525.Az

Rəsul Rza poeziyasında milli qurtuluş motivləri


 

Rəsul Rza poeziyasında milli qurtuluş motivləri <b style="color:red"></b>

XX yüzilin poetik təfəkküründə izini və imzasını qoyan qüdrətli sənətkarlardan biri Rəsul Rzadır. Bu cəhətdən onu dünya poeziyasını öz estetik təcrübələri və yenilikləri ilə zənginləşdirən Giyom Apolliner, Vladimir Mayakovski, Nazim Hikmət, Emil Verxarn, Pol Elyuar, Eduardas Mejelaytis və başqa ölməz klassiklərlə müqayisə etmək olar.

Öz əsrinin ən yüksək və qabaqcıl ictimai-fəlsəfi fikirlərinə və qayələrinə münasibətdə də Rəsul Rza novator şairdir. Xüsusən, əsrin azadlıq ideyasına və obrazına yanaşmada R.Rza bənzərsiz sənətkardır. Bu mövzu və obraz yaradıcılığının bütün mərhələlərində onu narahat etmiş və dərindən düşündürmüşdür. Azadlıq problemini həm milli, həm də ümumbəşəri müstəvidə bədii təhlil və tərənnüm etməyi bacaran nadir ədəbi simalardan biri məhz Rəsul Rzadır.

XX əsr poeziyasında Azadlıq haqqındakı ən gözəl şeirlərin Sovet İttifaqında – dünyanın ən böyük imperiyasında yaşayan xalqların ədəbiyyatında yaranmasını təbii və zəruri saymaq olar. Həmin böyük və gözəl şeirlərin bir qismi türk dillərində yazan şairlərə məxsus idi. Burada onlardan bəzilərini – Əbdürauf Fitrətin “Türküstan”, “Əmir Teymurun məqbərəsi”, Əbdülhəmid Süleyman oğlu Çolpanın “Tutqun” (“Əsir”), “Gözəl”, Musa Cəlilin “Quşcuğaz”, Səməd Vurğunun “Körpünün həsrəti”, Qafur Qulamın “Həsrət”, “Türksib yollarında”, Mikayıl Müşfiqin “Küləklər”, Aybəkin “Vətən”, “Dağ çiçəyi”, Həmid Alimcanın “Muqanna” və sair əsərləri vurğulamaq yerinə düşər.

Azərbaycan poeziyasının bu yöndəki mənəvi-estetik axtarışları da özünün xarakteri və mahiyyəti ilə son dərəcə mürəkkəbdir. Milli-mənəvi xilas və qurtuluş barəsindəki iztirablı düşüncələri M.Ə.Sabir və M.Hadinin,  H.Cavid və C.Cabbarlının, Ə.Cavad və M.Müşfiqin yaradıcılığında müşahidə edirik. Həmin dövr Azərbaycan poeziyasında milli ideal və azadlıq arzularının ifadəsi nöqteyi-nəzərindən S.Vurğun və R.Rzanın yaradıcılığı ayrıca bir təmayüldür.

Xüsusən, R.Rzanın milli tale və azadlıqla bağlı bədii-fəlsəfi düşüncələri həmin şeirlərin yazılmasından yetmiş il, altmış il, əlli il keçməsinə baxmayaraq hələ də qəlbimizə hərarətli heyrət bəxş etməkdədir. Bu mövzuda Rəsul Rzanın bir  neçə şeiri var: “Azadlıq günü”,  “Azadlıq heykəli”, “Azad torpaq çiçəkləri”, “Azadlıq” və s. Bu şeirlərdə Rəsul Rzanın bir ictimai-siyasi və fəlsəfi məfhum kimi Azadlıq haqqında düşüncə və görüşləri əks etmişdir.

