525.Az

Həqiqət və Rəzalət - romandan parça


 

Həqiqət və Rəzalət - <b style="color:red">romandan parça</b>

Yazıçı Əli İldırımoğlunun “Daş yağan gün” romanındakı bir epizodun bu günümüz üçün də çox aktual olduğunu nəzərə alıb oxuculara təqdim edirik. 

(Əvvəli ötən şənbə sayımızda)

Eduard Çeburdanidze sözünə fasilə verib nəyi isə deməyə tərəddüd edirmiş kimi fikrə getdi və bir siqaret yandırıb kinayə ilə:

– Qəribədir, – dedi, – siz də bəd əməlləri ilə millətini gözdən salanlara bəzəkli­düzəkli vətən fədaisi donu biçirsiniz. Azərbaycanda isə bəzən öz xeyriyyəçilərinə, milli təəssübkeşlərinə şəbədə qoşurlar. Bakıda çox olmuşam. Zeynalabdin Tağıyevin, bayaq adını çəkdiyim laçınlı Sultan bəyin... adları qara siyahıdadır. Şaumyanların, mikoyanların şəkillərini isə başlarının üstündən asırlar. Məni təəccübləndirən odur ki, mövzu qıtlığından əzab çəkən bəzi qələm adamları da sanki millətinə qənim kəsilib. Onların aynasında öz xalqının bir çox təpərli adamları baş­ayaq görünür.

Eduard Çeburdanidzenin baxışlarında acı istehza dolaşdı və Andranikin tər basmış sifətinə nəzər salaraq:

  – O barədə bəxtiniz gətirib, – dedi. – Erməni hiyləgərliyi qonşu müsəlman ölkələrində yaxşıca karınıza gəlir. Məkrli niyyətinizi altdan­altdan həyata keçirməkdə bir cansınız. Məzlum qiyafəsinə bürünüb fövqəldövlətlərin qoltuğuna qısılmaqda mahirsiniz. Güclülərin qucağında oturub, qonşulara dirsək göstərib daş atmaq köhnə adətinizdir. Amma anlaya bilmirsiniz ki, bu, sizə heç də əbədi uğur gətirə bilməz. Belə bir yanlış yolun sonunda üzləşəcəkləriniz sizi çətin ki, sevindirsin. Onda siz andraniklər, şaumyanlar, hamazaslar... dəsmal götürüb ağlamalı olacaqsınız. Həmin məqamda çətin ki, göz yaşlarınızı silən tapılsın.

Çünki heç harda üz yeri qoymamısınız. Onu da deyim ki, sizin dənizdən­dənizə xülyanız da mənə çox miskin görünür. Çünki bu cəfəng yolda itirəcəklərinizin qazanacaqlarınızdan qat­qat çox olacağına əsla şübhə etmirəm. Bax belə, mənim kupe yoldaşım, xaç qardaşım, Andranik Vazgenoviç!!

Eduard Çeburdanidze müsahibinin pərt olduğunu hiss edib çiyinlərini qaldıraraq:

– Əlbəttə, – dedi, – bu barədə münəccimlik etmək fikrində deyiləm. Ona görə də danışdıqlarım sizin üçün inandırıcı olmaya da bilər. Mən buna təbii baxıram. Lakin onu da nəzərə alın ki, bu sözləri sizə uzaq keçmişlərə, yaxın gələcəyə ekskursiya edən və başı daşdan-daşa dəyən tarixçi­alim deyir. Düz danışdığına görə aldığı ağır cəzaları qiymətli mükafat kimi qəbul edən bir alim. Başqa bir misal. Elə götürək Yerevanı.

