525.Az

Mətbuat Şurası özünütənzimləmə mexanizmi kimi


 

Mətbuat Şurası özünütənzimləmə mexanizmi kimi<b style="color:red"></b>

Sovet dövründə respublikaların hamısında, o cümlədən, Azərbaycanda da jurnalist təşkilatı fəaliyyət göstərirdi.

Azərbaycan Jurnalistlər İttifaqı adlanan bu təşkilat 1955-ci ildə yaradılmışdı və SSRİ Jurnalistlər İttifaqının tabeliyində idi. Təşkilat 70 il Kommunist Partiyasının qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsində yaxından iştirak edirdi. 20 Yanvar hadisələrindən sonra, yanvarın 30-da keçirilən plenumda Azərbaycan Jurnalistlər İttifaqı SSRİ Jurnalistlər İttifaqının tabeliyindən çıxması haqda qərar qəbul edir. 1992-ci ildə isə "İttifaq" sözü "Birlik" sözü ilə əvəz olunur. Elə o vaxtdan da Azərbaycan Jurnalistlər Birliyi (AJB) adlanır və fəaliyyətini davam etdirir.

Söhbətimiz bu barədə deyil, yeni yaradılan Azərbaycan Mətbuat Şurası haqqındadır. Demokratik dövlətlərin təcrübəsinə əsaslanan belə bir qurumun yaradılması günün tələbi idi. Azərbaycan müstəqillik qazandıqdan sonra başqa sahələrdə olduğu kimi, kütləvi informasiya vasitələri (KİV) sahəsində də bir canlanma yarandı. Azərbaycanda azad və müstəqil mətbuatla yanaşı jurnalist təşkilatlarının sayı artdı. Mətbuat Şurası yeni yaradılan təşkilatlardan məqsədyönlü fəaliyyəti ilə seçildi.

Qeyd edim ki, 2001-ci il iyulun 20-də dövlət başçısı Heydər Əliyev Milli Mətbuat, Televiziya, Radio və İnternet Şurasının yaradılması haqqında fərman verdi. Lakin ölkənin jurnalist təşkilatları israrla bildirdilər ki, Mətbuat Şurasını dövlətdən asılı olmayan ictimai bir qurum kimi jurnalistlər özləri yaratmalıdırlar. Prezident jurnalistlərlə razılaşaraq, fərmandan Mətbuat Şurasına aid olan hissəni ləğv etdi.

Beləliklə, 2003-cü il martın 15-i gəlib çıxdı. Həmin gün jurnalistlərin I qurultayında Azərbaycan Mətbuat Şurasını təsis edən 180-dan çox kütləvi informasiya vasitələri belə bir qurum yaratdı. Mətbuat Şurasının yaradılmasını jurnalistlər tarixi hadisə kimi qiymətləndirdi. Çünki Mətbuat Şurası özünütənzimləmə orqanı üçün ən ümumi formadır.

Belə bir suala aydınlıq gətirək. Mətbuat Şurası nəyə yararlıdır? Bolqarıstan Media İnkişaf Mərkəzinin İcraçı direktoru jurnalist Oqnian Zlatev bu yararlığı belə dəyərləndirir: "Mətbuat Şurası mətbuata inam və etibarın yaradılması üçün  xüsusilə vacibdir; kütləvi informasiya vasitələrində keyfiyyət standartlarının yaxşılaşdırılması; dövlət və dövlət orqanları tərəfindən müdaxilənin qarşısının alınması; jurnalistlərə qarşı məhkəmə işlərinin sayının azaldılması"-dır.

Azərbaycan Mətbuat Şurası yarananda onun tərkibi 15 nəfərdən ibarət idi. Və aşağıdakı mühüm vəzifələrin həyata keçirilməsinə xidmət etməyi qarşısına məqsəd qoymuşdu:

1. Jurnalistikada peşəkarlıq standartlarının yüksəldilməsi və onların müdafiəsi.

2. İctimai maraqların müdafiəsi, mətbuatın maraqlarının və ictimai maraqların balanslaşdırılması.

