525.Az

Güclünün yanında zəif həmişə günahkardır


 

MİLLƏT VƏKİLİ ZAHİD ORUC: "ERMƏNİLƏR ÜÇÜN ƏN BÖYÜK SOYQIRIM AZƏRBAYCANIN UĞURLARIDIR"

Güclünün yanında zəif həmişə günahkardır<b style="color:red"></b>

Ermənistan rejimi nə qədər saxta "soyqırım" iddialarını önə çəkirsə, bir o qədər daxili və xarici siyasətdə üzləşdiyi uğursuzluqları ilə barışmaq məcburiyyətindədir.
 
Məsələyə Dağlıq Qarabağ münaqişəsi çərçivəsində baxdıqda müharibə şəraitində olan iki ölkə - Azərbaycan və Ermənistan arasında qüvvələr nisbətinin - sosial-iqtisadi tərəqqinin, hərbi hazırlıq səviyyəsinin və ümumi inkişafın hansı səviyyədə qərarlaşdığını açıq-aşkar müşahidə etmək olar. Dövlətimiz nə qədər inkişaf edirsə, Qərb, dünya mədəniyyəti, ictimai-siyasi həyatı üçün yeni ənənələr formalaşdırırsa, Ermənistan bir o qədər dərin bir çuxura yuvarlaqlanır ki, ona da yalnız öz gününə ağlamaq, yas saxlamaq düşür. Elə bu baxımdan, aprelin 24-ü 100 illiyini qeyd etməyə hazırlaşdıqları saxta "soyqırım" nağılı ermənilər üçün keçirdikləri dərin böhranı, sosial-iqtisadi geriləməni göz yaşlarına qərq etməyə bir bəhanə rolunu oynayır. Vəziyyət o həddə çatıb ki, Ermənistan ordusunun son günlərdə verdiyi itkilər, həmçinin erməni əsgər Andranik Qriqoryanın Azərbaycan tərəfinə keçməsi erməni generallarının, ictimai-siyasi fəallarının sərt çıxışlarına səbəb olur.

Hakimiyyətin uğursuz daxili və xarici siyasəti iqtidar nümayəndələrinin, hakimiyyət yönümlü partiyaların müxalif düşərgələrə keçməsinə, sıravi erməni vətəndaşları kimi hazırkı rejim əleyhinə etiraz aksiyalarına qoşulmalarına səbəb olur. Son olaraq Azərbaycan torpaqlarının işğalında əsas komandirlərindən biri olan parlamentin deputatı, general Seyran Saroyan ölkədəki açınacaqlı vəziyyətə görə prezident Serj Sarkisyanı tənqid atəşinə tutub. Onun fikrincə, Sarkisyan Azərbaycana silah satması ilə bağlı Rusiyanı tənqid etməsi böyük yanlışlıqdır və bu, Rusiya ilə münasibətləri pozub: "Nəticədə nə dəyişib? Rusiya ilə münasibətləri korladınız, əvəzində isə Moskva Azərbaycana silah satmağı dayandırmadı".

Daha sonra Seyran Saroyan Ermənistan ordusunun zəif olduğunu vurğulayıb: "Güclünün yanında zəif həmişə günahkardır".

Lakin gücsüz Ermənistan rəhbərliyi təkcə Azərbaycanın uğurlarına kölgə salmağa, onunla əməkdaşlıq edən ölkələrə etiraz etməklə yanaşı, müxtəlif dövlətlərin soyqırım məsələlərinə də qısqanclıqla yanaşır. İsrailin beynəlxalq münasibətlər üzrə eksperti Arye Qut Amerika yəhudilərinin ingilis dilində çıxan nüfuzlu "Algemeiner" qəzetində dərc etdirdiyi "Ermənistanda antisemitizm" sərlövhəli məqaləsində qeyd edib ki, Ermənistanda antisemitizm dövlət səviyyəsində həyata keçirilir. Onun sözlərinə görə, Nürnberq prosesindən sonra bütün dünya birliyi Holokostu Avropa yəhudilərinə qarşı soyqırım kimi qəbul etdiyi bir halda, sən demə Ermənistan heç bu fikirdə deyil, İsraildən isə "erməni soyqırımını" tanımasını tələb edir.

Alman faşizmi Avropada 6 milyon yəhudini məhz yəhudi olduğuna görə məhv edib, ermənilər isə Osmanlı imperiyasının ərazisində onlara dövlət yaratmağı vəd etmiş çar Rusiyasının siyasətinin qurbanı olublar".

Millət vəkili Zahid Oruc hesab edir ki, ermənilər üçün ən böyük soyqırım Azərbaycanın uğurlarıdır. Onun sözlərinə görə, Avropa Oyunları üzərindən bu ölkənin yaşadığı məşəqqət doğrudan da ayrı bir fəlakət, başqa bir genositdir:

"Azərbaycanın beynəlxalq məkanda atdığı hər bir addım onlar üçün zərbə xarakteri daşıyır. Ölkə rəhbəri İlham Əliyevin əldə etdiyi hər bir nailiyyət Sarkisyanın və erməni cəmiyyətinin ağır fəlakəti kimi ortaya çıxır. Zərər yoxdur, bizə uğur missiyası yazılıb, onlara isə göz yaşları. Mənə elə gəlir ki, onlar bu məsələlərin fonunda sanki düşünürlər ki, saxta "soyqırım" iddialarını 101-ci ildönümə daşıya bilməyəcəklər. Ona görə yox ki, qondarma "tədbir"in 101 illiyini qeyd edə bilməyəcəklər. Məsələ orasındadır ki, 100 ədədi kifayət qədər yuvarlaq olmaqla dünyanın diqqətini saxta "erməni soyqırımı"na yönəltmək üçün olduqca münasibdir. Ən çox da indi ermənilər Türkiyə və Azərbaycana zərbə vurmaq haqqında fikirləşirlər. Onlar üçün saxta "soyqırım"ın mükafatı "Qarabağ" torpaqlarıdır. Bu baxımdan bütün güclərini səfərbər edərək istəklərinə nail olmağa çalışırlar. Belə olan təqdirdə Azərbaycan dünya ilə münasibətlərini ayrı istiqamətdə qurur. Biz dünyanın diqqətini başqa cür öz üzərimizə çəkmək istəyirik.

2015-ci Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi də məhz buna hesablanıb. Dünyanın bütün informasiya kanalları həmin tədbirləri canlı işıqlandıracaq ki, ermənilər də dünyanın diqqətindən kənarda qalacaq. Ümumiyyətlə soyqırım məsələsi dünya ictimaiyyəti üçün bir o qədər də aktual deyil. Onlar ermənilərin saxta "göz yaşlarına" şərik olmaq üçün tədbirə gəlmirlər. Ona görə də, ermənilər Azərbaycanın atdığı addımları özlərinə uyğunlaşdırmaqla məşğuldurlar. Bu baxımdan ermənilərin beynəlxalq dairələrdən gözlədiyi nəticə sıfıra bərabər olacaq. Əminəm ki, bu mübarizədə Azərbaycan siyasəti və diplomatiyası qalib gələcək".

Politoloq Qabil Hüseynli isə qeyd edib ki, Ermənistan prezidenti Serj Sarkisyanın vəziyyəti yaxşı olmadığına görə, hakim təbəqə ziddiyyətli bəyanatlar verməyə başlayıb:
 
"Onları narahat edən əsas məsələlərdən biri də Azərbaycan ordusunun sürətlə yenidən qurulmasıdır. Təbii ki, dövlətimiz Silahlı Qüvvələrinin texniki hazırlığını gücləndirdiyi üçün silah istehsalı ilə məşğul olan müxtəlif dövlətlərdən silah-sursat ixrac edir. Bu sahədə Rusiya silah bazarı bizim üçün birinci yerdə durur.

Eyni zamanda, İsrail, Ukrayna və digər silah istehsalı ilə məşğul olan dövlətlərlə də əməkdaşlıq edirik.

Ermənistan rejimi Azərbaycana silah satdığına görə, xüsusilə Rusiyaya etirazlarını bildirir. Lakin yada salmalıyam ki, Rusiyanın sabiq dövlət rəhbəri Yeltsinin dövründə Ermənistana 1 milyard dollar dəyərində silah-sursat və hərbi texnika təmənnasız olaraq hədiyyə edilib. Yeltsin hakimiyyətinin sön dövrlərində yenidən 800 milyon dollar civarında Ermənistana silahlar pulsuz olaraq verilib.

Bundan daha əvvəl Sovet İttifaqı dağılanda Ermənistanı tərk edən rus ordusu hərbi texnikasını və şəxsi heyətinin müəyyən qismini Gümrü hərbi bazasında saxlayaraq yeni müstəqillik əldə edən işğalçı dövlətin hərbi hazırlığında mühüm rol oynadı. O zamanlar Azərbaycan Rusiyaya işğalçı dövlətə silah verməyi dayandırması üçün müraciətlər etsə də heç bir nəticə əldə etmədi. Yəni, Rusiya Ermənistanı təpədən-dırnağa qədər silahlandırması dünya ictimaiyyəti tərəfindən ciddi müzakirə mövzusuna çevrilmədi. İndi isə işğalçı rejim Azərbaycanın hərbi hazırlıq səviyyəsinin gündən-günə yüksəlməsindən narahat olaraq məsələni dünya ictimaiyyətinin nəzərində böyütməyə çalışır. Lakin bununla Ermənistan rəhbərliyi heç nəyə nail ola bilməyəcək. Çünki Azərbaycan heç bir qanunsuz hərəkətə əl atmır. Hər bir məsələ beynəlxalq qanunvericilik çərçivəsində həyata keçirilir".

Q.Hüseynli daha sonra əlavə edib ki, Ermənistan heç nəyə məhəl qoymadan Azərbaycan  torpaqlarını işğal altında saxlayırsa, 1 milyondan artıq insanı məcburi köçkün vəziyyətinə sürükləyirsə, bu dövlət Azərbaycana hər hansı bir şəkildə irad tuta bilməz:

"Sarkisyanın qorxuya düşməsinin əsas səbəbi Dağlıq Qarabağ münaqişəsi çərçivəsində iki dövlət arasında ola biləcək müharibənin təmas xəttində hiss olunan acı nəticələridir. Demək olar ki, hər gün Azərbaycana qarşı təxribat törətməyə çalışan düşmən qüvvələri ağır itki verərək geri çəkilməyə məcbur olur. Ona görə də, Ermənistanın bu cür sayıqlama xarakterli bəyanatlar verməsinin müharibə xofundan daha  böyük səbəbi ola bilməz".

Ceyhun ABASOV

 





30.03.2015    çap et  çap et