Orada neçə türk ailəsi yaşayır?! Lakin Türkiyədə, İranda və başqa müsəlman ölkələrində məskunlaşan minlərlə erməni kefə baxır. Bunu necə anlamaq olar?! Cənab A­n­dra­nik Vaz­ge­noviç! O ki qaldı qurub­quraşdırıb ortalığa atdığınız genosid nağılına, o vaxt Türkiyədəki ermənilər milli mənsubiyyətlərinə görə yox, milli xəyanətlərinə, satqın hərəkətlərinə görə qırğına məruz qalıblar. Daha doğrusu, qurduqları tələyə özləri düşüblər. Bir də ki kənar dövlətlərin köməyi, havadarlığı, fitvasıynan siz özünüz də az türk qırmamısınız. Tarixi gerçəkliyi nəzərə alıb, qəti bir inamla deyərdim ki, andraniklərin, hamazasların, şaumyanların başçılığı ilə siz ermənilər tərəfindən müsəlmanlara qarşı əsl genosid Azərbaycanda həyata keçirilib. Bütün bunları ikimiz üçün deyirəm. Bu danışdıqlarım kupedə də qalmalıdır. Dərinə getsək, alacaqlı yox, verəcəkli çıxarsınız. Ona görə də gəl bu cür məsələləri çox da qurdalamayaq. Bir də ki, siz elə hesab etməyin ki, nəyinsə xatirinə türklərin və azərbaycanlıların tərəfini saxlayıram. Bunu ağlınıza belə gətirməyin. Anlamalısınız ki, mən də sizin kimi xristianam və ibadət üçün məscidə yox, kilsəyə üz tuturam.
Ona görə də din qardaşlarımı başqalarının ayağına vermərəm. Ancaq dinindən, dilindən, kimliyindən asılı olmayaraq, hər bir məsələyə vicdanımın qanunları ilə yanaşıb düz danışmalıyam. Ağı ağ, qaranı qara. Düzü düz, əyrini əyri. Xəmirim belə yoğrulub. Mən nə edim ki, həqiqəti danışmaq sizin xeyrinizə deyil. Çünki sizin başbilənləriniz Tanrının nəzərindən uzaq olan başqa bir yolu seçib. Özü də qorxulu, xatalı, qanlı­qadalı bir yol.

Eduard Çeburdanidzenin nəfəsi tıncıxdı. O, havasını dəyişmək üçün kupenin qapısını açıb koridor boyu o baş­bu başa bir neçə dəfə var-gəl etdikdən sonra geri döndü. Və sakitcə yerində əyləşib çənəsini ovuşdura-ovuşdura Andranikə müəmmalı nəzər yetirdi:

– Xətrinizə dəyməsin, yaman fəndgirsiniz haa, – dedi. – Mələk qiyafəsinə bürünüb, hər yerdə özünüzü başıbəlalı, yazıq, həm də hər şeyə qadir xalqın nümayəndəsi kimi göstərməkdə mahirsiniz. Ona görə də yaxın, uzaq ölkələrin, xüsusilə Amerika və Fransanın bir çox sözükeçən, nüfuzlu şəxslərini asanlıqla ovsunlayıb öz tərəfinizə çəkməyi, məkrli niyyətlərinizi həyata keçirmək üçün onlardan istifadə etməyi bacarırsınız. Bu barədə ermənilərə qibtə etmək olar. Erməni lobbisi Fransada, Amerikada senatorları, qubernatorları, dövlət məmurlarını belə barmaqlarında oynadırlar. Ermənilərdən ötəri canfəşanlıq edib, dəridən-dırnaqdan çıxan Amerika, Fransa, İngiltərə başbilənləri Azərbaycan kəndlərinin, şəhərlərinin xarabalıqlarını gözləri ilə görə bilsəydilər, yəqin ki, hansı yuvanın quşu olduğunuzu anlayıb başa düşərdilər. Və sizdən ötəri etdikləri canfəşanlığa görə xəcalət çəkib, vicdanları qarşısında özləri­özlərinə nifrət edərdilər.

Andranik dillənmədi, hesabı içəri verdi. O, alnına qonan milçəyi qovub, dərin fikrə getdi. Eduard Çeburdanidze gözlərini qıyıb müsahibindən soruşdu:

– Deyəsən, sizi yordum, yəqin yatmaq istəyirsiniz?

Andranik müsahibinin dediklərindən bezikmiş kimi narazı halda:

– Xeyr! Yorulmamışam! Sizin erməni xalqı barədə dedikləriniz yuxumu da qaçırtdı, – cavab verdi.

– Xahiş edirəm, sözlərimi təhrif etməyəsiniz, mənim erməni xalqına hörmətim var. Burada söhbət murdar hərəkətləri ilə öz xalqına qarşı xoşagəlməz fikir yaradan qatı millətçilərdən, nanəciblərdən gedir. Ona görə də rica edirəm, millətlə millətçiləri qarışdırmayın. Mən milliyyətindən asılı olmayaraq bədxah, riyakar, hiyləgər, əməlləri insanlığa sığmayan hər kəsə, hətta doğma qardaşım olsa belə nifrət edirəm. Etiraz etməsəydiniz, bu barədə başqa bir maraqlı hadisə də danışardım.

