525.Az

Yaxşılıq heykəli


 

Yaxşılıq heykəli<b style="color:red"></b>

Adam özü  qədərdir.
Özünə qədərdir!

Özü qədər olan adam dünya böyüklükdə, kainat boydadır.
Özü qədər olan adam hamıdan böyükdür.
Özü qədər olan adam hamını böyüdür.
Dünyanı da, insanı da, kainatı da!
Özü olan adam güclü olur.
Hansı meydana girsə, orda ad çıxarır.

Məşhur riyaziyyatçı Pifaqor əlbəyaxa döyüşdə olimpiya çempionu olmuşdu.
Azərbaycanın görkəmli ziyalılarından  biri,  fiziki-riyaziyyat elmləri doktoru, Təhsil Nazirliyində uzun illər icra aparatının rəhbəri vəzifəsində işləmiş, hazırda həmin Nazirliyin müşaviri olan İlham Pirməmmədov da gənclik illərində samboçu pəhləvan kimi ad çıxartmışdı. 4 dəfə dalbadal sambo üzrə Azərbaycan çempionu adına layiq görülmüşdü.

Bu görkəmli ziyalımız alimliyi ilə də, şəxsiyyəti ilə də, dostluğu və insanlığı ilə də çoxlarına nümunə ola biləcək bir ömür sahibidir.
Hamıya arxadır. Hamıdan arxalı adamdır - arxasını Səməd Vurğun poeziyasına söykədiyinə görə!
Səməd Vurğun kimi şəxsiyyətlər az-az olur!
Səməd Vurğunu İlham Pirməmmədov kimi sevənlərimiz də kaş çox olaydı!
Özgə şey istəmir səndən.

Səməd Vurğunu sev, onda bu milləti, bu torpağı - Azərbaycanı sevə biləcəksən! Səməd Vurğunu sev, bütün nailiyyətlər, qələbələr səninlə olacaq. Onda hamı görəcək ki, sən kişi adamsan və onda bir daha sən əmin olacaqsan ki, doğrudan da "Qələbə - kişi üçündür!" (S. Vurğun)
Məşhur övliya Şəms Təbrizi güzgülənmək üçün Allahdan bir  nurlu üz istəmişdi. Həmin üzü Cəlaləddin Rumidə tapmışdı.

...Mən o üzü İlham Pirməmmədovda tapdım!
...Ən çətin vaxtlarımda qarşıma çıxdı. İnsan kimi! Dost kimi!
Xızır Peyğəmbər haqda deyilənlərin əfsanə olmadığını anladım. İlham Pirməmmədovla rastlaşanda!
Xızır peyğəmbər darda qalanların  dadına çatdığı kimi, o da hamının dadına çatır.

...Ömrünün 46-cı baharında şair qardaşımız Akif Səməd Bakıda ürəyinin üstünə yıxılıb küçədə keçinəndə başına yığılanlar az olmamışdı.
Eşitdiyimə görə, meyitini morqa aparmaq, hətta şairin nəşini  aparıb yarmaq istəyənlər də olmuşdu. Özünü hadisə yerinə yetirən İlham müəllim bütün xərcləri öz üzərinə götürüb A. Səmədin cənazəsini, dəfn olunmaq üçün maşın tutub rayona yola salmışdı.
Yaxşılıq budur, bax!
Kişilik budur, bax!

...Hicranə Əhmədqızı şəhid bacısıdır.
Qazaxın Daşsalahlı kəndində yaşayır. O kənddə vətən torpaqları uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlər haqda iki kitab yazmışdı. Hər iki kitabın çap olmasına İlham Pirməmmədov yardım etdi.
Hicranənin şəhid qardaşı Fidat Əhmədovun xatirəsinə kəndin mərkəzində ucaldılan abidənin ucaldılmasında da İlham Pirməmmədov öz qayğı və diqqətini əsirgəmədi.

...4-cü sinifdə oxuyan Elnarə Qurbanova adlı bir məktəblinin ilk kitabının çap edilməsində də daha bir nümunə göstərdi.
...2010-cu ildə 6-cı cərrahiyyə əməliyyatına girən Barat Vüsalı da ölümün cəngindən Allahın lütfü və İlham müəllimin böyük ürəyi xilas etdi.
Bu dediklərim onun insanlara, şairlərə, şəhidlərə, tələbələrə, məktəb yaşlılara etdiyi yaxşılıqlardan yüzdə biridi bəlkə?!Yadımdaykən, onu da deməliyəm ki, Nüsrət Kəsəmənlinin kitabı Türkiyədə çap olunmuşdu. O kitabın da təqdimatını məhz İlham Pirməmmədov keçirdi.

