525.Az

İsrail Xocalı soyqırımını tanıyır


 

ZAHİD ORUC: "BİZİM NİYYƏTİMİZ DAĞLIQ QARABAĞIN İŞĞALINI XOCALI KONTEKSTİNDƏ BÜTÜN DÜNYAYA GÖSTƏRMƏKDİR"

İsrail Xocalı soyqırımını tanıyır<b style="color:red"></b>

Bu gün  ermənilərin Xocalıda dinc azərbaycanlılara qarşı törətdiyi soyqırım aktı bütün dünya ictimaiyyətinin diqqət mərkəzindədir.

"Xocalıya Ədalət!" kampaniyası çərçivəsində aparılan təbliğat işləri öz nəticəsini verir. Artıq Azərbaycana qarşı ikili siyasət yürüdən, ermənilərin özbaşınalığına göz yuman Qərb və ABŞ dairələri də dünya ictimaiyyətinə faktlarla təqdim olunan bu soyqırım aktını inkar edə bilmir. Bu baxımdan qeyd etmək olar ki, hər il anım mərasimləri ərəfəsində bu qanlı hadisələri soyqırım aktı kimi qəbul edən, ermənilərin törətdiyi vəhşiliyi qınayan dünya dövlətlərinin sayı daha da artır. "Xocalıya Ədalət!" kampaniyası Ermənistan ordusunun dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi qəddar qətliamın beynəlxalq ictimaiyyətə çatdırılması, beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin bu faciəni soyqırım aktı kimi tanıması üçün mühüm əhəmiyyətə malikdir.

Artıq dünyanın 10 ölkəsi, ABŞ-ın 17 ştatı rəsmi şəkildə, parlament səviyyəsində Xocalı faciəsini soyqırım aktı kimi tanıyıb. 2015-ci ildə isə İsrail dövlətinin ali rəhbər şəxsləri öz rəsmi çıxışlarında Xocalı faciəsini soyqırım aktı kimi ifadə ediblər. İsrail Prezidenti Reuven Rivlin BMT Baş Məclisinin "Holokost" qurbanlarının xatirəsinə həsr olunan Beynəlxalq Anım Günündə çıxış edərək bildirib ki, keçən əsrdən başlayaraq dünyada təkcə yəhudilərə qarşı soyqırım aktı törədilməyib. O bu faciələrin sırasına Xocalı soyqırımını da əlavə edib:

"Bu gün biz özümüzə sual verməliyik ki, bu Assambleyanın bütün dünyada törədilən soyqırımlara qarşı mübarizəsi səmərəlidirmi? Bizim mübarizəmiz Bosniyada kifayət qədər səmərəli olubmu? Bu, Xocalıda insanların faciəvi ölümünün qarşısının alınmasında nəticə veribmi? Biz taliblərin əfqanları qətlə yetirməsinin qarşısını ala bildikmi? Bizim səylərimiz Suriyada səmərəlidirmi? Bəs Nigeriyada?".

Fevralın 26-da İsrailin Akko şəhərində "Xocalıya Ədalət!" kampaniyası çərçivəsində keçirilən anım mərasimində iştirak edən İsrailin xarici işlər naziri Aviqdor Liberman da qeyd edib ki, bəşəriyyət tarixində faciələr az deyil və bu dəhşətli hadisələri unutmaq olmaz. Onun sözlərinə görə, təəssüf ki, heç də hamı onları xatırlamır və lazımi nəticə çıxarmır: "Bu gün biz İsrail və Azərbaycanın kədərli təcrübəsini birləşdirməyə toplaşmışıq ki, gələcəkdə belə faciələrə yol verilməsin".

Bütün bunlar göstərir ki, Xocalı faciəsi İsrail parlamenti - Knesset tərəfindən soyqırım kimi tanınmasa da, artıq İsrailin ali rəhbər vəzifəli şəxsləri bu qətliamı soyqırım aktı kimi tanıyır və qəbul edirlər. Bu isə öz növbəsində İsrail dövlətinin Xocalı soyqırımını tanıması deməkdir.

