525.Az

"Gürcüstan Azərbaycanın ərazi bütövlüyünə real dəstək verməyib"


 

"Gürcüstan Azərbaycanın ərazi bütövlüyünə real dəstək verməyib"<b style="color:red"></b>

"Çiçəklənən Ermənistan Partiyasının sədri, deputat Qagik Sarukyanın davranışı və onun ətrafında baş verənlər Ermənistanın keyfiyyətini müəyyənləşdirmək üçün ən təkmil barometrdir".

Belə bir açıqlama ilə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu çıxış edib. Onun sözlərinə görə, Q.Sarukyan son vaxtlar Moskvaya səfərlərinin sayını artırıb:

"Moskvaya səfərlərinin mətbuatda işıqlanmasına xüsusi diqqət ayırırdı. Moskvada olarkən hakim Vahid Rusiya Partiyasının üzvləri ilə görüşlər keçirdiyi bildirilirdi. Guya bir neçə dəfə Moskvada eks-prezident R.Koçaryanla görüşüb. Q.Sarukyan Moskva amilindən blef elementi kimi istifadə etməyə başlamışdı. Amma Ermənistanın prezidenti S.Sarkisyan blef məsələsində, xüsusilə Moskva və antiMoskva bleflərində Q.Sarukyandan bir neçə qat yuxarıdır. Ona görə də Q.Sarukyanın Moskva blefindən istifadəsinə qarşı mübarizə aparmalı idi. Q.Sarukyanın təcrübəsizliyi onu məğlub etdirdi". Politoloq qeyd edib ki, S.Sarkisyan Q.Sarukyanın "Dodi Qaqo" ləqəbini hakim Respublika Partiyasının əsas müzakirə mövzusuna çevirdi:

"Dodi" erməni dilində "küt" deməkdir. Amma prezident bu kütün parlamentə necə gəlib düşməsi, necə siyasi partiya rəhbəri olmasına aydınlıq gətirmədi. Ən azı, həmin kütü S.Sarkisyan özü əmrlə Ermənistan Təhlükəsizlik Şurasına üzv təyin etmişdi. S.Sarkisyan Q.Sarukyanı Təklükəsizlik Şurasının üzvlüyündən azad etdi. Onun tərəfdarlarına qarşı hücumlar başladı, həbslər aparıldı, partiyasına mənsub deputatlar istefa verməyə başladı. Q.Sarukyanın müəssisələrində yoxlamalar başladı.

M.Əhmədoğlu bildirib ki, Moskva uzun müddət Q.Sarukyana öz adamı kimi baxıb: "Amma Moskvanın fikrincə, Q.Sarukyan sınaqdan çıxa bilmədi. Moskva qarşısında Q.Sarukyanın əsas səhvi sabiq xarici işlər naziri V.Oskanyanı partiyada özündən sonra ən əsas şəxslərdən ikincisinə çevirməsi idi. V.Oskanyan Suriya ermənisidir. ABŞ-da təhsil alıb. 10 il ərzində Ermənistanın xarici işlər naziri işlədiyi dövrdə komplementarlığı xarici siyasətin əsas xəttinə çevirmişdi. Bununla Ermənistanın xarici siyasətinin təkcə Rusiyaya xidmət etməməsinin bünövrəsini qoymuşdu".

Politoloq vurğulayıb ki, Robert Koçaryanın

 davranışı da diqqət çəkir: "Sarkisyanın Sarukyanın üzərinə hücuma başlamasından dərhal sonra Koçaryan publik şəkildə Sarukyanı müdafiə etdi. Amma sonradan səsini kəsdi. Q.Sarukyanın başına gətirilənlərə, onun siyasi səhnədən uzaqlaşdırılmasına, maliyyə imkanlarının və partiyasının əlindən alınmasına heç bir reaksiya verə bilmədi. Eks-prezident R.Koçaryanın bu davranışı sübut edir ki, Q.Sarukyanın sıradan çıxarılmasında Moskva maraqlıdır. S.Sarkisyan vaxtı düzgün seçib. Rusiya Ermənistanın ictimai-siyasi mühitini komplementarlardan təmizləmək niyyətindədir. Koçaryan bunu anlayan kimi Q.Sarukyanı dəstəkləmədi. Bu, R.Koçaryanın özünün də Moskva üçün əhəmiyyətli fiqur olmadığını göstərdi".