Öz ədəbi yaşıdları və müasirləri arasında azadlıq haqqında çox və yaxşı yazan sənətkarlardan biri kimi Rəsul Rza diqqəti cəlb edir. Rəsul Rza lirikasında Azadlıq motivinin ifadəsi ilə bağlı mühüm fikirlər söyləmək olar. Onun bu mövzudakı əsərləri ömrünün və yaradıcılığının müxtəlif dövrlərində qələmə alınıb. Şairin azadlıq haqqındakı ilk əsərlərindən biri “Azadlıq günü” 1945-ci ildə, “Azadlıq heykəli” şeiri 1954-cü ildə, “Azad torpaq çiçəkləri” 1955-ci ildə, “Azadlıq” şeiri isə 1962-ci ildə yazılıb. “Azadlıq günü” və “Azad torpaq çiçəkləri”, eyni zamanda, “Azadlıq heykəli” və “Azadıq” şeirləri öz sərlövhələri ilə də diqqəti cəlb edir. Bir tərəfdən, siyasi qətllərin adi həyat tərzinə çevrildiyi bir cəmiyyətdə, Stalin səltənətində Azadlıq sözünün (həm də arzusunun!) vurğulanması böyük və unudulmaz bir hadisə idi. İkinci tərəfdən isə, bu şeirlərdə ustad sənətkar öz zamanının fövqünə yüksələ bilmişdi.

Xüsusən, “Azadlıq heykəli” (1954) şeiri özünün məna tutumuna və pafosuna görə XX yüzil Azərbaycan poeziyasında fərqlənir. “Azadlıq heykəli”nin mətnini dəfələrlə oxuyarkən bu şeirin sətirləri arasında və altında sözlə ifadəyə sığmayan mənaların da mövcud olduğunu sövqi-təbii hiss edirsən. Poetik mətndəki özünəməxsus təkrar və təkrirlər sanki müəllifin sözlərdə əks etməyən istəyini müəyyən hədəfə yönəldir. Amerikadakı məşhur Azadlıq heykəlinin oyatdığı təəssüratlar zəminində yazılmış şeiri ustad sənətkar, ümumən, azadlıq haqqındakı fəlsəfi şeirə çevirə bilib. Bu şeirin özünəməxsus süjet və kompozisiyası şairin demək istədiyi fikrin açılmasına və emosional bədii ifadəsinə yönəlib. Müəllifin seçdiyi lirik təhkiyə üsulu, lirik təkid və təkrirlər şeirin konsepsiyasını gerçəkləşdirməyə xidmət edir. Şeirin proloqu üç hissədən ibarətdir və hər hissə də eyni sözlə – “Deyirlər” xəbəri ilə başlanır.

Deyirlər, Nyu-Yorkda
bir Azadlıq heykəli var.
Nə qədər qalxsa
okeanda dalğalar,
yenə
yolçular görür onu
sahilə xeyli qalmış.

Lirik proloqun ikinci hissəsində də Azadlıq heykəlinin təsviri və təqdimi davam edir. Bu hissədə də Azadlıq heykəlinin möhtəşəmliyi vurğulanır: “Deyirlər, Nyu-Yorkdakı azadlığın heykəli göydələn binalar kimi ucalmış. Yanar bir məşəl tutur onun sağ əli”. Və nəhayət, lirik proloqun növbəti – üçüncü hissəsində də onun hədsiz yüksəkliyi və ucalığı, gecə-gündüz belə hər yandan görünməsini şair xüsusi bir maraqla diqqətə çatdırır:

Deyirlər,
gecə-gündüz
hər yandan görünür
bu Azadlıq heykəli.

Müəllifin bu üç parçanı mətndə ardıcıllıqla verməsi, bizcə, təsadüfi deyil. Çünki Rəsul Rza kimi təcrübəli bir sənətkar şeirdəki nəinki hər bir söz və ifadəni, hətta süjetin və fikrin ardıcıllığını, durğu işarələrinin özünəməxsus poetik funksiyasını da nəzərə alırdı. Heç bir səbəb və müəyyən bir poetik məqsəd olmadan müəllif şeirdə, təxminən, eyni bədii informasiyanın təkrarlanmasına yol verməzdi. Üçüncü hissədən sonra gələn aşağıdakı sətirlərdə müəllif bədii niyyətinin ciddiliyinə işarə edir:

Kim acdırsa
bu heykəlin ətəyində,
gedib-gələnə
azad
əl aça bilər.  

