525.Az

“Bu gün işğalçı dövlət elə vəziyyətdədir ki…”


 

“Bu gün işğalçı dövlət elə vəziyyətdədir ki…”<b style="color:red"></b>

“Könüllü olaraq Azərbaycan tərəfinə keçmiş erməni əsgəri Andranik Qriqoryana qarşı rəsmi İrəvanda dəstək aksiyalarının keçirilməsi və buna hətta jurnalistlərin də qoşulması gec-tez olmalı idi”.
 
Bu barədə Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev bildirib.  YAP rəsmisinin sözlərinə görə, Ermənistanın işğalçı dövlət olmasını artıq hər kəs bilir:

“Rəsmi İrəvan avtoritar, terrorist bir rejimin rəhbərlik etdiyi bir dövlətdir. Heç kimə sirr deyil ki, orada qanunlar işləmir və insanlar səfalət içərisindədir. Bununla belə işğalçı ölkənin ordusunda hərc-mərclik hökm sürür. Hətta Azərbaycan tərəfinə keçən erməni əsgəri Andranik Qriqoryanın dediyi kimi əsgərlər orada ac, paltarsız, rütubətli və nəm şəraitdə xidmət edirlər. Yəni dözülməz bir şəraitdə o insanlar silah altında saxlanılırsa, gec-tez bu rejimə qarşı bir hərəkət olmalı idi. Hətta erməni əsgərinin dediyinə görə onun başqa bir yoldaşı da Azərbaycan tərəfinə keçmək istəyirdi amma qoymadılar.

Ümumiyyətlə tarixdə belə bir şey görünməyib ki, üz-üzə dayanan düşmən ordusu digər tərəfə keçsin.

Görün Ermənistanda nə qədər ədalətsizlik, anti-insani rejim hökm sürür ki, onlar düşmən saydığı insanlardan özünə kömək istəyir. Bu mənada orada jurnalistlərin, eləcə də başqa sadə vətəndaşların dəstək aksiyasına qoşulması təbii prosesdir. Hesab edirəm ki, bunun davam da olacaq”.

M.Quliyev əlavə edib ki, Ermənistan ordusunda hərc-mərcliyin, səfalətin hökm sürməsi, eləcə də ölkənin özündə terrorist rejimin davam etməsi, aclıq, yoxsulluq və s. təbii ki, orada olan insanları da cana doyuracaq:

“Ümumiyyətlə işğalçı ölkədə adam çox az qalıb. İldə 200-300 min insan oranı tərk edir. Bununla belə, demoqrafik proseslər mənfi istiqamətdə davam edir. Ermənistan o ölkələrdəndir ki, orada ölənlərin sayı doğulanların sayından çoxdur. Hətta bəziləri dözülməz şəraitin hesabına başqa-başqa ölkələrə miqrasiya edir”.

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Ermənistanın ağır vəziyyətdə olduğunu deyib.

Millət vəkili hesab edir ki, əgər Ermənistana qarşı həmsədrlər tərəfindən sanksiya və təzyiqlər mexanizmi hazırlanıb həyata keçirilsə, işğalçı dövlət konstruktiv mövqeyə məcbur edilə bilər. Millət vəkili hesab edir ki, bununla yanaşı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqların yenilənmiş Madrid prinsipləri əsasında aparılmasına Azərbaycan tərəfi öz razılığını verib:
 
“Bu Azərbaycanın prinsipial mövqeyidir. Lakin Ermənistan bu günə qədər yenilənmiş Madrid prinsipləri ilə bağlı öz mövqeyini ortaya qoymayıb və status-kvonu saxlamaqda davam edir. Əlbəttə sülh yolu ilə problemin həllinin yenilənmiş Madrid prinsipləri ilə həll edilməsi bizim maraqlarımıza müəyyən mənada uyğun gəlir və bu yolla məsələni həll etmək mümkündür.

Lakin o haldaki Ermənistan tərəfi də birmənalı şəkildə bu prinsiplərin əməl olunmasına razılıq versin və bu yolda konkret addımlar atsın. Amma buna əməl edilmir və bu günə qədər də status-kvo saxlanılır. Ona görə də Ermənistanın təcavüzkar siyasəti davam etdirilir. Əgər bu yenidən ortaya gətirilirsə, deməli, niyyət problemi donmuş vəziyyətindən xilas etmək və beləliklə problemin sülh yoluyla həllinə yeni bir cəhddir.

