525.Az

Xarici ölkələrdə Novruz şənlikləri


 

Xarici ölkələrdə Novruz şənlikləri<b style="color:red"></b>

Xalqımızın milli adət-ənənələrini özündə yaşadan Novruz bayramı Parisdə təntənə ilə qeyd olunub.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov tədbirdə çıxış edərək Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunduğunu, Prezident İlham Əliyevin hər il bu bayramla əlaqədar xalqımızı təbrik etdiyini söyləyib.

Diplomat dövlətimizin başçısının azərbaycanlıların harada yaşamalarından asılı olmayaraq, öz doğma vətənləri ətrafında daha sıx birləşmələrinin, ölkəmizlə bağlı həqiqətləri olduğu kimi bütün dünyaya yaymalarının vacibliyi barədə müraciətini diqqətə çatdırıb. Səfir xaricdə yaşayan azərbaycanlıların daim Prezidentin dəstəyini, diqqət və qayğısını hiss etdiklərini vurğulayıb.

Tədbirdə Azərbaycan mahnıları səslənib, “Bakı ulduzları” rəqs qrupunun ifasında milli rəqslərimiz ifa olunub.

Parisdə Novruz bayramı ilə bağlı daha bir tədbir də gerçəkləşib. Azərbaycanın Dostları Assosiasiyasının təşəbbüsü, Parisin V rayonunun və ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı, Avropa- Azərbaycan Cəmiyyətinin, Parisdəki “Azərbaycan evi”nin və “Ulduz” Mədəniyyət Assosiasiyasının dəstəyi ilə meriyanın binasında milli bayramımız qeyd olunub. “Azərbaycan evi”nin fəal üzvü Mehri Quliyeva şəkərburanın hazırlanması haqda iştirakçılara məlumat verib.

Tədbirin aparıcısı Novruz bayramının xalqımızın milli bayramı olduğunu, ölkəmizin hər yerində bayram şənliklərinə ciddi hazırlıq görüldüyünü, paxlava, şəkərbura, qoğalla yanaşı, müxtəlif çərəzlərin süfrələrimizi bəzədiyini, təbiətin oyanışından xəbər verən səməninin bolluq rəmzi olduğunu diqqətə çatdırıb.

Parisin beşinci rayonunun meri xanım Florans Bertu rəhbərlik etdiyi qurumun paytaxtın mərkəzində yerləşməsi ilə yanaşı, həm də dostluq və multikulturalizmin mərkəzi olduğunu xüsusi vurğulayıb.

Mifologiya həvəskarı olduğunu bildirən mer X əsrin böyük filosofu əl-Biruninin sözlərinə istinadən Novruzun xalqları yaxınlaşdırdığını, təbiətin oyanışından xəbər verdiyini, bolluq və bərəkət bayramı kimi qeyd edildiyini bildirib.

Bütün azərbaycanlıların sevimli bayramı Novruzun üç min il ərzində qeyd olunduğunu diqqətə çatdıran Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bu bayram ənənələrinin zərdüştlükdən təzahür etdiyini, Novruzun yalnız Azərbaycanda deyil, eyni zamanda, bir çox ölkədə təntənə ilə qeyd olunduğunu bildirib. Diplomat Novruz bayramının baharın gəlişinə, təbiətin oyanışına təsadüf etdiyini, müxtəlif adət-ənənələrin yaranmasında mühüm rol oynadığını vurğulayıb.

Novruzun qeyd olunmasına fevralın sonlarında başlandığını və bayramın dörd həftə ərzində davam etdiyini xatırladan səfir martın 21-dən etibarın rəsmən yeni il təqviminin başlandığını, dünyada 300 milyon insanın Novruzu bayram kimi qarşıladığını, onun xalqlar arasında dostluq əlaqələrinin yaranmasında mühüm rolunu diqqətə çatdırıb. O, dünyanın 15 ölkəsinin, o cümlədən, Azərbaycanın təşəbbüsü ilə 2010-cu ildə BMT Baş Məclisi tərəfindən Novruzun UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini və hər il martın 21-nin Beynəlxalq Novruz Günü kimi qeyd edilməsi barədə qərarın qəbul olunduğunu bildirib.

Azərbaycan-Avropa Cəmiyyətinin Parisdəki ofisinin rəhbəri xanım Mari Letisia Kurdən cəmiyyətin Bakıda və Avropanın altı ölkəsində fəaliyyət göstərdiyini söyləyib. O, qurumun əsas məqsədinin Azərbaycan ilə Avropa ölkələri arasında əlaqələrin yaradılmasına, çoxlarına məlum olmayan zəngin mədəniyyətimiz barədə ətraflı məlumat verməyə xidmət etdiyini diqqətə çatdırıb. Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının mühüm əhəmiyyət daşıdığını qeyd edən Mari Letisia Kurdən tədbir iştirakçılarını Azərbaycana səfərə çağırıb.

Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyasının sədri deputat Jan-Fransua Mansel tədbirdə çıxış edərək qurum olaraq bütün Fransada həmvətənlərinə Azərbaycan xalqı barədə ətraflı məlumat verməyi qarşılarına məqsəd qoyduqlarını xüsusi vurğulayıb. Apreldə müasir Azərbaycanda qadınların vəziyyəti ilə bağlı konfrans keçirəcəklərini xatırladan deputat Azərbaycanın dünyəvi dövlət olduğunu, bu istiqamətdə qadınların mühüm rol oynadıqlarını, kişilərlə bərabər cəmiyyətdə geniş təmsil olunduqlarını bildirib.

Tədbir iştitakçıları Azərbaycanın tarixi ənənələrini özündə əks etdirən xalçalar və xurcunlar, heybələr, kəlağayılar, qadın və kişi geyimləri, musiqi alətlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbirdə “Bakı ulduzları” rəqs qrupunun ifası tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Qonaqlara Heydər Əliyev Fondu tərəfindən nəşr olunan, Azərbaycan tarixi, Novruz bayramı, milli musiqisi, qədim adət və ənənələri, mədəniyyəti, zəngin mətbəxi, turizm imkanları və iyun ayında ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarından bəhs edən broşürlər və kitablar təqdim olunub.

Novruz bayramı ilə əlaqədar Gürcüstanın Rustavi şəhərində də  tədbir təşkil olunub. Rustavi şəhər meriyasının və “Varlıq” Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri, dövlət və hökumət strukturlarının əməkdaşları, diaspor qurumlarının nümayəndələri iştirak ediblər.

Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşı Elcan İmamverdiyev, Gürcüstan Baş nazirinin müşaviri Savalan Mirzəyev, Kvemo-Kartli-Borçalı bölgəsinin qubernatoru Paata Xzinaşvili, şəhərin meri David Cikiyo və başqaları çıxış edərək Novruz bayramının özəlliklərindən danışıblar: “Xalqlarımızın milli bayramlarda bir yerdə olması dostluğumuzun, qardaşlığımızın və birliyimizin bariz nümunəsidir.

Sovet dövründə imperiya rəhbərliyi bəzi milli bayramların, o cümlədən, Novruzun keçirilməsinə müxtəlif üsullarla qadağa qoymağa çalışıb. Lakin Azərbaycan xalqı bütün çətinliklərə baxmayaraq, bu bayramı yaşadıb və daha da dünyəviləşdirib.

Sonra azərbaycanlı və gürcü məktəblilər, incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış ediblər.

Məktəblilərin nümayiş etdirdikləri səhnəciklər, ifalarındakı mahnı və rəqslər, xüsusilə də Kosa və Keçəlin məzəli çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

S.ABDULLAYEVA

 





21.03.2015    çap et  çap et