525.Az

Girovların azad olunması gözləniləndir


 

SAHİB ALIYEV: "TƏKİDLİ TƏLƏB VƏ TƏZYİQLƏRİMİZ ÖZ NƏTİCƏSİNİ VERİR"

Girovların azad olunması gözləniləndir<b style="color:red"></b>

"Belə görünür ki, ermənilər girov götürdükləri Dilqəm Əsgərov və Şahbaz Quliyevə əfv haqda ərizə yazdırmaq niyyətindədirlər. Bunu niyə etdikləri aydındır. Bizim təkidli tələb və təzyiqlərimiz öz nəticəsini verir".
 
Bu fikirləri millət vəkili Sahib Alıyev erməni girovluğunda saxlanılan iki azərbaycanlı barədə danışarkən deyib.
 
Onun sözlərinə görə, bir çox dövlət və qurumlar arıtq girovların buraxılmasını istəyir: "Fransa prezidenti bu haqda çağırış edib. Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland da oxşar istəklərdə bulunub. Açıqlanmasına ehtiyac duymadığımız bir sıra başqa məqamlar da var ki, ermənilərə girovları buraxmaqdan başqa ayrı çıxış yolu qoymur. Onlar da bunu görüb öz əleyhlərinə işləyən vəziyyətdən nə qədər mümkündürsə, bir o qədər faydalanmağa çalışırlar.

Birincisi, Dağlıq Qarabağdakı uydurma rejimin başçısına ərizə yazdırmaqla guya onun "prezident"liyini legitimləşdirirlər. İkincisi, girovları uydurma soyqırımı ərəfəsində azadlığa buraxmaqla bu qədər "itki"lərlə üzləşən bir xalqın necə kindən uzaq, sivil və "böyük qəlb"li olduğunu göstərmək və bunu tirajlamaq niyyəti güdürlər. Üçüncüsü, bunu onları şərəfləndirərək uydurma "soyqırım"ın 100 illiyi ilə bağlı Ermənistana gəlməyi planlaşdıran Rusiya və Fransa prezidentlərinə bir jest kimi təqdim edəcəklər. Axı hər iki ölkə girovların buraxılmasını istəyib və üstəlik də həmin girovlardan biri Dilqəm Əsgərov Rusiya vətəndaşıdır.

Təbii ki, bu yazdıqlarım bir versiyadır. Amma reallaşmaq ehtimalı yüksəkdir.

Ona görə yüksəkdir ki, ermənilər girov götürdükləri soydaşlarımızı gec-tez buraxmalı olacaqlarının yaxşı fərqindədirlər. Bu baxımdan onlara ən çox sərf edən vaxt məhz indidir. Təki girovlarımız azadlığa çıxsın.

Bununla erməniçiliyin mahiyyəti dəyişmədiyi kimi, Bako Saakyanın da "prezident"liyi legitimləşmir. Onun "prezident"liyi bir halda legitimləşə bilər ki, o da Dağlıq Qarabağın müstəqilliyi tanınarsa. Onu da ancaq yuxularında görərlər!"

Ceyhun ABASOV

 





07.04.2015    çap et  çap et