525.Az

“Türkiyədəki Azərbaycan diasporası bərbad vəziyyətdədir”


 

“Türkiyədəki Azərbaycan diasporası bərbad vəziyyətdədir”<b style="color:red"></b>

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milliyyətçi Hərəkat Partiyasından olan üzvü Sinan Oğanın APA-ya müsahibəsi.

 

- Sinan bəy, sizin Dağlıq Qarabağ münaqişəsinə dair çoxşaxəli fəaliyyətinizin və açıqlamalarınızın şahidiyik. Maraqlıdır, siz bu münaqişənin həll variantını necə görürsünüz?

 

- Prinsipcə götürsək, müharibə ilə alınmış ərazilər müharibə ilə də geri qaytarılmalıdır. Lakin bu, ən son ehtimal olmalıdır. Bundan əvvəl sülh üsulundan sona qədər istifadə etmək lazımdır. Yalnız sülh üsulunun son variantlarının bitməsindən sonra hərbi yola əl atmaq olar. Fikrimcə, hələ də bu münaqişənin sülh yolu ilə həll variantı mövcuddur. Amma bunun üçün beynəlxalq gücləri razı salmaq lazımdır. Yəni Rusiya, ABŞ, Fransa və Türkiyənin istəyi olmadan bu proses baş tutmaz. Türkiyə münaqişənin sülh yolu ilə həllini istəyir. Amma Fransa və Rusiyanın bu sülhü istədiyindən əmin deyiləm. Çünki bölgədəki durum bu şəkildə qalarsa, onlar da bilir ki, Azərbaycanın hər zaman bu ölkələrdən asılılığı olacaq. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün sülhün bütün yolları sona qədər istifadə edilməlidir, lakin bu da unudulmamalıdır ki, dünyada bunun örnəkləri çox deyil. Adətən, müharibə ilə alınmış yerlər müharibə ilə də geri qaytarılır.

 

- Sizcə, Türkiyə Dağlıq Qarabağ probleminin həllində Azərbaycana yetərincə dəstək olurmu?

 

- Burada ilk növbədə Türkiyənin nə edə biləcəyinə və Azərbaycanın Türkiyədən nə istədiyinə baxmaq lazımdır. Azərbaycanın Türkiyədən hərbi əməkdaşlıq sahəsində istəyi var və məncə, bu istək yerinə yetirilir. Bundan əlavə, Ermənistanla sərhədlərin bağlanması, blokada, embarqonun davam etdirilməsi məsələsi var. Bu barədə mən Türkiyə hökumətinin yetərincə kömək göstərdiyini düşünmürəm. Xüsusən də AKP-nin ermənilərlə barışıq siyasətinin sülhün yaradılmasına kömək etmədiyi qənaətindəyəm. Mən parlamentin Xarici Əlaqələr Komissiyasının üzvüyəm. Eyni zamanda Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun idarə heyətindəyəm. Buradakı işlərimizdən də görürəm ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi Məclisin gündəliyindən çıxarılmayıb və hələ də həllini gözləyir. Məsələn, bizim bu il gündəlikdə 200-dən artıq sənəd var və onlara sırası ilə öncə komissiyada, sonra da parlamentdə baxılacaq. O siyahının içərisində Sürix protokolları qalır. Onu hökumət gündəmə gətirmir, lakin gündəlikdən də çıxarmır. Bu nə deməkdir? Yəni istənilən vaxt bu məsələ gündəliyə yenidən salına bilər. Bunu bilmək və buna qarşı iş görmək lazımdır. Biz buna etirazımızı bildirdik və bildirəcəyik. Milliyyətçi Hərəkat Partiyası və xüsusən də onun Azərbaycanı çox sevən, tanıyan millət vəkili olaraq mən bu parlamentdə olduğum müddətcə heç bir qüvvə bu protokolların parlamentdə müzakirəyə çıxarılmasına nail ola bilməyəcək və biz buna imkan verməyəcəyik.

 

- Bildiyiniz kimi, qarşıdan Xocalı soyqırımının növbəti ildönümü gəlir. Xocalı hadisəsinin soyqırım kimi Türkiyə Böyük Millət Məclisində tanınması mümkündürmü?