Lakin Azərbaycanın öz haqq səsini dünyaya çatdırmasına, beynəlxalq birliyi ədalətli olmağa səsləməsinə baxmayaraq, hətta bu effektli nəticələr versə də, qlobal siyasəti müəyyənləşdirən super qüvvələr Ermənistanın şıltaqlığı qarşısında seyirci vəziyyətində qalmağa davam edir. Çünki rəsmi İrəvan dünya

ictimaiyyətini növbəti dəfə aldatmaq üçün yalan bəyanatlar verməyə, riyakar çıxışlar etməyə davam edir.

Bu dövlətin xarici işlər naziri Eduard Nalbandyanın BMT-nin İnsan Hüquqları Şurasının iclasında çıxış edərək beynəlxalq terrorizm və digər təhdidlərə qarşı mübarizə üçün bütün dövlətlərə çağırış etməsinin ardından bədnam qonşumuzun müdafiə naziri Seyran Ohanyan Azərbaycanı təhdid atəşinə tutub. O, fevralın 28-də iki erməni diversantının cəbhə xəttini keçərək Silahlı Qüvvələrimizin mövqelərinə tərəf hücum etməyə çalışdığı zaman vurularaq məhv edildiyinə görə, Azərbaycanın cavab verəcəyini deyib:

"Azərbaycan bunun hesabını verəcək!". Halbuki, Ermənistan rəsmiləri haqdan, ədalətdən, terrorizmlə mübarizədən danışmalı olan axırıncı kəslərdir. Əgər dünya birliyi beynəlxalq terrora qarşı bütün güclərini səfərbər etməli olsa, onda ilk olaraq Ermənistandan başlamaq lazım gələr. Bu dövlətin başında duran cinayətkarların yurdu talan edilən dinc azərbaycanlılara qarşı təcavüzkarlığı hər kəsə məlumdur. Bir əsrdən çoxdur ki, təkcə Azərbaycana deyil, eləcə də digər qonşu dövlətlərə qarşı işğalçılıq siyasəti yürüdən ermənilər "böyük Ermənistan" xülyalarından hələ də imtina etməyib. Azərbaycanın 20 faiz torpağını işğal edərək qondarma "Dağlıq Qarabağ Respublikası" yaradan təcavüzkarlar regionda bu xülyaları reallaşdırmaqda israrlı olduqlarını göstərirlər. Qərb və Amerika dairələri isə dinc azərbaycanlıların ermənilər tərəfindən terrora məruz qalmasına qarşı heç bir reaksiya vermir, işğalçını müdafiə edir, separatçı rejimə maliyyə yardımı ayırır, Azərbaycana qarşı isə tətbiq etdiyi ikili standartlardan əl çəkmir.

Əslində bunda da təəccüblü heç nə yoxdur. Vaxtilə Qərbdən yeni dünyaya axın edən miqrantlar bəşəriyyət tarixinin ən böyük soyqırım aktını törədiblər. Söhbət Amerikanın yerli sakinləri olan hinduların kökünü kəsmək üçün törədilən kütləvi qətl hadisələrindən gedir. Deyilənə görə, faşist Almaniyasının rəhbəri Adolf Hitler də yəhudilərə qarşı soyqırım hazırlayarkən məhz hazırda özünü "demokratiya beşiyi hesab edən" ABŞ-ın hindulara qarşı kütləvi qətliam üsulundan istifadə edib.

Millət vəkili Zahid Orucun sözlərinə görə, Xocalı hadisələrinin 23-cü ildönümü ərəfəsində ABŞ-ın bir neçə ştatında verilən qərar, anım mərasimlərinin kütləviliyi, hədəfə daha da yaxınlaşmağımız sübuta yetirib ki, proses sistemli qaydada aparılır. Onun sözlərinə görə, Azərbaycan dünyadan özünə rəhm və xeyirxahlıq ummur: "Bizim niyyətimiz Dağlıq Qarabağın işğalını Xocalı kontekstində bütün dünyaya göstərməkdir.