– O nə hadisədir?! – Andranik hövsələdən çıxdı:

– Görürəm, sinəniz doludur. – Əsəbi halda dilləndi. – Yəqin yenə də bizim əleyhimizə nə isə uydurmaq istəyirsiniz. Açığını deyim ki, qonşu kupelərin birində yer olsaydı, buradan rədd olub gedərdim. Cəfəng sözləriniz məni lap təngə gətirdi. Qınayan olmasaydı, siz Eduard Çeburdanidzenin mənsub olduğu dindən üz döndərib, gəzdirdiyim xaçdan imtina edərdim.

Eduard Çeburdanidze təmkinlə:

– Nahaq qəzəblənirsiniz, əzizim. Əsəbiləşməyin, – dedi. – Sizi yaxşı başa düşürəm. Doğru söz həmişə acı olur. Görürəm, dediklərimi cəfəng hesab edirsiniz. Ancaq yanılırsınız. Bayaqdan bəri danışdıqlarımın hamısı uydurma yox, təkzibolunmaz tarixi faktlardır. Hərçənd ki, siz andraniklər iftira danışmağa, uydurma fikirlər yürütməyə adət etmisiniz. Lakin bu cür qeyri­insani keyfiyyətlər mənə yaddır. Bir halda ki, vadar edirsiniz, bircə faktı da deyim, bununla da söhbətimizi bitirək... 

Eduard Çeburdanidze baxışlarına təmkinli ifadə verib müsahibindən soruşdu:

– Yəqin Üzeyir Hacıbəyov barədə eşitməmiş deyilsiniz. Azərbaycanın dahi bəstəkarını deyirəm. Onu bütün dünya tanıyır.

– Eşitmişəm! Elə­belə. Ancaq onun barəsində dərin məlumatım yoxdur. Bir də ki türk olandan sonra Üzeyir Hacıbəyov nəyimə lazımdır? Bəstəkar olmasın, lap Allahın bacısı oğlu olsun. – Andranik Poqosyan dodağını əyib ikrahla cavab verdi. – Türkün yaxşısına da lənət, pisinə də, – əlavə etdi.

Eduard Çeburdanidze kinayə ilə:

– Yanlış yoldasınız, dostum. Üzeyir Hacıbəyov sizə lazım olmasa da, mağalyanlara, manukyanlara lazımdır. Heç bilirsənmi ki, Mağalyan onun hesabına Amerikada məşhur incəsənət xadimi kimi ad­san qazanıb, var­dövlət sahibi olub?!

– Mağalyan kimdir? Onun bura nə dəxli var?! – Andranik sifətini turşutdu. Və onun şübhəli baxışları Eduard Çeburdanidzeyə zilləndi:

– Onda diqqətlə qulaq as, o barədə ətraflı danışım. Mağalyanın kim olduğunu bil.

– Eduard Çeburdanidze sözünə davam etdi. – Üzeyir Hacıbəyov Azərbaycan peşəkar musiqisinin banisidir.

Təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində ilk operanı Üzeyir Hacıbəyov yaradıb.  “Leyli və Məcnun”, “Koroğlu” operaları, “Arşın mal alan”, “O olmasın, bu olmasın” komediyaları dünya miqyasında məşhur olan neçə­neçə musiqi əsəri Üzeyir Hacıbəyovun adı ilə bağlıdır.

Dəfələrlə Stalin dövlət mükafatlarına layiq görülüb. Vaxtilə Mağalyan ona yol tapmışdı. Üzeyir Hacıbəyovun qılığına girib bir musiqiçi kimi onunla əlaqə yaratmışdı... Ancaq sonradan Üzeyir Hacıbəyova xəyanət etdi. Mağalyan yaşadığımız on doqquzuncu yüz illiyin birinci yarısında Amerikaya mühacirət etdikdən sonra orada Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasını öz adına çıxıb. Əsəri erməni operasının şah əsəri kimi təqdim edib və onun müəllifi şəxsən Mağalyanın özü olduğu barədə Amerikaya car çəkib. Utanıb­qızarmadan erməni artistlərindən ibarət truppa yaradıb. Üzeyir Hacıbəyovun “Arşın mal alan” operası Mağalyanın adı ilə Amerikanın bir çox səhnələrində tamaşaya qoyulub. Həmin illərdə erməni incəsənətinin incisi kimi Nyu­Yorkda “Arşın mal alan”ın not kitabı nəşr edilib.

