525.Az

Nurəngiz Gün Yazıçılar Birliyində yad edilib


 

Nurəngiz Gün Yazıçılar Birliyində yad edilib<b style="color:red"></b>

Ötən gün Azərbaycan Yazıçılar Birliyində unudulmaz şairə Nurəngiz Günün anım mərasimi keçirilib. 

Mərasimi şair Elçin İsgəndərzadə açaraq bu günü anım mərasimi kimi yox, əbədiyaşarlıq bayramı kimi səciyyələndirib. E. İsgəndərzadə bildirib ki, Nurəngiz Gün hələ Sovet dönəmində qardaş Türkiyədə tanınan və sevilən  azsaylı yazarlarımızdan biri idi. Türkiyənin məşhur folklorşünası professor İrfan Ünver Nəsrəddinoğlu hələ o zaman Nurəngiz Günün yaradıcılığı haqqında dəyərli fikirlər söyləyib. Sonrakı illərdə tanınmış türk ziyalılarından Əhməd Tevfiq Ozan, Nail Tan, Bədrəddin Kələştimur, Osman Baş, Maqsud Qoca, Hayreddin İvgin və digər tanınmış müəlliflər Nurəngiz Günün yaradıcılığı və şəxsiyyəti haqqında müxtəlif mətbuat orqanlarında yazılarla çıxış ediblər: "Nurəngiz xanım bizim ailəmizə çox yaxın idi, mən vaxtaşırı telefonda onun sevgi dolu səsini eşitməyə alışmışdım. Uzun illərdir türk dünyasının fərqli-fərqli coğrafiyalarına səfər etdiyim zaman məndən həmişə soruşulan, salam göndərilən isimlərdən biri də Nurəngiz xanım olub. Ötən il Nurəngiz xanımın türk ədəbiyyatının inkişafına göstərdiyi xidmətlərə görə Ankarada fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Akademiyası tərəfindən "Türk ədəbiyyatına xidmət" Beynəlxalq mükafatı ilə ödülləndirilməsi də təsadüfi deyildi. Nurəngiz Gün öz dəyərli əsərləri - "Tanrı bəşər övladıdır", "Ağ qanadlar", "Günəşə dua", "Yol gedirəm", "Xocalı simfoniyası və digər əsərləri ilə gördüyü yox, arzuladığı dünyanın sözlə rəsmini çəkirdi. O səmimiyyətin, sevginin özü idi. Nurəngiz xanımın xatirəsi qəlbimizdə daim yaşayacaq". 

Birliyin sədri, Xalq yazıçısı Anar öncə bütün xanımları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib və anım mərasiminin bu ərəfəyə təsadüf etməsini əlamətdar cəhət kimi dəyərləndirib: "Bu gün buraya - böyük şairəmiz Natəvanın adını daşıyan bu kluba gözəl şairəmiz Nurəngiz Günü yad etmək üçün toplaşmışıq. Onunla hələ gəncliyində, biz radioda işləyərkən tanış olmuşduq. Mən Nurəngiz Günü məlahətli Azərbaycan qadını, gözəl televiziya və radio diktoru kimi tanımışam. Sonrakı illərdə o özünü ədəbiyyata həsr elədi, həm nəsrdə, həm şeirdə çox dəyərli əsərlər yaratdı. Onun vəfatı hamımız üçün böyük itki oldu. Çünki o bizim ədəbiyyatımızda öz yeri olan gözəl bir şairə idi. Nurəngiz xanımın xatirəsi bizim üçün əzizdir. İnanıram ki, bundan sonra da onun xatirəsi həmişə ehtiramla yad ediləcək".

Professor Vaqif Yusifli Nurəngiz Günün şeirlərini dualar kimi səciyyələndirib: "Nurəngiz Günün şeirləri həm də çiçək yağışına oxşayır. O, ədəbiyyata "Tanrı bəşər övladıdır" povesti ilə gəlib. Ancaq mən hələ o vaxtlar həmin əsəri oxuyanda hiss etdim ki, burada nəsrdən daha çox şeiriyyət var. Doğrudur, burada nəsrə aid elementlər-süjet, konflikt və sair vardı, ancaq bu, sanki şeirlə yazılmış bir povest idi. Və zaman göstərdi ki, mən yanılmıram. Həqiqətən də Nurəngiz Günün ruhundakı şeiriyyət onu poeziyaya çəkdi". V.Yusifli bildirib ki, qadın yazarlar sevgidən, hissi-emosional münasibətlərdən söz açanda kişi yazarlara nisbətən daha səmimi görünürlər: "Nurəngiz xanımın şeirlərində gizlinlər şəlalə kimi çağlayırdı. XX əsr qadınının ürək dünyasını tədqiq edənlərə Nurəngiz Günün şeirlərini oxumağı tövsiyə edirəm. Nurəngiz Gün sərbəst şeirdə öz potensial imkanlarından kifayət qədər istifadə edib. Ancaq onları özü ifa edəndə o şeirlər sanki şərqiyə çevrilirdi. Heç kim onun şeirlərini özü qədər gözəl oxuya bilməzdi, onun fərqli, bənzərsiz şeir deməyi vardı. Nurəngiz Günün yaradıcılığındakı ana obrazı tamamilə yenidir. Yenilik isə ondadır ki, o, anaların hiss və duyğularını özü yaşayırmış kimi şeirə gətirirdi. Xocalıdan yazdığı "Xocalı simfoniyası"nı oxuyanda mənə elə gəlirdi ki, o, şəhidlərin ruhuna qarışıb. Onun şairliyinin bir məziyyəti də bunda idi. Nurəngiz xanımın şeirlərində istənilən qədər təzə, təravətli və orijinal təşbeh, metaforalar işlənib. Müasir Azərbaycan poeziyasının mənzərəsində onun özünəməxsus Səsi, Yeri, Məkanı, Zamanı var. Səsi şeirlərində, şeirləri səsində olan Nurəngiz xanım poeziyamızın Ağ Çiçəyidir və həmişə də belə qalacaq".

Tədbirdə çıxış edən Hacı Azadə Taleh, Bahar Bərdəli, Narıngül, Sevil Gültən, Maşallah Məftun da şairə ilə bağlı xatirələrini bölüşüb, ona həsr etdikləri şeirləri oxuyublar.  

Mərasimin sonunda Nurəngiz Günün qızı - millət vəkili Jalə Əliyeva qonaqlara və çxış edənlərə minnətdarlığını bildirib.

Daha sonra tədbir iştirakçıları Nurəngiz Günün məzarını ziyarət ediblər.

S.MÜRVƏTQIZI

 





06.03.2015    çap et  çap et