M.Əhmədoğlu deyib ki, Ermənistan prezidenti S.Sarkisyan qısa müddət ərzində demokratiya, insan hüquqları, humanizm prinsiplərinə güclü zərbə vurdu: "Bütün bunlara Qərb tərəfdən heç kim reaksiya vermədi. Əksinə, Qərbdə hələ də Ermənistanı demokratiyanın inkişafına töhfə verən dövlət hesab edirlər. S.Sarkisyan yerevanlı Sarukyana və komandasına hücuma başladığı andan Ermənistan-Azərbaycan sərhədində və qoşunların təmas xəttində ermənilər tam sakitliyə riayət etdilər. Azərbaycan tərəfi bu vəziyyətdən sui-istifadə etmədi. Q.Sarukyanın məhv edilmə prosesi sona yaxınlaşdıqca qoşunların təmas xəttində ermənilərin hərbi aktivliyi də artır".

Politoloq regional məsələlərə də diqqət çəkib və bildirib ki, ABŞ dağıtdığı İraq, Əfqanıstan və Liviyadakı siyasətini eynilə dağıtmağa başladığı Ukraynaya tətbiq edir.

O, bildirib ki, Ukraynada baş verənlər Qərb düşərgəsində parçalanma yaratdı: "ABŞ dünyanı dağıda-dağıda gedir. SSRİ dağıldıqdan sonra Əfqanıstan, İraq, Sudan, Liviya xarabalığa çevrilib. İndi ABŞ vaxtilə dağıtdığı bu dövlətlərdəki dağılma proseslərini dayandırmağa çalışır. Amma eyni zamanda Ukraynanı isə dağıtmaq kursunu götürüb. Liviya, İraq və Əfqanıstan coğrafi baxımdan Avropadan çox uzaqdadır. Amma Ukrayna Avropanın mərkəzinə yaxındır. ABŞ Ukraynaya silah verəcəyi təqdirdə Ukraynada müharibə başlayacaq. Prezident P.Poroşenko bunu istəyir. Çünki Ukraynada sosial-iqtisadi vəziyyət ağırlaşır, heç bir uğur əldə olunmayıb. Əhalinin başını qarışdırmaq üçün ən yaxşı vasitə müharibədir. Təbii ki, P.Poroşenko müharibədə qalib gələcəyinə əmin deyil. Amma ABŞ-ın təklif etdiyi müharibə variantından imtinası isə onun hakimiyyətdən uzaqlaşmasını daha da sürətləndirə bilər. ABŞ-ın siyasətində qəribə uyğunluq var".

M.Əhmədoğlunun fikrincə, ABŞ dağıtdığı İraq, Əfqanıstan və Liviyadakı siyasətini eynilə dağıtmağa başladığı Ukraynaya tətbiq edir: "Avropa liderləri Ukraynadakı müharibədən qorxurlar. Bu müharibə Avropanın iri dövlətlərinə keçə bilər. Eləcə də 50 milyonluq Ukraynanın parçalanması Avropada sosial-iqtisadi vəziyyəti xeyli ağırlaşdıra bilər.