Bu Azadlıq heykəlinin insanlara verəcəyi başqa bir mühüm imtiyazı da müəllif vurğulayır: “Kim yurdsuz-yuvasızdır – burda gecələyib, polis görəndə, bacarsa, qaça bilər”. Beləliklə, “Azadlıq heykəli” şeiri çoxmənalılığı və çoxqatlılığı ilə diqqəti çəkir. Müəllif şeirdə bu heykəlin əzəmətini və məşhurluğunu təkid etməklə bir neçə məqsədi nəzərdə tutub. Birincidən, azadlığa başı göylərə dəyən heykəl qoymaqla əsl azad olmaq arasında yerlə göy qədər fərq var. Yəni şair Amerikanın Azadlıq heykəlinin əzəmətini dəfələrlə vurğulamaqla bunun heç nəyi həll etmədiyini söyləmək istəyib. İkincidən isə, azadlıq haqqında səhərdən-axşama kimi hay-küy salınan, danışılan başqa ölkələrdə də azadlığın yoxluğuna işarə edib.

Şairin bədii-fəlsəfi məqsədini heykəlin tərifindən sonra gələn parçalarda əks edən “azadlıq imkanları” və imtiyazları da təsdiq edir. Azadlıq heykəlinin altında azad və sərbəst dilənçilik etmək mümkündür, əgər polis imkan versə, evsiz-eşiksizlər, yurdsuz-yuvasızlar burada gecələyə də bilər. Görürsünüz, dünyanın ən yüksək azadlıq heykəli ucaltmış ölkəsində belə, xoşbəxt yaşamaq imkanları məhduddur. Bununla şair Amerika azadlığını səciyyələndirməklə kifayətlənmir, həm də azadlığı bayraq edən və onu özünün siyasi simvolu kimi dünyaya elan edən ölkələrə də öz münasibətini bildirmiş olur.

“Azadlıq heykəli” şeirinin azadlıq haqqındakı mədhiyyə olmadığını şeirin əsas qayəsini və fəlsəfəsini ifadə edən aşağıdakı misralar da ayıq oxucuya əyan edir: “Deyirlər, bir gün bir dili dinc durmaz, bu heykələ baxıb bir az, demişdir: bəli! Hər şey yerindədir. Burda böyük məna var, – və məna dərindədir”. Dərindəki mənanı isə şair öz lirik personajlarından birinin dili ilə son dərəcə aydın və kəskin ifadə etmişdir:   

Adətən
ölüyə qoyarlar heykəli.
Bu heykəli də yerində qoyublar,
Çünki
burda
azadlığın dərisini
çoxdan soyublar.

Həqiqətən bu şeir ifadə etdiyi fikir və düşüncələrə görə, son dərəcə qeyri-adidir. Müəllifin irəli sürdüyü və müdafiə etdiyi poetik həqiqətin miqyası hədsiz geniş, məna çalarları zəngin və rəngbərəngdir. Bu şeir üzərində düşünərkən, qeyri-ixtiyari olaraq, iyirminci yüzilin görkəmli klassiklərindən biri Pyer Reverdinin sözlərini xatırlayırsan: “Şairlər gələcəkdən xəbər vermirlər, amma indiki zaman gerçəkliyindən bəzən elə şeyləri duyurlar ki, onlar çoxlarına yalnız gələcəkdə məlum olur”.  

“Azadlıq heykəli” şeiri rəmzi məna və məzmunla yoğrulmuşdur. Rəsul Rza poeziyasında bu cür poetik nümunələr az deyil. Şair təsvir etdiyi hadisə və lövhələr haqqında nəticə çıxartmağı oxucunun öz öhdəsinə buraxır. Bizim poeziyamızda assosiativ şeirin banisi kimi Rəsul Rza şeirin məna və məzmununun formalaşmasında oxucunun iştirakını təmin edən qüdrətli sənətkarlarımızdan biridir. Şair, zatən, Amerikada və ya hansısa bir ölkədə azadlıq yoxdur, demir, əksinə, azadlığı bayraq edən ölkələrdə azadlığın məhdudluğunu əyani şəkildə göstərir. Hətta müəllifin birbaşa müdaxiləsi və təsəllisi də şeirin yaratdığı təəssüratı, həqiqətin amansızlığını dəyişə bilmir: “Yox! Azadlıq ölməmişdir Amerikada belə! Qolları bağlı olsa da, hər addımda döyülsə də, boğulsa da yaşayır o...”

