525.Az

Həqiqət və Rəzalət - romandan parça


 

Həqiqət və Rəzalət - <b style="color:red">romandan parça</b>

Yazıçı Əli İldırımoğlunun “Daş yağan gün” romanındakı bir epizodun bu günümüz üçün də çox aktual olduğunu nəzərə alıb oxuculara təqdim edirik.

(Əvvəli 20 mart sayımızda)

Məclis başa çatdıqdan sonra qonaqlar şad­xürrəm  ayağa qalxıb ev sahibləri ilə xudahafizləşdilər. Hərə öz evinə tərəf yollandı. Silva yan otağa keçib əynindəki bahalı paltarını dəyişdi. Andranik və Solomon Betker stullarını bir­birinə yaxınlaşdırıb çay gətirtdirdilər. Andranik üzünü yeznəsinə tutub, ikrahla başını buladı və narazı halda:

- Qatarla gələndə Eduard Çeburdanidze adlı əclaf bir gürcüyə ilişdim, - dedi. - Başdan­ayağa zəhər tuluğu idi. Yanımda silah olsaydı, təpəsinə iki güllə vurardım, - əlavə etdi. - Guya gürcüdür!! Din qardaşıdır!! Xaç gəzdirir!! Ancaq ermənilərin qatı düşmənidir!! Özün yaxşı bilirsən ki, Andranik Torosoviç Ozanyan erməni xalqının iftixarıdır. Onun adı bütün dünyada məşhurdur. Di gəl ki, Andranik Ozanyanın adını çəkən də elə bir atasını söydülər. Onun ruhu şərəfinə badə qaldırmaq istəyəndə əlindəki konyak dolu qədəhi  yerə qoydu. Utanıb­çəkinmədən üzümə qarşı dedi ki, Andranik Torosoviç Ozanyan qəhrəman yox, insan qatilidir, qaniçəndir. Əsrin əvvəllərində ermənilərin  qırılmasının əsas səbəbkarı Andranik olub. Guya ki, həmin dava­dalaşda türklərin o qədər də günahı olmayıb. Erməniləri qırğına verən Andranik Ozanyandır.

Andranik Poqosyan həyəcanlı danışığına fasilə verib, onu diqqətlə dinləyən Solomon Betkerə yoxlayıcı nəzər saldı. Və:

- Eduard Çeburdanidze kimi xaçpərəstdənsə, olmasa yaxşıdır! Elələrinin kökünü kəsmək lazımdır. - Sözünə davam etdi. - Özü də alimdir!! Guya həmişə düz danışdığına görə hər yerdən qovulub, indi arxivdə eşələnir. Düz eləyiblər! Eləsi arxivdə işləməyə yox, heç donuz otarmağa da layiq deyil!

Andranik Moskvaya gələrkən qatarda rastlaşdığı Eduard Çeburdanidzedən eşitdikləri barədə nə qədər həyəcanlı danışsa da, Solomon Betker ağzından qıfılı götürüb qayınatasının dediklərinin bircə kəlməsini belə təsdiq etmədi. Heç olmasa, “düzdür” demək mənasında başını belə tərpətmədi. Axırda üzünü qayınatasına tərəf tutub təmkinlə:

- Sizin söhbətinizdən belə nəticə çıxartdım ki, Eduard Çeburdanidze dediyiniz o gürcü obyektiv adamdır. Əslində öz dininə, daşıdığı xaça sadiq adam həqiqəti danışmalıdır. Görünür, Çeburdanidze sizin ürəyinizə yatan, arzunuzca olan yalan, iftira danışmağı özünə rəva bilməyib. Ermənilərə sərf etməyən həqiqəti deyib.

