525.Az

“Heç bir təzyiq, hədə-qorxu bizi tutduğumuz yoldan döndərə bilməz”


 

“Heç bir təzyiq, hədə-qorxu bizi tutduğumuz yoldan döndərə bilməz” Müsahibimiz millət vəkili Tahir Rzayevdir. 

–Tahir müəllim, Macarıstanda həbsdə olan Azərbaycan zabiti Ramil Səfərovun həmin ölkə tərəfindən məlum ekstradisiyası, o cümlədən, onun dövlət başçısı İlham Əliyev tərəfindən əfvi məsələsi ətrafında hələ də söz-söhbətlər, Azərbaycana yönəlik ittihamlar, təhdidlər səngimək bilmir. Hətta, bu məsələyə ölkə Prezidenti səviyyəsində  birmənali və rəsmi mövqe bildirilsə belə, yenə də bəzi beynəlxalq qüvvələr, dairələr bunu spekulyasiya mövzusuna çevirməkdə davam edirlər. Bu baxımdan, hakim partiyadan olan bir millət vəkili kimi siz bu haqda nə fikirdəsiniz?

–Bilirsiniz, Ramil Səfərov ətrafında səngiməyən söz-söhbətləri eşidəndə, bəzi beynəlxalq təşkilatların, dövlət rəhbərlərinin, siyasi xadimlərin həqiqətlərə düzgün qiymət vermədiklərini görəndə dünyada haqqın-ədalətin bərqərqar olacağına inam anbaan azalır. Demokratiyadan, insan azadlıqlarından, ədalətsizliyin qarşısının alınmasından, terrorizmin aradan qaldırılmasından bol-bol danışan bəzi dövlətlərin öz mənafeləri üçün demokratiyanı ayaqlar altına atdıqlarının, insan azadlıqlarını ağılagəlməz dərəcədə pozduqlarının, terrorizmə dəstək verdiklərinin, ədalətsizliyə şərait yaratdıqlarının şahidi olanda insan dünyadan əlini üzür və bu hallar yer üzündə yeni-yeni faciələrin meydana gəlməsinə zəmin yaradır.  Bu gün Ramil Səfərovun azad edilməsini faciə kimi qiymətləndirib müxtəlif bəyanatlar səsləndirən beynəlxalq təşkilatlar, dövlət rəhbərləri nə üçün Azərbaycanın işğal olunmuş 20 faizdən artıq torpaqlarının, viran edilmiş yüzlərlə kəndlərinin, şəhərlərinin, tarixi, dini, mədəniyyət abidələrinin, məktəblərinin, öldürülmüş, şikəst edilmiş, əsir götürülmüş on minlərlə vətəndaşının, Xocalı soyqırımının, Qaradağlı, Meşəli, Cəmilli faciələrinin, bir milyondan artıq qaçqın və köçkünün taleyinə acımırlar, nəyə görə erməni faşistləri tərəfindən azərbaycanlıların başına gətirilən müsibətləri, on illərlə davam edən soyqırım faktlarını, terror əməllərini görmürlər, bunun üçün haqq səslərini ucaltmırlar, günahkarı cəzalandırmırlar? Dünyaya demokratiya dərsi keçmək olar, ancaq dərs verənin, yol göstərənin əməli ilə sözü, əxlaqı ilə hərəkətləri, niyyəti ilə yolu düz olmayanda bəşəri dəyərlər itir, insanlar aldandıqlarını başa düşür və heç kim dərs verənin sözünə inanmır, əxlaqına, tərbiyəsinə şübhə ilə baxır və yeri gələndə onun üzünə qayıdır. Əlbəttə, bu gün bütün dünya Ermənistanın təcavüzkar, işğalçı, terroru dəstəkləyən, ona arxa duran və maliyyələşdirən bir dövlət olduğunu yaxşı bilir və ermənilərin mövqeyinin yeni faciələrə yol açdığını görür. Haqlı olaraq bir çox beynəlxalq təşkilatlar, ölkələr bu faktların obyektiv qiymətini verir, Ermənistanın işğalçılıq əməllərini tənqid edir və bu hərəkətlərin həinki Azərbaycan üçün, Cənibi Qafqaz regionu və dünya üçün təhlükəli olduğunu qeyd edirlər...

–Bəs nəticə? 