Azadlıq problemini şair təkcə Amerika gerçəkliyi əsasında dəyərləndirmədiyi şeirin ümumi məna və məzmunundan bəlli olur. Azadlığın əlçatmazlığı həm Qərb, həm də Şərq müstəvisində əks etdirilib. Ümumən, insan və onun mənəvi dəyərlərini ümumdünya kontekstində qiymətləndirmək konsepsiyası ustad sənətkarın əksər şeirlərində nəzərə çarpır. Bu – Rəsul Rzanın üslubudur. Məsələn, “İnsan şəkli” şeirində də müəllifin estetik fikri və məqsədi bu yöndə hərəkət edir. Şair nəinki insanın bugünkü vəziyyətini, hətta onun tarixi-mənəvi fəaliyyətini və azadlıq  arzularını da bir ölkə, bir millət misalında deyil, dünyanın iki əsas qütbü – Şərq və Qərb müstəvisində nəzərdən keçirir və qərar verir. “Bir insan şəkli asacağam, bir yanında Nəsimi – dabanından soyulandan sonra. Bir yanında məşəl kimi yanmış azəri qızı – tunc heykəli qoyulandan sonra. Bir yanında Cordano Brunonun külü. Bir yanında Məmmədhəsən kişi – ömrü, günü yollara tökülü”. Müəllif insan və azadlıq tarixinin deyil, onların bugününün də eyni dərəcədə amansız və dözülməz faciələrdən ibarət olduğunu göstərməyi də vacib sayır: “Bir yanda Osvensim, minlərlə insan dizi bükülü. Bir yanda yolları insanla döşənmiş – Kalıma. Bir yanda Xirosima – ölü. Bir tərəfdə Fərhad, Şirin, Kərəm, Əsli. Bir tərəfdə İsrafil, Qafur, Qastello, Lorka – Prometeylər nəsli”. Bütün bu və başqa poetik müqayisələr “Azadlıq heykəli” şeirində təkcə Amerikanın ictimai-siyasi gerçəklikləri deyil, bütün dünyanın, xüsusən də bizim mənsub olduğumuz regionun həqiqətlərinin də əks etdiyini söyləməyə əsas verir.

“Azadlıq” (1962) şeirində də ustad sənətkarın əsrin ən zəruri məsələsi və insanın ən ali arzusu haqqında düşüncələri yeni və özünəməxsus müstəvidə davam etdirilmişdir. Bu şeirdəki insan azadlığını və əsarətini səciyyələndirən metaforalar həqiqətin sərt və amansız ifadəsi kimi gözəldir: “Qara bir gündə yaralı bir ölkənin üstündə dikəldi: qüvvətdən sərxoş, qan ləkəli bayraq. Günəşli bir gündə qəzəbli bir ölkənin üstündən endirildi ölüm kölgəli bayraq”. Şair azadlığı həm də adi və sadə bir mənəvi ehtiyac kimi təsvir edir. İnsanın havaya, suya və günəşə olan ehtiyacı necə təbiidirsə, azadlığa olan həsrəti və mənəvi tələbi də eynən o qədər və o dərəcədə qarşısıalınmazdır. Azadlığa can atmaq insanın varlığının və mahiyyətinin ifadəsidir:

Qollarını geniş-geniş açdı insan.
Qucaqlaşdı
günəş,
hava,
torpaq. 

Afrikadakı bir ölkənin azadlığa qovuşmasına sevinən şairin “qan ləkəli bayrağın” dikəlməsindən və “ölüm kölgəli bayrağın” isə endirilməsindən duyduğu sərhədsiz sevincdə öz ana yurdunun, öz ana Vətəninin gələcək istiqlal sevincləri də yaşayırdı. Şairin dünyanın ən ucqar nöqtəsindəki azadlıq sevincinə və qələbəsinə şərik olması, onlarla həmrəyliyi əsrin ən qüdrətli lirik qəhrəmanlarından birinin bilavasitə öz taleyinə və tərcümeyi-halına münasibətini, milli-mənəvi və estetik idealının əsas əlamətlərini və parametrlərini də ifadə edirdi.     