 

- Xatırladım ki, Türkiyə Böyük Millət Məclisinə Xocalı hadisələrinin soyqırım olmasına dair sənədi mən təqdim etmişəm və Xarici Əlaqələr Komissiyasında ilk dəfə Xocalıda baş verənlərin soyqırım və qətliam olduğu qəbul edilib. Təvazökarlıqdan uzaq olsa da, bu, mənim və partiyamın mübarizəsi nəticəsində olub. AKP bunu qəbul etmək istəməyib, lakin bizim səyimiz nəticəsində bu, baş tutub. Keçən il biz bu məsələni komissiya səviyyəsində qəbul etdirə bildik. Bu il isə məqsədimiz ondan ibarətdir ki, məsələnin parlament səviyyəsində də qəbuluna nail olaq. Lakin Azərbaycanın da köməyi lazımdır. Məsələn, mənə hələ indiyə kimi Azərbaycandan hansısa nazirlik, hansısa dövlət qurumundan kimsə gəlib deməyib ki, nə kömək lazımdır, nə eləyə bilərik, parlament səviyyəsində nə etmək olar? Maraqlanan olsa da, olmasa da, biz Azərbaycanın xeyrinə çalışacağıq. Heç kimi incitmək istəmirəm, amma istəyirəm ki, bu məsələdə daha aktiv olaq. Türkiyədə Azərbaycan diasporasının fəaliyyətinin daha da aktiv olmasını istəyirəm. Azərbaycan diasporası Türkiyədə bərbad vəziyyətdədir. Mən keçən il Xocalı soyqırımının müzakirəsi zamanı Azərbaycan diaspora qurumlarının nümayəndələrini dəvət etdim, dedim ki, Türkiyə Böyük Millət Məclisi hər kəsə açıqdır, hər kəs gəlib burada öz sözünü deyə bilər. Heç olmasa gəlib tamaşaçı kimi iştirak eləyə bilərdilər. Təəssüflər olsun ki, Qənirə xanımdan başqa heç kəs gəlmədi. Türkiyədən bir nəfər də diaspora təmsilçisi gəlib parlamentdə iştirak etmədi ki, görüm bunlar nə iş görür. Mən istəyərdim ki, Azərbaycanın Türkiyədəki bütün diaspora təmsilçiləri gəlsinlər və parlamentdəki millət vəkilləri də görsünlər ki, Türkiyədə yaşayan Azərbaycan türkləri bu işdə maraqlıdır. Diaspora fəaliyyəti sadəcə oradan iki sənətçini gətirib burada konsert verməkdən ibarət deyil. Milli məsələlərdə lazımdır diaspora. Türkiyə mətbuatında Azərbaycanın problemləri yer ala bilirmi? Buna baxmaq lazımdır. Türkiyə kimi bir ölkənin mediasında erməni diasporasının gücü, Azərbaycan diasporasının gücündən çoxdur. Azərbaycan türkləri olaraq bizim nəyimiz əskikdir? Sayımızmı onlardan azdır? Əlbəttə yox. Amma bu məsələlərə fikir vermək lazımdır. Mən bunların açılmasını istəməzdim. Lakin qaldıqca da, bir nəticə əldə eləyə bilmirik. Mən əminəm ki, Azərbaycan prezidentinin bu işlərdən xəbəri olsa, çox ciddi ölçü götürəcək. Çünki prezidentimiz hər cür imkanı yaradır və hər cür göstərişi verir. Lazımi strukturlar bu göstərişləri yerinə yetirməlidirlər. Fevralın 26-da TBMM-də müzakirə aparıldığı vaxt diaspora təmsilçilərinin, səfirin, Azərbaycan millət vəkillərinin iştirakı vacibdir.

 

- Türkiyə və Azərbaycan arasında viza rejiminin ləğvi gündəmdədir. Hətta TBMM sədri Cəmil Çiçək Bakıda jurnalistlərə açıqlamasında bu yaxınlarda bu sahədə ciddi nəticələr əldə olunacağını vurğulayıb.

 

- Təbii ki, iki dövlət arasında viza rejimi qaldırılmalıdır. Mən televiziyada, parlamentdə bir çox məsələlərdə Azərbaycanı müdafiə edəndə fərqli fikirdə olanlar mənim önümə viza məsələsini qoyurlar. Məsələn, deyirlər ki, sən Azərbaycanı bu qədər müdafiə edirsən, qardaşlığımızı, yaxın olduğumuzu deyirik, Azərbaycan üçün hər cür imkanlarımızı səfərbər edirik, amma Gürcüstan bizim qardaşımız olmadığı halda viza rejimini ləğv edib, Azərbaycan isə yox. Belə olan təqdirdə mənim də onlara verəcək cavabım qalmır. Düşünürəm ki, vizanı ləğv etməyin vaxtıdır. 

 





05.12.2012    çap et  çap et