525.Az

Yarışdan sonra döyüşə


 

POLİTOLOQ ELXAN ŞAHİNOĞLU: "OLİMPİADADAN SONRA MÜHARİBƏ RİSKİ ARTACAQ"

Yarışdan sonra döyüşə<b style="color:red"></b>

"Azərbaycan prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Bakıda keçirilən şənlikdə çıxış edərək, son zamanlar tez-tez təkrarladığı fikri bir daha xatırladıb:  "Erməni hərbçiləri ölmək istəmirlərsə Ağdam, Füzuli və digər işğal altındakı rayonlarda xidmət etməsinlər.

Bu sözlərin təsdiqi kimi Azərbaycan Müdafiə Nazirliyi açıqlama verərək qarşı tərəfin martın 21-də baş verən döyüşdə 20 nəfər itki verdiyini bildirib. Bir gün sonra isə Azərbaycan ordusuna təslim olan erməni hərbçinin görüntüsü yayımlanıb. Erməni hərbçi təmas xəttində yerləşdirilən əsgər yoldaşlarının ölmək istəmədiklərini və dözülməz şəraitdə xidmət etdiklərini deyib".
 
Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu iyunun 12-si Bakıda keçiriləcək Birinci Avropa Oyunlarından sonra Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi çərçivəsində mövcud gərginliyin hansı xətlə davam edəcəyi barədə proqnozlarını verərkən deyib. Onun sözlərinə görə, prezidentin ardınca, müdafiə naziri Zakir Həsənov hərbi hissələrdən birini ziyarət edərkən Ermənistana və beynəlxalq aləmə iki mesaj ünvanlayıb: "Birinci mesaj: "Düşmən işğal altında olan torpaqlarımızda rahat oturmamalı, daim qorxu içərisində yaşamalıdır". İkinci mesaj: "Biz elə ilk zərbədə işğalçıların 70 faizini məhv edəcəyik. Bizim o qədər silah və texnikamız var ki, qarşı tərəf yüz illərlə özlərinə gələ bilməyəcək".

Politoloqun dediyinə görə, prezidentin və müdafiə nazirinin çıxışları ondan xəbər verir ki, Azərbaycan ordusu Dağlıq Qarabağ ətrafındakı rayonların azad olunmasına ciddi hazırlaşır. O bildirib ki, bu plan Bakıda keçiriləcək Avropa Oyunlarından sonra reallaşa bilər: "Azərbaycan ordusu Dağlıq Qarabağ separatçılarının işğal altında saxladıqları Ağdam və Füzulidəki məntəqələrinə bundan sonra da zərbələr endirəcək.

Separatçıların bu vəziyyətdə iki yolu var. Onlar ya həmin ərazilərdəki hərbi məntəqələrdən geri çəkilməlidirlər, ya da savaşı qəbul edib, zaman-zaman əks-hücuma keçməlidirlər. Separatçıların həmin məntəqələrdən geri çəkilməsi problematikdir. Çünki bu halda üstünlük Azərbaycan ordusunun tərəfinə keçəcək və Ağdamın azad olunması planı qısa müddətdə işə salınacaq. Ancaq separatçıların daima Ağdam və Füzulidə hərbi post saxlamaları da onlara hər zaman problem vəd edir. Çünki həmin postlar daima vurulacaq və orada qulluq edən ermənilər öldürüləcəklər. Təsadüfi deyil ki, Ermənistandan gətirilən gənclər həmin postlarda xidmət etmək istəmirlər".

Azərbaycan hakimiyyəti və cəmiyyətinin cəbhə bölgəsində itkilərə hazır olduğunu deyən E.Şahinoğlu hesab edir ki, Azərbaycanda aparılan təbliğat torpaqların azad olunmasının vacibliyi üzərində qurulub:

"Əhalisi azalan və sosial problemləri dərinləşən Ermənistan üçün isə cəbhə bölgəsində daima baş verən itkilər problemlər yaradır. Ermənistan vətəndaşları Dağlıq Qarabağda hərbi xidmət keçmək istəmirlər.

