525.Az

Futbol mütəxəssisləri “Bakı” - “Atletiko” əməkdaşlığına münasibət bildiriblər


 

Futbol mütəxəssisləri “Bakı” - “Atletiko” əməkdaşlığına münasibət bildiriblər<b style="color:red"></b>

Azərbaycanın futbol mütəxəssisləri və millimizin kapitanı “Bakı” klubunun uşaq futbolunun inkişafı ilə bağlı İspaniya “Atletiko”su ilə əməkdaşlıq müqaviləsi imzalamasına münasibət bildiriblər.

Əməkdar məşqçi Ağasəlim Mircavadov Qol.Az saytının müxbiri ilə söhbətində bu təşəbbüsü alqışladığını deyib: “İspaniya futbolu dünyada liderlik edir. Lakin bu əməkdaşlıq ciddi və uzunmüddətli olmalıdır. Şərt deyil ki, il ərzində İspaniyaya on uşaq göndərək. Onların futbol bilgilərinə dərindən yiyələnmək lazımdır. Fikrimcə, uşaq futbolçularla birlikdə onlarla işləyən məşqçiləri də İspaniyaya göndərmək lazımdır. Qoy, gedib təcrübə toplasınlar. “Bakı”nın “Atletiko” ilə əməkdaşlığını dəstəkləyirəm. Düşünürəm ki, bu cür əməkdaşlıq Azərbaycan futboluna gələcəkdə çox xeyir verəcək”.

Millimizin sabiq baş məşqçisi Şahin Diniyev Qol.Az saytına bildirib ki, hazırda Azərbaycan futbolunun durumu yüksək səviyyədə olmadığından Avropa futboluna inteqrasiya müsbət haldır: “Böyük klublarla əməkdaşlıq əla hadisədir. Lakin bu əməkdaşlıq davamlı olmalıdır. Avropa klubları bundan maddi cəhətdən xeyir götürəcək. Bu, normaldir.  Lakin əvəzində həmin böyük klubun inkişaf mərhələsinin bütün sirlərinə yiyələnmək lazımdır. Həm uşaq futbolunun inkişafını, həm infrastrukturun qurulmasını, idarəçiliyin necə həyata keçirildiyini öyrənməyə ehtiyac var. Bu əməkdaşlığın Azərbaycan futboluna çox xeyiri dəyəcək. Gələcəkdə milli komandamız üçün səviyyəli futbolçular yetişə bilər”.

Millimizin kapitanı Rəşad Sadıqov məsələylə bağlı bunları deyib: “İndiyənə qədər Azərbaycana bir çox futbol akademiyasından gəliblər. Lakin bu, davamlı olmayıb. “Atletiko” klubunun formasında Azərbaycanın adının əks olunması çox gözəl hadisədir. Bu, sevindirici haldır. Çünki “Real”la qarşılaşmanı dünyada milyonlarla insan izləyib. Əgər bu əməkdaşlıq sıx və davamlı olsa, bunun Azərbaycan futbolu üçün ancaq xeyiri dəyə bilər. Azərbaycandan İspaniyaya mütəmadi olaraq futbolçular gedərsə, inkişaf olacaq”.

 





04.12.2012    çap et  çap et