525.Az

Qəşəm Nəcəfzadənin şeirləri


 

Qəşəm Nəcəfzadənin <b style="color:red">şeirləri</b>

Tanınmış şair Qəşəm Nəcəfzadənin doğum günüdür. Bu münasibətlə ona təbriklərimizi, xoş arzularımızı ünvanlayır və poeziyasından nümunələri oxuculara təqdim edirik.

SƏNƏ QIŞ PALTARI ALIRAM İNDİ

Heç fikir eləmə, qurbanın olum,
Adam başqasını gedib sevər də...
Adam sevdiyini ata bilər də...
Təzə iş deyil ki, başıma gələn...
Başına dönüm...

Adam sevilər də, unudular da,
Gedib başqasına uymaq da olar,
Bir gün yada düşər atıb getdiyin
Sonra peşman olub qayıtmaq olar,
Adam bağışlar da, bağışlamaz da...

Heç yüz il keçməmiş atıb getdiyin,
Yerindən durunca uçub gələrsən.
Üstünü çırpınca baxıb gülərsən,
Gözünü açınca çıxıb gedərsən.

Heç fikir eləmə qurbanın olum
Adam aldanar da, peşman olar da...
Sənə yalvarıram, özünü üzmə,
Ürək yerə düşüb qəfil sınar da
Nə olsun
Ürək sınmayanda bəs nə sınacaq?

Yerimdən durunca
Üstümü çırpınca,
Gözümü açınca
Sən çıxıb getdin,
Nə olsun,
Adam sevdiyini atıb gedər də...

Mənə bircə kəlmə yaz
Evin istimi?

Məni o yandırır, o yandırır ki,
Sənə qış paltarı alıram indi,
Nə olsun,
Adam soyuyar da, adam yanar da....

Tanış adam

Oğlum, ölüm xəbərimi uzaqdan eşidəcəksən,
Sağ olsaydım titrəyən dizinə qurban olardım,
Sənə dost olardım, həyan olardım.

Gəlsən özünü maşından gözlə,
Tələsmə
Onsuz da anan hər şeyi düz danışacaq
Mən necə öldüm,
Əvvəl nə dedim, sonra nə,
Əvvəl nə istədim, sonra hansı dərmanı içdim -
Anan bilir.
İçməyə  macal tapmadığım dərman
hələ stolun üstündə durur.
Təcili yardım maşını hələ qapımızdan getməyib
Qonşular qapıda stol qoyub oturub
Biri xatirə danışır haqqımda artıq.

Gəlib görəcəksən üzümdə qara yaylıq,
Sinəmdə güzgü.
Bilirəm, çəkəcəksən qara yaylığı
Görünəcək gözünə bir tanış adam üzü.

Oğullar uzağa gedəndə atalar belə ölür, oğlum,
Eynən belə.

SİRRİMİN ÜSTÜNDƏ BU CANIM QAPI

Sirrimin üstündə bu canım qapı,
Məni görmək üçün göy, oynar?
- Oynar.
Gələrəm evimə ürəyimdə sirr,
Sirri bilmək üçün öy, oynar?
- Oynar.

Nədi məni belə yandıran-yaxan,
Çöl üçün bir belə içdə darıxan.
Yüz yerdən dartınan, yüz yerdən sıxan,
Canımda damarım göy, oynar?
- Oynar.

Xəttin düz olarsa, yolda azarsan,
Şeir yox, özünə qəbir qazarsan.
İstəsən bir gözəl şeir yazasan,
Qələmin burnunu əy, oynar?
- Oynar.

Samit ağız bağlar, sait dil çalar,
Anlayar halımı könlü alçaqlar.
Sevincim ağlayar, qəmim əl çalar,
Dərdim ortalıqda bəy, oynar?
- Oynar.

Tünlükdü, aranı tutub neçə baş,
Ay kimi tutulub alnındakı qaş.
Bir azca başını yana əy yavaş,
Gözünün birini qıy, oynar?
- Oynar.

Burda nə danışım, burda nə dinim?
Segah havasıdı bu halım, dəmim.
Gündüzlər qulağım kar olar mənim,
Gecələr başımda küy, oynar?
- Oynar.

BİR SİRR UÇURMUŞAM KƏPƏNƏKLƏRƏ...

Bir sirr uçurmuşam kəpənəklərə,
Yazağzı uçanda soruşarsınız.
Nə olsun keçən il bar verməyiblər,
Bu il arılarla barışarsınız.

O dağın dikində iri qaya var,
Baxın koğuşunda neçə yuva var,
Qayanın dalında qərib oba var,
Gedib obalarla danışarsınız.

Ayrı düşə-düşə yaralandınız,
Ələ gəlmədiniz, uralandınız.
Atadan, anadan aralandınız,
Torpaqda qaynayıb-qarışarsınız.

Məni öldürdülər, siz dinmədiniz.
Gözüm sizi gəzdi, görünmədiniz.
Bir dəfə şeirimi bəyənmədiniz,
Bu şeiri də oxuyub ağlaşarsınız.

BU GÖYÜN ALTINDA, YERİN ÜSTÜNDƏ

Bu göyün altında, yerin üstündə,
Allah, yeriməyi əlimdən alma.
Bir çörək dalınca, bir su dalınca,
Allah, yüyürməyi əlimdən alma.

Gözüm yox dünyanın dövlət-malında,
Davada-şavada, qeylü-qalında.
Bircə oğul-uşaq, arvad yanında,
Allah, öyünməyi əlimdən alma.

Ay Ağam, haqqında dayanmışam düz,
Açılsın önümdə dərə, təpə, düz.
Ömrümün sonunda əl-ayağı düz,
Kəfən geyinməyi əlimdən alma.

Yağışın üstümə yağsın, dincəlim.
Günəşin başıma çaxsın, dincəlim.
Bənövşə kolluqdan baxsın, dincəlim,
Allah, söyünməyi əlimdən alma.

 





01.04.2015    çap et  çap et