3. Vətəndaş cəmiyyətinin inkişafı, azad sözün müdafiəsi.

4. Jurnalistlərin sosial məsuliyyətinin

artması, vətəndaş hüquqlarının təminatı.

Birinci qurultayda həmçinin peşə etikasının pozulmasının qarşısını almaq üçün, jurnalistlərin funksiya, hüquq və vəzifələrini müəyyənləşdirən 4 prinsipdən ibarət olan "Azərbaycan jurnalistlərinin peşə davranış qaydaları" qəbul edildi.

Mətbuat Şurasının yarandığı dövr Azərbaycanın keçid dövrünə təsadüf etdiyindən onun fəaliyyətini qabaqcıl ölkələrin təcrübəsi ilə müqayisə etmək düzgün olmazdı. Bildirim ki, İsveçdə 1916, Norveçdə 1936, İngiltərədə 1953, Almaniyada 1956-cı ildə yaradılmış MŞ-ları ilə müqayisədə Azərbaycan Mətbuat Şurası çox cavan idi. Lakin buna baxmayaraq, Şura üzvlərinin qənaətincə bir il ərzində qarşıya qoyulan vəzifələr əsasən həyata keçmişdir.

2004-cu ilin aprel ayında Azərbaycan jurnalistlərinin ikinci qurultayı keçirildi. Qurultayda  Mətbuat Şurasının fəaliyyəti də müzakirə olundu. Şuranın sədri Əflatun Amaşov bildirdi ki, bir il müddətində Mətbuat Şurası mətbuatın problemlərinin həlli ilə yanaşı, həm də öz-özünün formalaşmasına geniş vaxt ayırıb. Sədr çox haqlı olaraq qeyd etdi ki, Mətbuat Şurası bu gün ölkədə demokratik institut kimi formalaşıb. Bizim əsas vəzifəmiz jurnalistlərin peşə və davranış qaydaları üzərində ictimai nəzarəti təmin etməkdir və ötən bir ildə də məhz buna çalışmışıq.

Qurultayın iştirakçısı, Mətbuat Şurasının üzvü "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov qeyd etdi ki, Mətbuat Şurası özünü qurum kimi cəmiyyətdə təsdiq edə bilib. Şura öz fəaliyyəti dövründə Azərbaycanın ictimai-siyasi həyatında da fəal iştirak edib, baş verən proseslərə operativ münasibətini açıqlayıb, humanist mövqedən çıxış edərək "əyilib yerdən daş götürən" jurnalistin də müdafiəsinə qalxdı.

Etiraf edək ki, MŞ fəaliyyətə başladığı gündən KİV-lərin saflaşdırılması istiqamətində mühüm addımlar atmış, bir sıra nəticələr əldə etmişdir. Onlardan biri də "reket jurnalistikası"na qarşı mübarizədir. "Reket qəzetlərə" qarşı aparılan mübarizə, demək olmaz ki, nəticə vermir. Verir, lakin bu mübarizə təkcə Mətbuat Şurasından asılı deyil, bütün ictimaiyyət mübarizə aparmalıdır. Baxmayaraq ki, son illər bu mübarizə güclənib, etiraf edək ki, hələ də "reketçiliklə" məşğul olan "jurnalistlər" var. MŞ-nın qərarına əsasən 2011-ci ildə 91 qəzet və jurnalistin adı "qara siyahı"ya düşüb. Jurnalistikaya ləkə olan bu üzdəniraq "jurnalistlər"in əl-qolunu bağlamaq üçün Mətbuat Şurası fəaliyyətini genişləndirməli, onlara qarşı mübarizənin müxtəlif yollarını axtarmalıdır.

