525.Az

İlk görüş - (hekayə)


 

İlk görüş - <b style="color:red">(hekayə)</b>

Ağ köpüklü nazənin ləpələr sahildə oturan qızın yalın, ağappağ baldırlarını  yalayırdı. Oğlan bir qədər qıraqda durub qızın gah islanmış uzun hörüklərinə, gah da topuğunadək qumun içinə girmiş zərif ayaqlarına heyran-heyran baxırdı. Ürək eləmirdi ləpədöyənə girməyə.

- Niyə qıraqda durmusan? Sən də gəl mənim yanımda otur...- qız dedi.

Oğlan sanki bu sözə bənd idi, dərhal yaxına gəldi, oturdu qızın yanında.

- Ayaqqabılarını niyə çıxartmadın? Üst-başını da bulaşdırdın...-qız qayğıkeş ədayla sanki yumşaq bir tənə vurdu.

- Belə yaxşıdı. - Oğlan özünü sındırmadı.

- Sənin çimərlik paltarın yoxdu ki?

- Var. Qoymuşam qurusun... Bayaqdan çimirdim.

- Hımmm...Üzə bilirsən?

Oğlan bir qədər fikrə getdi. Bilmədi nə cavab versin. Görünür, yalan danışmaq istəmirdi.  Lakin:

 - Xoşlamıram, burda oturmaq daha yaxşıdı,-deyə başladı qızın baldırlarını yaş qumla örtməyə. Örtdükcə də ləpələr yuyub aparırdı. Qız isə gülürdü.

- Mənim də burda oturmaqdan xoşum gəlir, -qız dedi.-Sən sabah gələcəksən?

- Həəəə...

- Eviniz uzaqdadı?

- Yox, burda oluruq, dəniz qırağında.

- Nə yaxşı! Onda görüşərik.

(Oğlan daha çox sevindi, bir qədər də ürəkləndi).

- Adın nədir?

- Pərvanə.

- Mənim də adım Ziyadır.

Qız gülümsündü, qəflətən durub gün çətirinin altında qarnı üstə uzanan qara eynəkli qadının yanına qaçdı. Sonra nə düşündüsə, geri boylandı, səsləndi:

- Səni gözləyəcəm, Ziya! Gəl a, yaxşı?

Oğlan qürurlandı, yaş ayaqqabılarını sürütdəyə-sürütdəyə qırağa çəkildi, heç kim eşitməsin deyə öz-özünə pıçıldadı:

-Yaxşı...

Birdən anası oğlanın üstünə şığıdı.

-Sənə demədim ayaqlarını batırma, ay heyvan! Axı indicə paltarını dəyişmişdim! Bu gün-sabah məktəbə gedəcəksən, hələ də ağıllanmamısan!- deyə ana hiddətləndi, oğlanın qulaqlarını möhkəmcə burub üzünü-yanını şillələdi. Qız yerində donmuşdu. Oğlan hıçqıra-hıçqıra gah gözlərini qızdan gizlətməyə çalışır, gah da anasına həqarətlə baxırdı. 

Mərdəkan, 19 iyul, 2014

 





06.04.2015    çap et  çap et