525.Az

Füzuli səltənətinin əsgəri


 

Füzuli səltənətinin əsgəri<b style="color:red"></b>

Əlimin altinda olan kitabları cəmləyib vərəqlədikcə, dəfələrlə oxuduğum ayrı-ayrı məqalələrə ötəri nəzər saldıqca ağlıma bir fikir gəldi: kaş, şəxsiyyətinə və qələminə böyük hörmət bəslədiyim bu söz adamı ya şair olaydı, ya da yazıçı. Mən də onun kitabları barədə tutarlı söz deməkdə çətinlik çəkməyəydim. Yoxsa "Sənətkarın uşaq dünyası", "Azərbaycan uşaq ədəbiyyatının mərhələli inkişafı", "Bədii təhlil və ədəbi tənqid", "Bədii tərcümə prinsipləri", "Uşaq ədəbiyyatı: qarşılıqlı yaradıcılıq qaynaqları", "Zahid Xəlilin sənət dünyası", "Problemlər, düşüncələr", "Ömrün sözü, sözün ömrü", "Sehrli dünyanın memarı" və sair və ilaxır kitabları barədə az-çox şeirə bələd olan şair nə deyəsidir ki? Tələsməyin, yaxamı kənara çəkmək fikrində deyiləm. Sadəcə olaraq, sizə sözün, sənətin əzəməti qarşısındakı məsuliyyəti dərk elədiyimi çatdırmaq istəyirəm...

Bununla tənqidçi və ədəbiyyatşünas qardaşım Füzuli Əsgərlinin işini, əməyini, zəhmətini kölgədə qoymaq barədə qətiyyən fikirləşmirəm. Eyni zamanda, öz borcuma hansı məsuliyyətlə yanaşmalı olduğumu etiraf etmək niyyətindəyəm.

Kim istəyər ki, ya kefi göynən gedəndə, ya da alt dodağı yer, üst dodağı göy süpürəndə sevincini bölməyə, dərdini yüngülləşdirməyə ürək dostu, mehriban və qayğıkeş qonşusu olmasın. Bu mənada mənimki gətirib. Allaha şükür, Füzuli müəllimlə paytaxtımızın eyni ünvanında - Cavanşir küçəsində qonşuluqda yaşayırıq. Bir-birimizin telefonunu da bilirik, o baş bu başa addımladığımız yola da bələdik, Bakının cırhacırında sərin və noxudlu pivə verilən sakit kafeyə də. Belə görüşlərdəki söhbətimiz barədə qısaca söz açmaq da yerinə düşər - Füzuli müəllim ən çox yazıdan-pozudan danışır. Axı, Füzuli Əsgərli əsl sənət vurğunu, elm fədaisi, söz sərrafı, ədəbiyyatın ağır-yüngülünü qızıl tərəzisində çəkən bir az əliaçıq, bir az xəsis, bir az ərköyün, ən vacibi daha çox tələbkar alimdir. Onu quru gülüşünlə, yalançı səmimiyyətinlə, ögey doğmalığınla, soyuq istiqanlılığınla özünə inandıra bilərsən, lakin boğazdan yuxarı yazdığın hər hansı bədii yazı ilə çaşdıra bilməzsən. Çünki Füzuli müəllim üzə yox, sözə inanır.

Mən "tənqid" sözünü təhlil edəndə, yaxud hər hansı tənqidi məqalə oxuyanda, uzaqbaşı, onun obyektiv və ya qeyri-obyektiv olduğu barədə düşünə bilirəm. Amma Füzuli Əsgərlinin "Azərbaycan nəsri və onun ədəbi tənqiddə yeri" adlı geniş araşdırmasında "dişsiz tənqidlərin özü də obyektiv ədəbi tənqidin haqlı qınağına tuş gəlməli idi" deyiminə, inamına inandım.

Yaradıcılığının bir hissəsini şair Zahid Xəlilin yaradıcılığına, əsərlərinin təhlilinə həsr edən ədəbiyyatşünas alimi başa düşmək qətiyyən çətin deyil. Axı, o, haqqında bəhs etdiyi müəllifin qələm məhsullarından əvvəl müəllifin özünə, onun şəxsiyyət və xarakterinə bələddir. Bu, Füzuli müəllimin işini asanlaşdırır, yoxsa məsuliyyətini artırır? - sualının ikinci tərəfinə üstünlük verirəm. Tanımadığın qələm sahibi barədə qanadlı, yaxud qanadsız cümlələr uydura bilərsən, yaxından tanıdığın, yaradıcılığına və şəxsiyyətinə bələd olduğun şair barədə süni və yalançı nəyisə quraşdırmaq mümkün deyil.

Hərdən Füzuli müəllimin həvəsinə, məsuliyyətinə, zəhmətinə qibtə edirəm. Bu qədər vaxtı,  həvəsi haradan alır bu qələm sahibi, söz adamı? Yazılan kitablar barədə yazılan tənqidçi kitabı bilirsiniz nədən xəbər verir? Ondan soraq verir ki, bu mülk, bu səltənət, bu sənət sahibsiz, yiyəsiz deyil. Burada hər təsadüfi adam at oynada bilməz. Batman söz yarışında, sənət meydanında qurşaq tutmaq dil pəhləvanının yox, söz xiridarının, sənət cəngavərinin işidir.

Bir də mənə elə gəlir ki, belə sənət adamları dadlı-duzlu söz bağçasını ötəri qurd-quşdan qoruyurlar, sözün varsa, buyur söz meydanına, sözün yoxdusa, bu bağın, bu bağçanın həndəvərinə yaxınlaşma, çəpərinə toxunma, bədii sözü hör- mətdən, qiymətdən salma.

Füzuli müəllim ilk ali təhsil ocaqlarımızdan birində - Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərir, sözün əsl mənasında, gənclərə dərs deyir, təlim verir. Onun özünə dərsi tədris edənlərlə də işləyir, elmə bağlanan tələbə yoldaşları ilə də və dərs dediyi üzağardan, baş ucaldan tələbələri ilə də. Bu xoşbəxtlik və bəxtəvərlikdir. Bütün bunları 70 yaşlı Füzuli müəllim məndən də yaxşı bilir. Sadəcə olaraq, mən yada salıram.

Qaldı Füzuli Əsgərlinin ad və soyadının ətrafında gediş etməyə: Füzuli babamız bizim söz Tanrımızdır, ondan sonra gələn söz adamları onun əsgərləridir. İstər şair olsunlar, istər yazıçı, istərsə də tənqidçi və ədəbiyyatşünas. Ona görə də, Füzuli Əsgərlinin 70 yaşı ərəfəsində yazdığım yazının adını "Füzuli səltənətinin əsgəri" qoydum. Adına etirazınız yoxdursa, yaşını məndən soruşmayın...

Ələmdar QULUZADƏ,
şair, Azərbaycan Dövlət Radiosu "Uşaq verilişləri redaksiyası"nın baş redaktoru

 





06.03.2015    çap et  çap et