Bu yaxşılıq mücəssəməsi böyük dost, böyük insan gənc kadrların müəllim kimi, alim kimi həyatda və cəmiyyətdə düzgün yer tutmaları üçün, beynəlxalq səviyyədə təhsillərini davam etdirmələri üçün öz köməyini heç kimdən əsirgəməyib.
Gülüşündən kişilik yağan, duruşundan, baxışından  insanlıq  tökülən bu adam yaxşılıq heykəlidi. Ancaq o heykəli kimsə qoymayıb ondan ötrü.

Allahın lütfüylə öz əlləriylə, gözəl əməlləriylə, dövlətçilik eşqiylə, milli ruhuyla özü ucaldıb. Radişşev  deyirdi ki, vətənin adı çəkiləndə qəlbi fərəh hissindən  təlatümə gələn adam nəcib adamdır.
İlham Pirməmmədov məhz belə bir insandır. Öz insanlığıyla, vətənpərvərliyilə, özünə qədər olmağıyla, özü olmağıyla!
Kifayət edər ki, onun yanına gedəsən, kimlərdən, haradan olduğunu deməyə ehtiyac yoxdur. Yetər ki, deyəsən:

- Məni vətən göndərib, Azərbaycan göndərib sizin yanınıza!
Onda görəcəksən ki, şəhidlərimizin adına ucaltdırdığı abidələrlə,imkansızların çap etdirdiyi kitablarıyla, gənc mütəxəssislərin yolu üstə bozatlı Xızır kimi durub "Gözünü yum, indi aç!" deyib, hər kəsi istədiyi arzusuna (Mənzilinə, məqsədinə) çatdırıb bu kişi!

Daşsalahlıda atasının adını daşıyan "Teymur bulağı"nın gözündən dağ suyu kimi süzülən bu şairanə ruhlu insan beləcə də doğulmalı, olmalı deyildimi?!

Mən səxavətdə Səməd Vurğunun İlham Pirməmmədovun timsalında təzədən çiçəklənən dövrünün şahidiyəm.

Mən qeyrətdə, kişilikdə İsmayıl Şıxlı şəxsiyyətinin İlham Pirməmmədov sürətində yeni  təcəssümünü görmüşəm.
Onu hər dəfə görəndə düşünmüşəm ki:

Bax, adam belə olar!
Bax, kişi belə olar!
Bax, azərbaycanlı belə olar!
Bax, içi qazaxlılıqla dolu qazaxlı belə olar!

İ. Pirməmmədov təkcə ayrı-ayrı bizim kimi sənət dostlarının yox, bütünlükdə millətimizin baxtına, uğuruna çıxmış kişilərdəndir, ziyalılardandır!
O, elə bil, bir yol üstdə yox, neçə-neçə yol üstdə dayanıb!
Hamının uğuruna çıxmaq üçün!

Pirməmməd babanın ocağından çıxan kişi özgə necə ola bilərdi ki?!

...Qardaşı (qardaşımız!) Tacəddin Təbrizdə ağır əməliyyatdan sağ-salamat çıxsa da, böyrəkləri vəfasızlıq etmişdi - geriyə qayıtmaq istədiyi gün. Şair dostum Rəfail İncəyurdla biz də o gün yasa batmışdıq-çoxları kimi.
Dəfndən bir neçə gün sonra İlham müəllim bizə dedi:
- Sabah gəlin. Bəlkə birlikdə Aveyə baş çəkək?!

Darıxırdı , bilirdik.
Nəfəs almaq istəyirdi.
Nəfəslik Aveydimi?!
Bilmirəm!

Amma sabahısı o "nəfəslik" sandığımız yerə bilə-bilə getmədi, hava olmağa, nəfəs olmağa. Qoy qalsın hələlik,- dedi.
Bilirəm, evdə, yurd ocağında Tacısız (Tacəddinsiz!) boğula-boğula, nəfəsi tıncıxa-tıncıxa qalmağı daha üstün tutdu.

...Addımından duyulur - İlham Pirməmmədovdur gələn!
Adından duyulur - bu ad təkcə bir şəxs adı deyil. Böyük bir şəxsiyyətin, ziyalının dostun, insanın, qazaxlının adıdır! Qazaxlılığın təcəssümüdür!