Ancaq bu cəhdə nikbin yanaşmıram. Necəki dəfələrlə bununla bağlı addımlar atılıb hətta ATƏT-in Minsk qrupunun həmsədrlərinin dövlət başçıları belə bəyanatla çıxış ediblər, status-kvonun dəyişdirilməsinin vacibliyini önə çəkiblər. Lakin yenə də Ermənistan özünün işğalçılıq siyasətindən əl çəkməyib”.

F.Ağamalı hesab edir ki, paralel oaraq Ermənistana sanksiyalar tətbiq olunması mexanizmi ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən işlənib hazırlanmalı və işə salınmalıdır:
 
“Əgər Ermənistan ATƏT-in Minsk qrupunun yenilənmiş Madrid prinsipləri ilə bağlı danışıqlarına əməl etmirsə, bununla bağlı konkret addım atmırsa, onda bu sanksiyalar hərəkətə gətirilməli və beləliklə Ermənistan məcbur edilməlidir ki, işğal olunmuş torpaqların azad edilməsi üçün konstruktiv mövqe nümayiş etdirsin və konkret addımlar atsın. Nə qədər ki, Ermənistana təzyiq mexanizmi işə salınmayıb, sanksiyalar tətbiq olunmayıb, Ermənistan bu cür danışıqlarla işğal olunmuş torpaqlardan getməyəcək. Çünki təcrübə bunu göstərir. Əlbəttə, bu müharibəni qaçılmaz edir.
 
Düşünürəm ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün cəbhədə, təmas nöqtələrində baş vermiş hadisələri, Azərbaycanın silahlı qüvvələrinin son dərəcə prinsipal və Azərbaycanın dövlət maraqlarına uyğun olaraq atmış olduğu addımlar Ermənistanın məlumatlarından vermiş olduğu çox ciddi və sərt cavablar indiyə qədər Ermənistanı himayə etməkdə olan Minsk qrupunu narahat etməyə başlayıbdır. Onlar başa düşürlər ki, tezliklə bu məsələ öz həllini tapmasa, müharibə qaçılmaz olacaq”.

İqtisadçı ekspert, sabiq deputat  Əli Əlirzayev isə xatırladıb ki, ermənilər tərəfindən Azərbaycan torpaqları işğal olunan zaman orada insanların həlak olması ilə birlikdə, maddi zərər də dəyib. Onun sözlərinə görə, ermənilərin torpaqlarımızı işğal etdikləri zaman dəyən həm maddi, həm də mənəvi zərər ödənilməlidir: “İnsanlar evlərini, mallarını, bütün qurduğu şəraitlərini qoyub köçkün vəziyyətinə düşdülər. Bununla bərabər mənəvi və mədəniyyət abidələrimiz işğal olunmaqla dəyəri ölçülməyəcək qədər insanlarımıza zərər vurulub. Bunlar hamısı hesablanmalıdır və müəyyən vəsait ayrılmalıdır ki, ödənilsin”.

Ekspert həmçinin onu da qeyd edib ki, Ermənistan hökuməti bu gün elə bir vəziyyətdədir ki, kompensasiya ödəməkdənsə, torpaqlarımızdan sakit çəkilsələr, onlar üçün daha sərfəli olar:
 
“Amma onların verdiyi zərərlər mütləq ödətdirilməlidir. Bu gün Ermənistanın özü elə bir vəziyyətdədir ki, adam axtarır ki ondan pul qoparda bilsin. Vəziyyət bu ölkədə çox gərgindir. Bundansa, beynəlxalq səviyyədə onlar bizim işğal etdikləri torpaqlarımızı geri versələr, biz öz iqtisadiyyatımızı bərpa edə bilərik.

Hələ əsas həll olunası məsələ budur. Əlbətdə ki, beynəlxalq səviyyədə olan əlaqələrin, dünya dövlətlərinin, aparıcı qüvvələrin bu məsələyə münasibətindən çox şey asılıdır. Bizi dəstəkləməli və həlli yollarını göstərməlidirlər. Amma əgər təcrübə varsa, hər hansı dövlət müharibə nəticəsində zərər vurubsa, o ölkəyə doğrudan da təcavüz olunubsa, bunun nəticələri ödənməlidir”.

PƏRVANƏ

 





04.04.2015    çap et  çap et