525.Az

Bir silsilə yazının xoş təəssüratı


 

PROFESSOR NİZAMƏDDİN ŞƏMSİZADƏYƏ MƏKTUB

Bir silsilə yazının xoş təəssüratı<b style="color:red"></b>

Hörmətli Nizaməddin müəllim,

"Ədəbiyyat qəzeti"ndə çap olunan "Tənqiddə meyarsızlıq sindromu" adlı silsilə yazınızı oxudum. Doyunca mənəvi qida aldım. Xalq yazıçısı Elçinin "Sosializm realizmi bizə nə verdi" və "Yaşarla ədəbi söhbət"  yazılarından sonra bu əsər ədəbi prosesə, ədəbiyyatımızın qayğılarına, hamını düşündürən ədəbiyyat problemlərinə həsr olunan tutarlı və sanballı yazılardan biridir. İctimai formasiyanın dəyişməsi (iki minilliyin və həmişə bəlalar gətirən iki yüzilliyin qovuşması da daxil) mədəniyyətimizə, ədəbiyyatımıza, ədəbiyyatşünaslıq elmimizə, o cümlədən də ədəbi prosesə öz təsirini göstərmişdir. Mən hələ qloballaşmanı demirəm.

Möhtərəm prezidentimiz İlham Əliyev Milli Konservatoriyamızın yeni binasının açılışında bu bəladan söz açaraq demişdir: "Qloballaşma dağıdıcı fəsadları ilə ictimai həyatımıza daxil olur, milli əsasları bir növ sarsıdır. Gənc nəslin milli ruhda böyüməsinə ciddi fikir verməliyik. Milli ruhun təməlində milli ənənələr, milli musiqi, ədəbiyyat və ana dili durur".

Göründüyü kimi, Prezidentimiz ədəbiyyatımız qarşısında böyük tələblər qoyur.

Nizaməddin müəllim!

Yaxşı bilirsiniz ki, orduların, müha

ribələrin sərkərdələri, qəhrəmanları olduğu kimi, dillərin də sərkərdələri, qəhrəmanları olur. Onlar ümummilli liderimiz Heydər Əliyevin nitq mədəniyyətinin, ədəbi dil normalarının qanunvericiləri adlandırdığı cəfakeş insanlar - yazıçı və şairlərdir. Mənəvi dəyərlərin ucuzlaşdığı, dünyanın nizamının pozulduğu bir dövrdə əsl poeziya və nəsr nümunəsi yaratmaq qəhrəmanlıqdır. Əsl sənət əsərlərinin azlığı şəraitində təbii ki, əgər belə demək caizsə tənqid axsayar.

Nizaməddin müəllim!

Silsilə yazınızda bir çox ədəbiyyat adamının adını çəkirsiniz. Onların bəzisinə irad tutmaqda, mən daxil, bəzilərini tənqidçi hesab etməkdə nə dərəcədə haqlı olduğunuzdan söz açmaq fikrindən uzağam. Bir onu bilirəm ki, onların hamısı ədəbiyyatımıza xidmət edən adamlardır. Mən sizi yaxşı başa düşürəm. Mənə belə gəlir ki, siz Uman yerdən küsərlər - mövqeyindən çıxış edirsiniz. Tənqidiniz ciddiliyi ilə seçilir. Bu da anlaşılandır. Söhbət tənqiddən gedir. Özünüz barədə obyektivliyiniz və özünütənqid mövqeyiniz məni qane etdi.

Bu sanballı əsərinizdə diqqətimi xüsusilə çəkən dilin zənginliyi, ifadələrin, zərb-məsəllərin, xalq deyimlərinin yerli-yerində işlənməsi oldu. İndinin özündə belə ən qəliz terminlərdən istifadə edərək əsərinin guya elmi sanbalını artırmağa çalışan gənc və orta yaşlı tədqiqatçılar üçün əsərinizin dili bir örnəkdir: "Amma burada şələ lələni basmamalıdır", "Söz yerinə düşməyəndə tənqidin tərəzisi əyilir, pərsəng yerindən oynayır", "Sosialist ideologiyasının dəyirmanına su tökən bir tənqid formalaşdı", "Ədəbi mühitdə bir hərc-mərclik yaranmağa başladı", "Bu gün "ortabablar ədəbi mühitdə meydan sulayır" və s.

Nizaməddin müəllim!

Bu çox ciddi və sanballı əsəri (təbii ki, məsuliyyətini hiss edərək) özünüzə inamla yazmısınız. Özünə əmin olan adama isə, İ.Hötenin dediyi kimi, hamı inanır. Təki belə olsun!

Mənə qalırsa, silsilə yazınız ədəbi ictimaiyyətin müzakirəsinə çıxarılmağa layiq əsərdir. İnanıram ki, bu əsəriniz barədə mətbuatda rəylər çıxacaqdır. Arzu edərdim ki, çox aktual mövzuya həsr olunan bu əsər Nizami adına Ədəbiyyat İnstitutunda, Yazıçılar Birliyində və əlaqədar ali məktəblərdə müzakirə olunsun.

Nizaməddin müəllim!

İndi qalın kitablar oxumağa insanların hövsələsi çatmır. "Tənqiddə meyarsızlıq sindromu" əsərinizi ayrıca kitab halında çap etdirin. Əsəriniz sevimli yazıçımız Elçinin yuxarıda adını xüsusi vurğuladığım əsərləri kimi qalın olmayacaq, qalan olacaq.

Elmi yaradıcılığınızı neçə illərdən bəri izləyən və yüksək qiymətləndirən

 





01.04.2015    çap et  çap et