Azadlıq arzuları şairin “Qəribə arzular” (1959) şeirində də özünəməxsus üslubda – rəmzi-metaforik şəkildə ifadə olunub. Bu şeirin poetikası – lirik süjeti və kompoziyası, obrazlar sistemi və onların qarşılıqlı əlaqəsi çox məharətlə düşünülüb. Müəllifin bədii konsepsiyası poetik bəyanda deyil, məhz obrazların mahiyyətində və bir-biri ilə əlaqəsində öz əksini tapıb. Ümumən, fikrin açıq və çılpaq ifadəsinə R.Rza poeziyasında, demək olar ki, rast gəlmirik. Müəllifin bir sıra manifest və proqram yönlü şeirlərini nəzərə almasaq, o, həmişə şeirin yüksək bədii ifadəsinə xüsusi fikir verdiyi əsərlərində nəzərə çarpır. “Qəribə arzular” şeirində də belədir. Azadlıq arzuları bu şeirdə necə və hansı yolla əks etdirildiyini dərk etmək bəlkə də hazırlıqsız oxucu üçün müəyyən dərəcədə çətinlik törədə bilər. Amma “Qəribə arzular”ı XX əsr şeirimizin şedevrinə çevirən də məhz bu xüsusiyyətdir. Əslində şair öz bədii niyyətini elə sərlövhədəcə bildirib. Nəyə görə şeiri “Arzular” yox, məhz “Qəribə arzular” adlandırıb? Əslində bu şeir hamının hər gün yaşaya bilmədiyi, yalnız milli və ictimai zaman kontekstində düşünməyi bacaran nadir insanlara məxsus və buna görə də hamı tərəfindən dərhal duyulmayan, anlanmayan təkrarsız bir yaşantı haqqındadır: “Axır günlər məni düşündürür yaman Danəndə Bəhlul, bir də “Min bir gecə”nin dolaşıq yollarındakı qara qul. Bir də kefli İskəndər. Bəli, kefli İskəndər”.

Bu parçada müəllifin bizə təqdim etdiyi üç obraz – Bəhlul Danəndə, qara qul və kefli İskəndər, qeyri-ixtiyari olaraq, oxucunu düşündürür. Müəllif öz yaşantısını və düşüncələrini nəyə görə məhz bu obrazlar ətrafında mərkəzləşdirib? Bu suala qısaca və natamam belə cavab vermək olar; Bəhlul Danəndəni və “Min bir gecə”dəki qara qulu şeirin yazıldığı məkan müəllifə sanki assosiativ tərzdə “diqtə edib”. Belə ki bu şeir Bağdadda yazılıb və Bağdad təəssüratları müəllifdə bu cür duyğusal düşüncələr oyatması da təbiidir. Bəs kefli İskəndər? Kefli İskəndər isə təbii ki, Bəhlul Danəndə obrazının əks-sədasından doğulub. Şərqin qədim və yeni, əbədi narahat düşüncə simvolları... Amma şeirin sonrakı sətirləri zamanca və məkanca bir-birindən son dərəcə uzaq olan bu obrazların təsadüfən seçilmədiyini göstərir: “Bir də Afrikanın qumlarında göz-göz, yara kimi açılmış faciələr. Bir də azadlıq, kaloniya, qüvvət, ədalət kimi sözlər. Bir də Madriddə korridalarda, al qanına boyanmış matadorlar, öküzlər”.  “Azadlıq”, “kaloniya,” “qüvvət”, “ədalət” və “qanına boyanmış matadorlar”, “öküzlər” kimi obrazlardan sonra müəllifin qoca Şərqin ən sərbəst və azad düşüncəli insanlarını və obrazlarını düşünməsi, onların adını çəkməsi isə  təbii ki, bu obrazlar arasında dərin və assosiativ bir əlaqə yaradır. Bu assosiativ əlaqə isə Bəhlul Danəndə və kefli İskəndər obrazlarına yeni estetik impuls və məzmun bəxş edir.   

Hər şeydən artıq
düşündürür məni
Danəndə Bəhlul,
Yox, kefli İskəndər.

