525.Az

Fazil Mustafa: “Hansısa dövlətə müsbət münasibət, həmin dövlətə meyilli olmaq demək deyil”


 

Fazil Mustafa: “Hansısa dövlətə müsbət münasibət, həmin dövlətə meyilli olmaq demək deyil”<b style="color:red"></b> “Nə Rusiya, nə İran, nə də Qərb meylli konkret bir siyasi kurs var, sadəcə, maraqlar mövcuddur”.

525.az-ın məlumatına görə, bunu  mətbuata açıqlamasında millət vəkili, Böyük Qurtuluş Partiyasının (BQP) sədri  Fazil Mustafa bəzi müxalif siyasətçilər tərəfindən ölkədə fəaliyyət göstərən bir sıra siyasi partiyaların müxtəlif ölkələrə xidmət etməkdə ittiham olunmasına münasibətini bildirərkən dilə gətirib. Partiya sədri deyib ki, burada əslində söhbət ondan getməlidir ki, Azərbaycanın daha yaxşı yaşaması , daha yaxşı mövcudluğu üçün hansı siyasi xəttə üstünlük vermək lazımdır:

“Burada  hansısa dövlətə və ya dövlətlə əməkdaşlığa, münasibətlərin inkişafına müsbət münasibət bəsləmək  heç də  həmin dövlətə meylli olmaq demək deyil. Məsələn, bir qisim insan iddia edir ki, biz Qərb meyilli siyasətçiyik. Qərb meylli siyasətə Fransa da daxildir, yəni, onlar  Fransa ilə normal əməkdaşlığa müsbət baxırlar. Fransa isə açıq-aşkar erməniləri dəstəkləyir. İndi belə olan halda, həmin qüvvələr erməni meyilli siyasətçilərdir? Demək istəyirəm ki, bu cür mühakimə ilə məsələyə yanaşmaq olmaz”.

F.Mustafanın qeyd etdiyinə görə, kimin cəmiyyət həyatı ilə bağlı fikirləri, gələcəyə baxışı daha cəlbedicidir,  kiminki cəmiyyətin daha çox zərərinədir, bunu dartışmaq lazımdır: 

“Yoxsa, konkret ölkələrin adlarını  qeyd edərək, biri bura meyllidir, biri ora meyllidir anlayışı ilə məsələyə münasibət bildirəndə, həmin adamların zəif və problemə baxışının çox əhatəsiz olduğunun özünüz şahidi olacaqsınız. Ona görə də bundan qaçmaq lazımdır və bir gün gələcək  ki, nəhayət,  Azərbaycanda artıq bu meyillilik əvəzinə, kiminsə sosial dövlətə, kiminsə bir az rifah dövlətinə yaxın olduğu, kiminsə iri burjuaziyanın marağını təmsil etdiyi, kiminsə kəndçinin marağını önə çəkdiyi bir anlayışla siyasət apardığı dartışılacaq. Əslində biz buna gəlməliyik, yoxsa, biz ölkələr üzərindən məsələni quranda, onda hamımı ittiham etmək olar və bu isə heç bir səmərə verməz”.

Kamil Həmzəoğlu
 





04.12.2012    çap et  çap et