Kitabın üz qabığında Üzeyir Hacıbəyov yox, Mağalyanın adı yazılıb. Bəli, bu, danılmaz bir həqiqətdir.Onda az qala bütün Amerika əl çalırdı ki, ermənilərin Mağalyan kimi dahi, əlçatmaz musiqiçisi zühur olub. Əhsən belə musiqi xadiminə!! Bu minvalla Mağalyan “Arşın mal alan” operettasından əldə etdiyi gəlir hesabına külli var­dövlət sahibi olur. Özünə təmtəraqlı ev alır. Binanın fasadında “Arşın mal alan” yazdırır. Mağalyan bu cür əyri yolla varlandıqdan sonra komediyanı ekranlaşdırmaq hüququnu kinorejissor Ruben Manukyan adlı başqa bir erməniyə satır. Beləliklə, erməniləşmiş “Arşın mal alan” filmi Manukyanın adı ilə ekranlara buraxılır. Amerika və İran şəhərlərinin divarlarını bəzəyən afişalarda musiqi müəllifi Kuşnerev, ssenari müəllifi Manukyan, rejissor Tiqranov yazılır. Qısası, Üzeyir Hacıbəyovun “Arşın mal alan”ı bir qrup erməni fırıldaqçısının girovuna çevrilir.

Eduard Çeburdanidze sərt baxışları ilə Andranik Poqosyanı təqib edərək:

– Axırı da, bilirsən də necə qurtardı?! – Müsahibinə yoxlayıcı sual verdi.

Andranik Poqosyan dillənmədi. Eduard Çeburdanidze söhbətinə davam etdi:

– Axırda da vaxtilə Üzeyir Hacıbəyovun orkestrində violonçel çalan Okorkov Amerikaya köçəndə, bütün bu həngamələrdən xəbər tutur və məktub vasitəsilə əhvalatı olduğu kimi Üzeyir Hacıbəyova çatdırır. Belə bir ağlasığmaz xəbər operettanın əsl müəllifi olan Üzeyir Hacıbəyovu bərk sarsıdır. O, məsələni Azərbaycan hökumətinin başçılarına bildirir. Və SSRİ xarici işlər naziri Molotova ərizə ilə müraciət edir. Molotovun köməkçisindən cavab gəlir ki, Sovet İttifaqı müəlliflik hüquqlarının müdafiəsi üzrə beynəlxalq sazişi imzalamamışdır. Üzeyir Hacıbəyovun müəlliflik hüququ barədəki tələbinin həlli imkanımız xaricindədir.

Nəhayət, Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasının xaricdə bir qrup fırıldaqçı tərəfindən erməniləşdirilməsi əhvalatı Stalinə çatdırılır. Sən demə, Stalin hələ 1938­ci ildə Azərbaycan incəsənəti ongünlüyündə “Arşın mal alan” tamaşasına baxıb və bu əsərə heyran olub. Hətta Stalin deyib ki, “Arşın mal alan”a inqilabdan əvvəl də baxmışam. Yaxşı xatirimdədir, onda operettanın ürəyəyatan mahnıları Gürcüstanda dildən­dilə düşmüşdü. Stalin düşünür ki, okeanın o tayında fəaliyyət göstərən şirkətlərə nəyi isə qadağan etmək bir qədər müşkül məsələdir. Odur ki, öz əsərimizi özümüz kinolaşdırıb dünya ekranlarına buraxaq. Qoy bütün kürreyi­ərzə əyan olsun ki, “Arşın mal alan”ın əsl yaradıcısı kimdir? Belə də edilir. Böyük Vətən müharibəsinin qanlı­qadalı illərində SSRİ Kinematoqrafiya Komitəsinin sədri Bolşakova göstəriş verilir ki, “Arşın mal alan” filmi yüksək səviyyədə çəkilib bütün dünya ekranlarında nümayiş etdirilsin. Ağır döyüş getdiyi bir dövrdə “Arşın mal alan” filminin çəkilişi üçün dövlət büdcəsindən beş milyon manatdan artıq vəsait ayrılır. Əsər 1945­ci ildə ekranlara buraxılır. Beləliklə, mağalyanların, manukyanların iç üzü açılır...

