525.Az

Azərbaycan və Monteneqro teatrları əməkdaşlıq edəcək


 

Azərbaycan və Monteneqro teatrları əməkdaşlıq edəcək<b style="color:red"></b>

Monteneqro Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Branko Miliç və bu ölkənin Bakıdakı fəxri konsulu Vüqar Əliyev Dövlət Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq elmləri doktoru, professor İsrafil İsrafilovla görüşüblər.

Professor İsrafil İsrafilov səfir təyin olunması münasibətilə diplomatı təbrik edib, ona ölkəmizdəki fəaliyyətində uğurlar arzulayıb. Direktor qonağa Azərbaycan teatrının tarixi haqqında ətraflı məlumat verib, bu gün dünya teatr məkanına inteqrasiyanı fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirən teatrımızın qətiyyətlə ölkənin hüdudlarından kənara çıxdığını və Avropada tanındığını vurğulayıb.

Görüşdə Azərbaycan ilə Monteneqro arasında siyasi, iqtisadi, humanitar, enerji, turizm və s. sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi qeyd edilib, iki ölkə arasında mədəni münasibətlər, teatr əlaqələrinin mövcud durumu və gələcək perspektivləri müzakirə olunub, iki ölkənin teatrları arasında sıx əməkdaşlıq əlaqələrinin qurulması, qarşılıqlı qastrol səfərlərinin, rejissor, aktyor, rəssam, həmçinin pyes mübadiləsinin həyata keçirilməsi, birgə teatr layihələrin gerçəkləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Akademik Milli Dram Teatrının direktoru əməkdaşlığın genişlənməsində qarşılıqlı qastrol səfərlərinin önəmini xüsusi vurğulayıb. Monteneqro səhnəsində Azərbaycan müəlliflərinin, Azərbaycan səhnəsində isə Monteneqro yazıçılarının əsərlərinin tamaşaya qoyulmasını təklif edib.

Səfiri Branko Miliç və fəxri konsul Vüqar Əliyev bütün sahələrdə, o cümlədən, teatr sahəsində iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün səy göstəriləcəyini qeyd ediblər.

S.ABDULLAYEVA

 





03.04.2015    çap et  çap et