525.Az

Yağışı sevən adam


 

Yağışı sevən adam

Əli Həşim

O hələ uşaqkən, anası onu evdə bir otağa kilidlədiyi vaxtlardan özüylə oynamağa başlamışdı. Böyüdükcə özüylə oynamağa həvəsi azalırdı. Özü özünü qane etmirdi. Necə də edəydi. Axı insan ən darıxdırıcı oyuncaqdı... Bir də harda idi o qədər vaxt ki, insan saatlarla onunla məşğul olsun. Özündən bezir, əlini, qolunu oynatmaqdan sıxılırdı. Belə vaxtlarda gah pəncərəyə qonmuş quşlar, gah yerdə ölüb qalmış milçəklər, gündüzlər günəş, gecələr ay köməyinə çatırdı. Bir də ki, mövsümə görə yağış, qar ona yaşadığını xatırladırdı. O belə sevmişdi təbiəti, quşların səsini, gecənin səssizliyini, zamanın növbəli əvəzlənməsini, qarın şəklini, yağışın səsini bir sözlə, o, belə sevmişdi insansız dünyanı. Onun uşaq ağlında insanların onu sevdiyini, sevmədiyini, yaxud sevməsi gərəkdiyini bilmədiyi kimi o da insanları sevməli olduğunu yoxsa nifrət etməli olduğunu bilmirdi.

Böyüdükcə onu tərk etməyən, ona vəfalı olanın yalnızca yağışa sevgisinin olduğunu başa düşürdü. Hələ uşaqkənpəncərəyə vuran yağış damlalarının şüşədə aldığı şəkillərə baxdıqca müxtəlif hallar keçirər, bunun nə olduğunu bilməzdi. Böyüdü və xəyalların nə demək olduğunu bildi. Uşaqkən tez böyüyüb beynindəki suallara cavab tapmaq istəmişdi. İndisə ilkin suallarının bir çoxuna cavab tapmışdısa da hiss edirdi ki artıq indiki xəyallarında  əvvəlki xəyallarının dadı yoxdu. Bir onu bilmirdi, daha doğrusu qəbul etmirdi ki, bunun adı böyüməkdir.

Qəribədir ki, onu çevrəsindəki insanlar itirdiyi bu sevgilərdən heç birinə görə qınamasa da, hətta xəbərsiz olsa da, bircə anası gizlindən-gizlinə onun insanlardan qaçmasına, insanlara biganəliyinə dözə bilmir,  təklikdə oğlundan çox şeylər soruşurdu. O qəribə idi ki, təkcə savadsız yaşlı anası onu itmiş sevgilərindən dolayı qınayırdı. Halbuki ətrafında olan insanlar idi cəmiyyətin aydınları. Ətrafındakılar idi insani münasibətlərə yön verən, insanlara dəyər verən, insani hisləri daha çox duyduğunu iddia edənlər. Həqiqətdə isə kimsə bilmirdi ki, onun itirdiyi sevgilərindən biri də insanlara sevgisidir. Bir anası deyirdi niyə itib bu sevgi? Bilmirdi, bu sevgi olmayıb ki, itsin. Anası bir də onu bilmirdi ki, bunun dolaysıyla səbəbkarlarından biri də odur. Bir anası az da olsa duyurdu onu. Yaşlı və savadsız anası. 

