525.Az

"Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında"


 

"Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında"<b style="color:red"></b>

Aprelin 6-dan 10-dək Bakı Musiqi Akademiyasında (BMA) Üzeyir Hacıbəylinin anadan olmasının 130, Musiqi Akademiyasının 95 və BMA-nın Orta ixtisaslaşdırılmış musiqi məktəb-studiyasının 35 illiyinə həsr olunmuş "Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında" birinci respublika festivalı keçiriləcək.

Bakı Musiqi Akademiyasında rektor SSRİ və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəylinin rəhbərliyi ilə təşkil olunacaq festivalın ideya müəllifi və layihənin rəhbəri BMA-nın Orta ixtisaslaşdırılmış musiqi məktəb-studiyasının bədii rəhbəri və direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tərlan Seyidovdur.

Bəstəkarlıq, xor, fortepiano, vokal, orkestr alətləri, xalq çalğı alətləri nominasiyaları üzrə iştirakçıların ifalarını Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələri Arif Məlikov, Fidan və Xuraman Qasımovalar, Ramiz Quliyev, Sevda İbrahimova, Gülbacı İmanova, Zəhra Quliyeva, Yusif Axundov, Nəzmiyyə Abbaszadə, Tofiq Aslanov və başqaları qiymətləndirəcəklər.

Festivala Bakı və Azərbaycanın müxtəlif bölgələrindən gələn 200-dən artıq musiqiçi qatılacaq.

Bakı Musiqi Akademiyasının məktəb-studiyasında işlənilmiş və respublikanın bütün musiqi məktəblərinin I-XI siniflərinin proqramına daxil edilən Azərbaycan ladları şagirdlər tərəfindən xalq musiqisinin mənimsənilməsi üçün böyük təkandır.

Festival ənənəvi major-minor sistemi ilə yanaşı, Azərbaycan milli lad sisteminin eyni dərəcədə mənimsənilməsi üçün zəmin yaradır.

S.ABDULLAYEVA

 





31.03.2015    çap et  çap et