Çünki onlar üçün ölmək təhlükəsi artıb. Azərbaycan ordusu üçün son 10 ildə ən müasir hərbi texnika və raketlər alınıb. Azərbaycanın Müdafiə Sənayesi də kifayət qədər hərbi sursat istehsal edir. Bu illərdə Azərbaycan ordusunun və hərbi təyyarələrinin təcrübəsi artıb. Bu faktorlar Azərbaycan prezidentini yay aylarında ən azı Ağdam rayonunun azad edilməsinə həvəsləndirə bilər. Bu hücum iqtisadiyyatda son zamanlar baş verən neqativ prosesləri də unutdurmağa xidmət edəcək. Ağdam rayonunun bir hissəsi minalanıb. Bu Azərbaycan ordusuna müəyyən problemlər yaradacaq. Ancaq rəsmi Bakıda belə bir ümid var ki, separatçılar onlara aid olmayan Ağdam uğrunda savaşmayacaqlar. Ermənilər geri çəkilib Dağlıq Qarabağın müdafiəsini gücləndirəcəklər. Rəsmi Bakı ancaq Dağlıq Qarabağa aidiyyatı olmayan rayonları azad etmək istəyir.

Ordunun Xankəndinə hücum etmək kimi planı yoxdur. Azərbaycan ordusu Ağdam rayonunu qəfil hücumla ələ keçirərsə, bu sülh danışıqlarında Azərbaycanın mövqeyini gücləndirəcək. Çünki Ağdamın alınmasıyla mənəvi və hərbi üstünlük qazanan Azərbaycan ordusu digər işğal altındakı rayonların boşaldılması prosesini davam etdirəcək. Bu isə müharibənin genişlənməsi demək olacaq. Belə olan halda Minsk Qrupu erməni tərəfini güzəştə getməyə məcbur edəcək. Separatçılar Ağdam kimi bufer zonasını itirməklə, ya digər işğal altındakı rayonların boşaldılması əvəzinə Bakı ilə mərhələli həll planına razılaşacaqlar, ya da genişmiqyaslı müharibəyə başlayacaqlar ki, bunun sonu heç kimə bəlli deyil".

Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski Dağlıq Qarabağ probleminin həlli üçün ora Rusiya qoşunlarının yerləşdirilməsinin vacibliyini bildirdiyini xatırladan politoloqun fikrinə görə, əgər Jirinovski bu təklifi səsləndirirsə, deməli Kremldə bu haqda ciddi düşünürlər: "Çünki Jirinovski adətən Rusiya hakimiyyətinin istəklərini səsləndirir. Mümkündür ki, Rusiya dövlət başçısı Vladimir Putin Azərbaycan və Ermənistan prezidentləri ilə keçən ilin sentyabr ayında keçirdiyi sonuncu görüşdə bu təklifi səsləndirib. Rusiya qoşunlarının Dağlıq Qarabağda yerləşdirilməsi Azərbaycanın maraqlarına cavab vermir.

Yaxın tarixdə baş verən hadisələr də bundan xəbər verir. Jirinovski Azərbaycan hakimiyyətini və cəmiyyətini inandırmaq istəyir ki, rus qoşunlarının olduğu yerlərdə toqquşmalara imkan verilmir, qayda-qanun yaradılır. Ancaq faktlar fərqlidir. Dağlıq Qarabağda 1980-ci illərin ortalarında başlayan separatizm məhz SSRİ hərbi birləşmələrinin Xankəndində var olduğu dönəmdə başlayıb. Separatçıları silah və hərbi texnika ilə Xankəndidəki Sovet hərbi birləşmələri təmin ediblər. O illərdə separatçıların əllərində Kalaşnikov avtomatları olduğu halda azərbaycanlıların əllərində köhnə ov tüfəngləri var idi. Bu faktor erməni separatçıların xeyrinə işlədi və onlar sürətlə azərbaycanlıların yaşadıqları kəndləri boşaldıblar".