Solomon Betker bir siqaret yandırıb ciddi görkəm aldı. Və:

- Şübhəsiz ki, biz qohum olmuşuq, - dedi. - Silvanın atası, mənim qayınatam kimi həmişə hörmətinizi saxlamağa borcluyam. Başqa cür də ola bilməz. Çünki biz artıq qaynayıb qovuşmuşuq. Yeri gələndə sizə hər cür kömək etməyə hazıram. Türklərlə ermənilər arasında ədavətə gəldikdə, vaxtilə olub­keçmiş əhvalatı təzədən qızışdırıb közərtməyə lüzum görmürəm. Əslində Gürcüstandan olan sizin o kupe yoldaşınız Eduard Çeburdanidzenin dediklərində həqiqət var. Tarixi hadisələr barədə fikir yürüdəndə bir var obyektiv gerçəkliklərə, rəsmi dəlil­sübutlara əsaslanasan, bir də var, emosional, qərəzli hisslərə uyub, olmayan hadisələri yalandan uydurasan. Düzdür, əsrin əvvəllərində erməni­türk qarşıdurması olub. Hər iki tərəfdən xeyli insan qırılıb. Həmin anlarda sizin xalq qəhrəmanı, xilaskar hesab etdiyiniz və inciməsəniz, deyərdim ki, hətta fəxrlə adını daşıdığınız Andranik Torosoviç Ozanyan xoşagəlməz, insanlığa sığmayan bəd əməllər işlədib. Elə arının yuvasına çöp uzadan  əvvəlcə sizin o Andranik Ozanyan olub. Türkiyədə doğulub boya­başa çatdığı halda, o tərəfin müsəlmanlarına arxadan zərbə vurub. Türkiyədə özü kimi qatı millətçilərdən silahlı dəstə düzəldib, öz həmvətənlərinə qarşı çıxıb, Türkiyə ilə vuruşan Bolqarıstan, Rusiya ordusuna kömək edib. Bir tərəfdən də azərbaycanlıların üstünə ordu yeridib, neçə­neçə kəndi oda qalayıb, minlərlə günahsız insanı, uşaqlı­böyüklü qətlə yetirib. Bu, qəhrəmanlıq yox, qəddarlıqdır. O, Çeburdanidze də arxiv materiallarından bunu bildiyi üçün düzünü danışıb. Ona görə də yaşca məndən böyük olsanız da, acığınıza gəlsə də, gəlməsə də deməliyəm ki, o gürcüyə əclaf deməyə haqqınız yoxdur. Bu cür sözsöhbətləri mən də az­çox eşitmişəm. Mənim fikrimi bilmək istəsəniz, deyərdim ki, o dövrdə baş verən hadisələr doğru­düzgün araşdırılıb ortalığa çıxarılsa, məlum olar ki, türklər - azərbaycanlılar çox qırılıb, nəinki ermənilər. Ona görə də ermənilər nahaq yerə bu məsələni qurdalayıb, özlərini duruluğa çıxartmaq üçün canfəşanlıq edirlər. Hətta Fransanın, Amerikanın mötəbər dairələrində inam yaranmışdı ki, guya ermənilər genosidə məruz qalıb. Bəzi dövlətlər erməni millətçilərinin reallıqdan uzaq olan yalan təbliğatına uyub, kor­koranə qərar qəbul ediblər ki, doğrudan da ermənilər türklərin genosid siyasətinə məruz qalıblar. Həmin dövlətlərin başçılarından soruşmaq lazımdır ki, belə bir qərar qəbul etməzdən əvvəl zəhmət çəkib hansı arxiv sənədlərini vərəqləmisiniz?! Hansı tarixi araşdırmaları aparmısınız? Erməni lobbisinin təsiri altına düşən Amerikanın və Fransanın ixtiyar sahiblərindən soruşmaq gərəkdir ki, iki qonşu xalq arasında baş verən xoşagəlməz hadisələrdə kimin haqlı və ya haqsız olduğunu müəyyən etmək üçün sizi kim vəkil tutub?! Bax, bu mənada bir çox dövlətlərin genosid barədəki yanlış mövqeyi mənə gülünc gəlir.

