525.Az

Xaricdə təhsil almaq üçün müsabiqə elan olunub


 

Xaricdə təhsil almaq üçün müsabiqə elan olunub<b style="color:red"></b>

2015-2016-cı tədris ili üçün "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na sonuncu müsabiqə elan olunub.

Təhsil Nazirliyindən  verilən xəbərə görə, sənədlərin qəbulu 15 aprel-15 iyul tarixləri ərzində elektron ərizə (http://xaricdetehsil.edu.gov.az) vasitəsilə həyata keçiriləcək. Elektron ərizələrin doldurulması üçün son tarix 15 iyul saat 23:59-dur. Müsabiqədə iştirak üçün müraciətlər şəxsən Təhsil Nazirliyinə gəlməklə və ya sənədləri poçt vasitəsilə nazirliyə göndərməklə deyil, məhz elanın tələblərinə uyğun olaraq elektron qaydada qəbul ediləcək.

Müsabiqədə əsas üstünlük bakalavrdan sonrakı təhsil səviyyələri üçün I dərəcəli prioritet ixtisas istiqamətləri üzrə müraciət edən iddiaçılara veriləcək.

Tələb olunan sənədləri elektron ərizə vasitəsi ilə təqdim edən iddiaçıların müraciətlərinin qəbulu nazirlik tərəfindən təsdiqləndikdən sonra onlar 10-12 iş günü ərzində fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar.

Müsahibənin nəticəsində namizədlikləri müsbət qiymətləndirilən iddiaçıların siyahısı təsdiqlənmək məqsədilə Təhsil üzrə Komissiyaya göndəriləcək. Nəticələr Təhsil Nazirliyinə daxil olduqdan sonra "Dövlət Proqramı təqaüdçüsü" adına layiq görülən şəxslər dərhal əlaqə vasitələri və eyni zamanda elektron ərizə vasitəsilə məlumatlandırılacaqlar.

Türkiyə Respublikasında təhsil üçün müraciət edən hər bir ərizəçinin nəzərinə çatdırılır ki, onlar digər iddiaçılar kimi mütləq qaydada elektron ərizələrini iyulun 15-nə qədər tamamlayaraq təsdiq etməlidirlər. Bu ölkənin "Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı"nda adı qeyd olunan ali təhsil müəssisələrinə qəbul nəticələrinin iyul ayının sonuncu həftəsindən etibarən açıqlandığı nəzərə alınaraq, müvafiq qəbul haqqında sənədini iyulun 15-nə qədər əldə edə bilməyən iddiaçılara həmin sənədi avqustun 8-nə qədər elektron ərizələrinə izlənmə səhifəsindən (ərizə təsdiq olunduqdan sonra) əlavə etmələrinə imkan yaradılacaq və onlar bu haqda təlimatlandırılacaqlar. Müvafiq qəbul sənədini avqustun 8-i saat 23:59-dək qədər elektron ərizələrinə yükləməyən iddiaçılar müsahibə mərhələsində iştirak edə bilməyəcək və onların ərizələri qüvvədən düşmüş hesab olunacaq.

Sənəd qəbulunun iyulun 15-də başa çatacağını nəzərə alaraq, TQDK-nın bakalavr səviyyəsi üzrə qəbul imtahanlarında (14-25 iyul 2015) iştirak edəcək namizədlər yalnız elektron ərizələrini son sənəd qəbulu tarixinə qədər təsdiqlətdikləri və sözügedən imtahanlarda tələb olunan balı (texniki sahələr üzrə 550-dən, digər sahələr üzrə 600-dən yuxarı) topladıqları təqdirdə, müvafiq bala dair arayışı avqustun 1-dək elektron ərizələrinə əlavə etdikləri halda, qısa zamanda müsahibəyə dəvət ediləcəklər.

Qeyd edilib ki, Almaniyanın səhiyyə qanunvericiliyindəki aprelin 1-i tarixli dəyişikliklərlə əlaqədar həmin ölkədə Dövlət Proqramı çərçivəsində rezidentura səviyyəsində təhsil almaq üçün yalnız Almaniyada aprobasiya imtahanını müvəffəqiyyətlə verən və universitet klinikaları ilə işçi müqaviləsi imzalamış (arbeitsvertrag) tələbələrin sənədləri qəbul olunacaq.

Vəfa MƏMMƏDLİ

 





10.04.2015    çap et  çap et