525.Az

YARAT Müasir İncəsənət Məkanı "Təcrid otağı" adlı layihə hazırlayıb


 

YARAT Müasir İncəsənət Məkanı "Təcrid otağı" adlı layihə hazırlayıb<b style="color:red"></b>

Martın 12-də YARAT Müasir İncəsənət Məkanı "Port Baku" ticarət mərkəzində "Yığma qalereya / Təcrid otağı" adlı birgə layihə həyata keçirəcək. Bu bir aylıq layihənin reallaşdırılma vaxtı ABŞ-ın Bakıdakı səfirliyinin keçirdiyi Amerika Həftəsinə hesablanıb.

YARAT Müasir İncəsənət Məkanından bildirilib ki, "Təcrid otağı" davamlı, inkişaf edən layihə olaraq, yığma bir qurğu əsasında həyata keçirilir. Biçiminə görə böyük qutunu xatırladan həmin yığma modulun ölçüsü 7 x 7 x 9 futdur (2,13 x 2,13 x 2,74 metr). Bu modul yalnız bir ədəd eksponatın - tək qoyulmuş əsərin seyrçilərə nümayiş etdirilməsini hədəfə alır. İçindəki eksponata işıq salan xüsusi işıqlandırma sistemi ilə təchiz olunmuş layihə modulunu istənilən otaqda yerləşdirmək mümkündür.

Layihənin Bakı turu əsnasında amerikalı iki rəssamın və 2-3 nəfər azərbaycanlı rəssamın əsərlərindən ibarət mini-sərgilər silsiləsinin nümayişi nəzərdə tutulub.

YARAT tərəfindən yerli yaradıcı icmada keçirilmiş açıq müsabiqə həm azərbaycanlı rəssamların layihədə iştirakını, həm də ABŞ və Azərbaycan rəssamları arasında yaradıcılıq mübadiləsinin təbliğini təmin edib.

Daniel Mak-Qrat və Dana Turkoviç tərəfindən 2010-cu ilin iyul ayında başlanmış "Təcrid otağı" layihəsi istənilən sənət əsərini karantin təcridi şəraitinə salmağa imkan verir. Əsər belə şəraitdə sanki bütün qıraq mövzulardan və əvvəlki kontekstlərindən təmizlənir. Sərgilənən eksponatla onun ziyarətçilərini qapalı və darısqal şəraitə salan layihə modulu eksponatın sırf estetik dəyərini qiymətləndirməyə kömək edir, rəssam, kurator və tamaşaçı auditoriyası arasında əlaqəni yeniləyir.

Üç il altı aydan artıq müddət ərzində "Təcrid otağı" layihəsinin modulu müxtəlif yerli, milli və beynəlxalq meydançalarda, o cümlədən, Kopenhagendə Fabrikken, Sent-Luisdə "The Lemp Brewery", "The Luminary", Nyu-Yorkda "Hunter College" Qalereyasında qurularaq təcrübədən keçirilib. Artıq Ed Ruşa, Marsel Dzama və Elison Cekson kimi sənətkarların əsərləri layihə modulunda nümayiş etdirilib.

YARAT mini sərgilərdən əlavə, həm də Daniel Mak-Qrat və Dana Turkoviç iştirakı ilə mühazirə və müzakirələr də təşkil edəcək. Martın 11-də Dana Turkoviçin "Matryoşka modeli və digər kurator layihələri", 13-də Daniel Mak-Qratın "İntiqam 101" mövzusunda mühazirəsi dinləniləcək.

Daniel Mak-Qrat Sent-Luis şəhərində Lindenvud Universitetinin incəsənət fakültəsinin ştatdankənar professorudur. O, "Yığma qalereya / Təcrid otağı", Los-Ancelesdə "Sweetboy" layihələrinin direktorlarından biridir. Los-Ancelesdə, Sent-Luisdə, eləcə də Birləşmiş Krallıqda sərgilər keçirib. İncəsənət bölməsi üzrə ştatdankənar yazar qismində "Art Papers", "Art US", "Review", "Sculpture" və "St. Louis Magazine" dərgiləri ilə əməkdaşlıq edir. Koreyalı rəssam Fi Jae Leenin və amerikalı rəssam Jaime Adamsın yaradıcılığı haqqında esselər, Londondakı İmperiya Müharibə Muzeyi üçün kitab xülasələri dərc etdirib.

Dana Turkoviç Sent-Luisdə yaşayır. O, "Laumeier Sculpture Park" açıq hava muzeyinin sərgilər üzrə kuratorudur. Vebster Universitetinin İncəsənət fakültəsinin ştatdankənar professorudur. Afinada, Los-Ancelesdə, Londonda, Sent-Luisdə sərgilər təşkil edib. Məqalələri "Art US" və "Review magazine" nəşrlərində dərc olunub.

 





06.03.2015    çap et  çap et