxmır daha,
Baxma, batarsan günaha.
Bu günündən bax sabaha
Göz ömürə üzəngidi.

Uyma hər şirin dilə, döz.
Cihadı çıx cəbr ilə, döz.
Döz, səbr elə, səbr elə, döz -
söz ömürə üzəngidi

 





05.03.2015    çap et  çap et