525.Az

Moskvada 31 mart soyqırımına həsr olunmuş konfrans keçirilib


 

Moskvada 31 mart soyqırımına həsr olunmuş konfrans keçirilib<b style="color:red"></b> Rusiya paytaxtında azərbaycanlıların soyqırımı gününə həsr olunan "Bakıda 1918-ci ilin mart hadisələri, xarakter və nəticələr" adlı konfrans keçirilib.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, konfransda çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib ki, 1918-ci ilin baharında baş vermiş faciəli hadisələrin 80-ci ildönümü ərəfəsində - 1998-ci il martın 26-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayandan sonra 31 mart 1918-ci il xalqımızın tarixində qanlı səhifələr təqviminə daxil olub: "Fərmanda xüsusi vurğulanır ki, azərbaycanlıların kütləvi şəkildə qırılması haqqında həqiqətin üzə çıxarılmaması, bu hadisələrə lazımi qiymət verilməməsi Azərbaycana qarşı cinayətlərin davam etdirilməsinə və ərazilərimizin işğal olunmasına stimul yaradıb".
 
Səfir 1918-ci ildə azərbaycanlıların kütləvi şəkildə qırılması xronikasını arxiv materialları və sənədli sübutlar əsasında bərpa edən və müasir auditoriyaya çatdıran tarixçi alimlərin rolunu xüsusi qeyd edib. Diplomat arxiv materiallarına əsaslanan elmi nəşrləri ilə Azərbaycan tarixi üçün ağır bir günə işıq salan tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidiyə təşəkkürünü bildirib.
 
Konfransda  professor S. Rüstəmova-Tohidinin “Mart 1918-ci il. Bakı. Azərbaycanlıların soyqırımı sənədlərdə”, “Quba. Aprel-may 1918-ci il. Müsəlmanların soyqırımı sənədlərdə” və “Mart-iyul 1918-ci il. Azərbaycanlıların soyqırımı sənədlərdə” kitabları təqdim edilib. Müəllif erməni millətçiləri tərəfindən illər boyu Azərbaycan xalqına qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş soyqırımı siyasəti, Azərbaycanın əzəli torpaqlarının Ermənistan tərəfindən ilhaq edilməsi barədə ətraflı məlumat verərək, ölkəmizin tarixi ilə bağlı real faktların aşkar edilməsinə yönəlmiş böyük işi, erməni şovinistləri və “Daşnaksutyun” partiyasının üzvləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayət əməllərə dəlalət edən yeni arxiv sənədlərini xüsusi qeyd edib: "Təəssüflər olsun ki, bu il kitabın nəşrini çatdıra bilmədim. Lakin kitab demək olar ki, hazırdır. Kitabda Azərbaycanın Göyçay və Cavad əyalətlərində törədilən qırğınlara dair unikal məlumatlar öz əksini tapıb. Məlum mövzu ilə bağlı materiallar bizim ölkəmizdə saxlanılmayıb. Lakin həmin materialları Paris arxivindən tapmağa nail oldum".
 
S. Rüstəmova-Tohidi "Qarabağ və Zəngəzur" kitabı və bir neçə tədqiqatının təqdimatını keçirməyi, 2018-ci ilə qədər isə məlum mövzu ilə bağlı nəşrləri tamamlamağı planlaşdırdığını söyləyib. O, Azərbaycan rəhbərliyinin tarixin öyrənilməsi və real tarixi proseslər haqqında düzgün informasiyanın dünya ictimaiyyətinə çatdırılması məsələlərinə xüsusi əhəmiyyət verdiyini vurğulayıb.
 
Azərbaycanın Rusiyadakı səfirliyində keçirilən konfransda hər iki ölkənin ictimaiyyət nümayəndləri, diaspor üzvləri, Moskvada yaşayan azərbaycanlı ziyalılar iştirak ediblər.
 





01.04.2015    çap et  çap et