525.Az

ХХ əsrin əvvəlləri: ingilislər Qafqazda


 

ХХ əsrin əvvəlləri: <b style="color:red">ingilislər Qafqazda</b>

Məlum olduğu kimi, I dünya müharibəsində məğlub olan Türkiyə 30 oktyabr 1918-ci ildə ingilis kreyseri "Aqamemnon"un göyərtəsində bağlanan Mudros barışığına görə qısa bir zamanda öz qoşunlarını bütövlükdə Qafqazdan, o cümlədən Bakı və Batumdan çıxarmalı idi.

16 noyabr 1918-ci ildə ingilis-fransız eskadrası Qara dənizə daxil oldu, 17 noyabrda isə Bakıya yenidən Ənzəlidən dənizlə Şimali İranda ingilis qoşunlarına komandanlıq edən general-mayor V.M.Tomsonun başçılıq etdiyi 39-cu piyada briqadasının hissələri daxil oldu (ümumilikdə 1000 Britaniya və 800 hind əsgər və zabiti). Bakıya səfərə çıxmazdan öncə ingilis generalı müttəfiq dövlətlərin mövqeyini ifadə edərək bəyannamə ilə çıxış etdi. Bəyannamədə qeyd olunurdu ki, "neft sənayesi ilə birlikdə Bakı işğal ediləcək, ölkənin yerdə qalan hissəsi isə Azərbaycan hökuməti və onun qoşunlarının nəzarəti altında qalacaqdır".

Maraqlıdır ki, özünün ilk proklamasiyalarında V.M.Tomson birmənalı olaraq bildirirdi ki, müttəfiq qoşunlar "Rusiya torpaqlarındadır" və Qafqaza "Rusiyanın Qara və Xəzər dənizləri arasında yerləşən bu ərazisində ümumi təhlükəsizliyi təmin etmək üçün" gəlmişdirlər. İngilis generalının müraciətində deyilirdi ki, "son qərarı yaxın gələcəkdə təşkil olunacaq və bu əraziyə aid olan bütün məsələri həll edəcək sülh konfransı verəcəkdir". Yerli hökumətə gəlincə, ona bildirildi ki, "Azərbaycan Paris sülh konfransında öz müqəddəratını təyinetmə prinsipi ilə bağlı diskussiyalardan kənarlaşdırılmayacaqdır".

İngilis qoşunları tərəfindən Zaqafqaziyanın digər şəhərləri (Batum, Tiflis, Gəncə, Naxçıvan, Şuşa və b.) də işğal olunduqdan sonra ingilislər bu regionda öz hərbi qüdrətini artırmağa başladılar. Onların donanmasının yerləşdiyi Batum Qafqazda ingilis qoşunlarının əsas bazası idi. Məhz bu liman vasitəsilə Bakı nefti Qərbə nəql edilirdi. Ümumilikdə isə 1918-ci ilin sonlarında İngiltərə Zaqafqaziyada 20 minlik ordu saxlayırdı. Təsadüfi deyildir ki, hərbi nazir vəzifəsinə təyin olunduqdan sonra U.Çörçillin ilk sənədlərindən biri 14 fevral 1919-cu idı İmperiyanın baş qərargah rəisi Henri Vilsona göndərdiyi məktub olmuşdur. Məktubda hərbi nazir ona hazırda "Bakı-Batum dəmir yolunu nəzarətdə saxlayan ingilis hərbi qüvvələrinin həqiqi rolu, habelə Xəzər dənizinin sahillərinə nəzarət edən ingilis hərbi-dəniz qüvvələrinin rolu" barədə məlumat verməyi tələb edirdi.

Ümumiyyətlə, Çörçill Zaqafqaziyanın işğalının hərbi-strateji əhəmiyyətini yüksək qiymətləndirdirdi. "Britaniya qoşunları Batuma çıxıb tezliklə Qara dənizdən Xəzər dənizinə qədər, başqa sözlə, Bakıya qədər Qafqaz dəmir yolunu ələ keçirdilər. Onlar tez bir zamanda onlara Xəzər dənizində üstünlük verən gəmilər donanmasını təşkil etdilər. Britaniya qoşunları dünyada ən böyük strateji xətlərdən birinə sahib oldular".

Qafqaz hərbi donanmasını və 1500 ticarət gəmilərini özünə tabe etdirən ingilislər təcili şəkildə Xəzərdə öz hərbi-dəniz qüvvələrini yaratmağa başladılar. Onların əsasını Bakıda yerləşən Xəzər hərbi flotiliyası və ticarət donanması təşkil etdi.

13 yanvar 1919-cu ildə Çeçen adasında (Dağıstan sahillərində) Port-Petrovsku ələ keçirdikdən sonra ingilislər burada öz hərbi-dəniz aviabazalarını (80 təyyarə) təşkil etdilər. Bu, ingilislərə Həştərxana hava hücumlarını həyata keçirməyə imkan verirdi.

Bakı-Krasnovodsk-Ənzəli üçbucağına nəzarətin ələ keçirilməsi ingilislərin bütövlükdə Xəzər akvatoriyası üzərində hakimliyi ələ keçirmək ümidlərini reallaşdırırdı ki, bu da onlara xeyli hərbi-strateji üstünlüklər verirdi. Bu dövrdə neft amili İngiltərənin Qafqaz-Xəzər bölgəsi siyasətində böyük yer tuturdu. Neft strategiyası Yaxın və Orta Şərqdə ingilislərin hegemonluğunun həyata keçirilməsi istiqamətində göstərilən səylərin, habelə Fransa və ABŞ-la rəqabət mübarizəsinin mühüm tərkib hissəsi idi. O dövrdə neftlə zəngin olan bu bölgədə şəksiz geosiyasi güc ağırlığı İngiltərənin tərəfində idi.

Ümumilikdə isə Antanta bir növ yeni yaranmış Zaqafqaziya dövlətlərindən təşkil olunmuş "sanitar kordonu" yaratmağa can atırdı. Bu, nəhəng Baltika-Qara dəniz-Qafqaz-Xəzər-Mərkəzi Asiya "geosiyasi qövsünün" mühüm elementlərindən biri olmalı idi.

Bu arada, 1919-cu ilin yayında İngiltərənin nazirlər kabineti tərəfindən Zaqafqaziyadan Britaniya qoşunlarının çıxarılması haqqında qərar qəbul olundu.

Bu, əvvəla, Rusiyada Qırmızı ordunu strateji müdafiə mövqeyinə keçməyə məcbur etmiş Denikin ordusunun uğurları ilə əlaqədar hərbi-siyasi vəziyyətin dəyişməsi ilə; ikincisi, Şərqin müstəmləkə və asılı ölkələrində (Misir, Hindistan, Əfqanıstan, Türkiyə, Persiya) xeyli maddi-hərbi ehtiyatların səfərbər edilməsini tələb edən milli azadlıq hərəkatlarının artması; və nəhayət, üçüncüsü, İngiltərənin özündə belə əhali və ordunun müharibədən yorulması ilə bağlı olmuşdur.

Newtimes.az
Pərvin Darabadi, Tarix elmləri doktoru, professor

 





06.03.2015    çap et  çap et