–Təəssüflər olsun ki, deyilənlər, qəbul olunan sənədlər, qətnamələr kağız üzərində qalır, həyata keçirilmir. Cəzadan, beynəlxalq təziqdən kənarda qaldığını, əksinə bəzi hallarda dəstəkləndiyini gördükdə Ermənistan, onun rəhbərləri daha da azğınlaşır, beynəlxalq təşkilatların qərarlarına məhəl qoymurlar. Nə üçün BMT qəbul etdiyi dörd qətnaməyə hörmətlə yanaşıb Azərbaycanın işğal altında olan torpaqlarının qeyri-şərtsiz azad olunmasını təmin etmir? Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu beynəlxalq qurumlar nəyə görə işğalçılıq faktları ilə əlaqədar olaraq qəbul etdikləri sənədlərin nəticəsi ilə maraqlanmırlar? Axı ,niyə dünyanın ən böyük dövlətlərini rəhbərləri, siyasi xadimləri verdikləri vədə əməl etmir, ikili mövqe tutur, haqqı-ədaləti danırlar? Hətta, bəzən təcavüzkarı belə müdafiə edirlər? Xocalı soyqırımının təşkilatçılarından biri olan, yüzlərlə günahsız insanin qətlində bilavasitə iştirak edən və bunu Avropa Şurasının möhtəbər tribunasından bütün dünyaya fəxrlə bəyan edən Ermənistanın bu günkü prezidenti Serj Sərkisyanın hərəkətlərinə beynəlxalq aləmim göz yumması bəşəriyyətə, insanlığa, demokratiyaya, ilk növbədə insan hüquqlarından danışan beynəlxalq təşkilatlara ən böyük hörmətsizlikdir, tarixə silinməz qara ləkədir...

–Ermənistan terrorçu bir dövlətdir və  bunu ermənilərin dünyanın bir çox ölkələrində törətdikləri terror aktları sübut edir, amma...

–Doğrudan da, bu, belədir, inkarolunmaz faktdır.  Bu gün dünyada 20-dən çox erməni terror təşkilatı və qruplaşması fəaliyyət göstərir. ”Armenakan”, “Hncak”, “Daşnaksütun” erməni federativ inqilab partiyalar, “Erməni gizli azadlıq ordusu”, “Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu”(ASALA), “Geqaron” “Erməni azadlıq hərakatı”, “Erməni azadlıq cəbhəsi”, “Erməni birliyi”, “Gənc ermənilər birliyi” və sair bir çox partiyaların, birliklərin, qruplaşmaların fəaliyyəti yalnız və yalnız terrora, əsasən türklərin və azərbaycanlıların məhv edilməsinə istiqamətləndirilib, eləcə də bir çox ölkələrdə qanlı faciələrin törədilməsinə səfərbər edilib.1890-cı ildə Tbilisidə yaradılmış  “Daşnaqsütun erməni federativ inqilab partiyasi”nın əsas qayəsi Azərbaycanın Dağlıq Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu torpaqlarında “Böyük Ermənistan” dövləti yaratmaqdır. Daşnaqsütunun ilk qurultayında qarşiya qoyduğu əsas vəzifələrdən biri isə türklərə qarşı sui-qəsdlər təşkil etmək, “türkü, kürdü hər yerdə, hər bir şəraitdə öldürmək, intiqam almaq, sözündən dönənləri, erməni xainlərini öldürüb məhv etmək”dir. Məhz buna görədə Daşnaqsütun və ASALA-nın törətdiyi terror aktları nəticəsində son illər 20-dən çox türk diplomatı və yüzlərlə dinc Azərbaycan vətandaşı qətlə yetirilib, şikəst edilib.Erməni terrorunun qurbanları sırasında türklər, azərbaycanlılarla bərabər ruslar, amerkanlılar, kürdlər və eləcə də başqa ölkələrin də vətəndaşları çoxdur. Bu gün Ermənistana rəhbərlik edənlərdən- Serj Sərkisyan, Seyran Ohanıyan, keçmiş prezident Robert Köçəryan və hazırda vəzifədə oianlardan bir çoxu terror qruplaşmalarının üzvləridir və keçən əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı bilavasitə onların fəal iştirakı ilə həyata keçirilib, yüzlərlə dinc sakin qətlə yetirilib. Çox maraqlıdır ki, terror yuvası kimi tanınan və rəhbərlərinin, siyasətçilərinin çoxu terrorçu olan Ermənistan dövləti Ramil Səfərovun azad edilməsini beynalxalq hüquq normalarının pozulması, qatilin müdafiə olunması kimi qiymətləndirir və bir daha dünyaya özlərini məzlum, yazıq, haqqı taptdalanan xalq kimi təqdim etməyə çalışırlar.Sual olunur: minlərlə türkü və azərbaycanlını qətlə yetirən Andranikə heykəl ucaldılması və ona sitayiş edilməsi, Qarabağ torpaqlarında yüzlərlə dinc insan quyulara doldurub diri-diri bastıran, yandıran, işgəncələrlə öldürən beynəlxalq terrorçu erməni Monte Melikonyanı Ermənistanın milli qəhrəmanı səviyyəsinə yüksəltmək, onun haqqında məktəblərdə xüsusi dərslər keçmək, hər bir erməni gəncinə, məktəblisinə melikonyan kimi öldürməyi, qəddar olmağı təbliğ etmək, türkü, azərbaycanlını qətlə yetirən hər bir ermənini ölkənin ən layiqli vətəndaşı kimi qiymətləndirmək, terroru dövlətin əsas fəaliyyət proqramı kimi qəbul etmək bəs beynəlxalq hüquq normalarına, insanlığa, bəşəri dəyərlərə uyğundurmu? Əgər andraniklər, melikonyanlar, sərkisyanlar, ohanyanlar dilsiz-ağızsız körpələri, qocaları, qadınları, xəstələri vəhşicəsinə qətlə yetiriblərsə, Ramil Səfərov xalqını, bayrağını təhqir edən  əxlaqsız bir erməninin layiqli cəzasını verib və bu təbiidir. Çünki doğulub boya-başa çatdığı evi-eşiyi viran edilənlərdən, onlarla qohum-qardaşı qətlə yetirilənlərdən, olmazın ağrı-acılarını yaşayanlardan biri də Ramil Səfərovdur. Ramilin hərəkətlərini əsl azərbaycanlı olan hər bir kəs etməyə qadirdir və etməlidir. Bu gün terrorçuluğa və beynəlxalq terrorizmə qarşı mübarizənin gücləndiyi bir vaxtda Ermənistan rəhbərlərinin, erməni terror birləşmələrinin verdiyi bəyanatlar, türklərin və azəbaycanlıların terror hədəfinə çevriləcəkləri barədə söylənilən fikirlər Ermənistan dövlətinin həqiqətən terroçu olduğunu, terrorçuları dəstələdiklərini , maliyyələşdirdiklərini və dünyaya meydan oxuduqlarını, dövlətlərə və xalqlara hörmətsizlik etdiklərini göstərir...