Çünki biz dünya xalqlarından mənəvi həmrəylik gözləməklə işimizi bitmiş hesab edə bilmərik. Məqsəd günahkarların cəzalandırılması, hadisənin nə üçün törədildiyini ermənilərin dilindən eşidilməsinə nail olmaqdır. Biz hansı tədbirlərdə oluruqsa, hər dəfə soruşurlar ki, azərbaycanlılar Xocalıda niyə görə bu cür qəddarlıqla qətlə yetiriliblər. Məlum olur ki, bütün bunlar erməni ekstremizminin, separatizminin və təcavüzkarlığının nəticəsində baş verib. Hadisələrin əsl təfərrüatlarından məlumatlanan insanlar, təşkilatlar və digər qüvvələr bu mövqeyi dilə gətirərək azərbaycanlıların dərhal didərgin salındığı, vəhşicəsinə qətlə yetirildiyi doğma torpaqlarına qayıtmalı olduqlarını bildirirlər". Z.Oruc bildirib ki, Azərbaycanla İsrailin yaxın münasibətlərini nəzərə alaraq çox arzu edirik ki, vaxtilə özlərinin də bu dəhşətli hadisələri yaşadıqları, soyqırım ağrısını dərk etdikləri üçün Knessetdə-parlamentdə Xocalı həqiqətlərini tanıyan qərar versinlər:

"Soyqırıma münasibətdə gözləmə mövqeyi tutmaq, tərəddüdlə yanaşmaq və yaxud bunu başqa bir geopolitik hadisəyə çevirmək, qətliam üzərində biznes qurmaq olmaz. Bu baxımdan bütün dövlətlərin Azərbaycana qarşı səmimi münasibətini məhz Xocalı hadisələrinə verilən qiymətdən gözləyirik. Nəticə etibarilə xalqımız və dövlətimiz Xocalı hadisələri ilə bağlı sistemli fəaliyyətini davam etdirəcək. Bununla da erməniləri ifşa etmək mümkün olacaq".

Ermənistanın xarici işlər naziri Eduard Nalbandyanın BMT-dəki çıxışına da münasibət bildirən millət vəkili qeyd edib ki, əgər onun çağırışına dünya dövlətləri həqiqətən də sadiq qalıb terrorizmə qarşı mübarizə aparmağa qərar versələr gərək bunu ermənilərdən başlasınlar: "Çünki hazırda Qarabağ separatizm və terrorizmin yuvasına çevrilib. Mənə elə gəlir ki, bu faktı Azərbaycan artıq dünya ictimaiyyətinə təqdim edə bilib. BMT tribunasına çıxaraq bu barədə ağızdolusu danışan Nalbandyanın hədəfləri öz üzərlərindən yayındırmağa çalışması da tamamilə əsassız bir addımdır. Hesab edirəm ki, Azərbaycan öz məqsədyönlü fəaliyyəti nəticəsində xalqımıza qarşı olan bütün haqsızlıqları aradan qaldıra biləcək. İndi azərbaycanlılar bütün dünyada daha da təşkilatlanmış vəziyyətdə iş aparır, hədəfə doğru inamla irəliləməyi bacarır və özü üçün bir yol xəritəsi qurub. Bununla da Azərbaycan öz məqsədlərinə çatacaq".

Millət vəkili Rövşən Rzayev  deyib ki, İsrailin prezidentinin BMT-nin  baş assambleyasında Xocalı soyqırımının mövcudluğunu dilə gətirməsi mühüm hadisə idi. O "SİA"ya bildirib ki, ABŞ-ın 17 ştatı, Avropanın bir sıra ölkələrinin, o cümlədən, digər dövlətlərin Azərbaycanın ərazi bütövlüyünü tanımasında dövlətimizin apardığı siyasətin rolu böyükdür: "Beynəlxalq aləm Ermənistanın işğalçılıq siyasəti barədə nə qədər çox dolğun məlumat alsa, bir o qədər də Azərbaycan öz ərazi bütövlüyünü tez bir zamanda həll etməyə müvəffəq ola biləcək".

Rövşən Rzayev vurğulayıb ki, Azərbaycan daima sülhün tərəfdarı kimi çıxış edib: "İnanıram ki, bu kimi müsbət addımlar davamlı xarakter alacaq. Biz beynəlxalq aləmin Azərbaycana qarşı ədalətli mövqedə dayanmalarını istəyirik. Çünki bütün hallarda sülhün təmin olunmasının tərəfdarıyıq".

Ceyhun ABASOV

 





06.03.2015    çap et  çap et