525.Az

"Start"ın qalibləri bəlli oldu (FOTOLAR)


 

"Start"ın qalibləri bəlli oldu<b style="color:red"> (FOTOLAR)</b>

Bakıda 28, 29, 30 noyabr tarixlərində  gerçəkləşən  VIII  “START” Gənclərin Beynəlxalq Film Festivalı təmtəraqlı mərasimlə başa çatdı.  Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və  “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təşkilatçılığı ilə  reallaşan festival  İstedadlı və yaradıcı gənclərin II Respublika Toplantısı çərçivəsində gerçəkləşib.

525.az-ın məlumatına görə, festivala bu il  Azərbaycan, Türkiyə, Almaniya, Portuqaliya, İspaniya, Polşa, Cənubi Koreya, Pakistan, İran, Rusiya, Gürcüstan, Estoniya, Ukrayna, Serbiya, İslandiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Belorusiya ümumilikdə isə 20 ölkədən 250 –dən çox film göndərilib. Seçim komissiyası festivalın müsabiqə proqramına animasiya, bədii və sənədli film növlərini əhatə edən  87 film daxil edib.

“START” Gənclərin Beynəlxalq Film Festivalının prezidenti Fehruz Şamıyev bildirib ki, kinoforumun məqsədi kino sahəsində tələbələrin əsərlərinin baxışını və müzakirəsini keçirmək, aralarında ən istedadlılarını müəyyən etmək, gənc müəlliflərə dövlət qayğısını və diqqəti artırmaq, onları həvəsləndirmək və müvafiq sahə üzrə dünya praktikasında baş verən proseslərlə tanış etməkdir. “Bununla yanaşı, festival yerli tələbə rejissorların əcnəbi həmkarları ilə əlaqələr qurmalarının başlanğıc nöqtəsidir”. Bu ilki festivalın daha çətin keçdiyini bildirən F.Şamıyev bunu festivalın əhatə dairəsinin genişlənməsi, qatılan ölkələrin və göndərilən filmlərin çoxluğu ilə əlaqələndirib. “Qaliblərin müəyyənləşdirilməsində jüri üzvləri çox gərgin müzakirələr apardılar. Nəhayətdə, VIII “START”ın qalibləri müəyyənləşdi”.   

Festivalın beynəlxalq münsiflər heyətinə sədrlik edən Xalq artisti, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova festivaldan bol enerji aldığını bildirərək “Nə qədər ki, gənclərin festivalı olacaq, orada yalnız münsiflər heyətinin sədri kimi deyil, adi üzvü kimi belə iştirak etməyə hazıram”, deyə əlavə edib. Qaliblərin seçilməsinin çox məsuliyyətli proses olduğunu diqqətə çatdıran Ş.Məmmədova festivalın olduqca maraqlı keçdiyini və buna görə  təşkilatçılara, münsiflər heyətinin üzvlərinə və iştirakçılara minnətdarlıq edib. “Münsiflər heyəti filmlərə incəliklə baxdılar. Səmimi deyirəm, mən hər bir filmlə yaşadım. Çünki çox şux, yaradıcı atmosfer hökm sürürdü. Filmlərdə çox maraqlı mövzular və onların bədii həlli hiss olunurdu. Gənclərin həqiqətən potensialları çoxdur. Bütün iştirakçılara minnətdaram.Sizinlə gəncləşdim”.   

Festival çərçivəsində maraqlı yerli filmlər izlədiyini bildirən yerli münsiflər heyətinin üzvü rejissor Elxan Cəfərov “START”ın  gələcək illərdə əhatə dairəsinin daha da genişlənəcəyinə əminliyini qeyd edib.

“Beynəlxalq” müsabiqə proqramının qalibləri :

 “Ən yaxşı bədii film”- Türkiyə - “”Hekayə həyatdan götürülüb” rej. Kerem Keskin

“Ən yaxşı sənədli film”- Almaniya – “Müharibədən əvvəl” rej. Jaried Katsiane

“Ən yaxşı cizgi filmi”- İran – “Oyun” rej. Cəmal Rəhməti

“Ən yaxşı eksperimental film”- Rusiya “Ölüm rəqsi” rej. Yuliya Novikeya

“Ən yaxşı film- Qran Pri”- Jüri heç bir filmi bu mükafata layiq görmədi

“Yerli” müsabiqə proqramının qalibləri:

“Ən yaxşı bədii film”- Ər Toğrul Kamalov  “Ömürlük əsir”

“Ən yaxşı eksperimental film”- Emin Pənah “Motivasiya”

Qeyd edək ki, qaliblərdən başqa “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzi iki filmə xüsusi mükafat təqdim etdi.

Təşkilati dəstək : Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı

Xatırladaq ki,  “Yerli”müsabiqədə filmlər 3 nəfərdən ibarət yerli münsiflər heyəti : kinorejissor Elxan Cəfərov,  İlqar Safat və  “New Baku Post” qəzetinin təsisçisi, jurnalist Tural Əliyev tərəfindən qiymətləndirilib. “Beynəlxalq” müsabiqədə isə filmləri 5 nəfərdən ibarət  beynəlxalq jüri heyəti seçib. Qeyd edək ki, bu il festivalın tarixində ilk  dəfə olaraq beynəlxalq müsabiqənin münsiflər heyətinin üzvləri yaradıcı, sənətdə öz sözlərini demiş  xanımlardan ibarət olub. Bu da səbəbsiz deyil. Çünki   VIII “START”  Gənclərin Beynəlxalq Film Festivalı Azərbaycanın ilk qadın kinorejissoru Qəmər Salamzadəyə ithaf olunub. Şəfiqə Məmmədovanın sədrlik etdiyi beynəlxalq münsiflər heyətində  iranlı rejissor, ssenarist Təhminə Milani, ekspert jurnalist, publisist İlhamiyyə Rza, rusiyalı prodüser Yelena Yatsura, polşalı rejissor Culiya Kolberger də təmsil olunub.

GÜNEL

 





03.12.2012    çap et  çap et