525.Az

"Bakı 2015" - Avropa Oyunlarına qarşı qara kampaniya


 

MİLLƏT VƏKİLİ FƏZAİL İBRAHİMLİ: "BU, AZƏRBAYCANA QARŞI İDEOLOJİ MÜHARİBƏNİN TƏRKİB HİSSƏSİDİR"

"Bakı 2015" - Avropa Oyunlarına qarşı qara kampaniya<b style="color:red"></b>

Azərbaycana qarşı ikili standartlar tətbiq edən, hər vasitə ilə ölkəmizin qazandığı uğurlara ləkə salmaq istəyən bəzi xarici dairələr, onlara bağlı olan beynəlxalq QHT-lər və media qurumları Azərbaycana və ilk dəfə Bakıda keçiriləcək Avropa Oyunlarına qarşı qərəzli kampaniyaya start veriblər.
 
Bu dairələr 2012-ci ildə Avropanın əsas musiqi bayramı olan "Eurovision" müsabiqəsi ərəfəsində də çoxsaylı yalan məlumatlar yayaraq beynəlxalq ictimai rəyi Azərbaycana qarşı yönəltməyə çalışıblar. "Amnesty İnternational" və "Human Rights Watch" təşkilatlarının Birinci Avropa Oyunlarını boykot etməyə çağırışı, xarici KİV-lərdə ölkəmiz əleyhinə qərəzli, qeyri-obyektiv materialların sayının artması həmin dairələrin yenidən fəallaşdığını göstərir. Bu iki təşkilatın hesabatlarında Azərbaycanın daim qara rəngdə təsvir olunması, guya Azərbaycanda insan haqlarının pozulması iddiaları təəccüblü deyil və təsadüfi xarakter daşımır. Artıq "Eurovision 2012" ərəfəsində sınaqdan çıxarılmış "qanunsuz söküntülər", heyvanlara qarşı "qəddar münasibət", saxta "siyasi məhbus" siyahıları və digər bu kimi məsələlər yenidən süni şəkildə gündəmə gətirilir və Azərbaycana qarşı istifadə olunur.

Əlbəttə ki, hər bir dövlətdə olduğu kimi bizim ölkəmizdə də bəzən insanlar hər hansısa haqsızlıqla qarşılaşa bilir. Bu hər hansı bir məmurun vəzifəsindən sui-istifadə etmə, səlahiyyətlərini aşma səbəbindən və yaxud da səhlənkarlığından yarana bilər. Həm Azərbaycan dövlətinin, həm də mətbuatın yaranan boşluqları aradan qaldırılması üçün üzərinə böyük məsuliyyət düşür. Lakin bunu Azərbaycanda keçirilən hər hansı bir mötəbər tədbir ərəfəsində üzə çıxartmaq və şişirtmək yalnız bunu ermənipərəst xarici qüvvələrin məqsədli şəkildə həyata keçirdiyini deməyə əsas verir. Bəzi yerli qrupların və QHT-lərin fəaliyyəti də Ermənistan və erməni lobbisinin təsiri altında olan analoji qurumların dəst-xətti ilə eynilik təşkil edir. "Amnesty İnternational" və "Human Rights Watch" kimi təşkilatların də məhz xarici ermənipərəst dairələrin sifarişləri əsasında Azərbaycana qarşı "qara piar" kampaniyası həyata keçirdiyi aydın şəkildə sezilir. Lakin əvvəllər də olduğu kimi Azərbaycanı gözdən salmaq cəhdləri bu dəfə də heç bir nəticə verməyəcək. Azərbaycan Avropa ailəsinin ona göstərdiyi etimadı doğruldaraq Avropa oyunlarının yüksək səviyyədə keçirəcək.