Məhz bu parçada biz şairin əsas poetik məqsədi ilə yaxından tanış oluruq. Şeirdəki məşhur obrazların potensial mahiyyətini və mənasını buradakı ayrı-ayrı ifadə və informasiyalar daha da qabardır. Şərqin ən sərbəst düşüncəli şəxsiyyətləri Bəhlul Danəndə və kefli İskəndər, bir də qara qul müəllifi nəyə görə iztirablı düşüncələrə qərq etdiyini dərk etməyə başlayırıq. Bağdadın, Afrikanın, Ərəbistanın qumlarındakı “göz-göz yara kimi açılmış faciələr” haqqındakı duyğusal düşüncələr təkcə bu regionun azadlıq iztirablarını ifadə etməklə kifayətlənmir. “Bir də Madriddə korridalarda, al qanına boyanmış matadorlar, öküzlər” həqiqətən şairin azadlıq arzularının Afrika qitəsinə sığmadığını göstərir. Və kefli İskəndər də şair düşüncələrinin miqyasının genişliyini əks etdirir. Yəni kefli İskəndər obrazı da şairin yuxarıda vurğuladığı miqyaslara sığmır. Çünki o, öz varlığı və mahiyyəti ilə başqa bir azadlığa həsrət bölgənin, ölkənin azadlıq işarəsidir:

Bir də
kölgə kimi
məndən ayrılmayan bu kədər.
İşıqsız yaşasam
Kölgədən qurtararam.
İşıqda kölgəm var,
mən də varam.

Şairin bu çoxmənalı misraları kefli İskəndər obrazının şeirdə məhz təsadüfi iştirak etmədiyini bir daha təkid edir. Bu obraz şairi “kölgə kimi” izləyən kədərin ifadəsidir. Və şeirin sonluğu da sənətkaranə düşünülüb. Müəllifin bədii-fəlsəfi fikirləri və təhlilləri oxucunun düşüncəsində davam edir. Ənənəvi şeirdəki bədii nəticə və xülasə üsuluna R.Rza poeziyasında rast gəlmirik: “Ah, Bəhlul Danəndə! Bəhlul Danəndə! Nə tab qaldı, nə tavan məndə. Götür İskəndərə zəng elə, Bəhlul Danəndə! İçkini siz gətirin, yeməyə bir şey tapılar məndə”.

Dünya ədəbiyyatında, xüsusən, poeziyada ən möhtəşəm və mürəkkəb obrazlardan biri məhz Azadlıqdır. Fransız şeirinin klassiki Pol Elyuar poeziya haqqındakı məşhur məqalələrindən birində şeiriyyətin keçdiyi yolu az qala azad fikir və azad həyat, ümumən, azadlıq uğrunda mübarizə tarixi kimi dəyərləndirərək yazırdı: “Bəşəriyyət tarixində maddi yoxsulluq çox zaman mənəvi-əxlaqi yoxsulluğa və böhrana da yol açmışdır. Təkcə Viyon və Rembo deyil, onlarla başqaları da, kim mübarizə aparıbsa, hamısı, axırda məğlub olub – Uitmen, Puşkin və Nekrasov, Mitskeviç və Heyne, Şelli, Nezval, Bodler, Petefi və Botev, Apolliner, Sen-Pol Ru və Maks Jakob, Mayakovski, Lorka və Rober Desnos – onların hamısı, qəhrəman və ya qurban olmalarından asılı olmayaraq, işıqlı günlər və azadlıq üçün həsrət çəkiblər”.    

Yaradıcılığının, demək olar ki, bütün dövrlərində azadlıq haqqında düşünən və yazan görkəmli sənətkarlardan biri olan Rəsul Rzanın bu mövzudakı əsərlərində dünyanın ən böyük imperiyasında yaşayan fəal və mübariz bir insanın ürək döyüntüləri və iztirablarla dolu narahatlığı bədiiləşib. Yuxarıda nəzərdən keçirdiyimiz şeirlər və bir çox başqa əsərləri əyani şəkildə göstərir ki, Rəsul Rzanın dünyanı və qitələri dolaşan azadlıq arzularında bir gün öz doğma vətənini də tam azad və xoşbəxt görmək istəkləri  əks edirdi.

Böyük şairin yaradıcılığının erkən çağlarından başlanan milli və mənəvi azadlıq sorağındakı bütün ümid və diləklərinin mahiyyətində azad Azərbaycan arzuları nəfəs alırdı. Məhz bu nöqteyi-nəzərdən ötən yüzilin görkəmli sənətkarlarından biri Sen-Con Persin aşağıdakı dərin mənalı sözləri doğma Vətəninin israrlı və inadlı Azadlıq nəğməkarı Rəsul Rzaya da aiddir: “Öz zamanının narahat və ağrıyan vicdanını əsərlərində əks etdirən şairə başqa tələb və arzular bildirmək yersizdir”.      

 





25.03.2015    çap et  çap et