Eduard Çeburdanidze nəfəsini dərib özünü cəmləşdirərək:

– Bax, mənim kupe yoldaşım, dediyim haqq sözlərə görə xaçından imtina etmək istəyən din qardaşım, – dedi. – Bu cür rüsvayçı faktlar məgər birdir, beşdir?! Hansını deyim?! Sözümün canı odur ki, adam eybinə kor olar... Amma sizlər... Erməni faşizmini darmadağın eləyib, Hitlerin kürəyini yerə qoyan Sovet hökuməti kimi nəhəng bir dövlət üç­dörd nəfər fitnəkar erməninin öhdəsindən gələ bilmirdi. Az qalıb ki, ayı və ulduzları da öz adınıza çıxıb erməniləşdirəsiniz. Düzünü deyəndə niyə acığınız gəlir?! Deyilənlərə görə, bəzi erməni cızmaqaraçıları iddia edir ki, guya Amerikanı ilk dəfə ermənilər kəşf eləyib... Eşidəndə bişmiş toyuğun gülməyi gəlir.

Eduard Çeburdanidzenin qaşları çatıldı:

– Məni qınama, dostum, din qardaşım, nə etməli, xislətim belədir. Düz söz gələndə saxlaya bilmirəm. Yeri düşəndə deməliyəm. Həmişə də dilimin bəlasını çəkirəm. Ona görə də rica edirəm, məni bağışla, hörmətli An­dra­nik Po­qosyan! – Eduard Çeburdanidze axırıncı kəlmələri kinayə ilə dedi.

Andraniki tər götürmüşdü. O, müsahibinin dediyi sözlərin təsirindən, rinqdə ağır nokaut alan özündən müştəbeh boksçunun vəziyyətinə düşdü və ağzını açıb Eduarda qarşı narazılığını bildirmək istəyəndə, kupenin qapısı açıldı. Vaqon bələdçisi başını içəri salıb, tələsik və həm də tələbkar bir səslə:

– Vətəndaşlar! Vətəndaşlar! Şəhərə çatmışıq! Artıq vağzaldayıq! Hazırlaşın! Hazırlaşın! – deyib qarşı-qarşıya oturmuş sərnişinlərdən cavab gözləmədən yan kupelərə keçib, eyni sözləri dönə­dönə təkrar etməyə başladı.

Andranik nə demək istəyirdisə, sözü ağzında qaldı. Onlar tələm­tələsik yır­yığış eləyib ağızucu xudahafizləşdilər və bir­birinin üzünə baxmadan yumşaq kupeni tərk etdilər.

lll

Andranik sevimli qızı Silvanı tapanda xeyli sevindi. Silva atasının bir neçə ay bundan əvvəl gördüyündən də gümrahdı. Heç bir azar­bezarı yox idi. Atasına teleqram vurmaqda məqsədi başqa idi. Nərmənazik bədəni, cazibədar görkəmi ilə məktəbdə hamını hayıl­mayıl edən, utanıb çəkinmədən oğlanlarla açıq­saçıq danışıb min oyundan çıxan Silva, valideynlərinin xəbəri olmadan, kafedra müdiri və texnika sahəsində nadir ixtiraçı olan Solomon Betker adlı bir yəhudini, tovlayıb yoldan çıxardıb və Yelena adlı arvadını boşadıb ona ərə gedib, özüdə Yelena iki uşağın anası ola-ola. Sən demə Solomon Betker özündən iyirmi yaş kiçik tələbəsi Silva ilə hələ üçüncü kursdan ər­arvad kimi yaşayırmış. Silva sonuncu kursda boynuna uşaq düşəndə hansı yolla olursa olsun, Yelenanı boşatdırıb Betkerə ərə getmək qərarına gəlir. Və fikrini müəlliminə açıb deyəndə, Betker sarsılıb çıxılmaz vəziyyətə düşür. Solomon Betker Silvanın xarici gözəlliyinə bənd olub, onunla eyş­işrətə qurşanmasının nə kimi acı nəticələr verə biləcəyini anlayıb başa düşəndə dəhşətə gəlir. Silvanın qarşısında kiçilib diz çökür, günahlarını etiraf edir və yalvarıb ­yaxarır ki, məşuqəsi bu fikirdən dönsün və uşağı tələf etdirsin. Silva isə dediyindən dönmür. Müəllimini, məsələni açıb­ağardacağı, onu zorla bədbəxt etdiyini aləmə car çəkəcəyi, partiyadan, vəzifədən qovduracağı, həm də məhkəmə qarşısında oturdacağı ilə hədələyir. Arvadını boşayıb onunla evlənməyəcəyi təqdirdə özünü intihar edəcəyinə and içir.