 

Yazıya başlayanda özümə sual verdim, görəsən Qərb ölkələrində də "reketçiliklə" məşğul olan jurnalistlər varmı? Bir neçə mətbuata baxdım, sosial şəbəkələrdə sualıma cavab axtardım. Düzü, cavab tapmadım. Ancaq onu deyə bilərəm ki, varsa da, tək-tükdür. Mən xarici ölkədə - Hollandiyada Müstəqil Dövlətlər Birliyi Jurnalistika fakültələri əməkdaşlarının iştirakı ilə keçirilən beynəlxalq seminarda iştirak edərkən jurnalistlərin əmək haqları ilə maraqlandım. Dəqiq cavab almasam da, öyrəndim ki, əmək haqqı yüksəkdir. Almaniyanın Fridrix Nauman Fondunun əməkdaşı, Bundestaqın deputatı Link Fridrix də bu fikirdədir. Bakıda olarkən ona ünvanlanmış "Almaniyada "reket jurnalistika" mövcuddurmu sualına belə cavab verib: "Reket jurnalistika" Almaniyada mövcud deyil. Jurnalist öz işləri, fəaliyyətləri müqabilində kifayət qədər yaxşı əmək haqqı alırlar" ("Yeni Azərbaycan", 13 iyul 2005).

Az əmək haqqı alan jurnalistlərin kimlərəsə böhtan atıb "reketçiliklə" məşğul olmasına heç cürə haqq qazandırmaq olmaz. İngilis yazıçısı Henri Fildinq yazırdı ki, "böhtan qılıncdan da təhlükəli silahdır, çünki onun vurduğu yaralar heç vaxt sağalmır".

Görəsən pul qopartmaq xatirinə insanlara böhtan, iftira atan jurnalistlər nəyə və kimlərə arxayındırlar. "Mətbuat Şurası hara baxır, niyə onların qarşısını almır?" deyənlər də var. Etiraf edək ki, Mətbuat Şurası arbitr rolunu oynayaraq, neçə-neçə jurnalisti düz yola dəvət edib. Bir də unutmayaq ki, Şuranın çıxardığı qərarlar hüquqi qüvvəyə malik deyil, yalnız ictimai qınaqdır, yaxşı olardı ki, səlahiyyətləri artırılsın. Bəlkə onda "reketçiliklə" mübarizə daha effektli olar.

MŞ öz və mətbuat azadlığından sui-istifadəyə yol verənlərin qarşısını qətiyyətlə almalıdır. Bu barədə dəfələrlə deyilsə də, hələ də sui-istifadə hallarına rast gəlirik. Elə bunun nəticəsidir ki, 2012-ci ildə Şuraya 685 müraciət daxil olub. Şikayətlərdən 501-i kütləvi informasiya vasitələrində gedən materiallarla bağlı şikayətdir.

Mətbuat Şurası KİV-lərin reklam qayğısına da qalmalı, onlara ayrılan məbləğın artırılmasına çalışmalıdır. Azərbaycanda çap nəşrlərinin reklam bazarı 2 milyon avro təşkil edir. Bu o qədər də çox deyil.

Ölkədə 4 minə yaxın peşəkar jurnalist olsa da, qeyri-rəsmi məlumata görə 60 minə yaxın (!) şəxs cibində jurnalist vəsiqəsi gəzdirir. Bunun özü anormal haldır. Jurnalistikaya bu axını prof. Cahangir Məmmədli belə şərh edir: "Müasir dövrdə demokratik dövlətlərin söz, mətbuat, fikir azadlığı ilə bağlı formalaşdırdığı qanunvericilik bazası təkcə jurnalistika ixtisasına yiyələnən kadrların, mütəxəssislərin deyil, digər bir çox müxtəlif peşə sahiblərinin də mətbuata, televiziyaya, radioya axına şərait yaratmışdır". Elə buradaca qeyd edim ki, ali jurnalist təhsili olmayanların arasında peşəkar yaradıcılığı ilə seçilənlər də az deyil. Di gəl elələri də var ki, jurnalistikadan çox uzaqdırlar, peşəni  dolanışıq üçün seçiblər.

Bir haşiyə. Jurnalist tələbələrdən biri belə bir təklif irəli sürdü. Ali jurnalist təhsili olmayanlara qəzet, jurnal təsis etməyə Mətbuat Şurası icazə verməsin. Tələbəyə izah olundu ki, birincisi, Mətbuat Şurasının belə bir səlahiyyəti yoxdur, ikincisi KİV haqqında Qanunun 14-cü məddəsində göstərilir ki, Azərbaycan Respublikası ərazisində daimi yaşayan vətəndaşlar təklikdə və ya başqaları ilə birlikdə informasiya vasitələri təsis etmək hüququna malikdirlər.

