525.Az

Memuar janrının ustadı


 

BÖYÜK ƏDİB VƏ ALİM ƏZİZ ŞƏRİFİN 120 İLLİYİ TAMAM OLUR

Memuar janrının ustadı <b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

Əziz Şərifin "Keçmiş günlərdən" seriyasına daxil olan və həcmcə ən böyük memuarı (35 çap vərəqi) "Atam və mən"  adlanır. Xatirə əvvəlcə hissə-hissə "Azərbaycan" jurnalında oxuculara çatdırılıb. 1983-cü ildə isə Bakıda kitab şəklində  çap olunub. Xatirəni yazmaqda müəllifin əsas məqsədi uzun illərdən bəri davam edən gündəlik qeydləri və müxtəlif şəxslər tərəfindən özünə və atasına göndərilən məktublar, teleqramlar (həmçinin öz məktub və teleqramları) vasitəsilə atası Q.Şərifzadənin ictimai fəaliyyəti, hörmət və ehtirama layiq olan bir sıra insani keyfiyyətləri, qayğıkeş bir ata kimi ailəsinə münasibətinin təzahür məqamları, özünün isə oğulluq borcu və vəzifəsini necə başa düşüb qiymətləndirməsini oxuculara çatdırmaqdan ibarətdir.

Xatirəni oxuduqca Q.Şərifzadənin məşəqqətli, lakin son dərəcədə şərəfli həyat yolu ilə tanış olur, uşaq və gənclik çağlarında atasının incə qəlbini duymayan, öz hərəkətləri ilə çox vaxt onu pərişan edən oğlunu (Ə.Şərifi) qınayırsan: "Atam xasiyyətcə romantik olsa da, mənim tərbiyəmə xalis realist kimi yanaşır, məni reaizm ruhunda tərbiyə etməyə çalışırdı, bu da mümkün olmayanda mənə acıyır, danlayırdı"; "Atamı ən artıq narahat edən bir də mənim həddindən artıq bədxərc olmağım idi"; "Bütün varlığımı yalnız mütaliəyə, yalnız bədii ədəbiyyata həsr etmişdim... Ancaq kitablarla əlləşirdim... Bu ifrat həvəs atamın acığına gəlirdi".

Xatirənin sonrakı səhifələrindən anlaşılır ki, ata-balanın arasında olan, bu "ixtilaf" gah aradan götürülüb, gah da yenidən davam edib. Ə.Şərifin yaşı və təcrübəsi artdıqdan sonra isə gec də olsa, başa düşmüşdür ki, tövsiyə və tələblərini bəyənmədiyi atasının heç bir günahı yox imiş, o, sadəcə olaraq oğlunu "özünə yoldaş, həmdərd, sirdaş görmək istəyirdi" və ona ünvanladığı məktublarının birində nahaq yerə yazmırdı ki: "Bunu nəzərdə tut ki, ölü adamın cəsədinə hər tərəfdən qarğa, quzğun, qəcələtökülər, amma diri adamın üzünə bir milçək, bir mığmığa da qona bilməz. Sənə qəti sözüm budur ki, ölü olma, diri ol. Vəssəlam".

Xatirədəki belə epizodlar həmişə cəmiyyətdə müzakirə mövzusu olan "atalar və oğullar" probleminin araşdırılması, təhlili və həlli yollarını tapmaq üçün ibrətli götürüləcək nümunələrdir. Ə.Şərifin ömrünün ahıl çağında aşağıda verilən etirafı buna əyani sübutdur: "Atalar və oğullar" problemi həmişə oğulların lehinə həll edilmir. Çox zaman atalar öz oğullarını düzgün anladıqları halda, oğullar atalarını anlamaqdan çox uzaq olurlar. Uzun ömür yaşamış, həyat təcrübəsi toplamış, zəmanənin isti-soyuğunu sınamış atalar oğullarını düzgün anlayır, onların hərəkətlərini düzgün qiymətləndirir, onların hansı hava ilə nəfəs aldığını, hansı yolu seçdiyini, nəyə doğru getdiyini görür və öz mühakimələrində haqlı olurlar... Mən isə o zaman bunları başa düşmür, buna görə də qiymətləndirə bilmirdim, çünki hələ öz yolumu tapmamış, ayaqlarımı yerə möhkəm qoya bilməmişdim, həyatı romanlardan öyrənir, həqiqəti başqalarının vasitəsilə axtarırdım... Buna görə də atama bir növ təkəbbürlə baxır, onu özümdən azsavadlı hesab edir, onun nəsihətlərini qulaqardına vururdum".

Ə.Şərifin gündəlik qeydlərindən və atasının ona yazdığı məktublardan öyrənirik ki, Q.Şərifzadə xüsusi təhsil görməsə də, dövrünün məşhur simaları ilə - M.T.Sidqi, C.Məmmədquluzadə, F.Köçərli, M.Ə.Sabir, Ə.Talıbov, H.Cavid, N.Nərimanov, İran inqilabçıları və başqaları ilə tanış olmuş, həmişə xalqın taleyini düşünmüş, "öz duzlu felyetonları ilə" "Molla Nəsrəddin" jurnalında "Mozalanbəy" imzası ilə çıxış etmiş, mükəmməl bildiyi mühəndislik sənəti ilə ölkənin bir sıra dəmir yollarının çəkilişində "can qoymuşdur".