Andranik aldığı sərt cavablardan sarsılır və daxilən peşmançılıq çəkirdi. Ancaq Silvanın gələcək taleyini gözləri önünə gətirib yeznəsinə etiraz etməkdən çəkinirdi. Həm də özlüyündə atasını məzəmmət edirdi ki, gərək ona bu Andranik adını qoymayaydı. Eduard Çeburdanidzenin, Solomon Betkerin sözlərində yəqin ki, bir həqiqət var. Doğrudan da adını daşıdığım Andranik də azacıq aşın duzu olmayıb. Ona görə də Andranik Poqosyan yeznəsinin qarşısında susub sükuta dalmışdı. Solomon Betker barmaqları arasında tüstüsü çözələnən siqaretini külqabına qoyub, qəddini düzəldərək:

- Əlbəttə, ermənilərin yaxşı bəstəkarları, alimləri, ədəbiyyat və incəsənət xadimləri var. Onların istedadına qibtə etmək olar. Təəssüf ki, şərə xidmət eləyən qatı millətçilər çirkin əməlləri ilə mənsub olduqları millət barədə ikrah hissi yaradırlar. Mənim hörmətli qayınatam, istəyirəm, bu cür məsələlərdə düzgün, ədalətli mövqe tutasınız, qərəzli hisslərin əsirinə çevrilməyəsiniz. Tarixi baxımdan andraniklərin və onların varislərinin tutduğu qatı millətçilik, qısqanclıq, xəyanət yolu çətin ki, sizə uğurlu gələcək vəd etsin. Söhbət düşmüşkən onu da deyim ki, ermənilərin  torpaq, ərazi iddiaları da kökündən yanlışdır. Bizim Elmlər Akademiyasında işləyən bir çox tarixçi dostum var. Vaxtilə Qafqazda baş verən konfliktlər barədə onlarla çoxlu söhbətlərimiz olub. Yaxın tariximizə diqqətlə nəzər salanda tam aydın olur ki, Cənubi Qafqazda yaşayan ermənilərin böyük əksəriyyəti qonşu dövlətlərdən, xarici ölkələrdən bura köçürülüb. Belə bir deportasiyanın da əsas təşəbbüsçüsü və təşkilatçısı o vaxtkı rus padşahlığı olub. Onda rus çarı şovinist bir siyasət yeridirdi. Sonralar Leninin özü də o vaxt rus şovinizminin əleyhinəydi. Və bunu təhlükəli bir siyasət hesab edirdi. Əslində bu, Rusiyanın özü üçün də zərərli bir siyasət idi. Çünki böyük millətçilik iddiası yarananda, istər­istəməz xırda millətçilik əhvali­ruhiyyəsi baş qaldırır. Tarixdə baş verən hadisələrdən, qanlı vuruşmalardan az da olsa məlumatım var. Şəxsən mən qatı millətçiliyə xəstə təxəyyülün təzahürü kimi baxıram. Bunu dilə gətirmək mənim üçün çətin olsa da, deməyə məcburam ki, belə bir qorxulu xəstəlik erməni məliklərində xroniki hal alıb. Təəssüf ki, belə bir qorxunc xəstəliyin müalicəsi müşkül bir məsələdir.

Silva bayaqkı məclisdə çox da içməmişdi. Buna baxmayaraq, konyak az da olsa, ona təsir eləmişdi. Əri ilə atası arasında gedən söhbətlərin ona dəxli yox imiş kimi yan otaqda telefonu qulağına sıxıb rəfiqələri ilə şirin­şirin danışıb arabir qəşş eləyib gülürdü. Silva sanki ömrünün ən bəxtəvər anlarını yaşayırdı. O, taleyindən razı olduğunu dilə gətirib deyirdi:

- Min şükür Tanrının kərəminə! Arzuma çatmışam! Adlı­sanlı, varlıpullu məşhur alimlə həyat qurmaqdan böyük xoşbəxtlik nə ola bilər?! Atam özü də Betkerlə evlənməyimə bilirsən necə sevinir?! Bizə ürəkdən xeyir-dua verdi. Özü də buradadır... Hələ getməyib, o biri otaqda ərimlə söhbət eləyir... Aazz... nə olsun yaşlıdır?! Öz aramızda danışıram, hələ ki, onnan kefimi çəkirəm. Başını yastığa qoyub, o dünyalıq olandan sonra mənə ər qəhətdi?! Nə çoxdu bığıburma oğlan?! Birini evimin üstünə salıb kefə baxaram. Dolu­dost evim olandan sonra kişilər özü arxamca sürünəcək...

