525.Az

“O olmasın, bu olsun”un daha bir təqdimatı


 

“O olmasın, bu olsun”un daha bir təqdimatı<b style="color:red"></b>

Martın 15-də Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyası yeni quruluşda onuncu dəfə Azərbaycan Dövlət Musiqili Teatrında nümayiş olunacaq.

Əməkdar artist Şövqi Hüseynov növbəti dəfə Məşədi İbad obrazında tamaşaçıların qarşısına çıxacaq. Ş.Hüseynov məhz bu obrazın uğurlu ifasına görə Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” mükafatına layiq görülüb. Onun yaratdığı Məşədi İbad yeni və orijinal ifa tərzi ilə teatr ictimaiyyətinin rəğbətini qazanıb.

Bu barədə danışan aktyor deyir: “Məhz Məşədi İbad kimi klassik və məsuliyyətli bir obrazın ifasına görə “Zirvə” mükafatına layiq görülməyim mənim üçün ikiqat əhəmiyyətə malikdir. Çox böyük həyəcan və sevinc içərisindəyəm. Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə, Musiqili Teatrın direktoru Əliqismət Lalayevə, ustadım, tamaşanın rejissoru Cənnət xanım Səlimovaya minnətdarlığımı bildirirəm”.

“O olmasın, bu olsun” tamaşasının quruluşçu-rejissoru Xalq artisti Cənnət Səlimovadır. Tamaşada tanınmış gülüş ustası, Xalq artisti Afaq Bəşirqızı, Əməkdar artistlər Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, aktyorlar Əzizağa Əzizov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları çıxış edirlər.

S.ABDULLAYEVA

 





14.03.2015    çap et  çap et