525.Az

Bakı Peşə Liseyində kadr hazırlığı layihələrinin təqdimatı keçirilib


 

Bakı Peşə Liseyində kadr hazırlığı layihələrinin təqdimatı keçirilib<b style="color:red"></b>

Dünən Təhsil Nazirliyinin 5 nömrəli Bakı Peşə Liseyində xidmət sahələrinə kadr hazırlığı layihələrinin təqdimat mərasimi keçirilib.

Nazirlikdən verilən məlumata görə, tədbirdə təhsil naziri Mikayıl Cabbarov və nazirliyin digər rəhbər şəxsləri, xidmət sektorunda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Layihələrin təqdimatı zamanı təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Təhsil Nazirliyi ilə "Abşeron Hotel Group" MMC arasında razılaşmaya əsasən, 5 nömrəli Bakı Peşə Liseyində ekspertlər tərəfindən 430 şagirdə beynəlxalq standartlara uyğun təlimlər keçiriləcək. Bu təlimlərin məqsədi I Avropa Oyunlarının keçirilməsi ərəfəsində Bakıda istifadəyə veriləcək yeni beş ulduzlu "Bulvar Hotel" və "İnturist Hotel" mehmanxanaları üçün kadr ehtiyatı yaratmaqdır.

Layihələrlə tanışlıq mərasimində çıxış edən nazir peşə təhsili sahəsində belə miqyasda təlim layihəsinin ilk dəfə həyata keçirildiyini bildirib. Nazir bu layihənin turizm-xidmət sahəsinin kadrlarla təmin olunmasına böyük töhfə verəcəyini vurğulayıb. Təlimlərdən keçən gənclər Avropa Oyunları ərəfəsində istifadəyə veriləcək mehmanxanalarda və "Absheron Hotel Group" MMC-nin tərkibinə daxil olan digər restoranlar şəbəkəsində işlə təmin olunmaq şansı qazanacaqlar.

Məktəblərdə hərbi hazırlıq fənninin keyfiyyətinə münasibət bildirən nazir deyib ki, bunun bir çox səbəbləri var.Azərbaycanın bütün ümumtəhsil tam orta məktəblərində və peşə təhsili məktəblərində hərbi hazırlıq fənni tədris olunur və son illərdə bu fənnin hazırlığına xüsusi diqqət yetirilir. Onun sözlərinə görə, təbii olaraq birinci səbəb ondan ibarətdir ki, Azərbaycan müharibə şəraitində yaşayan dövlətdir: "Hər zaman bizim ümumtəhsil sistemində tətbiq etdiyimiz hərbi hazırlıqda vətəndaş ruhunun formalaşması  nəinki zəruri, ən mühüm məsələlərdən biridir".

Nazir qeyd edib ki, məktəblərdə Müdafiə Sənayesi Nazirliyinin təlim-tədris məqsədləri üçün istehsal olunan avadanlıqlarından istifadə edilir. Onun sözlərinə görə, məktəblərdə, şagirdlər arasında vətənpərvərlik ruhunun yüksək saxlanılması hər zaman diqqət mərkəzindədir. Bundan əlavə, Müdafiə Nazirliyinin dəstəyi ilə hər zaman medianın, geniş ictimaiyyətin iştirakı ilə cəbhəyanı bölgələrdə yerləşən məktəblərə xüsusi turların təşkil olunduğunu deyən nazir vurğulayıb ki, məqsəd ilk növbədə orada təhsil alan şagirdlərin və təhsil verən müəllimlərin, orada yaşayan vətəndaşların gündəlik həyat şəraiti ilə tanış olmaqdır: "Müşahidələr onu göstərir ki, uşaqların təhsil nailiyyətləri, vətəndaşlarda Vətənə olan münasibəti və təhsilə olan meyli düşmən tərəfindən olan bütün səylərə baxmayaraq, çox yüksək səviyyədədir və gələcəkdə də davam etdiriləcək".

"Absheron Hotel Group" MMC-nin direktoru Mark Harald Ehler çıxışında 2015-ci ilin iyununda keçiriləcək Avropa Oyunları ilə əlaqədar ölkəmizə idmançılarla birgə çoxsaylı qonaqların gələcəyini xatırladıb. Bunun üçün xidmət sahələrinin beynəlxalq stantdartlara uyğunlaşdırılması ilə yanaşı kadrların peşəkarlıq səviyyəsinin artırılması da əsas məsələlərdəndir.

Rəsmi hissədən sonra qonaqlar liseydə layihə çərçivəsində keçirilən təlim prosesini izləyiblər.

Daha sonra, tədbir iştirakçıları "Müasir Azərbaycan Peşəkarları" layihəsi çərçivəsində yeni yaradılmış mühafizəçi kurslarının təlim otaqları eləcə də hərbi kabinet ilə tanış olub, "Eldar studio" şirkəti ilə birgə tədris olunan bərbərlik ixtisası üzrə təlim prosesini izləyiblər.

Vəfa MƏMMƏDLİ

 





03.04.2015    çap et  çap et