Politoloq vurğulayıb ki, ABŞ prezidenti Barak Obama Ukraynada hakimiyyətin dəyişilməsində ABŞ-ın rolunu etiraf etdi: "ABŞ müharibədə ciddi maraqlıdır. Obrazlı desək yalnız ABŞ-ın dünya liderliyindən istefaya getməsi Ukraynada müharibənin qarşısını ala bilər. Rusiya ABŞ-la müharibəyə hazırlıq işini tamamlamaq üzrədir. Ukrayna prezidenti P.Poroşenko Ukrayna ərazisinə sülhməramlıların gəlməsinin tərəfdarıdır. Bir neçə gün ondan əvvəl isə o, sülhməramlılar ideyasını yaxına buraxmırdı. Çünki onların gəlməsi o zamankı vəziyyətin təsbit edilməsi demək idi. Amma indi sülhməramlılar P.Poroşenko üçün müharibə vasitəsi kimi görünür. Sülhməramlılar Ukraynadakı münaqişə ərazisində yerləşdirilir. Kimsə bu sülhməramlılara hücum edib öldürür, BMT TŞ Rusiyaya qarşı müharibə elan edir. Rusiyanın veto hüququ ümumiyyətlə nəzərə alınmır. Ən azı P.Poroşenkonun beynində belədir".

Politoloq Gürcüstanla münasibətlərə də toxunub və bildirib ki, Rusiya hərbi maşınları Gürcüstan ərazisindən keçərək Ermənistana daxil oldu: "Bunu Gürcüstanın Daxili İşlər Nazirliyi Gürcüstan vətəndaşının şəxsi kommersiya addımı kimi dəyərləndirdi. Guya RF-in Şimali Qafqaz regionundakı hərbi hissələrinin birində bu maşınlar istismar müddətini başa vurduğu üçün satışa çıxarılıb. Gürcüstan vətəndaşı bu maşınları alıb ehtiyat hissələri formasında Gürcüstanda satacaqdır". Politoloq bildirib ki, Gürcüstan Daxili İşlər Nazirliyinin verdiyi bu açıqlama heç bir tənqidə dözməyən səfsəfədir: "Gürcüstan vətəndaşı hətta Rusiya ərazisində bəlli məbləğdən yuxarı soğan almaq ixtiyarına malik deyil. Gürcüstanda qüvvədə olan "işğal olunmuş ərazilər haqqında " qanun buna imkan vermir. Hərbi texnikanın isə növündən və istismar müddətindən asılı olmayaraq Gürcüstan vətəndaşı tərəfindən alınması qadağandır. Rusiya hərbi maşınları Daxili İşlər Nazirliyinin himayəsi ilə Gürcüstan ərazisinə daxil oldu. Yeni nazir Qomelauri keçmiş baş nazir B.İvanişvilinin Təhlükəsizlik Xidmətinin rəhbəri olmuş şəxsdir. RF hərbi maşınlarının Gürcüstanın ərazisinə daxil olması korrupsiya tutumundan daha çox siyasi tutuma malikdir".

M.Əhmədoğlu bildirib ki, Azərbaycan-Gürcüstan münasibətlərdə xroniki problemlər özünü kumulyativ formada göstərdi:
 
"Gürcüstan heç bir zaman Azərbaycanın ərazi bütövlüyünə real dəstək verməyib. Verdiyi dəstək yalnız ritorik dəstək olub. Gürcüstan hətta ritorikadan imtina edib Ermənistanın mövqeyini dəstəkləməyə başladı. Normal məntiqlə Gürcüstanın balansı Azərbaycanın ziyanına, Ermənistanın xeyrinə pozmasının heç bir elmi, politoloji və iqtisadi əsası yoxdur. Hətta Gürcüstan fikirləşirsə ki, neft və qazının nəqlinə görə Azərbaycan Gürcüstandan asılıdırsa, bunun yalnız bir mənası var: Xəbislik. Çünki bununla Gürcüstan həm də özünün oturduğu gəmisini deşir. Ümumiyyətlə, Gürcüstan rəhbərliyinin belə hərəkəti Azərbaycan neft-qaz kəmərlərinin Gürcüstan ərazisindən keçən hissəsinə daha böyük təhlükəni aktivləşdirir".

PƏRVANƏ

 





06.03.2015    çap et  çap et