525.Az

“Estrada musiqisini çox sevirəm, amma...”


 

GƏNC SƏNƏTÇİ TURAL ƏZİMOV: “İFALARIMDA SEVGİYƏ ÖZ BAXIŞIMI ƏKS ETDİRMƏYƏ ÇALIŞIRAM”

“Estrada musiqisini çox sevirəm, amma...”<b style="color:red"></b>

Bu gün Azərbaycanda elm, idman, incəsənət, ədəbiyyat sahəsində çox istedadlı gənc nəsil yetişməkdədir.

Bu yaxınlarda belə istedadlı gənclərdən biri – gənc estrada müğənnisi Tural Əzimovla həmsöhbət olduq. Tural Əzimov Bülbül adına orta ixtisas musiqi məktəbində Qəzənfər Abbasovun sinfində təhsil alıb, Aybəniz Haşımovanın rəhbərlik elədiyi “Bülbüllər” qrupunun solisti olub. Gənc ifaçı bildirib ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muğam fakültəsində görkəmli sənətkarlar Canəli Əkbərovdan, Ağaxan Abdullayevdən dərs alıb.

Daha sonra Əməkdar artist Ruhəngiz Allahverdiyeva ilə yaradıcı işbirliyi olub. Bir ara vətəndən uzaqda yaşayıb:

“Amma bir müddət öncə vətənə qayıtdım, ailə həyatı qurdum. Və bundan sonra bir daha qürbətə getmədim. Ailə qurmaqla yanaşı, uzun müddətdir, ara verdiyim ifaçılıq karyeramı da davam etdirməyə qərar verdim. Artıq iki ildir müxtəlif yaradıcılıq layihələri üzərində çalışıram. Bir ilə yaxındır, televiziyaya da çıxıram. Hazırda ATV, Lider, TMB telekanallarında “Nəfəsimsən” adlı mahnım yayımlanır. İfa etdiyim nəğmələrin əksəriyyətinin mətni və musiqisi özümündür. Mən ifalarımda sevgiyə öz baxışımı, dünyagörüşümü əks etdirməyə çalışıram. Gələcək üçün maraqlı planlarım var, ancaq bu barədə öncədən danışmağı sevmirəm”.

 “Muğam sinfini bitirməyiniz estrada sahəsində çalışmağınıza hansı formada təsir göstərir?” sualımızı sənətçi belə cavablandırdı:

“Belə bir fikir var ki, musiqinin dili yoxdur. Bu baxımdan muğam məxsusidir. Muğam dünyanın istənilən ölkəsində özünə auditoriya yığmağı bacaran janrdır. Estrada musiqisini sevirəm, qəlbimi oxşayan musiqidir, ancaq muğam da mənim üçün əzizdir. Elə məhz buna görə də estradanı öz ifamda daha gözəl və keyfiyyətli çatdırmaq üçün onun özəyinə varmağı – muğama əsaslanmağı qərara aldım. Bunun özəyi də muğamdır. Ümumiyyətlə, janrından və növündən asılı olmayaraq bütün musiqiləri dinləməyi sevirəm.

Hazırda yeni disk üzərində çalışırıq. Tamamlanmağına az qalıb. Təvazökarlıqdan uzaq olmasın, ancaq sosial şəbəkələrdə mahnılarımın dinlənməsindən, onlara çəkilən kliplərə baxış sayından ifalarımın rəğbətlə qarşılandığı qənaətindəyəm”.

Vaxtaşırı mütaliə etdiyini deyən T. Əzimov xüsusən poeziyanı sevdiyini vurğuladı: “Hərə bu həyata bir missiya ilə gəlir.

Düşünürəm ki, mənim vəzifəm sadəcə mahnı oxumaq deyil, bizə Allah tərəfindən bəxş olunan bu həyatı əsl insan kimi yaşamaqdır. Poeziya da mənə bunu anladır. Bununla yanaşı, millətimizin, vətənimizin inkişafına bacardığım töhfəni verməyə çalışıram”.

Vəfa MƏMMƏDLİ

 





25.03.2015    çap et  çap et