525.Az

ABŞ hindularının "Oklahoma Fancy Dancers" qrupu Naxçıvanda konsert verib


 

ABŞ hindularının "Oklahoma Fancy Dancers" qrupu Naxçıvanda konsert verib<b style="color:red"></b>

Naxçıvan şəhərindəki "Gənclik" Mərkəzində Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə aborigen amerikalıların - hinduların rəqs ənənələrini nümayiş etdirən "Oklahoma Fancy Dancers" qrupunun konsert proqramı təşkil olunub.

ABŞ səfirliyinin təhsil və mədəniyyət attaşesi Kelli Cullum tamaşaçıları salamlayaraq qədim tarixə malik Naxçıvan şəhərində olmaqdan məmnunluğunu bildirdi. Qeyd etdi ki, bugünkü konsert proqramı Azərbaycanda keçirilən "Amerika günləri" festivalı çərçivəsində təşkil olunub. Bu kimi tədbirlər Azərbaycan ilə ABŞ arasında mədəni əlaqələrin güclənməsinə xidmət edəcək.

"Oklahoma Fancy Dancers" truppasının nümayiş etdirdiyi maraqlı konsert proqramı tamaşaçılarda xoş təəssüratlar oyatdı.

Qeyd edək ki, yerli Amerika rəqslərinin peşəkar və tanınan ifaçılarından ibarət olan "Oklahoma Fancy Dancers" truppasının üzvləri qədim hindulara xas kahin rəqslərinin mahir ifaçılarıdır. Rəqqasların hamısı rəsmi qeydə alınan qəbilələrin üzvləridir. Hər bir rəqqasın geyindiyi ənənəvi, mötəbər mərasim paltarları və əşyaları al-əlvan rənglərlə boyanıb və onlar rəqqasın məxsus olduğu və ifa etdiyi rəqsi tərənnüm edir. Ənənəvi olaraq bu qrupun ifası mahnı, musiqi və rəqslə müşayiət olunan bir hekayənin canlandırılması səhnəcikləri üzərində qurulur.

İfalarında maarifləndirici elementlərdən istifadə edən "Oklahoma Fancy Dancers" truppası müxtəlif vaxtlarda dünyanın bir sıra ölkələrinə səfərlər edib.

S.ABDULLAYEVA

 





17.03.2015    çap et  çap et