525.Az

“...Təsirlər həm daxildən, həm də xaricdən müşahidə ediləcək”


 

“...Təsirlər həm daxildən, həm də xaricdən müşahidə ediləcək” <b style="color:red"></b>

“Azərbaycan Respublikası hazırda dünyanın iqtisadi cəhətdən ən inkişaf edən ölkələrindən biridir. Dövlətimizin beynəlxalq aləmdə də nüfuzu gündən-günə artmaqdadır”.

Bunu 525.az-a açıqlamasımda hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Tahir Rzayev dilə gətirib.

Onun dediyinə görə, ötən illər ərzində  insanların sosial- rifah halı  xeyli yaxşılaşıb, işsizliyin səviyyəsi aşağı düşüb, çoxsaylı istehsal obyektləri, məktəblər, xəstəxanalar, emal müəssisələri istifadəyə verilib. Millət vəkili qeyd edib ki, Azərbaycanın dövlət büdcəsi ildən-ilə artır və əldə olunan vəsaitlər əsasən regionların sürətli inkişafına, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilir: “Bu gün Azərbaycanın həm sürətlə inkişaf edən, həm də  müstəqil siyasət aparan bir dövlətdir. Ölkəmiz heç bir dövlətdən asılı deyil və heç kimin diktəsi ilə siyasətini qurmur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi düzgün, düşünülmüş, balanslaşdırılmış siyasət ölkəmizin inkişafı, o cümlədən, beynəlxalq aləmdə tanınması üçün geniş imkanlar yaradır və bu siyasət xalqımız tərəfindən qəbul edilərək rəğbətlə qarşılanır”.

T.Rzayevin bildirdiyinə görə, ölkə rəhbəri tərəfindən həyata keçirilən bu müstəqil siyasət, dövlətimizin ildən-ilə güclənməsi, iqtisadi  və siyasi imkanlarımızın genişlənməsi bizi istəyən ölkələrin ürəyindən olsa da, ancaq düşmənlərimizi, bədxahlarımızı məyus edir: “Azərbaycanda maraqları olan  bir çox ölkələr əlbəttə ki, nailiyyətlərimizə, uğurlarımıza, müstəqilliyimizin getdikcə dönməz xarakter almasına sevinmirlər, əksinə, dinamik və sürətli inkişafımızın, irəliləyişimizin qarşısını almaq üçün müəyyən üsullara əl atır, dövlətimizin imicinə ziyan vura biləcək təbliğat kampaniyasını gücləndirir, təxribat xarakterli əməllər törədirlər”.

YAP-çı millət vəkili hesab edir ki, son günlər separatçı və anti-Azərbaycan fəaliyyəti ilə tanınan “Sadval” təşkilatının fəallaşdırılması, bu  təşkilatın ətrafında söz-söhbətlərin genişləndirilməsi, həmçinin,  Moskvada bir qrup Azərbaycan əsilli oliqarx tərəfindən  yaradılmış Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqının (RATİ) fəaliyyəti ilə bağlı müzakirələrin şişirdilməsi də bu təxribatın tərkib hissəsidir: “Əlbəttə, son illər Azərbaycan hər hansı bir beynəlxalq tədbirə qoşulanda, ona ev sahibliyi edəndə, dünya əhəmiyyətli layihələrə imza atanda belə hay-küylərin sayı xüsusilə artır. Biz  “əsrin kontraktı”nı  imzaladıqda, neft, qaz, dəmir yolu xətlərinin çəkilməsinə tərəfdar olanda da belə  müzakirələrin, hədə-qorxuların, təxribat xarakterli  təbliğatın şahidi olmuşuq. Macarıstanda həbsdə olan Azərbaycan zabiti Ramil Səfərov ekstradisiya və dövlət başçısı tərəfindən əfv ediləndə də bunu gördük. Ancaq Azərbaycan Prezidenti öz mövqeyində möhkəmdir, qətidir və həmişə də öz fəaliyyəti ilə bu maneələri dəf edib”.

T.Rzayevin eyni zamanda qeyd etdiyinə görə, qarşıdan gələn 2013-cü il prezident seçkiləri yaxınlaşdıqca, Azərbaycana qarşı müəyyən təsirlərin artacağı da gözləniləndir. “Bu təsirlər həm daxildən, həm də xaricdən müşahidə ediləcək. Azərbaycanda daim marağı olan ölkələr seçki kampaniyasından istifadə edib ölkəmizə qarşı təsir mexanizmlərini işə salacaq, öz maraqlarına nail olmağa çalışacaqlar. Heç şübhəsiz ki, bu maraqları, bu təsirləri də dəf etmək üçün düşünülmüş addımlar atılmalıdır. Müəyyən əsassız söz-söhbətlər ölkələr arasında gərginlik yaratmamalı, ciddi ziddiyyətlər doğurmamalıdır. Bu sahədə qonşu Rusiya, İran və  Gürcüstanla münasibətlərdə daha dəqiq olmaq,  bütün vasitələrdən düşünülmüş qaydada istifadə etmək lazımdır. Sözsüz ki, bizim birliyimiz, Azərbaycan xalqının öz Prezidentinə olan inamı,  ölkə rəhbərinin xalqa olan diqqət və qayğısı, düşünülmüş siyasəti  bütün  gərginliyi, cəhdləri aradan qaldırmağa, təxribatçıları susdurmağa qadirdir”.

Kamil Həmzəoğlu

 





04.12.2012    çap et  çap et