Q.Şərifzadəyə məxsus olan ən səciyyəvi keyfiyyətlər bunlardır: təmizlik, yaxşı mənada sadəlövhlük, qayğıkeşlik, əməyə, zəhmətə aludəlik, tələbkarlıq, məğrurluq, səxavətlilik. Bütün bu keyfiyyətlər Q.Şərifzadəyə xatirə müəllifi tərəfindən sadalama yolu ilə aid edilmir. Oxucuların özu bunları sanki görür, hiss edir.

Ə.Şərifin bu memuarı o qədər yüksək sənətkarlıqla yazılmışdır ki, "Q.Şərifzadə haqqında faydalı elmi əsər, yaxud sənədli roman təsiri bağışlayır" (Professor Y.Axundov).

"Atam və mən" kitabının bir qiymətli cəhəti də odur ki, biz burada M.T.Sidqinin "Məktəbi-Tərbiyə"si, müəllifin görkəmli rəssam B.Kəngərli ilə görüşləri, "Molla Nəsrəddin" jurnalının nəşr olunma şəraiti və onun əməkdaşları haqqında da maraq doğuran məlumatlara rast gəlirik.

Qayıdaq xatirələrinin səciyyəvi xüsusiyyətlərinin üzərinə.     

Ə.Şərif "Keçmiş günlərdən" seriyasına daxıl etdiyi yazılarını "sənədli xatirələr"  adlandırmışdı. Bu, heç də təsadüfi bir adlandırma deyil. Çünki onun  elə bir xatirəsini tapmaq olmaz ki, o, ancaq müəllifin yaddaşına əsaslanaraq yazılmış olsun. Vaxtilə alimin özü də buna işarə edərək yazmışdır: "...şəxsən mən sənədsiz və sənədlə təsdiq edilməmiş xatirələrə həmişə şübhə ilə yanaşmağı adət etmişəm, özüm də uzaq keçmişin bir hadisəsini yada salanda çox ehtiyatla, min dəfə ölçüb-biçəndən sonra qələmə alır, oxuculara təqdim edirəm".

Xatirələrinin məhz bu xüsusiyyəti onları tutarlı tarixi sənədlərlə təsdiq edilmiş samballı bir elmi mənbəyə çevirir. Ona görə də həmin xatirələri dərindən dərk etmək və tam mənası ilə başa düşmək üçün oxuculardan müəyyən hazırlıq tələb olunur. Bu mənada akademik Mirzə İbrahimovun Ə.Şərifin xatirələri haqqındakı sözlərini xatırlatmaq yerinə düşər: "Mənə elə gəlir ki, 1905-ci il inqilabının o zamankı cəmiyyətdə yaratdığı ab-hava, ümumi mühit nəzərə alınmazsa", bu xatirələrdəki "adamların bir sıra hərəkət və fikirlərinin səbəblərini, təbiiliyini, həyati zərurətdən doğduğunu bütün dərinliyi ilə dərk etmək çətin olar".

Ə.Şərif sadəcə olaraq müxtəlif məktublar, afişalar, vəsiqələr, vizit kartları, avtoqraflı kitablar, teleqramlar, qeydlər və digər tarixi və rəsmi sənədləri cəmləyib xatirələrə daxil etməmiş, eyni zamanda onlara dolğun elmi şərhlər də vermişdir ki, bu şərhlərsiz həmin xatirələr kifayət qədər başa düşülməzdi. "Tarixi sənəd olduğu kimi qəbul edilirsə də, onu anlamaq, qiymətləndirmək, şərh etməkdə hər kəs, hər oxucu tam sərbəstdir... Mən də bu gündəliklərin bir oxucusu kimi həm də bütün o biri oxuculara nisbətən ən bilikli oxucu kimi yeri gələndə öz şərhlərimi, öz rəyimi bura əlavə edirəm... Məncə, xatirə əsərinin əsas şərti də məhz bundan ibarət olmalıdır".

Ə.Şərifin xatirələrində onun öz obrazı da görünür. Əslində həmin xatirələrin baş qəhrəmanı da onun özüdür. Maraqlıdır. Əziz Şərif obrazı xatirələrdə necə təzahür edir? Bu sualın ən yaxşı cavabını "Keçmiş günlərdən"in ilk nəşrinə ön söz yazan akademik M.Cəfər vermişdir: "Xatirələrdə müəllif özü varsa da, bizə onun mənəvi aləminin ancaq bir cəhəti - onun elm, mədəniyyət dostu, ədəbi-mədəni irsin qayğıkeş qoruyucusu olması və əməlpərvər sənətkarlara bəslədiyi dərin hörmət və məhəbbəti görünür".

