525.Az

"AŞPA-nın yaz sessiyası ermənilərin pozuculuq fəaliyyəti ilə yadda qalacaq"


 

"AŞPA-nın yaz sessiyası ermənilərin pozuculuq fəaliyyəti ilə yadda qalacaq"<b style="color:red"></b>

"Avropa Şurası Parlament Assambleyasının  20-24 aprel tarixlərində keçiriləcək yaz sessiyası təxminən qondarma "erməni soyqırımı"nın 100 illiyi ilə eyni vaxta təsadüf edir. İstisna deyil ki, Ermənistan tərəfi AŞPA-da yenidən öz köhnə ampulasında qalsın və isterik hərəkətləri daha da artsın".
 
Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirli AŞPA-nın yaz sessiyasının gündəliyində nəzərdə tutulan mövzular haqqında danışarkən deyib. Politoloqun sözlərinə görə, AŞPA-nın faktiki olaraq bu sessiyası onların pozuculuq fəaliyyəti ilə daha çox yadda qalacaq:

"Belə olan vəziyyətdə Azərbaycan tərəfi də istənilən gedişlərə hazırdır. Azərbaycan diplomatiyası hücum taktikasına söykənir. Bu sessiya çərçivəsində azərbaycanlı girovların taleyi və onların azad olunması ilə bağlı məsələnin gündəmdə saxlanılacağı və bu məqsədə çatmaq yolunda müvafiq addımların atılacağı istisna deyil. Bu məsələlər ətrafında çox ciddi müzakirələrin olacağı proqnozlaşdırılır. Bununla belə, Azərbaycan tərəfi bu sessiya çərçivəsində əvvəllər irəli sürdüyü (Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi) məsələləri, elcəcə işğalçı ölkəyə qarşı müəyyən təsir mexanizmlərini gündəmdə saxlaya bilər.

Təbii ki, bununla da bağlı BMT nizamnaməsinin 41-ci maddəsində bu məsələ öz əksini tapıb. Həmin maddəyə görə, işğalçı, sülhə təhlükə yaradan tərəfə qarşı qeyri-dinc təsiretmə mexanizmləri nəzərdə tutulur".

Millət vəkili Fəzail İbrahimli isə hesab edir ki, Azərbaycan ərazilərində işğalçı dövlətin apardığı məskunlaşma siyasətinin ifşa edilməsi davam etməlidir.
 
Onun sözlərinə görə, bu məsələ daim gündəmdə olmalı və bütün beynəlxalq təşkilatlarda, o cümlədən, AŞPA, ATƏT, NATO  və digər qurumların parlament assambleyalarının, komitələrinin  iclaslarında qaldırılmalıdır:
 
"Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə xaricdən ermənilərin köçürülməsi erməni əməli, düşüncəsi, siyasəti, 200 ildən bəri yürüdülən siyasətin davamıdır. Ermənilərin Dağlıq Qarabağa köçürülməsi müharibədən sonrakı illərdə də baş verib. O vaxt imperiya var idi və yeritdiyi siyasətə görə heç bir qurum qarşısında cavab vermirdi. İndi BMT, Avopa Şurası və digər beynəlxalq təşkilatlar var. Amma beynəlxalq hüquq işləmir. Əgər işləsəydi ermənilər işğalı davam etdirməz, törətdikləri əməllərin cavabını alardılar. Təəssüf ki, bu gün zora və emosiyalara söykənən proses gedir. Bu da onun nəticəsidir.

Ermənistan nədən Dağlıq Qarabağa erməni köçürməsin? Yaxud bu addımı atmamaq üçün nədən çəkinməlidir? Bunu etdiyinə görə hansı cəzanı alacaq? İnsan o zaman qorxur ki, cəza alır. Ona görə də əməlləri qarşısında cavabdehlik daşıyır. Cəzasız insanlar həmişə bəd əməllər törədib. Dövlət də, millət də, xalq da belədir. Böyük dövlətlər, beynəlxalq qurumlar ciddi addımlar atmaq əvəzinə, bir quru bəyanat verirlər və orada hər iki tərəfin məsuliyyəti eyni dərəcədə qeyd edilir. Erməni də bildiyini edir".  Millət vəkili xatırladıb ki, Ermənistan neçə illərdir Azərbaycanın 20 faiz torpağını işğal edib:

"Amma ona qaşının üstündə gözün var deyən yoxdur. Ona görə də bu gün işğalı reallaşdırır. Suriyadan və digər ölkələrdən gətirilən ermənilərin Dağlıq Qarabağda yerləşdirilməsi ermənilərin orada daimi məskunlaşdırılması prosesi deməkdir. Sabah Dağlıq Qarabağ problemi həll olunanda da bizim üçün meydana çıxacaq problemlərdən biri olacaq".

Qeyd edək ki, AŞPA-nın yaz sessiyasının gündəliyinə Azərbaycanla bağlı məsələ daxil edilməyib. Azərbaycanla bağlı ümumi müzakirələrin iyunun 23-27-də yay sessiyası zamanı keçirilməsi nəzərdə tutulur. Amma ölkənin qurumdakı nümayəndə heyəti sessiya ərzində müxtəlif məsələləri, o cümlədən, Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirməyi planlaşdırır.

PƏRVANƏ

 





03.04.2015    çap et  çap et