Beləcə böyümüşdü o. Beləcə yaşamışdı nə yaşamışdısa. Beləcə sevmişdi, kimi sevmişdisə. Bir yağış sevgisi tərk etməmişdi bu vəfasız dünyada onu. Böyüyərək itirdikcə təhsil alaraq qazanmışdı. Artıq ali təhsilli idi. Qəsəbədə ədəbiyyat müəllimi işləyirdi. Seçilirdi, müəyyən mənada sevilirdi də. Gün gəldi anasının zoru ilə evləndi də. “Sən mənim aman-zaman bircə balamsan, istəyirsən bu namərd dünyadan bircə balamın toyunu görmədən köçüb gedim?”-deyirdi anası. Qırmadı anasının qəlbini, qonşunun, anası demişkən, başıaşağı, tərbiyəli qızı ilə evləndi. Sevmədi həyat yoldaşını. Sevə bilmədi. Axı o insanları sevməyə yadırğamışdı. Daha doğrusu insanları sevməmişdi ki, sevmənin nə demək olduğunu bilsin. Uşaqkən özünü sevmişdi. Özünə vurulmuşdu. Bu da bezikdirmişdi onu. Hələ o zamanlardan uşaq ağlına yerləşmişdi insanları sevmənin qəribliyi, insanları sevmənin darıxdırıcı olduğu. Böyüdü. Çox şey dəyişdi. Amma insanları sevməməyi, sevə bilməməyi sanki uşaq ağlından böyük ağlına da keçmişdi, kök salmışdı. 

Gün keçdi, ay dolandı onun sevmədiyi ailəsində körpə dünyaya gəldi. O sevindi, çünki, ilk  zamanlar sevdi körpəsini. Sonralar bundan da sıxıldı. Sevmiş kimi göstərdi özünü. Sevə bilmədiyi körpəsini “sevən adama” da öyrəndi bu adam. Gözləri qarşısında körpə böyüməyə başladı. Bir gün anası xəstələndi. Öldü anası. Ölərkən oğluna son nəfəsdə “sev balanı”- dedi anası. Beləcə günlər keçdi. Çox sevdiyi anasını da sevməməyə başladı. Gün gəldi işləri yaxşı getmədi. Anasından qalma evi də satdı. Balaca bir evə daşındı. Əvvəllər  köhnə evlərini sevdiyini, evləri üçün darıxdığını sanırdı. Bu ev onu otuzbeş yaşına gətirmişdi. Yavaş-yavaş evləri yadından çıxdı. Yeni ev qəsəbənin kənarında idi. Yolu xeyli uzanmışdı. Bu yol onu üç ay aparmışdı iş yerinə. Bir gün payız gəldi. Yağışların başlaması ilə yollarında hərəkət edə bilmədi. Hər gün işə gedib çatınca şalvarı palçıq oldu. İllər boyu nəzərini cəlb edə bilmədiyi müdirin diqqətini palçıqlı şalvarıyla cəlb elədi. Artıq palçıqlı şalvarla gəzməkdən də bezdi. Səbəb yağışların yağması idi. Otuzbeş illik ömründə hər yağış yağanda pəncərənin qarşısında durub yağışın səsinə qulaq asan, yağış damlalarının şüşədə yaratdığı fıqurlara baxıb xəyallara dalan bu adam bir gün yağış yağanda yatdı. Payızın yağışları ara vermək bilmirdi. Getdikcə haldan çıxan bu adam əslində bilmirdi ki, artıq, yağışı sevməməyə başlayıb. Evdə də, işdə də problemlər çoxalırdı. Hər kəslə yolsuzluğa başladı. Yağış yağdı. Yenə yağdı. Yağış əsəbləşdirdi onu. Yağış yağdı düşündürdü onu. Gün gəldi ki, yağışı sevmədiyini hiss etdi. Yenə yağış yağdı. Otağına çəkildi bu adam. Yağışa baxdı, yağışın səsini dinlədi, şüşədə çəkdiyi şəkillərə baxdı xəyala daldı. Artıq o yağışı sevə bilmirdi. Bu onun gizli faciəsi idi. Xəyalında özünü öldürdü. Bir daha ayılmadı. Bir saatdan sonra yağış dayandı. O adam otaqdan çıxmadı. Otağa girəndə gördülər, ölüb.

Hərkəs bir söz dedi. Hamı tanıyırmış onu, hamı sevirmiş onu. Hamı xoş sözlər dedi haqqında. Kimi ailəsi üçün öldüyünü dedi. Kimi vətəni üçün öldüyünü dedi. Kimi işi üçün öldüyünü dedi... Ancaq heç kim dəqiq bilmədi ki, bu adam niyə öldü!

 





13.09.2012    çap et  çap et