Ə.Şərifin bütün xatirələri maraqlı bir üslubda yazılıb. Birinci növbədə müəllifin məharəti onda özünü göstərir ki, o, hər hansı bir mövzuya həsr etdiyi xatirədə elə ilk sətirlərdən oxucunun diqqətini cəlb edir, sonra isə müxtəlif ədəbi manevrlərlə bu diqqətin yayınmasına imkan vermir. Oxucuları təəccübləndirmək, inandırmaq, düşündürmək, təqdim edilən fakt və məlumatlardan nəticə çıxarmağa yönəltmək kimi xüsusiyyətlər bu xatirələrin ən gözəl məziyyətləridir.

Ə.Şərif xatirələrində memuar janrına verilən tələblərə əməl edərək bəbii uydurmalara qətiyyən yol verməyib. Lakin bu xatirələrdə, xüsusilə "Atam və mən"də Ə.Şərifə məxsus obrazlı və emosional bir deyim tərzini də sezməmək mümkün deyil. Xatirələrdə özünü göstərən həmin ifadə tərzi təsadüfən meydana çıxmayıb. Buna qida verən onun hələ uşaqlıq və gənclik illərindən Azərbaycan və dünya klassiklərinin əsərlərini mütaliə etməsi, bir müddət isə bədii yaradıcılıq (hətta o, "Məkrli məhəbbət" adlı roman da yazmışdır) və tərcüməçiliklə məşğul olması idi.

Obrazlılıq və emosionallıq xatirələrə "Gündəlik"dən daxil edilən parçalarda daha çox özünü göstərir. Bunun səbəbini Ə.Şərif belə izah edir: "...Bədii ədəbiyyata aludə olan və boş vaxtını mütaliəyə sərf edən mən "Gündəliy"imi də bədii əsər kimi yazmağa, öz istedadımı və bacarığımı bədii yaradıcılıqda da sınamağa çalışırdım ". Bir nümunə: "Ah, mənim zavallı, yaralı, məzlum qəlbim,... səni sevirəm... halına yanıram, gözlərimdən sel kimi heç arası kəsilmədən axan yaşlarla sənin əzablarını sərinlətməyə hazıram... Lakin mənim ağlım, amansız, mürüvvətsiz ağlım məni aldadır. O, sənə böhtan atır, qulağıma pıçıldayır ki, guya sən səmimi deyilsən, yalançısan... Mənim hiyləgər ağlım səni ləkələməyə çalışır, sənin əzablarını boş və mənasız hesab edir, məni çaşdırır, mənə hücum edir... Taleyə etibar yoxdur. Qələbəni gah sənə verir, gah da mənim ağlıma. Sizin aranızda qəti və son vuruşma hələ olmamışdır, amma olacaqdır. Ah, mənim mehriban qəlbim, mən necə də sənin qələbə çalmağını arzu edirəm, necə də sənin üstün gəlməyini istəyirəm!".

Ə.Şərifin xatirələrini səciyyələndirən ən mühüm xüsusiyyətlərdən biri də təxminən yüz illik bir dövrün ictimai-siyasi və ədəbi-mədəni ab-havasını hifz edib özündə saxlamasıdır. Biz bu xatirələrdə  Azərbaycan ədəbiyyatı, incəsənəti və mədəniyyəti tarixinin çox mühüm və öyrənilməmiş səhifələrini vərəqləmək, XIX əsrin 90-cı illərindən XX əsrin eyni illərinədək olan dövrü əhatə edən bir epoxanın ədəbi salnaməsi ilə tanış olmaq imkanı əldə edə bilirik.

Nəticə olaraq belə qənaətə gəlmək mümkündür ki, Azərbaycanda Ə.Şərifin xatirələri qədər zaman etibarı ilə böyük bir dövrü əhatə edən, etibarlı fakt və sənədlərə söykənən, öz aktuallığını uzun illər boyu saxlamaq gücünə malik olan, ədəbiyyat və mədəniyyət tariximizi öyrənən tədqiqatçılara elmi istiqamət verən, ensiklopedik xarakteri ilə seçilən ikinci bir memuar nümunəsi tapmaq çətindir.

Bu gün Ə.Şərifin xatirələri, necə deyərlər, öz missiyasını yerinə yetirib. Yüzlərlə məqalə, oçerk, dissertasiya və monoqrafiyalarda ən mötəbər mənbə kimi istinad edilən bu xatirələrin bir çox məlumatların dəqiqləşdirilməsində, irəli sürülən elmi mülahizələrin əsaslandırılmasında, yeni araşdırmaların izinə düşülməsində, bir sözlə ədəbiyyat tariximizdə yazılmamış ağ səhifələrin doldurulmasında xüsusi əhəmiyyəti olub.

Böyük alimin xalqımıza bəxş etdiyi bu mənəvi sərvət gələcək tədqiqatlar üçün də zəngin material verən tükənməz bir xəzinədir.

 





08.04.2015    çap et  çap et