525.Az

“ Ölkə Prezidenti bütövlükdə Azərbaycan xalqının namizədi olacaq”


 

 “ Ölkə Prezidenti bütövlükdə Azərbaycan xalqının namizədi olacaq”<b style="color:red"></b>

Millət vəkili qəti inamını ifadə etdi.

“Azərbaycan xalqı dövlət başçısı İlham Əliyevin daha 5 il müddətinə Prezident olmasını, Azərbaycana rəhbərlik etməsini, onu inkişafdan-inkişafa doğru aparmasını istəyir. Ona görə İlham Əliyev cənabları nəinki hakim partiyanın və indiki iqtidar komandasının, bütövlükdə Azərbaycan xalqının böyük əksəriyyətinin namizədi olacaq, xalqdan növbəti dəfə dəstək, etimad və nəhayət, mandat alaraq yenidən  ölkə Prezidenti seçiləcək”.

Bunu 525.az-a açıqlamasında bitərəf millət vəkili, filologiya elmləri doktoru Jalə Əliyeva dilə gətirib. J.Əliyevanın qeyd etdiyinə görə, müdrik Azərbaycan xalqı hər zaman olduğu kimi, bu dəfə də seçimini düzgün edəcək və bu seçimində də yanılmayacaq: “Xalqımız 2003 və 2008-ci il prezident seçkilərində seçimini etdi və həyat da onun öz seçimində yanılmadığını göstərdi. Dövlət başçısı İlham Əliyev Prezident seçildiyi və andiçmə mərasimində vəd verdiyi gündən bütün Azərbaycan vətəndaşlarının Prezidentinə, himayəçisinə çevrildi. Onun Azərbaycana rəhbərlik etdiyi 9 ildən artıq bir dövr ərzində ölkəmiz dinamik və sürətli inkişafa nail oldu, nəinki regionun, bütövlükdə dünyanın əsas söz sahiblərindən biri kimi özünü təsdiqlədi”.

 Millət vəkili deyib ki, bu gün dünya artıq Azərbaycan dövləti və onun şəriksiz lideri İlham Əliyevlə hesablaşır:  “Bildiyiniz kimi, 2008-ci ilin sonlarından etibarən dünyanı, xüsusilə, Avropanı bürüyən dağıdıcı, sarsıdıcı maliyyə və iqtisadi böhran hələ da davam etməkdədir. Bir çox qabaqcıl və aparıcı Avropa dövlətləri bu böhranın qarşısında sanki aciz qalmışlar, iqtisadiyyatları anbaan çökməkdədir. Azərbaycan dövləti isə dünyanı bütövlükdə başına almış bu böhrandan yan keçə, ondan qoruna bildi, əksinə, bu dövr ərzində öz dinamik inkişafı yolunda daha növbəti uğurlarına imza atdı və atmaqda da davam etməkdədir.  Bunlar da heç şübhəsiz ölkə Prezidenti və onun komandasının uzaqgörən, son dərəcə praqmatik, düşünülmüş siyasəti nəticəsində mümkün oldu. Odur ki, bu uğurların, bu nailiyyətlərin bundan sonra da davamına ehtiyac var. Bunu da yalnız və yalnız ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əldə etmək mümkündür. Bu baxımdan hesab edirəm və qəti şəkildə öz inamımı ifadə edirəm ki, Azərbaycan xalqı 2013-cü il seçkilərində də İlham Əliyevin namizədliyini irəli sürəcək, dəstəkləyəcək  və onun növbəti dəfə Prezident seçilməsinə, möhtəşəm qələbə əldə etməsinə var gücü ilə çalışacaq, öz töhfəsini verəcək. Bir sözlə, Azərbaycan xalqının növbəti seçkilərdə birmənalı  namizədi İlham Əliyev cənabları  olacaq və  xalqımız onu növbəti 5 il müddətinə öz Prezidenti  seçəcək”.

K.Həmidov

 





06.12.2012    çap et  çap et