525.Az

Əsirlikdən xilas etdiyim kitablar


 

Əsirlikdən xilas etdiyim kitablar<b style="color:red"></b>

Ağdərəyə ilk ezamiyyətimdə yolum Çıldıran və Manikli kəndlərinə qədər gedib çıxdı. Ağdama ilk ezamiyyətimdə isə yolum Əlağalılar və Qalayçılar kəndinəcən uzandı. Sonrakı ezamiyyətlərimdə yollarım yavaş-yavaş qısaldı. Çıldıranı, Maniklini, Əlağalıları, Qalayçıları... od içində gördüm. Ermənilər havadarlarına arxalanaraq torpaqlarımızı kənd-kənd işğal edirlər. Evlər yandırılır, insanlar öldürülür, qan su yerinə axırdı.

O vaxtlar ordumuz da indiki kimi güclü, qüdrətli deyildi. Hələ heç ordu yaranmamış, ermənilər torpaqlarımıza hücum etmiş, müharibə başlanmışdı. Döyüşə-döyüşə ordu qurmağın da çətinlikləri var. O gərgin günlərdə torpaqlarımızın müdafiəsində dayanan qüvvələr bir mərkəzdən idarə olunmurdu. Ordu, əsasən, könüllülərdən təşkil edilmişdi. Nizam-intizam zəif idi. İxtisaslı zabitlər yox dərəcəsindəydi. Bunlar isə həm döyüşlərin gedişinə mənfi təsir göstərir, həm də uğursuzluğa gətirib çıxarırdı. Sonda isə torpaqlarımız, kənd və şəhərlərimiz işğal olunurdu.

İyul ayının isti günləri idi. Ağdam uğrunda gedən qanlı döyüşlər havanın hərarətini daha da artırmışdı. Vəziyyət çox gərgin idi. Strateji yüksəkliklər ermənilərin əlinə keçmişdi. Şəhər işğal olunmaq təhlükəsi ilə üz-üzə idi. Düşmən addım-addım irəliləyirdi. 

Ezam olunduğum hərbi hissə məktəb binasında yerləşirdi. Bu təhsil ocağında dərslər çoxdan dayandırılmışdı. Müharibə məktəb yollarını şagirdlərin, müəllimlərin üzünə bağlamışdı. Bina hərbçilərin ixtiyarına verilmişdi. Hərdən, birinci mərtəbədə yerləşən kitabxanaya gedirdim...

Ağdamda yer-göy qan ağlayırdı, gərginlik son həddə çatmışdı. Hərbi hissənin şəxsi heyəti şəhərin müdafiəsinə səfərbər olunmuşdu. Düşmən hücumları zəifləmək bilmirdi, atəş səsləri yeri-göyü silkələyirdi... Döyüşlərin gedişindən hiss olunurdu ki, şəhərin işğalı qaçılmazdır. Artıq tibb məntəqəsindəki yaralılar, hərbi hissədə ehtiyatda olan silah-sursat, avtomobillər ərazidən çıxarılırdı. Bütün lazımi avadanlıqlar daşınıb aparılırdı ki, düşmən əlinə keçməsin. Belə çətin anda fikirləşdim ki, mən buradan nəyi xilas edim? Birdən kitablar yadıma düşdü. Tez özümü kitabxanaya saldım. Götürə bildiyim qədər kitabları üst-üstə yığıb iki bağlama hazırladım. İmkanım olsaydı, oradakı kitabların hamısını götürərdim. Amma gücüm bundan artığına çatmırdı. Ağır da olsa, o kitabları ermənilərin əlinə düşməkdən, əsirlikdən, yanmaqdan qorudum - şəhərdən çıxardım.

İndi o kitablar ağır günlərdən ağrılı bir nişanə kimi qalır. Hər dəfə onları vərəqlədikcə o qanlı-qadalı günlər yadıma düşür. Gətirə bilmədiyim kitablar ermənilər tərəfindən işğal olunan Ağdamda - məktəbdə qaldı. Şəhəri ələ keçirən ermənilər məktəbləri, yaşayış binalarını yandırıb dağıtdılar. Heç olmasa, iki bağlama kitabı düşmən əsirliyindən qurtarmağımla təsəlli tapıram.

 





10.04.2015    çap et  çap et