Telefon danışığının eşidilməməsi üçün Silva qapını örtmüşdü. Səsini də içəri salıb həmsöhbəti ilə xısın-xısın pıçıldaşırdı. Həm də Solomon Betkerin eşidib başa düşməməsi üçün erməni dilində arabir - Siranuşcan - deməsindən və bəzi sözlərindən bilinirdi ki, həmsöhbəti Yerevandandır.

Yeznə ilə qayınatanın söhbəti getdikcə qızışırdı. Solomon Betkerin dedikləri Andranik Poqosyanın ürəyincə olmasa da, yeznənin dediklərini ilk dəfə eşitdiyinə görə ona dərin maraqla qulaq asırdı.

Solomon Betker qıçını qıçının üstünə aşırıb, kürəyini əyləşdiyi stula söykəyib, üzünü yanpörtü Andranikə tərəf çevirdi. Və:

- Yəqin ki, dediklərimdən inciməzsiniz, - sözünə davam etdi. - Bir halda ki, qohum olmuşuq, bərk ayaqda heç vəchlə erməniləri başqalarının ayağına vermərəm. Buna şübhəniz belə olmasın. Siz o yol yoldaşınız, Eduard Çeburdanidzedir­nədir, ondan incikli olduğunuz və sizi qəzəbləndirdiyi üçün istəyirəm ki, məsələdən hali olasınız, ağla qaranı səhv salmayasınız. Bu barədə doğru­düzgün məlumatınız olsun. Mən - Cənubi Qafqazda yaşayan ermənilərin çoxu başqa ölkələrdən köçən və köçürülən gəlmələrdir, - deyəndə hiss etdim ki, rənginiz bir balaca qaçdı. Görünür, bu söz sizə xoş təsir bağışlamadı. Ancaq nahaq yerə. Bunu öz aramızda deyirəm. İstəyirəm, türk-erməni münasibətilə əlaqədar olan tarixi hadisələri olduğu kimi biləsiniz. Mən rəsmi dairələrdə tribunaya qalxmaq və qələm­kağız götürüb, bu haqda kitab yazıb ermənilərin əsassız ərazi iddialarını aləmə car çəkmək niyyətində deyiləm və bunu ağlınıza belə gətirməyin. Sadəcə olaraq, ikilikdə özümüz üçün söhbət edirik. Hesab edin ki, bu sözləri Solomon Betkerdən yox, yaxın tariximizin dilindən eşidirsiniz. Onu da bilin ki, qoca tarix saxtakarlığı qəbul etmir. Tarixə vurulan süni, saxta yamaq çox gedə bilməz və zaman ötdükcə onu uyduranlar gülünc vəziyyətə düşüb, sonrakı nəslin nifrət və lənət hədəfinə çevrilməlidir.

Solomon Betker bu dəyintili sözlərin təsirindən qayınatasının çöhrəsinə çökən qızartıya ani nəzər salıb qımışdı. Lakin özünü o yerə qoymadan sözünə davam etdi:

- Bilmirəm, bu barədə məlumatınız var, ya yox. O vaxt, dəqiq desək, 1828­ci ildə Rusiya ilə İran arasında Türkmənçay müqaviləsi bağlanıb. Mənim mülahizəmə görə əslində bu, ermənilərin təşəkkülünə, azərbaycanlıların tənəzzülünə rəvac verən bədnam bir akt idi. Azərbaycanın o cür parçalanmasına bir bədənin ikiyə bölünməsi kimi baxıram.

Andranikin bayaqdan bəri avazımış sifəti duruldu.

(Ardı var)

 





06.04.2015    çap et  çap et