525.Az

Memuar janrının ustadı


 

BÖYÜK ƏDİB VƏ ALİM ƏZİZ ŞƏRİFİN 120 İLLİYİ TAMAM OLUR

Memuar janrının ustadı <b style="color:red"></b>

Tarixi çox da qədim olmayan Azərbaycan memuar ədəbiyyatı müxtəlif istiqamətləri əhatə edir.
 
İndiyədək Birinci və İkinci Dünya müharibələrinin iştirakçıları, partizan hərəkatının nümayəndələri, ayrı-ayrı elm sahələri üzrə xüsusi xidmətləri olan məşhur şəxsiyyətlərə aid xatirələr toplanılıb, çap edilərək oxuculara çatdırılıb. Memuar ədəbiyyatımızı zənginləşdirən bir istiqamət də məşhur şair, yazıçı, mədəniyyət və incəsənət xadimlərimiz haqqında yazılan xatirələrdir. Bu xatirələrin bir qismində müəlliflər  öz ədəbi-mədəni və ictimai fəaliyyəti haqqında yazıblar. İkinci qisim xatirələr isə başqa müəlliflərin müxtəlif şair, yazıçı, mədəniyyət və incəsənət xadimləri haqqında yazdıqlarıdır. Bu qrupa daxil olan xatirələrin olduqca az miqdarı  "Gündəlik"lər və müxtəlif sənədlərə əsaslanmaqla yazılıb.

Azərbaycan memuar ədəbiyyatının bu tipli nümunələrinin yaradıcısı filologiya elmləri doktoru, professor Əziz Şərifdir. Düzdür, Ə.Şərifdən bir qədər əvvəl, yəni XX əsrin ilk illərində görkəmli yazıçı Y.V.Çəmənzəminli də "Gündəlik" yazıb və hətta həmin gündəlik qeydləri və yaddaşına əsaslanaraq "Bir cavanın dəftəri" adlı əsərini də yazıb. Lakin bu iş ardıcıl, sistemli və elmi ümumiləşdirmə yolu ilə yerinə yetirilməyib, daha çox bədii xarakter daşıyıb. Ə.Şərifin xatirələri isə onun təxminən 80 illik bir dövrü əks etdirən "Gündəliy"inə və müxtəlif sənədlərə istinadən yazılmış və mühüm elmi əhəmiyyət kəsb edir.

Ə.Şərifin özünün etirafına görə 1908-ci ildən "Gündəlik" yazmağa başlamış və bu mədəni vərdişi demək olar ki, ömrünün sonunadək davam etdirmişdir. "1908-ci il yaydan etibarən mən "Gündəlik" yazmağa başlamışdım. Bu, mənim ilk təcrübəm idi, gündəlik yazmağı hələ öyrənməmişdim. Odur ki, "Gündəliy"imin səhifələrini lüzumsuz təfsilatla doldururdum. Lakin bununla belə bu gündəliklər yenə də bir para maraqlı hadisələrdən xəbər verir".

Çox keçmir ki, Ə.Şərifin gündəlik yazmaq sahəsində təcrübəsi və səriştəsi artır, hətta o, sonralar gündəlik qeydlərini aparmaq üçün özünəməxsus bir üsul da tapır: "Mənim gündəlik yazmaqda bir üsulum var idi. İllik gündəliklər dörd hissəyə bölünürdü - qış, yay, yaz, payız. Hər fəsildə yazılan dəftərlər bükülüb iplə bağlanıb xüsusi qutuya qoyulur, qıfılla bağlanırdı, təzə fəslin dəftərləri yazılmağa başlayırdı. Beləliklə də hər gün yazdığım gündəliklər ildə dörd hissədən ibarət olurdu".

Gündəlik yazmaq vərdişi Ə.Şərif üçün həyat normasına çevrilmişdi. "Bu gündəliklər mənim çox vaxtımı alırsa da, mən onları davam etdirəcəyəm, çünki bunsuz yaşaya bilmərəm".

"Gündəliy"indəki müxtəlif illərin hər gününə aid çox əhatəli qeydlər onu sübut edir ki, Ə.Şərif həqiqətən taleyin onun ömür payına yazdığı günlərin xeyli saatını bu işə həsr etməyə əsirgəməmişdir. "...Gecələr oturub bəzən səhərə kimi gündəlik yazmağı... adət etmişdim"; "Moskvada da, Naxçıvanda da mən öz gündəliyimi əldən buraxmaz və hər günün az-çox əhəmiyyətli hadisələrini qeyd edərdim".

Alim "Gündəliy"inə son nöqtəni qoyma anını isə çox təsirli bir dillə (həmin səhifələr rus dilində yazılıb) belə təsvir edir: "11-XI, 1987.  Ömür yolumun sonu yaxınlaşır və 75 il hər gün məşğul olduğum əmək fəaliyyətimin son səhifəsini yazıram. Sanki dumanda yazıram - gözlərim yazılanları seçmir, soyuq barmaqlarım qələmi zorla tərpədir.

