525.Az

"Xəzərin hüquqi statusuna dair danışıqlarda yeni məqamların ortaya çıxması mümkündür"


 

"Xəzərin hüquqi statusuna dair danışıqlarda yeni məqamların ortaya çıxması mümkündür"<b style="color:red"></b>

"Baxmayaraq ki, Ukrayna hadisələrindən sonra Rusiya iqtisadiyyatına ciddi zərbə dəyib, amma Rusiya ictimaiyyətində Vladimir Putinin mövqeləri kifayət qədər möhkəmlənib".
 
Bu barədə politoloq Elçin Mirzəbəyli Rusiyada hakimiyyət dəyişikliyinin baş verməsi barədə səsləndirilən iddialara münasibətini bildirərkən deyib. Politoloq qeyd edib ki, indiki şəraitdə xüsusilə də hərbi sənaye kompleksinin bu prosesdə iştirak etdiyi halda, V.Putinin ən yaxın ətrafının məhz təhlükəsizlik strukturlarından ibarət olduğu məqamda məsələnin güc yolu ilə həll ediləcəyi inandırıcı görünmür: "Bütövlükdə səsləndirilən bu bəyanatları yalnış və doğru hesablanmayan bəyanatlar hesab edirəm. İstənilən halda hər hansı bir ölkənin daxili siyasi proseslərində güc yolu ilə tənzimlənmə ağır fəsadlara gətirib çıxara bilər. Rusiyada hər hansı bir qarşıdurma baş verərsə, bu, şübhəsiz çox geniş vətəndaş müharibəsi ilə nəticələnə bilər. Tarixə nəzər salsaq , Rusiyada kataklizmlərin tez-tez olduğunu, hərbi yolla siyasi dəyişikliklərə cəhdin qarşıdurmalara, vətəndaş müharibəsinə gəlib çıxdığının şahidi oluruq. Bu baxımdan da, hazırda əgər belə bir addım atılacaqsa, miqyası geniş vüsət alacaqsa, bütövlükdə söhbət rus xalqının taleyindən gedəcək".

E. Mirzəbəyli həmçinin Ukrayna məsələrindən Rusiyanın nə qədər sığortalandığına da fikir bildirib. O qeyd edib ki, bütövlükdə separatizm çox təhlükəli bir silahdır: "Azərbaycan prezidenti də dəfələrlə qeyd edib ki, əgər zamanında Dağlıq Qarabağda baş verən seperatizm hərəkatı yatırılsaydı, beynəlxalq ictimaiyyət Ermənistanın işğalçılıq siyasətinə qarşı birmənalı mövqe nümayiş etdirsəydi bu gün Ukraynada bu hadisələr baş verməyəcəkdi. Yəni, bu bütövlükdə dünya ictimaiyyətinə yönləndirilmiş kifayət qədər dəqiq bir mesaj idi. Bu baxımdan da hesab edirəm ki, nə zamana qədər böyük güclər öz maraqları naminə işğalçıları dəstəkləyəcək, stimul verəcəklər o zamana qədər ədalətdən danışmaq mümkün deyil. Bu baxımdan da düşünürəm ki, Rusiya bundan sığortalanmayacaq". Politoloq Xəzərin hüquqi statusu ilə bağlı Bakıda baş tutan Xəzəryanı ölkələrin xarici işlər nazirləri müavinlərinin 39-cu iclası barədə də danışıb. Onun sözlərinə görə, Xəzərin hüquqi statusu ilə bağlı keçirilən son sammitdə müəyyən irəliləyişlərin olduğu bildirilirdi: "İndiki şəraitdə isə son zirvə görüşündən sonra həm beynəlxalq vəziyyət dəyişib, həm də Xəzər bölgəsindəki regional vəziyyət dəyişib. Bu baxımdan da danışıqlarda yeni məqamların ortaya çıxması da mümkündür. Bu proseslər əsasən Rusiya və İranın nümayiş etdirəcəyi mövqedən asılıdır. Əslində İran daha öncə göstərdiyi beynəlxalq  hüquq normalarına zidd olan mövqeyindən əl çəkərsə və regionda sülhün, sabitliyin qorunub saxlanılmasında prinsipial mövqe nümayiş etdirərsə güman edirəm ki, danışıqlarda kifayət qədər ciddi irəliləyişlərə nail olmaq mümkün olacaq. Amma əks təqdirdə bu görüş də digər toplantılar kimi yadda qalacaq".

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də Xəzərin statusu ilə bağlı məsələyə toxunub. O deyib ki, bu iclasa rotasiya qaydalarına uyğun olaraq Azərbaycan Respublikası tərəfindən ev sahibliyi edilir: "Ümumiyyətlə, digər sahələrdə olduğu kimi Azərbaycan xarici siyasətinin prioritet istiqamətlərindən olan Xəzər dənizi və Xəzər hövzəsi kontekstində də lazımi irəliləyişlər vardır. Bu irəliləyişlər xüsusilə Həştərxan sammitində özünü göstərdi. Xəzəryanı dövlətlərin dövlət başçıları burada iştirak edərək Həştərxan bəyanatını qəbul etdilər. Burada əsas hədəf Xəzər dənizinin dostluq və əməkdaşlıq dənizinə çevrilməsi missiyasıdır. Qətiyyətlə deyə bilərik ki, bu gün Xəzəryanı dövlətlər ayrıcı yox, əksinə onları birləşdirici bir dəyərdir. Xəzər dənizində sahilyanı dövlətlərin birgə səyləri və Azərbaycan Respublikasında rolu xüsusilə qeyd edilməlidir ki, nəticədə Xəzərdə bir dostluq, əməkdaşlıq mühiti hökm sürür".

Xəzər dənizinin hüquqi statusuna gəldikdə isə H.Hacıyev deyib ki, artıq bu proses çərçivəsində də demək olar ki, yekun konvensiyanın (Xəzər dənizinin hüquqi statusuna dair) müəyyən olunması, tərtib olunması istiqamətində 70 faizə qədər işlər yekunlaşıb: "Bəzi fundamental məsələlər var və bu da normal haldır. Beynəlxalq və dövlətlərarası münasibətlərdə fərqli fikirlər və fərqli baxışlar olur. Amma əsas zəmin ondan ibarətdir ki, bu cür məsələlər əgər dostluq, əməkdaşlıq, qarşılıqlı anlaşma və dialoq şəklində müzakirə olunursa, bu özlüyündə müsbət bir addımdır. Hesab edirik ki, bu görüş də Xəzər dənizinin hüquqi statusunun və yekun konvensiyanın müəyyən olunması istiqamətində vacib bir platforma və növbəti uğurlu addım olacaq".

PƏRVANƏ

 





06.03.2015    çap et  çap et