Betker vəziyyətdən çıxmaq üçün Silva ilə evlənmək məcburiyyətində qalır. Beləliklə, fizika elmləri doktoru Solomon Betker ərə getməli qızını, evlənməli oğlunu, orta məktəblərin birində riyaziyyat müəllimi işləyən arvadı Yelenanı atıb Silva ilə ailə həyatı qurmalı olur.

Andranik Poqosyan bunu biləndə əvvəlcə hirslənib özündən çıxdı və qızının bu özbaşına əxlaqsız hərəkətinə görə pərt oldu. Hətta Silvaya əl qaldırmaq istədi. Lakin biləndə ki, Betker Silvadan yaşlı olsa da, fizika sahəsində tanınmış alimdir, o dəqiqə hirsi soyudu. Ona görə də, ata daha da şad oldu və qızına güldən ağır bir söz demədi. Əksinə, belə bir nikahdan məmnun olub, Silvanın saçlarını sığallayıb onun alnından öpdü.

Çünki Andraniki düşündürən qızının uğursuz ailə həyatı yox, hər yerdə sözü ötən ixtiraçı alimlə qohum olması idi. Aydın məsələdir ki, böyük nüfuz sahibi olan Betker, istər­istəməz hər yerdə gənc arvadının mənsub olduğu millətin tərəfini saxlayıb, təəssübünü çəkəcəkdir. Andraniki də cavan qızının gələcək taleyi yox, yaşlı yeznəsinin nüfuzlu alim olması maraqlandırırdı.

Odur ki, Andranik bu sevdanı eşidəndə qanadı olsaydı, uçardı. O düşünürdü ki, Silva xanımın xatiri xoş olsun deyə, qoca kürəkən neçə­neçə ermənini qanadına alıb onlara himayədarlıq edəcək. Solomon Betkerin təkcə institutda deyil, Kremlin özündə belə bir sözü iki deyildi. Andranik qızının dərrakəsinə heyran qalmışdı. Bir də ki, axı, Solomon Betker yaşlı adamdır. Bu gün­sabah başını yastığa qoyandan sonra ixtiralarından əldə etdiyi külli­varidatın yeganə sahibi Silva xanım olacaqdır. Varlı bir xanım üçün sinov gedən cavan­cavan oğlanlara nə gəlib?! Bir sözlə, Andranikin də, Silva xanımın da bəxti hərtərəfli gətirmişdi. Uzaqgörənliklə onu yaxşı anlayan Andranik, Solomon Betkerlə yeganə qızı Silva Poqosyanı ürəkdən təbrik etdi. Gec də olsa, yaxın­uzaq qohumların, dosttanışların iştirakı ilə çox da geniş olmayan mənzilin nisbətən iri zalında on beş­iyirmi nəfərlik xudmani məclis qurub yaşca bir­birindən xeyli fərqli olan Solomon Betkerlə Silva Poqosyanın yeni ailə həyatı qurmaları münasibətilə təbrik edib, bəylə gəlinə xoş gələcək arzuladılar. Məclisə dəvət olunanların əksəriyyəti erməni idi. Onların arasında Solomon Betkerin qohumlarından demək olar ki, heç kəs gözə dəymirdi. Solomon Betkerin təkidli xahişi ilə onun cəmi üç nəfər iş yoldaşı mərasimə təşrif gətirmişdi.