Yazmaq artıq mənim üçün heç nədir. Hər şey yazılıb, hər şey övladlarım Cavada və Güllüyə deyilib. 

Mənim çağırışımla sabah Azərbaycan MDƏİA-nın  rəisi fədakar və əziz dostum Maarif Teymurov gəlir və mən qalan sənədlərim (sənədlərinin böyük bir qismini bundan əvvəl də arxivə təhvil vermişdi - F.X.) və əlyazmalarımla birlikdə 45 cildlik "Gündəliy"imi də arxivə verirəm.

Beləliklə, mən həyatla vidalaşıram və ruhsuz bədənimin vətənim Naxçıvanın qəbiristanlığında valideynlərim və qardaşımın yanında nə vaxt dəfn ediləcəyini gözləyirəm.

Bununla da mən böyük nöqtəni qoyuram" (fond 255, siy.7, iş 52, v.57-58).

"Qoyuram" sözündəki nöqtədən sonra Ə.Şərif son sətrin aşağısında təxminən ortada yenidən böyük bir nöqtə qoymuş və imza etmişdir.

"Gündəliy"ə qoyulan bu "böyük nöqtə"dən sonra Ə.Şərif düz altı ay 20 gün yaşaya bildi. Görkəmli alim 1988-ci ilin 1 iyununda dünyasını dəyişdi və vəsiyyətinə görə Naxçıvanda dəfn edildi.

Əgər 1908-ci ilin yayından 11 noyabr 1987-ci ilədək hər gün Ə.Şərifin çox yox, orta hesabla bir saatını gündəlik yazmağa sərf etdiyini nəzərə alsaq, onda rəqəmlərin dili ilə belə bir təxmini mənzərə ilə qarşılaşmaq olar:

Bir ildə 365 saat, yəni 15 gün, 2 saat.

79 il yarımda (gündəlik qeydlərin yazıldığı müddət): 1209 gün, yəni 3 il, 3 ay.

Deməli, Ə.Şərifin 93 illik ömrünün 3 ilindən çoxu ancaq gündəlik yazmağa həsr olunmuşdur ki bu da, ümumiyyətlə, ədəbiyyat tarixində nadir hadisələrdən biri sayıla bilər.

Ə.Şərifin "Gündəliy"inin avtoqrafı S.Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə olunur  və bu günədək tam şəkildə oxuculara çatdırılmamışdır. "Gündəliy"in bütövlükdə yox, müəyyən hissələrinin çap etdirilməsində ilk təşəbbüs isə  elə Ə.Şərifin özünə məxsusdur. Belə ki, o, keçən əsrin 60-70-ci illərində Bakıda çıxan "Azərbaycan" jurnalı, "Kommunist" və "Ədəbiyyat və incəsənət" qəzetlərində dərc etdirdiyi məqalələrinə və 1977, 1983 və 1986-cı illərdə çap olunan "Keçmiş günlərdən" adlandırdığı kitablarındakı xatirələrinə "Gündəliy"indən çox əhəmiyyətli və geniş oxucu kütləsinin marağına səbəb olan parçalar daxil etmişdir.

Biz bu məqaləmizdə yalnız həmin kitablara daxil edilən xatirələr haqqında bəhs etməyi qarşımıza məqsəd qoymuşuq.

Ə.Şərifin xatirələrinin səciyyəvi xüsusiyyətləri çoxdur. Bu barədə bir qədər sonra. Çünki əvvəlcə onun "Keçmiş günlərdən" seriyası ilə  çap olunan kitablarına daxil edilən xatirələrinə qısa nəzər salmaq daha vacibdir. 

"Keçmiş günlərdən"in 1977 və 1986-cı il nəşrlərində ədəbiyyat, elm, mədəniyyət və incəsənət xadimlərimiz, Tiflisdə nəşr olunan bəzi milli mətbuat orqanlarımız, ədəbi əlaqələrimiz haqqında maraqlı xatirələr bir-birini əvəz edir. Biz bu xatirələr vasitəsilə "qısaboy, arıq və zəifvücud, məktəbli bluzası geymiş Sabirin" Tiflis həyatı, xəstəlik dövrü, sağlığında və vəfatından sonra xalq şairinə olan ümumxalq məhəbbətini əks etdirən maraqlı faktlarla qarşılaşır, müəllifin hələ lap uşaqlıqdan tanıdığı "böyüklə böyük, kiçiklə kiçik olmağı bacaran" unudulmaz ədibimiz Ə.Haqverdiyevin ayrı-ayrı əsərləri, elmi-ədəbi fəaliyyəti haqqında qiymətli məlumatlarla, xüsusilə ədibin öz əli ilə yazdığı və son dərəcədə böyük elmi əhəmiyyəti olan "tərcümeyi-hal"ının mətni ilə tanış olur, "səhnədə oynadığı rollarda olduğu kimi həyatda da çox məlahətli, olduqca səmimi və sadə görünən" H.Ərəblinskinin aktyorluq fəaliyyəti, müəllifin "bir şair kimi hələ ilk addımlarından tanıdığı" S.Vurğunun 1953-cü ildə Ukraynada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirakı haqqında zəngin və oxuculara az məlum olan və heç məlum olmayan məlumatlar əldə edirik.