SSRİ dağıldıqdan sonra isə separatçılara dəstək Rusiyanın hərbi birləşmələrindən gəldiyini deyən E.Şahinoğlu bildirib ki, elə Xocalı soyqrımının planlanmasında və həyata keçirilməsində ən böyük rolu həmin Rusiya hərbi birləşməsi oynayıb: "Bu baxımdan Rəsmi Bakının yenidən Rusiya qoşunlarının bölgədə yerləşdirilməsinə razılaşması Dağlıq Qarabağın Azərbaycanın nəzarətinə qaytarılması imkanlarını heçə endirəcək. Rusiyanın harda hərbi birləşməsi varsa, orada separatizmə dəstək var və ölkələrin ərazi bütövlüyü məsələsi sual altındadır. Abxaziya, Cənubi Osetiya və Dnestr bölgələri buna əyani sübutdur.

Başqa bir nümunə yoxdur ki, Rusiya qoşunlarının yerləşdirildiyi ölkədə separatizmə dəstək verilməsin.

Rusiya Şərqi Ukraynanın da Kiyevin nəzarətinə keçməsini istəmir. Bir müddətdən sonra Kremlin Donetsk və Luqansk vilayətlərinin "müstəqilliklərini" tanıması və orada qoşun birliklərini yerləşdirməsi də mümkündür".

Politoloq hesab edir ki, Rəsmi Bakı Kremllə isti münasibətlərə, strateji tərəfdaşlığa çalışır. Onun sözlərinə görə, ancaq Azərbaycan hakimiyyəti Rusiya hərbi birləşmələrinin Dağlıq Qarabağda yerləşdirilməsinə razı olmaz: "Elə bunun nəticəsidir ki, ölkə rəhbəri İlham Əliyev Rusiyanın Azərbaycandakı sonuncu hərbi bazası - Qəbələ Radiolokasiya Stansiyasının boşaldılmasına nail olub. Halbuki, Rusiya prezidenti və müdafiə naziri Qəbələ stansiyasıyla bağlı Bakı ilə müqavilənin uzadılmasına çalışıb. Ancaq İlham Əliyev buna razı olmayıb.
Çünki Azərbaycan prezidenti də Rusiya hərbi bazalarının dağıdıcı rolundan ehtiyat edib. Azərbaycan nə vaxtsa Qəbələdəki hərbi bazaya görə problemlə üzləşə bilərdi.

Əlbəttə, Dağlıq Qarabağ münaqişəsinin hansısa mərhələsində bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsi aktuallaşacaq. Ancaq rusiyalı əsgər və zabitlərin hətta bu ad altında bölgədə yerləşdirilməsi Rəsmi Bakı tərəfindən mənfi qarşılanır. Çünki Rusiya qoşunları birmənalı şəkildə Xankəndində yerləşdiriləcək və erməni separatçıların tərəfini tutacaqlar. Təsadüfi deyil ki, bunun qarşısının alınması üçün Rəsmi Bakı fərqli formul təklif edib: "Sülhməramlı qüvvələrin tərkibində maraqlı tərəf kimi - həmsədr dövlətlərin qoşunları iştirak etməsinlər". Bu yanaşma ATƏT tərəfindən də qəbul olunub. Fransa və ABŞ hərbi birləşmələrindən Azərbaycana təhlükə olmaz. Buna baxmayaraq, Azərbaycan hakimiyyəti Rusiya hərbi birləşmələrini bölgəyə yaxın buraxmamaq üçün ABŞ və Fransanı sülh missiyasından imtina etmək məcburiyyətində qalıb. Ən yaxşı halda sülhməramlı qüvvələr Şərqi Avropa və Skandinaviya ölkələrinin hərbi birləşmələrindən formalaşa bilər".

Ceyhun ABASOV

 





01.04.2015    çap et  çap et