...Onun qapısını döydüyüm yadıma gəlmir. Necə gəldi, vaxtlı-vatsız qapısını kəsdirdiyim də olmayıb. Özü səslənib, zəng edib:  "Hardasan, niyə görünmürsən?! Bir hərrən, bəri gəl, darıxmışam sənin üçün!"
Amma gedən kimi də görmüşəm ki, heç üstündən o qədər də keçməmiş, yeni bir yaxşılıq etmək üçün darıxıbmış bu kişi!

- Səhhətində problem var? Bəs niyə deməmisən?
Tez biz bir zəng!
Bu da sənin düzəlmiş səhhətin!
- İşlə-güclə bağlı həll olunmamış bir məsələmi var?
Daha bir zəng!
Bu da "Olmaz!"ın  "Olar!"ı.
...O, çox etibarlı bir dostdur!

Uzun  müddət Təhsil Nazirliyində məsul vəzifələr daşıması təsadüfi deyil! Azərbaycan təhsil sisteminin müasir tələblərə uyğun yenidən formalaşmasında, inkişaf etməsində böyük xidmətlər göstərib.  Dövlətimiz onun da əməyini yüksək qiymətləndirib. 2005-ci ildə Əməkdar müəllim fəxri adına layiq görülüb.
Fizika-riyaziyyat elmləri doktoru kimi yüzlərlə məqalələr, bir sıra monoqrafiyalar müəllifi kimi də İlham Pirməmmədovun alimlər sırasında öz fərqli, aydın görünən yeri var!
...Məhəmməd peyğəmbər deyirdi ki, Kəbə ziyarətindən də üstün olan bir şey var. O, insanın şərəfi və şəxsiyyətidir.

İlham Pirməmmədov belə bir şərəf və şəxsiyyət sahibidir!

Həzrət Əli deyirmiş ki, dünyada  sonuncu yaxşı adam qalana qədər yaşamağa dəyər. Ancaq bir şərtlə:  çalış ki, həmin yaxşı adam sən özün olasan! İlham Pirməmmədov həmin  sonuncu yaxşılardan biridir!
"Ölüm ya Olum?!"  Budur əsas məsələ!- deyirdi Şeksprin qəhrəmanı Hamlet!
Yox! Bu gün əsas məsələ budur:

Yaxşı adamdan biri olmaq!
Sonuncu yaxşı adam olmaq!

İspan mütəfəkkiri Baltazar Qrasianın yaxşılıq haqqında dahiyanə fikirləri elə bil ki, İlham Pirməmmədovun da boy-buxununa biçilib:

"Yaxşılıq bütün kamilliklərin mərkəzində durur. O, İnsanı ağıllı, diqqətli, uzaqgörən, düşüncəli, müdrik, mərd, saf ürəkli, xoşbəxt, tərifəlayiq, həqiqi və universal qəhrəmana çevirir".
... Yaxşılıq insanı kamilləşdirir, müdrikləşdirir, böyüdür.
Yaxşılıq İnsanı özgələşməkdən xilas edir.
Özü edir, özü qədər edir!

Özü qədər olan adam hamıdan böyükdür.
Özü qədər olan adam hamını böyüdür!
...Bir böyük ziyalımız da 60 yaşına çatdı.
Bir yaxşılıq heykəli də artdı...
 
Anadan olanda dünya sevindi,
Ona can söylədi Daşsalahlı, can!
Bir oğlan gedirdi üzü Bakıya,
Bir yol uzanırdı Daşsalahlıdan!

Bir yol uzanırdı Daşsalahlıdan,
O, təkcə getmirdi elm dalınca.
Üz tutmuşdu, üzü haqqa gedirdi,
Haqqa aparırdı eli, dalınca!
Dur, onu vəsf elə, qələmlər deyir,
Yaşasın babalar torpağı sanı!

 Getdiyi yol boyu görənlər deyir:
"Pirməmməd yurdunun ocağı yanır!"

Qazax bir də kişi yetirməliydi,
Gör bu xeyirxahı, bu pir oğlunu!
Adamlar pirlərə axışır kimi
Üstünə axışıb gedir  oğlunun!

Bir yol uzanırdı Daşsalahlıdan,
Bu doğma yerə bənd, o göy qarışıq.
Bir oğul gedirdi üzü Bakıya,
Damcılı qarışıq, Avey qarışıq!

Bir oğlan gedirdi üzü Bakıya,
Qoymasın kimisə darda qalmağa.
Getmirdi özünə arxa gəzməyə,
Gedirdi çoxuna arxa olmağa.