Alimin böyük şairimiz H.Cavid haqqındakı xatirələri isə xüsusi elmi əhəmiyyətə malikdir. Burada o, H.Cavidin 1906-1910-cu illərdə atası, görkəmli maarifpərvər  Q.Şərifzadəyə  İstanbuldan yazdığı səkkiz məktubunu ilk dəfə olaraq oxuculara təqdim edir. Məktublardan aydın olur ki, H.Cavidin İstanbulda keçən həyatı fərəhli olmamışdır. Lakin ağır maddi çətinliklər içərisində yaşamasına baxmayaraq, o, İstanbula çatdığı ilk günlərdən təhsil almaq, əsaslı biliklərə yiyələnmək üçün xüsusi səy göstərmişdir. H.Cavidin Tiflisdə və Bakıda yaşadığı illərdəki həyat və fəaliyyəti haqqında da oxuculara yeni və zəngin məlumatlar verilir. Müəllif  H.Cavidin şöhrətli bir sənətkar olmasına baxmayaraq bu şəhərlərdə də necə ağır və acınacaqlı bir vəziyyətdə yaşadığını müşahidə etdiyi konkret məqamlarla və tarixi sənədlərə söykənməklə gözlərimiz önündə canlandırır və fikrini ümumiləşdirərək qeyd edir ki: "Qoy böyük şairimizin əsərlərini sevə-sevə oxuyan, onu hörmət və minnətdarlıqla yada salan gənclər və bütün oxucular onun vaxtilə nə qədər ağır və əzablı şəraitdə təhsil aldığını (və yaşadığını - F.X)  bilsin, onu daha yaxşı tanısınlar".

Yuxarıda haqqında bəhs etdiyimiz xatirələrin bir qismi ("Sabir Tiflisdə", "Hüseyn Cavid", "Hüseyn Ərəblinski", "Səməd Vurğunla Ukraynada", "Əbdürrəhim bəy Haqverdiyev") "Keçmiş günlərdən"in ikinci kitabına da daxil edilmişdir. Lakin burada alimin yeni xatirələrinə də rast gəlirik. Bu xatirələrdə F.Köçərli, N.Nərimanov, Ü.Hacıbəyov, M.S.Kirmanşahlı, Ö.F.Nemanzadə, B.Talıblı, R.Nəcəfov, M.D.Rəsulzadə, A.Tuqanov, gürcü ədəbiyyatşünası B.Jğenti, rus şairi D.Bednı kimi elm və mədəniyyət xadimlərinin həyat və fəaliyyəti ilə  bağlı məlumatların hamısı oxucular üçün yeni və maraqlı, tədqiqatçılar üçün isə həm də mötəbər bir elmi mənbə sayıla bilər. Həmin xatirələrdən öyrənmək olur ki, F.Köçərlinin zəngin arxivində hansı qiymətli sənəd və materiallar var imiş, N.Nərimanovun bəzi şəxsi keyfiyyətləri necə imiş və mühacirətdə nəşr edilən mütərəqqi və demokratik Şərq mətbuatını uzaq Naxçıvanda yaymaq üçün Q.Şərifzadənin vasitəsilə abunəçilər tolayırmış, Ü.Hacıbəyovun "Koroğlu" operasının Bakıda ilk dəfə tamaşaya qoyulmasında müəllif və digər ədəbiyyat və mədəniyyət xadimləri hansı hazırlıq işlərini aparıbmış, operaya ictimai baxış hansı səviyyədə keçirilib və əsərin ilk tamaşasının əks-sədası necə olub. 

Ömrünün son illərini Azərbaycan teatrına həsr edən rus aktyoru və rejissoru A.Tuqanovun 1937-ci ildə V.Şeksprin "Romeo və Cülyetta" əsərini M.Əzizbəyov adına Azərbaycan Dram Teatrında tamaşaya qoyulması ilə bağlı təfsilat, məşhur rus şairi Demyan Bednı tərəfindən M.Ə.Sabirin şeirlərinin bir neçəsinin rus dilinə tərcümə edilməsinə cəhd olunması və bu işin baş tutmamasının səbəbləri də burada öz əksini tapıb.

(Ardı var)  

 





07.04.2015    çap et  çap et