Digər bir tələbənin fikri daha orijinaldır. O məsləhət görür ki, mətbu nəşrin redaktoru olmaq istəyən şəxs mütləq ali təhsilli olmalıdır. Hansı peşənin sahibi olmasından asılı olmayaraq onun geniş dünyagörüşü, müstəqil fikir yürütmək qabiliyyəti, hadisələrə münasibəti, Azərbaycanın ictimai-siyasi vəziyyəti haqqında məlumatı, jurnalistikaya bağlılığı və s. barədə Mətbuat Şurasında komissiya tərəfindən yoxlanılsın, sonra redaktor vəzifəsinə başlasın. Tələbənin qənaətincə ali təhsili olmayan jurnalistikadan xəbərsiz redaktorlar var ki, onlar da mətbuata "dolanışıq" kimi baxır. Hər halda bu bir tələbənin fikridir, düşünməyə dəyər.

Ümumiyyətlə ona nail olmaq lazımdır ki, Azərbaycan mediası qeyri-peşəkarların əlinə keçməsin. Etik qaydaların pozulması da çox vaxt peşəkarlığın olmamasından irəli gəlir. Belə qəzetlər, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun qeyd etdiyi kimi, vətəndaşların şərəf və ləyaqətini alçaldan, ictimai rəyi çaşdıran fikirlərini dərc etməklə yanaşı, həmin fikirlərə həqiqət donu geyindirməyə cəhd edirlər.

Keçən əsrin əvvəllərində M.Ə.Rəsulzadə "Mətbuat azadlığı" məqaləsində yazırdı ki, mətbuat təmiz, saf amalı, əxlaqdan kənara çıxmamalıdır. Aşağı səviyyəli yazı, söyüş, fitnə-fəsad törədən yazılar mətbuatı hörmətdən salır. Ziyanlı mətbuat və pozğun yazı da cəmiyyətə çox əzab verən zəhərdir, bəladır.

Görəsən niyə bizim bəzi jurnalistlər H.Zərdabi, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, Ü.Hacıbəyli, Ə.Ağaoğlu, Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə kimi qeyrətli qələm sahiblərindən nümunə götürmürlər.

Qəzetlərin məhkəməyə verilməsində təkcə jurnalistləri günahlandırmaq düzgün olmaz. Məgər məmurların günahı yoxdur? KİV-ə qarşı verilən ittihamların əksəriyyəti vəzifəli şəxslərin payına düşür. Təkcə bir ildə dövlət məmurları 17, siyasi xadimlər isə 9 dəfə KİV-ə qarşı məhkəmə iddiaları qaldırmışdır.

Jurnalistika fakültəsinin mərhum professoru Famil Mehdi deyirdi ki, "qəzetlərin məhkəməyə çəkilməsinin bir səbəbi məmur hikkələri, mənəm-mənəmliyi ilə bağlıdırsa, digər tərəfdən jurnalist səriştəsizliyi, onların peşə məharətinin natamamlığı ilə əlaqədardır". Deməli, hər iki tərəfin günahı var.

Azərbaycan Mətbuat Şurasının rəhbər tutduğu ən başlıca sənəd qurumun Nizamnaməsidir. Şuranın fəaliyyətinin əsas məqsədi və predmeti 22 maddədə öz əksini tarıb: "Şuraya daxil olmuş ərizə və şikayətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi", "... KİV və vətəndaşlar arasında münaqişə yarandıqda, məhkəmə müdaxiləsi olmadan münaqişələrin həlli üçün onlara yardım göstərilməsi", "Peşə nüfuzunun qaldırılmasında, professional və mənəvi keyfiyyətlərin formalaşmasında, peşə davranış normalarının gözlənilməsində jurnalistlərə kömək göstərilməsi" və digər maddələrdə Şuranın fəaliyyətinin prinsipləri qeyd olunub.