Vətəndi sevinci, vətəndi baxtı,
Güc alıb zatından "Daş silahlı" dan.
Könüllər mülkünə çatanda baxdı,
Bir yol uzanırdı Daşsalahlıdan!

lll

Belə uzun oldu yollar nə yaxşı,
Belə lazım oldu yollar nə yaxşı!
Belə bizim oldu yollar nə yaxşı,
Bir yol uzanırdı Daşsalahlıdan.

Bu yol bir cəng yolu olmalı idi,
Azman, nəhəng yolu olmalı idi,
Qartal, pələng yolu olmalı idi,
Bir yol uzanırdı Daşsalahlıdan.

Yolundu, yolumdu yollar bir az da,
Şairdi, alimdi yollar bir az da,
Sahmana salındı yollar bir az da,
Bir yol uzanırdı Daşsalahlıdan.

Keçirdi içindən yaşıllıqların,
Həm pərvanələrin, həm işıqların.
Kişi  heykəlidi yaxşılıqların,
Bir yol uzanırdı Daşsalahlıdan.

Xoş arzuya, baxta sarı gedirdi,
Özüm gördüm, haqqa sarı gedirdi.
Baxtavarlar baxtavarı gedirdi,
Bir yol uzanırdı Daşsalahlıdan.

Bacarsam qaldırram qollarım üstə,
Cəng edər... can gedər ellərin üstə!
Xızır peyğəmbərdi yolların üstə,
Bir yol uzanırdı Daşsalahlıdan.

İnsan Allahına qul olmaq üçün,
İnsanlıq daha çox, bol olmaq üçün,
Yolun da özünə yol olmaq üçün,
Bir yol uzanırdı Daşsalahlıdan.

İlham Pirməmmədov pir adam imiş,
Oba adam imiş, el adam imiş.
Adam olan yolmuş, yol adam imiş,
Bir yol uzanırdı Daşsalahlıdan!

Baratı murada çatdırmalıydı,
Həyatı murada çatdırmalıydı,
Muradı murada çatdırmalıydı.
Bir yol uzanırdı Daşsalahlıdan!

lll

Bir yol uzanırdı Daşsalahlıdan,
Yurddu yuvasıza, yerdi yersizə.
Mənim ürəyimdə burulub gedir,
Bir az Qarabağa, bir az Təbrizə!

Bir yol uzanırdı Daşsalahlıdan,
Cığırın cığırı, yolun yoludur.
Harda köməksiz var, harda yetim var,
Özünü dadına çatdırmalıdır!

Vətən övladını balası kimi,
Oxşayıb söylədi dilində hikmət:
"Londonda oxumaq istəyirsənmi,
Səni Nyu-Yorka göndərimmi,get!"

Vurğunun xətrinə diz çöküb bu yol,
Fikirləşir bir az, düşünür dərin.
Hökmən boyun büküb, keçir, bilirəm,
Ayağı altından bənövşələrin!

Bir yol uzanırdı Daşsalahlıdan,
Yolların çiçəyi, yoların gülü.
Mən ondan deyincə, söhbət açınca
Yollarım sevinir, yollarım gülür!

Basıb sinəsinə çalan istəyir,
Ustad Ələsgərin tavar sazıdı,
Bir yol uzanırdı Daşsalahlıdan,
Məni hara desəm, aparasıdı!

Qələmmi gəzirsən, qələmdi  bu yol,
Sevinc dəryasıdı, qəm dənizidi.
Yolların tozuna bələnib bu yol,
Yolların içinin ən təmizidi!

Bir yol uzanırdı Daşsalahlıdan,
Bütün arzuların qovuşuğuna!
Ancaq inanırdı öz  Allahına,
Ancaq inanırdı öz  İşığına!

Xəyalım dolaşıb harda gəzmədi,
Qol-qanad olacaq... kaş hünər olsun!
Adam axtarmadım, adam gəzmədim,
Mən yola rast gəldim, şükürlər olsun!

Bir yol uzanırdı  Daşsalahlıdan,
Günəşin, səhərin keçdiyi yoldu
Əlləri dəymişdi Teymur babanın,
Xızır peyğəmbərin keçdiyi yoldu!

Bilmir öz-özünün ucunu bu yol,
Sonu da görünmür...şükür Sübhana!
Qazaxlı görəndə uçunur bu yol,
Qol açıb uzanır bütün Cahana!
O taylı, bu taylı Azərbaycana!

 

 





01.04.2015    çap et  çap et