Millət vəkili Eldar İbrahimov bildirib ki, Azərbaycan Birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək. Onun sözlərinə görə, "Amnesty İnternational" təşkilatının Birinci Avropa Olimpiya Oyunlarını "boykot çağırışı", oyunlara hazırlıqla bağlı həyata keçirilən tədbirlər haqqında dezinformasiyaların dövriyyəyə buraxılması ölkəmizə qarşı qərəzdən və ədalətsiz yanaşmadan başqa bir şey deyil: "Bu təşkilat hər zaman Azərbaycana qarşı qərəzli, qeyri-obyektiv və ədalətsiz mövqe sərgiləyən beynəlxalq qeyri-hökumət təşkilatlarından biridir və bəlkə də birincisidir. Azərbaycan müstəqillik əldə etdikdən bu yana bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları, o cümlədən, adıçəkilən qurum bir dəfə olsun belə ölkəmizlə bağlı ədalətli, ikili standartlardan uzaq bəyanat, hesabat yaymayıb. "Amnesty İnternational" və "Human Rights Watch" sanki eyni dirijor çubuğu ilə idarə olunur. Çünki  hər iki təşkilat ölkəmizə qarşı eyni və olduqca haqsız, əsassız, ədalətsiz mövqe nümayiş etdirirlər. Onların elə bil ki, Azərbaycandan savayı işləri-gücləri yoxdur. Elə məqam, an gözləyirlər ki, Azərbaycanla bağlı nifrətlərini, məkrli niyyətlərini ortaya qoysunlar. Onlar əgər sözün həqiqi mənasında insan hüquqlarının müdafiəsi ilə məşğuldurlarsa, o zaman niyə Ermənistanın 27 ildən bəri davam edən təcavüzkarlıq, işğalçılıq siyasəti barədə bir kəlmə olsun danışmırlar? Nə üçün onlar hüquqları kobudcasına tapdalanan 200 mindən artıq qaçqınımızın, 700 mindən artıq məcburi köçkünümüzün haqlarını müdafiə etmir, Ermənistana qarşı təzyiq, təsir metodlarının işə salınması, ona sanksiyalar tətbiq olunması çağırışında bulunmurlar? Budurmu, onların hər gün bar-bar bağırdıqları insan haqlarının müdafiəsi? Budurmu, onların ədalətin keşiyində dayanması? Açıq-aşkar görünən odur ki, onların belə niyyətləri yoxdur, onların niyyətləri tamam başqadır. Onlar erməni havadarlarının, erməni lobbi qruplarının təsiri və himayəsi altında fəaliyyət göstərirlər".

E. İbrahimov hesab edir ki, onlar ermənipərəstlikləri ilə çoxdan tanınıb və məşhurlaşıblar. Millət vəkilinin sözlərinə görə, əslində belə təşkilatlardan haqq, ədalət gözləmək, onların anti-Azərbaycan addımlarına, ölkəmiz əleyhinə yönələn çağırışlarına ciddi əhəmiyyət vermək lazım deyil: "Onların addımlarına, çağırışlarına cavab, reaksiya verdikcə özlərini dəyərli hesab edirlər, özlərini qaldırıb dağ başına qoyurlar. Azərbaycan indiyə kimi bir çox nüfuzlu beynəlxalq təbdirlərə yüksək və etiraf olunan səviyyədə evsahibliyi edib. Nə qədər çalışsalar da, bu tədbirlərin keçirilməsinə, gedişinə mane ola bilməyiblər və bundan sonra da mane ola bilməyəcəklər. Azərbaycan birinci Avropa Oyunlarına da uğurla və yüksək səviyyədə evsahibliyi edəcək. Qoy hamı, eləcə də həmin anti-Azərbaycan, ermənipərəst təşkilatlar və dairələr də buna tam əmin olsunlar".

Millət vəkili Fəzail İbrahimli qeyd edib ki, Bakıda keçiriləcək Avropa Oyunlarını boykot etməyə çağırış Azərbaycana qarşı ideoloji müharibə və təbliğatın tərkib hissəsidir. O "Trend"ə bildirib ki, "Amnesty International" təşkilatının Birinci Avropa Oyunlarını boykot etməyə çağırışı bizim üçün yeni şey deyil: "Əvvəla, Azərbaycanı sevməyən qüvvələr var. Azərbaycanın ümumi inkişafına mane olmağa cəhd edən dövlətlər var. Azərbaycana qarşı münasibətlərində yenə də imperiya ambisiyasını yaşadan insanlar var. Azərbaycan dünyanın diqqətini çəkə biləcək hər hansı möhtəşəm və mötəbər addımlar atdıqda həmin qüvvələr narahat olmağa başlayır".

F.İbrahimli hesab edir ki, onlara bu işdə Azərbaycanın içindən dəstək olan anti-Azərbaycan qüvvələr də var: "İçimizdə bəzi "denikinlər" var ki, xaricdən dəstəklə yaşayırlar. Onların genetik kodunda anti-Azərbaycan düşüncələri, qanı yaşayır. Onlar xarici qüvvələrə belə məsələlərdə daim kömək edir, onlara saxta informasiyalar verirlər. Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın nüfuzu deməkdir. Olimpiya Oyunlarının burada baş tutması Azərbaycanın dünyaya çıxması, daha çox tanınması, sayılması, qəbul edilməsi, dövlət kimi bütün dünyanın diqqətini cəlb etməsi deməkdir. Belə olan halda həmin "qara qüvvələr" baş qaldırır və ideoloji müharibə və təbliğata başlayırlar. "Amnesty International" təşkilatının bu addımı da məhz həmin müharibə və təbliğatın tərkib hissəsidir".

Ceyhun ABASOV

 





06.03.2015    çap et  çap et