Ombudsman Xəbərləri Təşkilatının (OXT) fəal üzvü Yavuz Baydar (Türkiyə), Mətbuatdan Şikayətlər Komissiyasının Direktoru Yardımçısı vəzifəsində çalışan Uilyam Qor (İngiltərə), ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti, "Le Mond" qəzetinin ombudsmanı Veronik Moris (Fransa), Media İnkişaf Mərkəzinin İcraçı direktoru Oqnian Zlatevin (Bolqarıstan) müəllifləri olduğu "Medianın özünü - tənzimlənməsinə dair təlimat kitabçası"nın  "Medianın özünü-tənzimlənməsinin üstünlükləri" adlı birinci fəslində göstərilir: "Medianın özünü-tənzimlənməsi könüllü şəkildə redaksiya tapşırıqlarını yaratmaq və ictimaiyyətin onlara sərbəst şəkildə çıxışını təmin etmək, eləcə də həmin tapşırıqlara əməl etmək məqsədi güdən media peşəkarlarının birgə səylərinin məhsuludur. Bunu həyata keçirməklə müstəqil media qurumları tam şəkildə özünü-tənzimlənmə hüquqlarını qoruyub saxlayır, ölkədə ictimai fikrin keyfiyyətinə və formalaşmasına görə məsuliyyətin bir hissəsinin onların üzərinə düşdüyünü qəbul edirlər".

Azərbaycan Mətbuat Şurası on iki ildir ki, fəaliyyət göstərir. Yuxarıda qeyd etdiyim kimi onun fəaliyyətini 50-60 il əvvəl yaradılan ölkələrlə müqayisə etmək hələ tezdir. Lakin buna baxmayaraq, Mətbuat Şurası mətbu məkanın saflaşdırılması olduğunu rəhbər tutaraq, ölkəmizdə söz azadlığının qoruyusu kimi çıxış edir, jurnalistlərin hüquqlarının pozulmasının qarşısını alır.

Mətbuat Şurasının Bakıda  və bölgələrdə keçirdiyi tədbirlər jurnalistlərin peşəkarlığının artırılmasına xidmət edir. Məsələn, Masallıda, Yevlaxda, Mingəçevirdə, "Regional mətbuatın problemləri və əyalətlərdə "reket jurnalistikaya" qarşı mübarizə" mövzusunda konfransların keçirilməsi bölgə mətbuatının yüksək səviyyədə fəaliyyəti regionlara "reket jurnalist" axınının qarşısının alınmasında mühüm amillərdən biridir. Elə buradaca qeyd edim ki, "reket jurnalistlər"dən əvvəl "reket məmurları" ləğv etmək lazımdır.

2013-cü ildə Azərbaycan Mətbuat Şurası 10 illiyini qeyd etdi. Bu illər ərzində Şuranın fəaliyyəti təqdirəlayiqdir, qarşısına qoyduğu məqsədlərin əksəriyyətinə nail olub. Hətta ölkə başçısı İlham Əliyev Mətbuat Şurasının yeni inzibati binasının açılışında çıxış edərək demişdir: "Hesab edirəm ki, Mətbuat Şurası yarandığı gündən ölkəmizdə dövlət qurumları ilə media arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün çox müsbət rol oynamışdır. Jurnalistlərin hüquqlarının qorunması işində öz prinsipal mövqeyini həmişə bildirmişdir və ümumiyyətlə, ölkədə söz azadlığının, demokratiyanın inkişafı istiqamətində çox böyük addımlar atmışdır".

Son olaraq vurğulamaq istərdim ki, dövlət başçısının Mətbuat Şurasına verdiyi yüksək qiymət Azərbaycan mətbuatına verilən qiymətdir.

Artıq Azərbaycan keçid dövrünü başa vurub. İndi ölkəmiz demokratik dəyərlərə söykənəcək dinamik inkişaf edir. Mətbuat Şurası bu inkişafın önündə gedərək ötən on il ərzində vəzifəsinin öhdəsindən layiqincə gəlməyi bacardı.

 





09.04.2015    çap et  çap et