–Ancaq yuxarıda da qeyd olunduğu kimi, təəssüflər olsun ki, dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar yenə Ermənistanın bu iyrənc niyyətlərini qiymətləndirib onun qarşısını almaq üçün təsirli tədbirlər görmürlər, əksinə bir çox hallarda ona kömək əli uzadırlar...

–Çox təəssüflər olsun ki, bunlar gerçəklikdir. Bilirsiniz, Azərbaycan xalqı son illərin tarixdən silinməz dəhşətlərinin, eləcə də, dünya dövlətlərinin ikiüzlü mövqeylərinin çox şahididir.Gördükləri dəhşətlər və çəkdikləri əzablar bu xalqı artıq mətinləşdirib, ona kimin kim olduğunu, yaxşını pisdən seçməyi, Vətən və torpaq uğrunda daha qətiyyətlə mübarizə aparmağı, düşmənin başını necə əzməyi öyrədib. Mübarizlərin, Ramillərin, İbadların şücaətləri buna sübutdur.  Azərbaycan xalqı öz xoşbəxt gələcəyini, torpaqlarının azadlığını, qalibiyyətini özündə, etibar etdiyi və etimad göstərdiyi, arxalandığı Prezidentində görür və ona inanır. Çünki Ramilləri darda qoymayan, düşmənin əlinindən alan, xalqına və azadlığa qovuşduran, Mübarizlərin qəhrəmanlığını yüksək qiymətləndirən, iğidlərimizin, şəhidlərimizin məzarı önündə kövrəlsə də qürurunu əyməyən, hər bir vətəndaşına arxa və kömək olan  ölkə Prezidenti  İlham Əliyevdir, onun düşünülmüş siyasəti, xalqına və torpağına məhəbbətidir.  Ölkə rəhbərini heç bir təzyiq, hədə-qorxu, boş-boş bəyanatlar tutduğu yoldan döndərə bilməz. Çünki bu yol Azərbaycanin müstəqilliyi və gələcəyi uğrunda həyatını qurban vermiş  Heydər Əliyevin yoludur. Bu yol nə qədər çətin olsa da, o qədər şərəflidir, uzunömürlüdür. Xalqımızın, Prezidentimizin cəsarətlə addımladığı bu yol ədalətə, qəhrəmanlığa, qalibiyyətə, yeni-yeni zəfərlərə uzanır. ”Ramil Səfərovun azad olunması beynəlxalq münasibətlərə uyğun həyata keçirilib”- deyən Prezidentimiz də bu dünyada çoxlarının məkrli siyasətinə, ikiüzlü mövqeyinə deyil, məhz öz xalqına, ölkəsinin ləyaqətli, vətənpərvər vətəndaşlarına və tutduğu düzgün yola inanır.

Kamil Həmzəoğlu

 

 





13.09.2012    çap et  çap et