Andranik Poqosyan sevindiyindən qanadı olsaydı, uçardı. Onun və qızı Silvanın yaxınları şən davranışları ilə Solomon Betkerlə yaranan belə bir qohumluqdan son dərəcə məmnun olduqlarını və bununla fəxr etdiklərini aydınca büruzə verirdilər. Silva ərinə olan ehtiramını nümayiş etdirirmiş kimi nəvazişlə onun qabağındakı qab­qacağı tez­tez dəyişdirir, qədəhinə konyak süzür, hərdən özünün bəzəkli ipək dəsmalını çıxarıb onun yağlaçov dodaqlarını, alnında puçurlanan təri silirdi. Andranik içkinin təsirindən qızarmış sərxoş baxışlarını məchul bir nöqtəyə zilləmişdi. Hiss olunurdu ki, qızının süfrə başında ərinə göstərdiyi bu cür həzin nəvazişdən məmnundur. Və daxilən düşünürdü ki, “Afərin Silva! Solomon Betkeri seçib-sevməkdə necə də məharətlisən. İndən sonra Solomon Betker bizim dediyimizlə oturub­duracaq, çaldığımızla oynayacaq, hər yerdə millətimin təəssübünü çəkəcək, andraniklər nəslinin sözünü deyəcək. Böyük nüfuz sahibi olan belə bir yəhudi aliminin türkün düşmənləri tərəfinə keçməsi bilirsən nə deməkdir?!
Anandan əmdiyin süd, mənim verdiyim çörək sənə halal olsun, Silva!! Mənim ağıllı, dərrakəli qızım! Bizim Silvanın hesabına Solomon Betkerlərin sayını artırıb, nəinki Ağ evdə, Kremldə, Yelisey sarayında əyləşənləri, bütün dünyanı ayağa qaldırıb hamını inandırarıq ki, doğrudan da türklər erməniləri qırıb genosid eləyib. Nə olsun ki, sən cavansan, mənim Silvam?! Düzdür, Solomon Betker yaşca atan yerindədir.  Yaxşı bilirəm ki, ondan sənə ər çıxmaz. Ancaq sən məndən ağıllısan, düz yol seçmisən, Silva!

Solomon Betker kimilərin hesabına Amerikada, Fransada türklərə qarşı nifrət yaradıb yüzlərlə, minlərlə sözükeçən adamı inandırmışıq ki, türklər bizi genosid eləyib. Amerikanın, Fransanın bir çox iqtidar, ixtiyar sahibləri az qalıb ki, bizdən ötəri göz yaşı töksünlər və genosid qurbanlarına yas tutub ağlasınlar. Mənim ağıllı qızım Silva! Solomon Betkeri ovsunlayıb ələ keçirməklə heç bilirsən bizim andraniklər nəslinə necə fövqəladə xidmət göstərmisən?! Mənim kamallı qızım! Məni qınayan olmasaydı, elə buradaca, hamının gözü qabağında ayağa qalxıb səni bağrıma basardım, dönə­dönə o qırmızı pamadalı dodaqlarından öpərdim. Atan olsam da heç vaxt ağlıma gətirməzdim ki, sən bu qədər uzaqgörən, ağıllı, fəndgirsən, mənim Silvam!”

Solomon Betker isə özünü heç də təzə bəy kimi aparmırdı. Onun müəmmalı davranışından hiss olunurdu ki, Solomon Betkerin daxili aləmində gizli bir fikir dolaşır. O, tez­tez məclisdəkilərə üzrxahlıq edib ayağa qalxır, balkona çıxıb siqaret tüstülədir və yenə də fikirli­fikirli geriyə dönürdü. Silva xanım onun müəmmalı davranışını başa düşüb, incə barmaqlarını Solomon Betkerin boyun­boğazında, nazik qırışlar düş- müş sir­sifətində gəzdirirdi ki, yaşlı sevgilisinin eyni açılsın və ətrafdakılardan həya eləmədən tez­tez qolunu Betkerin boynuna salıb, təravətli yanaqlarını onun təzəcə qırxılıb ətirlənmiş batıq sifətinə söykəyirdi.

Süfrəni dövrəyə alan qonaqlar isə öz aləmindəydi. Onlar növbə ilə ayağa qalxıb bəlağətli sözlərlə bəylə gəlinə təriflər deyib, əllərindəki dolu qədəhləri həvəslə bir­birinə toxundurub cingildədirdilər. Silvanın rəfiqələri yanaşı oturduqları ərlərinin qulağına nə isə pıçıldayıb xısın­xısın gülürdülər. Onların gülüşündə incə bir istehza olduğunu Andranik Poqosyandan başqa məclisdəkilərin heç biri eyninə almırdı.

(Ardı var)

 





23.03.2015    çap et  çap et